Türkiyədə 1999-cu il 12 fevral tarixində "Şou-biznes
Jurnalistləri" dərnəyinin təşkil etdiyi mükafatlandırma gecəsində
Əhməd Qaya "kürd əsilli olduğum üçün kürdcə mahnı yazıram və bu
mahnıya klip çəkirəm. Bu klipi yayınlayan ürəkli insanların
olduğunu da bilirəm" cümləsindən sonra çəngəl-qaşıq atəşinə
tutulduğunu çoxları xatırlayır. Orada olub da səsini çıxarmayan
bütün sənətçilər hərəsi illər sonra özünə bir cür haqq qazandırmağa
çalışmışdı.
Dünən isə Türkiyənin baş naziri R.T.Ərdoğan partiyasının
toplantısında həmin gecədə Əhməd Qayaya qarşı çıxan sənətçiləri
tənqid atəşinə tutub. Ancaq o gecədə bu günkü iqtidarla heç bir
problemi olmayan və dəstək verən sənətçilər də olub.
Ərdoğan toplantıda "Gəzi hadisələrində bizə hücum edənlər kimlər
idisə, o vaxt Əhməd Qayaya hücum edənlər də onlar idi",- deyib.
Ərdoğanın sülh prosesində layihəsi olan "Aqil insanlar" heyətində
yer alan, sonradan istefa verən və vaxtıyla "Əhməd Qayaya hücum
edilən zaman tualetdə idim" deyən məşhur aktyor Qədir İnanıra da
"yalançının şamı söndü, görüntülər ortadadır",- deyə Baş nazir
cavab verib.
Bəs Qayanın "çəngəlləndiyi" həmin mükafatlandırma gecəsində
başqa kimlər var idi? Kimlə sadəcə seyrçi qalmışdı? Kimlər sonradan
özünə haqq qazandırmağa çalışdı?
İbrahim Tatlısəs, Ajda Pekkan, Sərdar Ortac, Adnan
Şənsəs, Muazzez Ərsoy və Məhsun Qırmızıgül...
Diyarbəkirdə İraqın kürd regional rəhbərliyinin başçısı Məsud
Bərzani ilə Ərdoğanın görüşməsində sülh prosesinə dəstək vermək
üçün mühacirətdən qayıdan kürd aşıq Şivan Pərvər ilə duet oxuyan
İbrahim Tatlısəs də o vaxt Əhməd Qayanı müdafiə etməyənlərdən
olub.
Həmin hücumdan sonra sənətçilərin özlərinə bəraət
qazandırmaq üçün səsləndirdiyi fikirlər:
Sərdar Ortac Əhməd Qayadan sonra səhnəyə
çıxaraq "Onuncu İl" marşını (Türkiyə Cümhuriyyətinin yaranmasının
onuncu ili şərəfinə yazılmış mahnıdır) xorda oxumuş və "bu vətən
bizimdir, başqalarının deyil" demişdi. Buna görə görüşdə neçə ildən
sonra üzr istəyib:
"Həmin vaxt eyforiyada idim. Cəzasını çəkdim. Ancaq çəngəl
atmamışam. Atmışamsa əlim qırılsın".
Adnan Şənsəs mükafat gecəsində "Onuncu İl"
marşının ən alovlu solisti olub. İndi isə Ərdoğan haqda "o, Allahın
bu ölkəyə lütfüdür" deyir və əvəzində Ərdoğan ona "Adnan abi" deyə
qarşılıq verir.
Muazzəz Ərsoy da Əhməd Qayanın susdurulduğu
gecənin "vətənpərvərlik xoru"nda yer alanlardan idi. Ərdoğan ilə
yaxın dost olduğu deyilir. AKP-nin təşkil etdiyi bütün xüsusi
konsertlərin əvəzolunmaz solistidir.
Ajda Pekkan Ərdoğan ilə birlikdə Somaliyə
gedib. Və mükafat gecəsində "Onuncu İl" marşını oxudan Sərdar
Ortacın yanaqlarını oxşayaraq təbrik edən meqastardır.
Məhsun Qırmızıgül Əhməd Qaya kürdcə klip
çəkdirəcəyini açıqladığı zaman linç edilərkən səhnədə "Onuncu İl"
marşını oxuyub. Qırmızıgül illər sonra kürdcə mahnı da oxuyub, klip
də çəkdirib.
İbrahim Tatlısəs də o gecədə mükafat alan
müğənnilərdən biridir. Tatlısəs illər sonra, o gecə üçün tənqidlərə
məruz qaldığı zaman özünə belə haqq qazandırıb:
"Nə vaxtı ki, Əhməd Qaya ilə əlaqədar bir şey yazsam, bəzi
sənətçilər "sən də orda idin" deyir. Mən orada deyildim. Orada
olsaydım, çəngəl atardımmı, axmaqsınızmı? Bəli, mən də həmin gecə
mükafat aldım. Kaş ki, almazdım. Mən saat 11-də Taksimdəki "Maksim"
kazinosunda səhnədən çıxıb, ora getdim. Və orada öyrəndim, bəylər.
Mən hər dəfə izah etməkdən bezdim, ancaq siz məni yormaqdan
bezmədiniz. Hansı şərəfsiz məni orada görübsə, əvəzini ödəməyə
hazıram. Bəs siz? Vallah yoruldum, billah yoruldum".