"1930-cu ildə bir saray
adamı sevdiyim qızı əlimdən aldı və məni on beş gün həbsdən sonra
Nişapura sürgün etdilər. Gecələr tənha olarkən göz yaşları axıdır,
öz Allahımla razu-niyaz edirdim. İki həftədən sonra dostlarım
Nişapura gəldilər və həmin saray adamının infarkt keçirməsi
xəbərini mənə verdilər".
Axar.az xəbər verir ki, bu gün Azərbaycan şairi Məhəmmədhüseyn
Şəhriyarın vəfatından 26 il ötür. 1906-cı ildə Təbrizdə anadan olan
şairin əsl adı Doktor Seyid Məhəmmədhüseyn Behçət Təbrizi
Şəhriyardır. Bu adlardan Məhəmməd Hüseyn şairin adı, Behçət Təbrizi
soyadı, Seyid - Peyğəmbər nəslindən gəldiyi üçün verilən ad, Doktor
tibb fakültəsində oxuduğu üçün söylənən bir müraciət sözü, Behçət
ilk, Şəhriyar isə sonrakı təxəllüsüdür. Şair Şəhriyar təxəllüsünü
İranda mövcud olan qədim adətə görə, Hafiz divanından fal açaraq
qəbul edib.
Atası Təbrizin məşhur vəkillərindən Hacı Mir Ağa Xoşgənabi, anası
isə Kövkəb xanımdır. Şəhriyarın uşaqlıq illəri Təbrizdəki
Məşrutiyyə hərəkatı dövrünə təsadüf edib. Elə bu qarışıqlıqlar
səbəbiylə atası ailəni ata-baba yurdları olan Heydərbaba dağının
ətəyindəki Xoşgənab kəndinə aparır.
Şəhriyarın uşaqlığı da bu regionda keçir. İlk təhsilini Xoşgənab
kəndində "Heydərbabaya salam" poemasında da adını çəkdiyi Molla
İbrahimdən alır. Orta məktəbi Təbrizdə oxuyur. Ana dililə yanaşı
ərəb, fars, fransız dillərini də bilir. Çox gözəl tar çalır.
1922-ci ildə tibb fakültəsinə daxil olur. Lakin fakültəni
bitirmədən ayrılmaq məcburiyyətində qalır.
Tələbə olduğu illərdə bir qıza aşiq olur. Şəhriyar adını və
vəzifəsini demək istəmədiyi güclü bir şəxslə üz-üzə gəldiyini
görür. O, gənc tələbəni tutduraraq zindana atdırır, Tehrandan çıxıb
gedərsə, onun günahından keçəcəyini bildirir. Beləliklə, Şəhriyar
Nişabura sürgün olunur.
Şəhriyar həmin günləri belə xatırlayır:
"1930-cu ildə bir saray adamı sevdiyim qızı əlimdən aldı və məni
on beş gün həbsdən sonra Nişapura sürgün etdilər. Gecələr tənha
olarkən göz yaşları axıdır, öz Allahımla raz-u-niyaz edirdim. İki
həftədən sonra dostlarım Nişapura gəldilər və həmin saray adamının
infarkt keçirməsi xəbərini mənə verdilər. Məni Tehrana aparıb,
xəstəxanaya yerləşdirdilər. Elə orada sevdiyim qız özünü başımın
üstünə çatdırdı və mən qızdırmanın alovundan yandığım bir halda
məşhur "İndi niyə" şeirini söylədim".
Şəhriyar 1934-cü ildə atasını itirir. Stress keçirən şair hər
şeydən uzaqlaşır. Təsəvvüfə meyl edir, hətta Zəhəbiyə təriqətinə
girir. 1952-ci il iyulun 20-də isə həyatda yeganə varlığı olan
anasını itirir. Anası Kövkəb xanım da əri kimi Qum şəhərində
torpağa tapşırılır. Anasının ölümündən sonra şair uzun zaman
qaldığı Tehrandan anidən ayrılaraq 1953-cü ilin ortalarında
doğulduğu Təbrizə qayıdır. Bir bankda işləməyə başlayır və elə
buradan da təqaüdə ayrılır. Şair təqaüd günlərində olduqca ağır
günlər keçirir. 1976-cı ildə Tehranda nəşr olunan "Ettalat"
qəzetinə verdiyi müsahibədə 22 ildən bəri eyni paltarı geyindiyini
söyləyir.
Təbrizə köçdükdən sonra qohumlarından Əzizə adlı bir qızla evlənir.
Bu evliliyindən 2 qızı və 2 oğlu olur. 1964-cü ildə Xoşgənaba gedir
və "II Heydərbabaya salam"ı yazır. 1977-ci ildə həyat yoldaşını
itirir.
Şəhriyar 1988-ci il sentyabrın 18-də bazar günü Tehran vaxtı ilə
səhər saat 6:45-də Mehr xəstəxanasında ürək çatışmazlığından vəfat
edir. 20 sentyabrda Ərk qalasında qılınan cənazə namazından sonra
vəsiyyətinə əsasən Təbrizin Surhab məhəlləsindəki
Məqbərətüş-Şüarada (Şairlər Qəbirstanlığı) dəfn olunur. Şəhriyarın
xatirəsinə o gün Təbrizdə heç bir mağaza açılmır və bütün xalq qara
geyinir.
Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi gün hər il İranda Milli
şeir günü kimi qeyd olunur.
Şairin məşhur "Heydərbabaya salam" poemasının bir parçasını öz
dilindən təqdim edirik: