Maliyyə bazası Bakı nefti əsasında yaradılan Nobel
mükafatı - ən nüfuzlu beynəlxalq ödüllərdəndir.
Nobel mükafatı İsveç kimyaçısı, mühəndis, dinamit və başqa
partlayıcı maddələrin ixtiraçısı, 93-ə yaxın zavodun sahibi Alfred
Nobelin adı ilə bağlıdır.
1870-ci ildə Alfredin qardaşları Lüdviq və Albert Rusiyaya
gələrək İjevsk şəhərində silah zavodu icarəyə götürürlər.
Müqavilənin şərtlərinə görə, onlar yeddi il müddəinə rus ordusunu
200 min ədəd silahla təmin etməli idilər. Silahın qundağı fındıq
ağacından hazırlanacağından qardaşlar bu ağacın bir neçə yerdə, o
cümlədən Lənkəranda da bitdiyini zənn edib Roberti Lənkərana
göndərirlər. O, tələblərə cavab verən fındıq ağacı tapa
bilmədiyindən təsadüfən Bakıya gəlir və neft mədənlərini görür,
beləliklə, qardaşlar Balaxanıda neft çıxan sahəni, daha sonra isə
qara şəhərdə kerosin zavodu alaraq 1888-ci ilədək burada neft
hasilatı və emalı ilə məşğul olurlar.
Nobel mükafatları Alfred Nobelin 27 noyabr 1895-ci ildə yazdığı
məşhur vəsiyyətnaməsinə uyğun şəkildə verilir: "Mənim realizə
olunan bütün mülkiyyətim aşağıdakı qaydada bölüşdürülməlidir: bütün
kapitalım yaxınlarım tərəfindən etibarlı saxlanılmaqla fond
yaradılmalıdır. Məqsəd hər il bəşəriyyətə ötən illərlə müqayisədə
daha böyük fayda gətirə bilən şəxslərin pul mükafatı ilə təltif
olunmasıdır. Mükafat fondu beş bərabər hissəyə bölünməli və təltif
bu şəkildə aparılmalıdır: 1-ci hissə - fizika, 2-ci hissə - kimya,
3-cü hissə - fiziologiya sahəsində mühüm kəşf və ixtiralara nail
olan şəxsə, 4-cü hissə ədəbiyyat sahəsində "ideal yönümlü" mühüm
əsərlər yaradan şəxsə, 5-ci hissə isə millətlərin dostluğuna xidmət
edən, hərbi qarşıdurmanı aradan qaldıra bilən, eləcə də sülhpərvər
qüvvələrin konqreslərini təşkil edən şəxslərə verilsin".
Beləliklə, 1901-ci ildən başlayaraq 5 sahə üzrə Nobel mükafatı
verilməyə başlandı.
Ədəbiyyat sahəsində ilk Nobel mükafatını fransız şairi
Rene-Sülli Prüdom "əsərlərində ideal yönümü daha dolğun tərənnüm
etdiyinə görə" alıb.
Bu mükafatı almaq çoxlarının arzusu olsa da, tarix ondan könüllü
və ya zorən imtina edənləri də tanıyır.
Lev
Nikolayeviç Tolstoy
1906-cı ildə Rusiya Elmlər Akademiyasının namizədliyi ilə böyük
rus yazıçısı Lev Nikolayeviç Tolstoyun adı Nobel mükafatı
laureatlarının siyahısına daxil edilir. Ancaq Tolstoy bunu bilən
kimi dərhal qərara aldı ki, mükafatı qəbul etməyəcək. İnsidentin
qarşısını almaq üçün ədəbi aləmdə kifayət qədər nüfuza malik yazıçı
Arvid Yarnefeltə kömək üçün məktubla müraciət edir. Mükafat italyan
şairi Cozue Karduççiyə verilir. Lev Nikolayeviç rahat nəfəs
alır:
"Əvvəla, bu məni o qədər pulu necə xərcləmək qayğısından xilas
etdi. Mənim inamıma görə, hər cür pul ancaq şər (ziyan) gətirə
bilər; ikincisi isə, tanımasam da, çox böyük hörmət etdiyim bu
qədər insanın hüsn-rəğbətini qazanmaqdan böyük şərəf və məmnunluq
duydum".
Bernard
Şou
1925-ci ildə Nobel komitəsi Bernard Şounu "yaradıcılığında yer
alan idealizm və humanizmə, poetik gözəlliklə çulğanmış parlaq
satiraya görə" mükafata layiq görür. Yazıçı mükafatdan imtina edir,
bunun səbəbini soruşanlara isə belə cavab verir: "Bu vəsait –
boğulan biri sahilə çıxarılan an yardıma yetişən xilasedici dəstə
kimidir".
Bernardın ekssentrik hərəkətinin sədası tezliklə hər yana
yayılır və o, çoxsaylı məktublar almağa başlayır. Amerikalılar
yazırlar ki, əgər bu qədər dövlətlidirsə, pulu onlara versin. Bu
münasibət yazıçını kədərləndirir və o, mətbuat vasitəsilə hər kəsə
belə cavab verir:
"Hazırda sifətim ikili ifadə alıb. O mənim sonsuz səxavətimi və
eyni zamanda, hər bir amerikalını iflasdan qurtarmaq üçün hər
birinə poçtla beş yüz dollar göndərməyə heyvani bir ehtiras ifadə
etməlidir. Dinamitin kəşfini Alfred Nobelə bağışlamaq olar: yalnız
insan beyninin düşməni Nobel mükafatını yarada bilərdi!"
Boris
Pasternak
Sovet yazıçısı Boris Pasternak da mükafatı almaq istəməyənlər
sırasındadır. Lakin Tolstoydan fərqli olaraq Pasternakın imtinası
məcburi idi. Belə ki, yazıçının 1957-ci ildə işıq üzü görən "Doktor
Jivaqo" əsəri Sovet hakimiyyəti tərəfindən antisovet kitab kimi
dəyərləndirildi. Bu səbəbdən Pasternak cəmiyyətdə müxtəlif
təzyiqlərlə üzləşdi. O, SSRİ Yazıçılar Birliyindən çıxarıldı,
ictimai qınağa tuş gəldi. Ona qarşı institutlarda, zavodlarda,
dövlət qurumlarında, yaradıcı birliklərdə izdihamlı yığıncaqlar
keçirildi. "Oxumamışam, amma qınayıram" ifadəsinin yaranması məhz
Pasternakın "Doktor Jivaqo" əsəri ilə bağlıdır.
Nəhayət, 1958-ci ildə məşhur fransız yazıçısı Alber Kamyu
tərəfindən Nobel mükafatına namizədliyi irəli sürülən Pasternak
"lirik poeziya və böyük rus nəsrində görkəmli xidmətlərə görə"
Nobel medalı ilə təltif edildi. Lakin ədəbi hadisə Sovet
hakimiyyəti tərəfindən birmənalı qarşılanmadı. Yazıçının
mükafatlandırılması Qərbin antisovet yaradıcılığına dəstək verməsi
kimi qiymətləndirildi. Ona görə də yazıçıya təzyiqlər gücləndi.
Bunu görən Pasternak mükafatdan imtina etdi. Nobel komitəsi
imtinanı anlayışla qarşılayaraq illər sonra, 1989-cu ildə diplom və
medalı Pasternakın oğluna verdi.
Jan-Pol
Sartr
Nobel mükafatını almaq istəməyən ən məşhur Qərb yazıçısı isə Jan
Pol Sartrdır. Hətta o, "Nobel mükafatından niyə imtina etdim?" adlı
bəyanat da verib. Sartr bəyanatında həmişə fəxri adlardan qaçdığını
bildirib. Onun fikrincə, fəxri ad qələm sahibinin müstəqilliyini
şübhə altına alır, oxuculara nüfuzu ilə təzyiq göstərir və
yazıçının dünyagörüşünü mükafat verən qurumla bağlayır. Sadə dillə
desək, yalnız Nobel mükafatı aldığı üçün oxucular onun kitabını
almaq istəyəcək, həmçinin Nobel komitəsinin adına xələl gəlməsin
deyə, yazıçı hər düşündüyünü qələmə ala bilməyəcək. Belə vəziyyətlə
qarşılaşmaq istəməyən Sartr mükafatdan üz çevirdi.
Aleksandr
Soljenitsın
Sovet rejiminə qarşı dissident fəaliyyəti ilə məşhurlaşan digər
rus ədibi Aleksandr Soljenitsının mükafatdan imtina səbəbi
Pasternak ilə oxşardır. Stalin dövründə əmək düşərgələrində həbsə
məhkum edilən, SSRİ Yazıçılar Birliyindən çıxardılan Soljenitsın
1970-ci ildə "böyük rus ədəbiyyatı ənənəsindən qaynaqlanan əxlaqi
qüvvəyə" görə Nobel mükafatına layiq görüldü. Yazıçının ilk
kitabının nəşrindən ona mükafatın verilməsinədək cəmi 8 il vaxt
keçmişdi. Belə hadisə Nobel mükafatı tarixində indiyədək
təkrarlanmayıb. Sovet hakimiyyəti dissident yazıçının
mükafatlandırılmasını siyasi akt olaraq dəyərləndirdi. Və
Soljenitsına ölkədən həmişəlik getməyi təklif etdi. Bundan sonra
Vətəninə geri dönə bilməyəcəyindən qorxan yazıçı mükafatı almaq
üçün xaricə getməkdən və Nobel mükafatının təqdimat mərasimində
iştirakdan imtina etdi. Yalnız SSRİ-dən sürgün edildikdən beş il
sonra o mükafatı ala bildi. Lakin Soljenitsının özü də etiraf
edirdi ki, mükafat ona siyasi motivlərə görə verilib.
Elfrid
Elineki
Ədəbiyyat sahəsində Nobel mükafatından imtina hadisəsi sonuncu
dəfə 2004-cü ildə baş verib. Avstriya yazıçısı Elfrid Elinekiyə
"sosial standartların absurd mahiyyətini açan roman və pyeslərdə
musiqili ahəngə görə" Nobel mükafatının verilməsinə baxmayaraq, o
buna layiq olmadığını bildirərək təqdimat mərasiminə
qatılmayıb.