11:26
Azərbaycanda fərdi şəxslərə məxsus ət satışı və heyvan kəsimi məntəqələrində aparılan yoxlamaların dayandırıldığı bildirilir. Məlumata görə, bu qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin tapşırığı əsasında verilib. Yoxlamaların müvəqqəti dayandırılmasına səbəb kimi ictimai narazılıqlar, rüşvət iddiaları və bu istiqamətdə yaranan gərginliklər göstərilir.
Axar.az xəbər verir ki, AQTA-dan Globalinfo.az-a Qida Təhlükəsizliyi Agentliyinin aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər və yoxlama-nəzarət tədbirlərini davam etdirdiyi bildirilib.
“Ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət tədbirləri görülür. Mütəmadi olaraq Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birgə heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirilir. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür, kəsimlə məşğul olan şəxslərə qanunvericiliyin tələbləri izah olunur, heyvan kəsimini mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirmələri ilə bağlı icrası məcburi göstərişlər verilir”, - məlumatda deyilib.
Qurumdan o da qeyd edilib ki, ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq ekspertizası aparılmadan satışa çıxarılması qadağandır:
“Ölkədə ət və ət məhsullarının satışı yalnız baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi kimi müşayiətedici sənədlər əsasında həyata keçirilə bilər. Sonda istehlakçılardan xahiş edirik ki, ət alarkən, satıcıdan mütləq şəkildə baytarlıq müşayiətedici sənədlərini tələb etsinlər. Xüsusilə dünyada və regionda yoluxucu heyvan xəstəliklərinin yayılma riski nəzərə alınıraq, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə qarşı ictimai nəzarətin artırılması vacibdir”.