Axar.az Azərbaycan
Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti fakültəsinin
dekanı aktyor, film səsləndirən Ötkəm İskəndərovla müsahibəni
təqdim edir:
– Necə gedir işləriniz? Belə deyək də, dekan olmağınız
yaradıcı tərəfinizi məhdudlaşdırmır?
– Məhdudlaşdırır, həm də çox. Mən dekan olmamışdan əvvəl də uzun
illər Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində müəllim
işləmişəm. 1991-ci ildə rəhmətlik Tofiq İsmayılov məni Universitetə
gətirdi ki, dərs deyim, axı dolanmaq da lazım idi. Əvvəl çətin
olacağından qorxdum, amma sonra öyrəşdim. Dekan olandan sonra mənə
bir neçə filmdə oynamaq təklif olundu, ancaq mən qəbul etmədim,
çünki xırda rollar idi. Mənim daha o yaşım deyil ki, xırda rollarda
oynayım. Hərçənd ki, Stanislavskinin bir sözü var: "Rolun
pisi-yaxşısı olmur, aktyorun pisi-yaxşısı olur". Amma əgər baş rol
olsaydı...
– İşi atardınız?
– Yox, icazə alıb filmə çəkilərdim. Teatr isə ümumiyyətlə,
mənlik deyil, təzədən tamaşada oynaya bilmərəm.
– Yəni teatr aktyoru olmaq kino aktyoru olmaqdan daha
çətindir?
– Hə, çətindi, uzun məşq prosesi lazımdı tamaşa üçün. Düzdü,
filmdə də birbaşa oynamırsan, onun üçün də məşq edirsən, amma hər
halda, filmdə oynamaq daha rahatdı.
– Sizdən müsahibə almaq istəyəndə bəzilərinə adınız
tanış gəlmədi, halbuki az iş görməmisiniz, bəlkə, elə bu da son
dövrlərdə film təkliflərinə müsbət cavab verməməyiniz, daha çox
rəsmi işlərlə məşğul olmağınızla bağlıdır?
– Hə, düzdü, mənə deyirlər niyə görünmürsən? Deyirəm, çünki öz
işimlə məşğulam, heç kimə yaltaqlanmıram. Bilirsiniz, aktyor
rejissordan asılıdır. Rejissor hansı rola dəvət etsə, aktyor o
rolda oynayacaq. Bu, aktyorun öz istəyi ilə olan şey deyil.
Yavaş-yavaş unuduluram, yaddan çıxarılıram...
– Hansı obrazınız tamaşaçıya adınızı
unutdurdu?
– "Tütək səsi" filmindəki "Nuru" obrazı.
– Nurudan sonra alnınızdakı qırışlar artdı?
– Əlbəttə. (gülür) Yaş öz sözünü deyir. Qırışlar da artıb, saç
da ağarıb. Ağac da bar verəndə başını aşağı əyər.
– Səsiniz yaxşıdır, zəif çıxmır axı, niyə "Tütək səsi",
"Cin mikrorayonda" və bir çox filmlərdə sizin rolunuzu Rasim
Balayev səsləndirib? Bu da rejissorun istəyinə görə
idi?
– Səsim belə danışıqda normaldı, səhnədə zəif çıxır. Bu, bir az
da siqaretə görədir, siqareti ata bilmirəm. Səhnə danışığından
keçməyimə baxmayaraq, səsim zəif idi. Rasim Balayev "Məlikməmməd",
"Tütək səsi", "Cin mikrorayonda" və s. filmlərdə mənim rolumu
səsləndirib. Onun səsi mənimkindən qat-qat güclü idi. Həm də Rasim
peşəkar idi. Bu, allahın Rasim Balayevə verdiyi vergidi. Mən fəxr
edirəm ki, o, mənim rollarımı səsləndirib.
– Rasim Balayev demişkən, o deyir ki, "tamaşaçı məni
qəhrəman kimi qəbul etməsin, mən o rolları yalnız oynamışam, mən
qəhrəman deyiləm". Siz necə fikirləşirsiniz? Tamaşaçının aktyordan
qəhrəmanlıq ummağa haqqı varmı?
– Rasim Balayev düz deyir. O, həmin qəhrəmanların obrazını
yaradır. Bu, istedadı ona Allah verib.
– Siz özünüz də rollar səsləndirmisiniz. Məsələn,
"Gümüşgöl əfsanəsi" filmində Kamil Zöhrabovun rolunu.
– Bəli, elədi.
– Həmin filmin çəkilişlərində iştirak
etmisiniz?
– Yox, mən yalnız rolu səsləndirmişəm, film Ordubadda çəkilib,
çəkilişlərdə iştirak etməmişəm.
– "Ağ atlı oğlan" filmində də bir epizodik rolu
səsləndirmisiniz.
– Yadımda deyil, doğrusu.
– Əkrəm Əylislinin "Tənha narın nağılı" povesti əsasında
çəkilmiş filmdə oynadınız.
– Bəli, "Mənsur" rolunda oynamışam.
– Bəs Əkrəm Əylislinin "Daş yuxular" povesti çıxandan
sonra ona qarşı münasibətdə iki cəbhə yarananda siz hansı cəbhədə
oldunuz? Əkrəm Əylislini yazıçı kimi silib atmaq
lazımdır?
– Yazıçı kimi yox, şəxsiyyət kimi hə. Çünki Əkrəm Əylisli satqın
çıxdı. Olmayan şeyləri yazdı. Adam gərək düşmənini tanısın.
Deyilənə görə, bununla o, Nobel mükafatı almaq istəyirmiş.
– Demək istəyirsiniz, Orxan Pamuk da erməniləri müdafiə
etdiyinə görə Nobel alıb?
– Ola bilər. Nobel mükafatı xristianların siyasi oyunudur.
Onlara sərf edən adamlara verirlər. Araşdırsan, Orxan Pamukun da
kökü erməni çıxar.
– 1993-cü ildə "Təhminə" filmi çəkildi, 1996-cı ildə isə
"Beşmərtəbəli evin altıncı mərtəbəsi". Nə fərqləri var idi? Meral
Konrat yaxşı oynadı Təhminəni, yoxsa Sənubər İsgəndərli?
Ümumilikdə, hansı film daha güclü idi?
– Birinci fərq o idi ki, "Təhminə" filmini peşəkar rejissor
Rasim Ocaqov çəkmişdi. "Beşmərtəbəli evin altıncı mərtəbəsi"
filmində mən assistent kimi çalışdım, Təhminəni Sənubər İsgəndərli
oynadı, Zauru isə Elxan Cəfərov. Sənubər pis oynamadı. Meral Konrat
isə sifarişli aktrisa idi. O sirlər indi açılır. Rəsul Quliyev
istəmişdi ki, "Təhminə" rolunda məhz o oynasın. Aktrisa zahirən
həmin rola uyğun idi, belə də... Amma istənilən halda "Beşmərtəbəli
evin altıncı mərtəbəsi" filmi "Təhminə" filmindən zəif idi.
– Mən bildiyimə görə, "Zaur" roluna sifarişli aktyor
çəkilirmiş axı.
– Hə, elə Zaur roluna da. O aktyorun adı yadımdan çıxıb. Rasim
Ocaqovun çıxış yolu qalmamışdı. Baş rola sifarişli aktyoru,
"Spartak" roluna isə Fəxrəddin Manafovu çəkəcəkdi. Amma sonda
dediyini elədi, o aktyoru filmdən uzaqlaşdırdı və "Zaur" roluna
Fəxrəddin Manafovu çəkdi – düz də elədi.
– Ötkəm bəy, sənədli filmlərdə də oynamısınız və ya
səsləndirmisiniz. Hansı daha zövqvericidir – bədii, yoxsa sənədli
film?
– Bəli, oynamışam. Əlbəttə ki, bədii film daha
zövqvericidir.
– Hansı kadrarxası maraqlı məqamlardan danışa bilərsiniz
bizə?
– Kadr arxasında çox dəhşətli şeylər ola bilir. Məsələn, bir
dəfə belə bir hadisə oldu. Gəlmişdim filmin çəkilişinə, dedilər,
sən niyə gəlmisən? Dedim, necə yəni niyə gəlmisən? Rejissor məni
baş rola təsdiqləyib. Dedilər, "bilirsən, necədi, o, səni
təsdiqləmədi, başqa adam çəkiləcək". Çox pis olmuşdum. İndi həmin
adamların və filmlərin adlarını çəkmək istəmirəm, amma başıma belə
hadisələr çox gəlib. Gənc, həvəsli vaxtımda çox belə travma
yaşamışam.
– Gənc, istedadlı aktyor nəslinin yetişməsinə ümidiniz
var? Bu yaxınlarda da gənc aktyorların teatr festivalı oldu. Necə
qiymətləndirirsiniz işlərini?
– Əlbəttə, istedadlı uşaqlar var. Onlardan eləsi də var ki,
istedadlıdır, amma oxumur. Mən də əsəblərimi saxlaya bilmirəm. Biz
burada aktyor yetişdiririk axı. Bunun üçün təkcə istedad bəs
eləmir. Gərək onların nəzəri bilikləri də olsun, zəhmət çəksinlər.
Bunsuz böyük aktyor olmaq olmaz. Onlar isə başa düşmür. Amma
istedadsızlar da yox deyil.
– Çox yormayım sizi, qarşıda hansısa yaradıcı
planlarınız var?
– Yox, heç bir planım yoxdur. (gülür) Hələ ki, dəniz sahilində
gözləmə mövqeyindəyəm. Bu yaşımda hələ də "Hamlet"i, "Zaur"u
oynamaq istəyərəm. Amma onlar elə arzu olaraq da qalıb. Qaldıqca da
yeri daha da dərinləşir.