Yuxarı

Bu gün Sevgililər Günüdür? – Fərqli nəsillərin baxışı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

14 fevral - bu gün dünyada və Azərbaycanda “Sevgililər günü” kimi qeyd olunur. Bəziləri bu günü özəl olaraq qeyd etmir. Daha çox kütlə isə Sevgililər Gününün 30 iyunda qeyd olunmasına üstünlük verir.

Kult.az mövzu ilə bağlı millət vəkilləri, sənət adamları və gənc şairlər arasında sorğu keçirib.

Millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, “Valentin günü” barədə heç vaxt maraqlanmayıb:

“Bu barədə bəlkə də gənclər düşünə bilərlər. Azərbaycan tarixinə, təfəkkürünə yad bir şeydir. Bu tarix haradan gəlib? Bunun kökünü əvvəlcə bilməliyik. Hər hansı bayrama insanı bağlayan mənəvi tellər olmalıdır. Dünya Sevgililər Gününü qeyd edir. Bu nə deməkdir ki? Nə münasibətlə mən bunu qeyd etməliyəm? 30 iyunda qeyd olunması başadüşüləndir. Bilirik ki, bu tarix Azərbaycan ailəsinə, şəhid düşən soydaşımıza, onların ölməz sevgisinə bağlıdır. “26-lar bağı”nda əvvəllər yeni evlənənləri məcbur edirdilər ki, gedib 26-ların qəbrinin üstünə gül qoysunlar. O 26-lar ki, Azərbaycan xalqının qanını içməyə and içmişdilər. Ora gül qoymaq milləti təhqir etməkdir. Heç kim düşünmürdü ki, “Leyli və Məcnun” kimi sevgi abidəsi yaradan Füzulinin, Nizaminin məzarına gül qoysun. “Valentin günü”nün də keçmiş “26-lar abidəsi”ndən fərqi yoxdur”.

Xalq artisti Firəngiz Mütəllimova deyib ki, o, heç vaxt bu günü qeyd etməyib:

“Mənim üçün yox kimi bir şeydir. Xüsusi bir bayram deyil. Gənclərə daha çox şamil olunur. 30 iyunda İlham və Fərizənin xatirəsi ilə bağlı qeyd olunsa, daha yaxşı olar. Bizim xalqımıza uyğun əsl Sevgililər Günü həmin gündür”.

Müğənni Nadir Qafarzadə isə bildirib ki, Azərbaycanda 14 fevralın qeyd olunması normaldır:

“Burda nə var ki? Bəzi savadsız insanların ucbatından normal insanlar da əziyyət çəkir. Hər şeyi dinlə bağlayırlar. Bura islam ölkəsi deyil. Bura tolerant ölkədir. Müxtəlif xalqlar, millətlər yaşayır. Müsəlmançılığa qalsa, onda gərək çox şeyləri qeyd etməyək. Onda bizim ölkə peyğəmbərlər, imamlar ölkəsi olmalıdır. Hər şeyi qeyd edirlər, bayrama gələndə din yadlarına düşür. Bunu bütün dünyada keçirirlər. Sənə xoş deyil, keçirtmə. Öz işindir. İnsanları məcbur etmək olmaz. Deməzlər ki, sənə nə? Bunu xüsusən gənclər qeyd edir. Onsuz da bizim xalqın, ölkənin başı çox bəlalar çəkib. Təqvimimiz başdan ayağa yasdır, qaradır. Nə olar ki, qoyun, bu gün gənclər sevinsin. Professor, iqtisadçı, həkim və sair - hər kəs öz işi ilə məşğul olsun. Kiminsə xətrinə dəymək lazım deyil. Mən bu gün 3-4 məkanda işləyəcəyəm. Sevən insanların sevincinə şərik olacağam”.

Gənc şair Aqşin Evrən isə düşünür ki, “Sevgililər günü” ilə bağlı sosial şəbəkələrdə yazılmış fikirlərdə əsasən ironiya sezilir:

“Təqvimi faciəvi tarixi günlərlə (soyqırımlar, işğallar, terrorlar və s.) “zəngin” olan bir toplumun içində “sevgi” kəlməsi olan xüsusi günlərə belə antoqonist mövqe sərgiləməsi, ironiya etməsi əsasən natamamlıq kompleksindən qaynaqlanır. Ümumiyyətlə, özündə milli faciə elementləri daşımayan hansısa günü bayram kimi qeyd etməkdə bir problem görmürəm. İki insanın maraqlı, gözəl bir gün keçirməsində pis nə ola bilər ki? “14 fevral”ın tarixi mahiyyətinə varmağa lüzum yoxdur. Çünki əgər bu qədər dərinə getsək, onda tariximizə yanaşmanı kökündən dəyişməliyik. Üçüncü Dünya müharibəsinin astanasına gəlib çatdığımız bir vaxtda imkan verək insanlarımız sevinsinlər, xoşbəxt bir gün keçirsinlər. Hər kəsə başlanğıc nöqtəsindən son zərrəsinə qədər hüzur, sədaqət, dürüstlük içində keçən sevgi həyatı arzu edirəm. Sağlam sevgilər sağlam ailələri, sağlam ailələr sağlam cəmiyyəti, sağlam cəmiyyət isə sağlam dövləti formalaşdırır”.

Tarix
2022.02.14 / 14:19
Müəllif
Aytəkin Qardaşova
Şərhlər
Digər xəbərlər

Maliyyə Nazirliyindən “Fitç”in qərarına reaksiya

Ermənistan Hindistandan bu ölkə üçün silah alır – Arkov

Bakının Kremlin təklifinə müsbət reaksiyası… - Rus ekspert

Paşinyan Türkiyə ilə sərhəddə... - Video

Bu, müharibənin başlamasına səbəb ola bilər - Zülfüqarov

Əliyev İrəvana dostluq əlini uzadıb: Nikol bunu anlamırsa...

Türkiyə MN-dən birlik paylaşımı - Foto

Ərdoğanın Əsədlə görüşünü şərtləndirən 3 səbəb

Həbsxanalarda etiraf almaq üçün süni edam həyata keçirilir

Kremlin təklifi: Bakıya Moskva platforması lazım deyil!

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla