Yuxarı

Azərbaycan tarixinin həlledici dövrü

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan tarixinin həlledici dövrü

Zaman-zaman mədəniyyət və elm sahəsindəki kəşflərə, sənət əsərlərinə görə dünyanın müxtəlif ölkələrin yüksəliş dövrü olub. Məsələn, Qərbi və Mərkəzi Avropada bu dövr XIV və XVI əsrləri əhatə edir və daha çox Renessans dövrü kimi tanınır. Bəs Azərbaycan mədəniyyətinin intibah dövrü hansıdır?

Axar.az bu mövzu çərçivəsində sənət adamlarına müraciət edib:

"Hansı əsrləri Azərbaycan mədəniyyətinin intibah dövrü hesab etmək olar?"

Tarixçi Güntay Gəncalp hesab edir ki, 1875-1940-ci illər intibah dövrü sayıla bilər:

"Bu dövrdə ilk dəfə olaraq dilə əhəmiyyət verilir. Mirzə Fətəli Axundov türkcə yazır, Həsən bəy Zərdabi "Əkinçi" qəzetini ilk dəfə olaraq çıxarır. Firudin bəy Köçərli türkcə yazanların əsərlərini toplamağa başlayır. Davamında "Molla Nəsrəddin" dərgisi türk dilində xalqın alışdığı və inkişafına mane olan kültür və törələri sorğulayır. Çoxsaylı qəzet və dərgi çıxır. Milli kimlik üzərinə düşüncələr irəli sürülür. Bu dildə milliləşmənin uzantısı olaraq 1918-də milli kimlik üzərinə dövlət qurulur. Daha sonra Hüseyn Cavid, Cəfər Cabbarlı kimi böyük dramaturqlar meydana çıxır. İntibah 1940-ci ilə qədər davam edir və sonra önü kəsilir. Əslində, 1940-ci ildən sonra nə yazılıbsa, hamısı əvvəlki dövrə antitezis olaraq yazılıb".

Dramaturq Firuz Mustafa intibah dövrü ilə bağlı ziddiyyətli fikirlər olduğunu bildirir:

"İntibahla bağlı bir-birini təsdiq və təkzib edən çoxlu fikirlər mövcuddur.

Bizdə "intibah"ı daha çox ədəbiyyat sahəsində axtarırlar. Əvvəllər XII-XIII əsrlər ədəbiyyatımızın intibah dövrü kimi xarakterizə edilirdi. Sonralar bizdə XVI-XVIII əsrlər ədəbiyyatı intibah dövrünə müncər olunmağa başladı. Son vaxtlar ədəbiyyat tariximizin dövrləşməsi haqda yeni konsepsiya irəli sürülüb, burada erkən intibah və intibah dövrlərinin olduğu vurğulanıb.

Əgər elmi-tədqiqat işlərini nəzərdən keçirsək, görə bilərik ki, bizdə intibah anlayışı müxtəlif, habelə lokal elm sahələrinə aid edilir. Məsələn, tutaq ki, incəsənətdə intibah, ədəbiyyatda intibah, rəssamlıqda intibah, mətbuatda intibah və s. Əlbəttə, bu fikirlərin hər birində, nisbi mənada, həqiqət nüansları mövcuddur.

Əslində isə klassik anlamda intibah (renessans) anlayışı özündə daha geniş məna və sahəni ehtiva edir. Belə ki, bu epoxaya adətən, Avropa tarixinin konkret bir dövründə (XIV-XVI əsrlərdə) meydana gəlib, bəşər mədəniyyətinin inkişafında mühüm, həm də təkanverici rol oynayan dünya əhəmiyyətli əsərlər daxil olunur.

Bu istilahın altında bir "gizli" məna da var. Belə ki, həmin dövrdə Avropada antik mədəniyyətə yenidənqayıtmanın təzədən vüsət alması məhz intibah kimi dəyərləndirilirdi. Elə bu səbəbdən də Avropada renessansdan danışarkən onun ilkin mərhələsindən – protorenessansdan danışmağı da vacib hesab edirlər.

Renessansdan söhbət açarkən haqlı olaraq bir sıra mühüm cəhətləri – onun antik kökə bağlılığı, konkret zamanda meydana gəlməsi, yeni mərhələdə yeni vüsət alması, bəşər mədəniyyəti tarixində yeri, dünya mədəniyyətinin inkişafında təkanverici rolu xüsusilə qeyd edilir.

Əgər qısa formulə etməyə çalışsaq, deyə bilərik ki, bizdə "intibah" termini bir çox hallarda "renessans" termininin tam adekvatı kimi deyil, metaforik mənada, yəni məcaz, təşbeh, bənzətmə və s. kimi işlədilir.

Renessans bəzilərinin düşündüyü kimi təkcə İtaliyaya aid bir hadisə deyil. Sadəcə, termin italyan dilindən (bu söz fransızlarda da mövcuddur) götürülüb. Adətən, avropalılar daha çox "öz" renessanslarından söhbət açırlar.

Artıq bu termin öz ilkin sərhədlərini çoxdan aşıb. Hazırda Asiya, müsəlman, lap elə Afrika renessansı haqda da söhbət açılır".

Yazıçı Səfər Alışarlı milli mədəniyyətin mühüm yaradıcısı və yaşadıcısının dil olduğunu düşünür:

"Ağıllı adamlar deyir ki, xalqlar bu dünyada mədəniyyət yaratmaq üçün mövcuddur. Milli mədəniyyətin mühüm yaradıcısı və yaşadıcısı dildir. Mən 1968-ci ildə Bakıya gələndə burada, demək olar ki, hamı rusca danışırdı. Elə o vaxtlar məlum oldu ki, dolalaydan mədəniyyət yaratmaq mümkün deyil. Xalqın yalnız öz dilində oxuyub-yazdığı, danışıb-yaratdığı həqiqətlər mədəniyyət ola bilər. Bu baxımdan, yəni ana dilimizin inkişafı və əhatə dairəsi ilə bağlı görülən işlər baxımından rəhmətlik Heydər Əliyevin xidmətləri böyükdür. Dildə şeir yazmaq çətin deyildi, amma 1970-ci ildə Azərbaycan sovet hökuməti yazıçılarının qurultayında birinci katib olaraq ana dilində çıxış etmək çətin idi. Heç şübhəsiz, ölkəmiz, o cümlədən, milli mədəniyyətimiz dövlət müstəqilliyi illərində özünün həqiqi inkişafına başlayıb. Amma bizə miras qalmış qədim mədəniyyətimizin səviyyəsinə çatmaq üçün çox çalışmalıyıq. Nəhayət, dərk etməliyik ki, yamsılamaqla mədəniyyət yaratmaq olmaz.

Cəmiyyətin həyatında hər şeyin mədəni tərkibi və ənənəviliyi var. Müəyyən hədlərdə bu, mənəvi kateqoriyalara çevrilir və ortaya çoxlu, bəzən zamanla səsləşməyən, onun estetikasına uyğun gəlməyən tələblər qoyur. Yüksək və çağdaş mədəniyyəti olmayan xalq heç kimə və heç nəyə qalib gələ bilməz. Milli mədəniyyət bir gündə yaradılmır, hər gün yaradılır. Əgər o günlərin birində "mədəniyyət" adına başqa şey yaradılırsa, nəticə mütləq acınacaqlı olacaq".

Tarix
2015.10.02 / 00:01
Müəllif
Nigar An
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla