Hər kəsin öz peşəsindən əlavə sevdiyi işi, məşğuliyyəti
var. Öz işimizdən vaxt tapan kimi hobbimizlə məşğul oluruq və hər
birimizin də sevimli məşğuliyyəti fərqli ola bilər.
Muzey açmaq fikrindəyəm
Gənc
yazar Dilqəm Əhməd kolleksionerdir. Yazarın maraqlı da arzusu var.
Belə ki, əgər ciddi kolleksiyası olarsa, muzey açmaq
istəyir:
"Həvəskar kolleksionerəm. Əski kitablar, fotolar, açıqcalar
yığıram. Əsasən də, 1939-cu ilə qədər olan latınca nəşrləri. Nə
vaxtsa, ciddi kolleksiyam olarsa, balaca bir həvəskar muzey açmaq
fikrindəyəm".
Şərif
Ağayarın hobbisi çoxşaxəlidir. Maraq çəkən məqamlardan biri də
gözəl qadınlarla ünsiyyətdən zövq almasıdır:
"Filmə baxmaq, məclislərdə dostlarla qeybətləşmək, fiziki
cəhətdən güclü adamların macəralarını dinləmək, dava-dalaşlarından
halı olmaq... Mənim bu cür igid dostlarım var, əksəriyyəti də
yerlilərimdir. Hərdən zəngləşirəm onlarla... səslərini eşidəndə
sevinirəm. Hə, bir də maşın sürmək. Maşın sürəndə bütün əsəblərim
dincəlir, rahatlanıram. Hətta tıxaclarda da! Bir də təbii ki, gözəl
qadınlar. Gözəl qadınlarla adi ünsiyyətdən zövq alıram. Bircə
şərtlə: bayağı və savadsız olmasınlar... Bir də saxta. Azərbaycanda
isə saxta olmayan, bayağı və savadsız olmayan gözəl qadın tapmaq
asan deyil. Deməli, qadın dostlarım azdır. Yazmaq da sənətim
xaricində həm də hobbidir mənim üçün... Hətta status yazanda, çatda
yazışanda dincəlirəm".
Faiq
Balabəylinin də özünəməxsus məşğuliyyəti var:
"Mən artıq yaşlı nəsil sayılıram. Fevralın 23-də 50 yaşım
olacaq. Ona görə də boş vaxtlarım ötənlərdə qalan illərimdən
fərqlidir. İndi demək olar ki, boş vaxtım olmur. Ev, ailə və
üstəgəl dostlarla nərd oynayıb, çayxanalarda olmaq, həftədə ən azı
üç dəfə Bakı buxtasının cənub hövzəsində, dənizin sahilində olmaq,
balıq tutmaq, daha doğrusu, balıqçılara "laqqırtı vurmaq",
xəstələnməkdən yayınmaq və sözsüz ki, imkan tapdıqca üzgüçülüyə
getməkdən zövq alıram".
Yazar
Qan Turalının da maraqlı hobbiləri var. O, böyük serial
həvəskarıdır:
"Əvvəl Azərbaycanda kimdən soruşurdun ki, hobbiniz nədir? Hamı
deyirdi, kitab oxuyuruq. Amma mən kitab oxumağı boş vaxt hesab
etmirəm, bu iş vaxtıdır. Mənim bir neçə hobbim var. Çox sevdiyim
işlərdən biri velosiped sürməkdir. Daha sonra şahmatı çox sevirəm.
Həyat yoldaşımla tez-tez şahmat oynayıram. Ən sevdiyim hobbilərdən
biri də film izləməkdir. Müxtəlif xarici, türk teleseriallarına
baxıram" .
Cəlil
Cavanşirin hobbiləri isə dəyişkəndir. Yazarın yaşına uyğun olaraq
hobbiləri də dəyişir. Hazırda sevdiyi məşğuliyyəti bilyard
oynamaqdır:
"Hobbilərim dəyişkəndir. Məsələn, yeniyetməlik vaxtı futbol
oynamağı və futbola baxmağı sevirdim. Sonra filmlər hobbiyə
çevrildi. Hazırda bilyard oynamaq hobbidir. Yaxşı oynaya bilməsəm
də, bu oyunu sevirəm".
Kişi
olsaydım, məndən əla bağban çıxardı.
Yazar Sevinc El-Sevərin hobbisi marağımızı çəkdi. Əsasən
kişilərə xas olan balıq tutmaq və bağbanlıq xanım yazarın hobbiləri
sırasında yer alır :
"Hobbim akvariumumun suyunu dəyişməkdi. Balıqlara zərər vurmadan
onları kiçik torla tutmaq... Bu işi sevirəm, bir də bitkiləri əkib
çoxaltmağı. Kişi olsaydım, məndən əla bağban çıxardı".