Bu gün görkəmli maarifçi, pedaqoq, ədəbiyyatşünas
Firidun bəy Köçərlinin doğum günüdür.
Axar.az xatırladır ki, Firidun bəy Köçərli (Köçərlinski) 1863-cü
il yanvarın 26-da Şuşada dünyaya gəlib. 1876-cı ildə Şuşadakı rus
məktəbinə daxil olan Köçərli 1879-1885-ci illərdə Aleksey
Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasında təhsil alıb.
1885-ci ildə qısa müddət Erivan gimnaziyasında dərs deyən Firudun
bəy Köçərli 1910-cu ildə Qori seminariyasının Azərbaycan şöbəsinin
müvəqqəti təlimatçısı təyin olunub və 1918-1920-ci illərdə onun
təşəbbüsü ilə həmin seminariyanın əsasında açılmış Qazax müəllimlər
seminariyasının müdiri vəzifəsində işləyib.
"Vətən dili" dərsliyinin I hissəsinin yenidən işlənilməsində
Firidun bəy Köçərlinin xidmətləri böyükdür. O, 300-dən artıq
dərsliyə düzəliş edib, nəzəri materialı, hekayələri artırıb,
metodika və stilistikasını dəyişdirərək zənginləşdirib. Onun "Darı
və buğda" əsəri "Vətən dili"nə salınıb.
Qori seminariyasının məzunu Firidun bəy Köçərli 1885-ci ildə
İrəvana gəlib, 1886-cı ildə isə İrəvanda teatr tamaşası təşkil
edib. Həmin tamaşa - M.F.Axundovun "Müsyö Jordan və Dərviş Məstəli
Şah" komediyasının tamaşası İrəvan əhalisinin həyatında böyük
mədəni hadisəyə çevrilib. Lakin F.Köçərli 1895-ci ildə İrəvanı tərk
edib.
Bir çox maarifçimizin, ziyalımızın ölümündə olduğu kimi, Firidun
bəyin də qətlində erməni izi idi. Publisist Şəmistan Nəzirli
Firudin bəyin ölümü ilə bağlı bu faktları qələmə alıb:
"...Qəfil vurulan qılınc zərbəsindən Firidun bəy səntirlədi. Sol
gözündən və sifətindən fışqıran isti qan yaxası boyu axdı. Qılınc
zərbəsi alt çənəsindən alnına qədər çapmışdı. Onu itələdilər. Kor
adamlar kimi sağ əlini irəli uzadıb, iki-üç addım atdı. Bilmədi
haraya, hansı səmtə yerisin. Arxadan vurulan tüfəng qundağı az
qaldı onu ağzıüstə sərsin.
- Qurtarın, elə burda qurtarın, sonra sürüyüb apararsınız, -
deyən Liberman irəli yeriyib tüfəngin lüləsini Firidun bəyin sol
qoltuğunun altına dirədi. Tətik çəkilən kimi o, ağzı üstə düşdü...
Liberman üzünü nəzarətçiyə tutdu:
- Teleqramı cırıb atın, biz heç bir teleqram-zad almamışıq -
deyib uzaqlaşdı.
Liberman kabinetinə qayıdıb yanından heç vaxt ayrılmayan,
milliyyətcə erməni olan, kimə və nəyə, hansı ideala qulluq elədiyi
bəlli olmayan Sarkis Danilyanın diktəsilə Firidun bəy haqqında
saxta hökm yazdı:
"4 iyun 1920-ci il, Gəncə:
- Mən, iyirminci diviziyanın xüsusi şöbəsinin hərbi müstəntiqi
bu gün Firidun bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi
üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi
xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski
özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək
zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda
"Müsavat" partiyasının sədri olarkən millətçilik ehtiraslarını
qızışdırmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş
vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir...
Müttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini
nəticəsiz qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda
qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə
və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola
bilər".
Böyük maarifçi Firidun bəy Köçərli 1920-ci ildə, 58 yaşında
güllələnib.