Deputat Çingiz
Qənizadə müğənni İlhamə Quliyevanın "Mənimlə bağlı Baş prokuror
Zakir Qaralova müraciət edəcəyini bildirib. Adını çəkdiyiniz
deputatın açıqlaması mənim üçün heç bir əhəmiyyət daşımır"
sözlərinə münasibət bildirib.
Musavat.com saytına açıqlama verən millət
vəkili artıq Baş Prokurorluğa müraciət ünvanladığını qeyd edib:
"Mən artıq müraciətimi baş prokurora göndərmişəm. Hörmətli Zakir
müəllimdən də xahiş etmişəm ki, o, Mehriban Hüseynovanın şəhid
bacısı və qadın olmasını, şəxsiyyətinin cəmiyyət üçün ictimai
təhlükəli olmamasını nəzərə alaraq, onun barəsində seçilmiş həbs
qətimkan tədbirinin dəyişdirilməsini həll etsin. Mehriban xanımın
İstintaq Təcridxanasından mətbuata ünvanlandığı o faktların
araşdırılması üçün məsələni nəzarətinə götürsün. İlhamə Quliyevanın
nə deməsindən asılı olmayaraq, mən millət vəkiliyəm, eyni zamanda
hüquq müdafiəçisiyəm. Bir qadının, ananın, şəhid bacısının
tələm-tələsik həbs edilməsinin tərəfdarı deyiləm. Bu qadın
ailəsinin yanında ola-ola da istintaq aparıla bilər. Əgər Mehriban
Hüseynovanın cinayət törətməsi sübuta yetirilərsə, o, məhkəmə
qarşısına çıxarılar və cəzasını çəkə bilər. Amma kiminsə
hegemonluğu, təzyiqi, tanışlığı, şəxsi əlaqələri ilə bir qadının bu
gün həbsdə yatması məqsədə uyğun deyil. İnanıram ki, cənab baş
prokuror bu məsələni nəzarətə götürəcək, obyektiv qərar qəbul
edəcək. Xatırladım ki, Mehriban xanım o müraciətində ümid etdiyi
dövlət başçısına və hüquq-mühafizə orqanlarına üz tutur. Bu məsələ
Prezident Administrasiyasının müvafiq qurumlarının da nəzarətində
olmalıdır".
Ç.Qənizadə İ.Quliyevanın digər müğənniləri də şantaj etməsindən
danışıb: "Nazpəri xanımla bağlı hansısa qüvvələrin məhkəməyə təzyiq
etməsi ilə analoqu olmayan, Azərbaycan praktikasında ilk dəfə
olaraq, məsuliyyət yaratmayan ifadələrə görə o, 25 min manat cərimə
edildi. Görünür, İlhamə Quliyevanın dişində şirə qalıb. Aygün
Kazımova və digərlərindən pul alaraq, qalan ömrünü keçirmək
istəyir. Bu qədər kifayətdir. Əxlaqlı insanlar İlhamədən bezib.
Artıq onun hərəkətlərinə qiymət verilməlidir".