Yuxarı

Şagirdlər qeyri-etik davrandı? Çünki siz tərbiyəsizsiniz!

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İllərdir bu ölkənin televiziya kanallarında ailə-məişət məsələlərinin ən eybəcər formada “müzakirəsi” aparılır;

İllərdir bu ölkənin televiziyalarının “ən reytinqli” verilişləri “bir kub yarım iynə”yə oturub: yalançı-geydirmə “itkinlərin” tapılmasına, gəlin-qayınana münasibətlərinə, sevgilisinə qoşulub qaçan 2-3 uşaq analarının həyat tərzinin təbliğinə həsr olunub;

İllərdir bu ölkənin tele-kanalları cinsi oriyentasiyası naməlum – kişiliyi-arvadlığı bilinməyənlərin cəmiyyətin dəyərinə çevrilməsi istiqamətində propoqandasına çevrilib;

İllərdir bu ölkənin kanalları ailə dəyərlərinin, ailə əxlaqının aşınması üçün bütün mümkün olan və olmayan üsullardan istifadə edir;

İllərdir bu ölkənin kanallarında şpaqat açılır, qucaqlaşmalar, əxlaqsız hərəkətlər “cəsarət” kimi təqdim edilir;

İllərdir kameralar önündə yatağa girən, yaxud adyal altından veriliş aparan aparıcılar efirlərdə meydan sulayır və...

İllərdir bu aparıcıların, efirdə mazaqlaşanların necə gözəl, rahat, varlı-hallı həyat tərzi keçirdiyi nümayiş etdirilir.

Bu ölkədə ailə dəyərləri yox, “hacı” tapıb, plastik əməliyyatla dalını-dodağını şişirdib, olmayan səsi ilə əlinə mikrofon götürüb, müğənniliyə başlayanlar telekanalların efirini bəzəyir;

İllərdir bu ölkənin əsas dərdi yeməyin necə bişirilməsidir: bütün günü kanallarda yemək qaynadılır və bu qaynadılan bozbaşın qoxusunda ancaq və ancaq üfunət qoxulu, səviyyəsiz-düşüklərin əxlaq dəyərlərini dağıdan şit-bayağı söhbətləri eşidilir;

İllərdir bu ölkənin kanallarında bakirəliyə lağ edilir; qadının-qızın azadlığı deyəndə fahişəliyi düşünən dar beyinlər “psixoloq-sosialoq” adı ilə cəmiyyətə dərs keçirlər.

Hələ sosial şəbəkələr...

Yumurtanı başa və yaxud dala çırpıb, bunu “zarafat” adına cəmiyyətə geydirən çəkimlər...

Guya saytlar normaldırmı? Ən ciddi saytlar ən mənasız, səviyyəsiz xəbərlərin tirajı ilə məşğuldur, ən mühüm sözləri – oxucuları ciddi problemə səsləyən ifadələri - ən düşük xəbərlərdə istismar edib, olan-qalan normal oxucunu da küsdürməklə məşğuldurlar...

Əxlaq normalarının üstündə belə təbliğat maşınlarının avtoşluq etdiyi və heç bir “polisin” bu avtoşları durdurmaq niyyətində olmadığı bir cəmiyyətdə başqa hansı məhsulu dərmək niyyətində idiniz ki?

Nə əkmisiniz, nə əkirsiniz, onu da biçirsiniz!

Ailə dəyərlərinə lağ edən, toy gecəsi bakirə çıxan qızları ələ salan “psixoloqlara” kim meydan verir? Kimdir bu əxlaqsızlığı cəmiyyətə sırıyan?

Artıq hərşeyşünaslar düşüblər ortaya, “ailə tərbiyəsi”, “valideyn diqqətsizliyi” deyib, bütün nəzərləri ailəyə yönəltməyə, ata-ananı suçlu çıxarmağa çalışırlar.

Həzrət Əli deyirdi ki, övladlar valideynlərinə yox, yaşadığı mühitə bənzəyirlər. Qandınızmı? Yəni cəmiyyət tərbiyə edir uşağı!

Sokrata deyirlər, uşağı necə tərbiyə edim? Deyir, ədalətli cəmiyyətdə doğulsa, bəsdir, əlavə tərbiyəyə ehtiyac yoxdur!

Bütün efirlər, sosial şəbəkələr əxlaqsızlıq saçdığı bir cəmiyyətdə uşağı hansı valideyn necə tərbiyə etsin?

Silikondodaqlılara, 7 rəsmi, 77 qeyri-rəsmi nikahdan çıxanlara efirlərdən ailə əxlaqı dərsi keçməyə şərait yaradılırsa, uşaq necə tərbiyə alsın?

Hansı əsrdə yaşayırıq? Televizordan, telefondan məhrum edib, uşağı cəmiyyətdən ayırıb, evə bağlayıb, tərbiyə etməkmi mümkündür?

Hələ bu gördükləriniz, sosial şəbəkəyə yüklənənlər əslində olanların heç mində biri də deyil: cəmiyyətdə dəhşətli aşınma, dəyərlərin məhvi prosesi gedir və bu, indi başlamayıb.

O saxtakarlıqları, “kub yarım iynə” şoularını efirə kimlər buraxır? Efirdən kimlər izləyir?

Efirlərdə normal milli-siyasi debatlar, iqtisadi müzakirələr getmir; ancaq yemək bişirilir, yalnız əxlaq problemi olan ailələr tapılır...

Bu məmləkətdə nə qədər “problemli” ailə varmış, İlahi! Hardan “tapırlar” bunları? Bu şouları kim maliyələşdirir, kim efir tanıyır bunlara?

Kimə sorursan, hamısı belə səviyyəsiz verilişlərdən cana gəldiyini deyir, ancaq guya “məcburmuş”, guya “auditoriya toplamaq üçün” bundan başqa yol yoxmuş.

Yalan deyirsiniz istedadsız, bacarıqsız yaramazlar! Sadəcə işləmirsiniz, işləmək istəmirsiniz, ya da beyninizin ölçüsü o boydadır. Siz haçan bu cəmiyyətə intellektual xəbər, veriliş, debat, tok-şou təqdim etdiniz ki, tamaşaçılar-oxucular xoşqədəmləri, zaurları, elgizləri arzuladı?

Siz nə zaman tamaşaçı-oxucu formalaşdırmağa çalışdınız ki!

Siz tamaşaçı səviyyəsinə düşmədiniz, tamaşaçını qurşağından aşağısı ilə düşünməyə və o səviyyəyə düşməyə vadar etdiniz.

O uşaqların heç bir günahı yoxdur! 14-15 yaşında həyatın nə olduğunu qanmayan çocuqlardır onlar.

Günahkar sizsiniz – indi durub yekə-yekə tərbiyəsizlikdən danışıb, balaca uşaqları təhqir edib, onlar haqqında ağızlarına gələn ən pis sözləri yazmağı özlərinə sığışdıran yaramazlar.

O uşaqlar birinin alnına o əxlaqsız sözü ona görə yazır ki, o sözü sizlər bütün şərhlərinizdə istifadə edirsiniz, bütün efirlərdə dilə alırsınız, hər yerdə işlədirsiniz...

Uşaq hara baxırsa, ondan da pis, eybəcər ifadələr, sözlər görür!

Siz öz fikirlərini belə normal ifadə edə bilməyən savadsız, intellektsiz toplumsunuz! Bir normal şərhi belə söyüşsüz yaza bilməyən kəslərsiniz. İndi durub uşaqlarımı ittiham edirsiniz? Həm də hansı əxlaqsız ifadələrlə... Bəlkə də o sözü yazan yeniyetmələr heç o sözün ehtiva etdiyi mənanı dərk etmirlər.

Bunu düşündünüzmü?

Çətin başa düşünəsiniz!

Sizinki “işığı söndürümə”yə rəqs etməkdir, bayramnurlunu milli qəhrəmana çevirməkdir, sinəsini və daha harasınısa açan “cəsarətliləri” təbliğdir, efirdə əxlaqsızlıq edən aparıcı-qonaqla “mırt” tutub, ərinmədən o videonu kəsib, sosial şəbəkələrdə yayıb, uşaqların görməsinə şərait yaratmaqdır...

Cəmiyyətə anahit toxumu səpib, Tomris dərmək istəyirsiniz, yoxsa Həzrəti Fatimə?

Di gedin, əkdiklərinizi yeyin!

Tarix
2024.02.20 / 12:08
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Paşinyan Türkiyə ilə sərhəddə... - Video

Bu, müharibənin başlamasına səbəb ola bilər - Zülfüqarov

Əliyev İrəvana dostluq əlini uzadıb: Nikol bunu anlamırsa...

Türkiyə MN-dən birlik paylaşımı - Foto

Ərdoğanın Əsədlə görüşünü şərtləndirən 3 səbəb

Həbsxanalarda etiraf almaq üçün süni edam həyata keçirilir

Kremlin təklifi: Bakıya Moskva platforması lazım deyil!

İrəvan-Bakı normallaşma prosesi üzrə danışıqlar...

Azərbaycan və Somali XİN başçıları görüşdü

İrəvan nə istəyir: sülh, ya müharibə? - Vasadze

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla