Yuxarı

Alp Ər Tonqa əslində kim idi? - Araşdırma

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az filologiya elmləri doktoru, professor Kamil Hüseynoğlunun "Əfrasiyab və Alp Ər Tona eyni şəxsiyyət deyillər" adlı yazısını təqdim edir.

Bizim ədəbiyyatşünaslığımızda və folklorşünaslığımızda bir sıra məsələlər vardır ki, onlar indiyədək dəqiq araşdırılmamışdır və onlar haqqında söylənilən səthi mülahizələr və təsəvvürlər stereotiplər halında kitabdan kitaba keçməkdə davam edir. Belə mülahizələrdən biri də əfsanəvi Turan şahı Əfrasiyabın real tarixi şəxsiyyət olmuş Alp Ər Tona ilə eyniləşdirilməsidir (sonuncu ad sağır "nün"la oxunduqda "Tonqa", adi "nun"la oxunduqda isə "Tona" kimi səslənir, ancaq aşağıda görəcəyimiz kimi, "Tona" variantı düzgündür). Halbuki bu iki şəxsiyyətin yaşadığı dövrləri bir-birindən on iki-on üç əsr ayırır. Çünki birinci haqqında hələ "Avesta"nın ən qədim hissələrində, yəni e.ə. VI–V əsrlərdə yazılmış məxəzlərdə məlumat verildiyi halda (Мифы народов мира. Энциклопедия. Т.1, Москва,2000), ikincinin adına xronoloji baxımdan ilk dəfə olaraq Bilgə xaqan və Kül tigin abidələrində (VIII əsr məxəzlərində) rast gəlirik. Kül tigin kitabəsində deyilir : "Öncə gəlmiş qoşununu Kül tigin qovub, tokarlardan bir qəbilə, alpağutlardan on döyüşçünü Tona tiginin dəfnində mühasirəyə alıb öldürdük". Göytürklərin tarixinə dair yazılmış tədqiqatlardan (Гумилев Л.Н.Тысячилетие вокруг Каспия. Баку, 1991) həmçinin Orxon kitabələrindəki məlumatlardan aydın olur ki, Tona tigin 714-cü ildə Beşbalıkda Mogilyan (gələcək Bilgə xaqan) tərəfindən edam edilmişdir (Göytürklərin öz düşmənləri Tona tiginin adı önündə "alp ər" epitetini işlətməmələrinin səbəbi başa düşüləndir, ancaq ola da bilər ki, bu epitet Tona tiginə ölümündən sonra öz tayfa birliyi tərəfindən verilmişdir). Mahmud Kaşqarinin "Türk sözləri toplusu"nda Alp Ər Tona haqqında verilmiş ağıda da onun Bilgə xaqan tərəfindən edam edilməsinə işarə edilmişdir:

Bilgə boğu yunçıdı,

Ajun anı yançıdı.

Ərdəm əti tınçıdı,

Yerdə təqib sürtülür.

(Bilgə boğub sarsıtdı,

Dünya onu əzdi.

İgid bədəni çürüdü,

Yerə dəyib sürtülür.)

(Xəlil A. Mahmud Kaşqarlının "Türk dillərinin divanı kitabı"nda ədəbi mətnlər. Bakı, 2011).

Maraqlıdır ki, bu şeirdə də eyni səbəbdən Bilgə xaqanın adından "xaqan" sözü ixtisar edilmişdir. Bəs Alp Ər Tonanı nə üçün öldürmüşlər? Bu sualın cavabını da Göytürk xaqanlığının tarixi ilə bağlı mənbələrdə tapmaq mümkündür.

L.N.Qumilyov yazır ki, Bilgə xaqan və Kül tiginə qarşı vuruşan "karluq, xuluvu və nunişi tayfaları imperiyaya (yəni Çinə - K.H) onları öz himayəsi altına almağı təklif etdilər" (Гумилев Л.Н.Древние тюрки. М, 1993). Təbiidir ki, Göytürklər bununla barışa bilməzdilər. Aşağıda görəcəyimiz kimi, karluqların X əsrdə yaratdıqları Qaraxani dövlətinin xanları Alp Ər Tonanı öz ulu əcdadı hesab edirdilər. Buradan da aydın olur ki, VIII əsrdə Alp Ər Tona karluqların xanı və ya sərkərdəsi olmuşdur. Ümumiyyətlə isə karluqlar "öz azadlıqları və müstəqillikləri" uğrunda göytürklərlə mübarizəni 811-ci ildən başlamışdılar və bu müddət ərzində onlarla bir neçə dəfə döyüşmüşdülər (Гумилев Л.Н.Тысячилетие вокруг Каспия. Баку, 1991).

Elə VIII əsrin ortalarında da məhz karluq, uyğur və basmıl tayfaları birləşərək, Birinci Göytürk xaqanlığını məhv etdilər. Göytürklər əleyhinə belə üsyanlar tez-tez baş verirdi. 715-ci ildə də, L.N.Qumilyovun yazdığı kimi, "bütün fəth olunmuş xalqlar xan zülmünə və insaniyyətsizliyinə qarşı üsyan qaldırırdılar. Karluqlar, türgişlər, tatablar, kidanlar, izgillər, uyğurlar və bayrıklar öz azadlıqlarını müdafiə etməyə başladılar" (Гумилев Л.Н.Тысячилетие вокруг Каспия. Баку, 1991).

Bəs necə olmuşdur ki, XI əsrdə karluqlar tərəfindən qurulan müsəlman Qaraxanilər dövlətində Alp Ər Tona Əfrasiyabla eyniləşdirilmişdir?

Məlumdur ki, "Avesta" əsatirlərinə əsasən Əfrasiyab Turan şahı olmuşdur və o, ölkəsinin İranla apardığı müharibələrə başçılıq edirdi. Ancaq Alp Ər Tona haqqında həm Orxan kitabələrində, həm də Yusif Balasaqunlu və Mahmud Kaşqarlı tərəfindən verilmiş məlumatlarda onun Turanla bağlılığına heç bir işarə edilmir. Hətta Alp Ər Tonanın ölümü münasibətilə yazılmış məşhur ağıda da bu barədə heç nə deyilmir.

"Avesta"da Əfrasiyabın adı "Frənqrəsian" (döyüşçü), b.e. ilk əsrlərində yazılmış Parfiya (Pəhləvi) mətnlərində "Frəsyak", X əsrdə və ondan sonra yaranmış fars və ərəb mənbələrində isə "Əfrasiyab" şəklində yazılmışdır.

Yusif Balasaqunlu və Mahmud Kaşqarlı də Frənqrəsian barədəki məlumatları fars mənbələrindən aldıqlarına görə onlar da onun adını Əfrasiyab kimi qeydə almışlar. Qədim türk və uyğur yazılarında və fars-ərəb ədəbiyyatının təsirindən kənarda qalmış türk xalqlarının tarix və folklorunda isə nə "Turan" anlayışına, nə də Əfrasiyab adına rast gəlinir.

Əfrasiyabın dövründə sak-sarmat tayfa birliyinin məskunlaşdığı ərazilərə Turan deyilirdi və bu ərazilər Baykalyanı coğrafi məkanı və Orta Asiyanı əhatə edirdi. Turanlılar öz əcdadları saydıqları Turun adı ilə belə adlanırdılar. Həxamənişilərin dövründə (e.ə. 550–330-cu illər) Turanın Amu-Dərya çayına qədər hissəsi iranlılar tərəfindən işğal edilmişdi. Mənşəcə sak olan Zərdüştün həmvətənlərinin təqibləri üzündən öz vətənindən İranın tabeliyində olan Orta Asiya ərazilərinə qaçması və buranın canişini, I Daranın atası Viştaspa tərəfindən onun dininin qəbul edilməsi turanlılarla iranlılar arasındakı münasibətləri daha da gərginləşdirir. Bu zaman çoxsaylı Turan-İran müharibələri baş verir (Гумилев Л.Н.Тысячилетие вокруг Каспия. Баку, 1991).

Turanda Pəşəng (Peçeneq) oğlu Əfrasiyab hakimiyyətə gələndən sonra İran-Turan qarşıdurması bir qədər də qızışır. Əfrasiyab dəfələrlə iranlılara qalib gəlir, hətta 20 il müddətinə Amu-Dəryadan cənub-qərbdəki sak (Turan) ərazilərini farslardan azad edir. Ancaq sonda o, İranlılar tərəfindən öldürülür.

İranlılar Amu-Dərya çayını həmişə İranla Turan arasında sərhəd hesab edirdilər. VI əsrdə Göytürk xaqanları Amu-Dəryaya qədər olan əraziləri tutdular və nəticədə burada məskunlaşmış peçeneq, kəngər və s. kimi Turan tayfaları tədricən türkləşərək onlara qarışdılar. Bundan sonra iranlıların nəzərində türklərlə turanlılar eyniləşməyə başlayır və "Turan" adı da tədricən "Türkistan" sözü ilə əvəz olunur.

X əsrdən etibarən bir çox türk xalqları, o cümlədən, karluq, oğuz, yəğma və çigil tayfaları islamı qəbul edərək, Qaraxanilər və Qəznəvilər kimi ilk türk-müsəlman dövlətlərini yaradırlar. Saraylarda fars-tacik ədəbi mühiti ilə tanış olan türk ziyalıları görürlər ki, fars ədəbi mühitində Əfrasiyab adlı bir türk qəhrəmanı və onun fəaliyyəti barədə geniş məlumatlar vardır. Bundan sonra fars folklorunda və ədəbiyyatında olan rəvayət və dastanlar türk ədəbi mühitinə də sirayət etməyə başlayır. İlk dəfə eşitdikləri Əfrasiyab obrazının kimliyi barədə düşündükdə isə türk ədibləri onu öz şifahi yaddaşlarında saxlanılmış türk qəhrəmanları ilə müqayisə etməyə başlayırlar. Bu qəhrəmanlar içərisində isə "Əfrasiyab" adına ən çox bənzəyəni Alp Ər Tonanın adıdır. Beləliklə də Qaraxani türkləri bu iki sərkərdəni eyniləşdirməyə başlayırlar. Yusif Balasaqunlu Qaraxanilər mühitində yaratdığı "Kutadqu bilik" əsərində bu barədə belə yazır:

Türk bəyləri arasında şanlı insanlar çox olub,

Onlar böyük ölkə başçılarından daha şöhrətlidirlər.

Onların içərisində şanlı igid Alp Ər Tona da vardır,

Onun şöhrəti əbədi olaraq hamıya əzizidir...

O öz xalqına rəhbərlik edən dövrdə

Taciklər onu Əfrasiyab adlandırıblar.

Taciklər onu öz kitablarında ("Şahnamə"də) tərifləyiblər,

Əgər belə olmasaydı, onu kim tanıyardı?

(Гумилев Л.Н.Древние тюрки. М, 1993)

Sonuncu sətirdən aydın görünür ki, Qaraxani türkləri Əfrasiyab adını və onun barədəki məlumatları ilk dəfə məhz "taciklərdən" eşitmişlər. Alp Ər Tona isə karluqların öz şifahi yaddaşında yaşayan şəxsiyyət olmuşdur. Ancaq Qaraxanilər dövründə onlar bu iki şəxsiyyəti eyniləşdirməyə başlamışlar. Alp Ər Tona barədə məlumat verən Mahmud Kaşqarlı və Yusif Balasaqunlu da məhz Qaraxani sarayı ilə bağlı olmuş müəlliflərdir. O zamana qədər Alp Ər Tonanı öz ulu əcdadları sayan Qaraxani hakimləri "Əfrasiyab" adı ilə bağlı olan məlumatların daha geniş miqyasda – farslar və ərəblər arasında da yayılmasını və daha təmtəraqlı səslənməsini gördükdən sonra öz sülalələrini "Beytül-Əfrasiyab" ("Əfrasiyab evi") adlandırırdılar (Фомкин М.С.Сокровищница восточной мудрости // Баласагуни Юсуф. Благодатное знание. Ленинград, 1990). Qaraxani hakimləri arasında "Qaraxan" ("Böyük xan") tituluna tez-tez rast gəlinməsi səbəbilə Avropa şərqşünasları onların dövlətini "Qaraxanilər dövləti" adlandırsalar da, Qaraxanilər öz sülalələrini qəti olaraq Alp Ər Tonaya ("Əfrasiyaba") bağlayırdılar. Bunun səbəblərinin bir qədər ətraflı izahata ehtiyacı vardır.

X əsrin ortalarında karluqlar islam dinini qəbul etdilər və bundan dərhal sonra da Orta Asiyanın geniş bir ərazisini tutan və müsəlmanlaşmış fars-tacik dövləti olan Samanilər üzərinə hücum etdilər. Karluqlara çigil və yəğma tayfaları da kömək edirdilər. Onlar Samanilərin bütün ərazisini demək olar ki, heç bir ciddi müqavimətə rast gəlmədən tutdular. Çünki Samani hökmdarları əhalini ayağa qalxmağa çağırsalar da, üləmalar fitva verdilər ki, müsəlmanların müsəlmanlara qarşı vuruşması düzgün deyildir; hakim təbəqələr öz məsələlərini özləri həll etməlidirlər. Buna görə yeni Qaraxani hakimləri də fars məmurlarını və dilini dövlət sistemində saxladılar. Samanilər sarayındakı fars şairləri də sarayda saxlanıldı, ancaq səlcuqlardan fərqli olaraq, Qaraxani dövlətinin yaradıcıları sarayda türk dilinin yayılması və türkcə yazan şairlərin olması üçün də çalışırdılar. Onlar istəyirdilər ki, fars şairləri öz qədim qəhrəmanlarını vəsf etdikləri kimi, türk şairləri də öz əcdadlarının şərəfinə şeirlər yazsınlar. Alp Ər Tonaya həsr olunmuş ağı da buna gözəl bir nümunədir.

Qaraxanilərin yeni ölkəsi üç hissəyə bölünmüşdü və yuxarıda qeyd edilən üç tayfa birləşməsi tərəfindən idarə edilirdi. Ancaq aparıcı mövqe karluqlara məxsus idi.

Qaraxani dövlətində tezliklə Yusif Balasaqunlu və adları bizə məlum olmayan, ancaq şeirlərindən Mahmud Kaşqarlının "Türk sözləri toplusu"nda nümunələr verilən çoxlu türk şairləri ortaya çıxdılar. Bunu da qeyd etmək lazımdır ki, Mahmud Qəznəvinin sarayındakı çoxsaylı şairlər arasında da türk şairlərinin olmasına dair bir sıra qeyri-müstəqim məlumatlar vardır. Məsələn, Sultan Mahmudun oğlu I Məsudun saray şairlərindən biri – Mənuçehri öz şeirlərindən birində deyirdi:

Be-rah-e torkimana ka, xübtər qui,

To şer-e torki bər-xan məra-vo, şer-e quzi.

(Daha yaxşı söylədiyin türk tərzi ilə

Sən mənə türk və oğuz şeirləri oxu).

(Hüseynoğlu K. Azərbaycan şeir mədəniyyəti. Bakı, 1996)

Bu sətirlərin mənasından belə görünür ki, Mənuçehri onları türk şairlərindən birinə müraciətlə yazmışdır.

Qaraxani şairləri həmçinin türk dilində əruz vəznində şeirlər yazan ilk müəlliflər olmuşlar. O zaman əruz vəzni müsəlman poetik ideallarının qanuni daşıyıcısı kimi daha nüfuzlu şeir sistemi hesab olunurdu. Ancaq təəssüf ki, Yusif Balasaqunludan başqa XI əsr türk şairlərindən heç birinin adı saxlanılmamışdır. Lakin xoşbəxtlikdən onların əsərlərindən nümunələr həmin dövrün yetişdirdiyi böyük alim M.Kaşqarlı tərəfindən yazıya alınmışdır. Hələ Mahmud Kaşqarlının sözlüyünün tapıldığı ilk vaxtlardan B.B.Bartold (Bombaci A. The Turkisch literatures. İntroductiry notes on the history and stile // PhTF, Dd.II, Wisbaden,1964), P.Pelo (Pelliot P. Sur la legende d’Uyuz-Khan en ecriture ouigoure // Türkische Turfan tekste. 1930, vol. XXVII, ¹ 4-5), A.Bombaçi kimi tədqiqatçılar sözlükdə verilmiş dördlüklərdə yazılı ədəbiyyata məxsus nümunələrin olduğunu hiss etmişlər. Ancaq XX əsrin ortalarından başlayaraq türkologiyada belə bir fikir qəti surətdə yer aldı ki, atalar sözləri istisna olmaqla, sözlükdə verilən nümunələrin əksəriyyəti, dördlüklərin isə hamısı yazılı ədəbiyyata məxsus nümunələrdir və əruz vəzninin bəsit növlərində yazılmışdır. İ.V.Steblevanın tədqiqatlarında isə bu fikir inkarolunmaz faktlarla əsaslandırılmışdır (Стеблева И.В.Развитие тюркских поэтических форм в XI веке. Москва, 1971). Həmin dördlüklərin vəznləri, o cümlədən də Alp Ər Tona haqqında yazılmış ağının vəzni bu sətirlərin müəllifi tərəfindən də yoxlanılmışdır və bizim fikrimizcə də onların əruz vəznində yazılması heç bir şübhə doğurmur (Hüseynoğlu K. Azərbaycan şeir mədəniyyəti. Bakı, 1996). Həmin şeirlərin sözlüyün ilkin tədqiqatçıları tərəfindən heca vəzninə mənsub edilməsinin iki səbəbi olmuşdur. Birincisi, əruz vəznində yazılmış şeirlərdə də hecaların sayına görə sətirlərin, nadir istisnalar nəzərə alınmazsa, həmişə bərabər olması prinsipinin tədqiqatçılar tərəfindən nəzərə alınmaması, ikincisi isə həmin dördlüklərdə ərəb-fars sözlərinin işlədilməməsi, yəni onların təmiz türk dilində olması tədqiqatçıların yanlış nəticəyə gəlməsinə səbəb olmuşdur. Həmin şeirlərdəki sətirlər daxilində açıq və qapalı hecaların əruzun prinsiplərinə uyğun surətdə tənzimlənməsi isə tədqiqatçıların nəzərindən tamamilə yayınmışdır.

Alp Ər Tonaya həsr olunmuş 11 bənddən ibarət şeirdə də bütün dördlüklərdəki sətirlər uzun və qısa (türk sözlərində - açıq və qapalı) hecaların tənzimlənməsi baxımından əruz vəzninin rəcəz bəhrinin mürəbbəi-mərfu növünə (müstəf’ilin fA’ilün: --v- // -v-) tamamilə uyğundur. Qırx dörd sətirdə hecaların eyni prinsiplər üzrə düzülməsini heç cür təsadüfi hesab etmək mümkün deyildir. Bunu yalnız şüurlu surətdə belə tənzimləmək mümkündür. Deməli, bu şeiri müəllif bilərəkdən əruz vəzninin qaydalarına uyğun surətdə yazmışdır. Yalnız bir neçə yerdə vəzn pozğunluğu hiss edilir ki, bu da müəllifin günahı üzündən deyildir. Mahmud Kaşqarlının sözlüyünü türkcəyə ilk dəfə çevirən Basim Atalay türkcə mətnlərdəki "nun" hərfini bildirən işarəni bəzən "sağır nunla" (nq) transliterasiya etmişdir. Şeirin ilk bəndindəki "Alp Ər Tona" adını da o, "Alp Ər Tonqa" şəklində yazdığına görə həmin sətirdə vəzn pozulmuşdur. Sonrakı nəşrlər də məhz Basim Atalayın nəşrinə əsaslandığına görə indiyədək Tona adını biz təhrif olunmuş halda: yəni "Tonqa" şəklində oxumuşuq. Halbuki vəzn göstərir ki, müəllif həmin adı Orxan abidələrində olduğu kimi, yəni "Tona" şəklində yazmışdır. Həmin dördlük belədir:

Alp Ər Tona öldimi?

İsız ajun qaldımı

Özlək öçin aldımı?

İmdi yürək yırtılur.

(Alp Ər Tona öldümü?

Yaman dünya qaldımı?

Fələk qisas aldımı?

İndi ürək yırtılır).

(Xəlil A. Mahmud Kaşqarlının "Türk dillərinin divanı kitabı"nda ədəbi mətnlər. Bakı, 2011).

Beləliklə, biz görürük, Əfrasiyab "Avesta" personajlarından biridir və onun mənşəyi təxminən 2500 il bundan əvvəl cərəyan edən hadisələrlə bağlıdır. Onun adının qədim forması olan Frəngrəsian "Avesta" dilində "döyüşçü" deməkdir, halbuki istər Frəngrəsian, istərsə də Əfrasiyab adları qədim türk dilində heç bir məna vermir.

Alp Ər Tonanın adı isə VIII əsrdə Altayda bəzi qədim türk tayfaları arasında gedən döyüşlərlə bağlı tarixə düşmüşdür. Onun adının mənası "İgid ərən Tona" mənasını verir və "Tona" adı da qədim türk dilində "bəbir" deməkdir. Türklərdə heyvan məşəli adların yayılması adi hal idi. Məsələn, türk xaqanlarından birinin titulu "İrbis İşibra Cabqu xaqan", digərininki isə "Arsalan Tobo xan" idi. "İrbis" sözü türk dilində "qar bəbiri" mənasını verir. Həm də, L.N.Qumilyovun yazdığı kimi, "türklər avropalılarda olduğu kimi doğulandan ölənə qədər eyni adı daşımırdılar. Türkün adı həmişə onun cəmiyyətdəki mövqeyinə işarə edirdi. Uşaqlıq dövründə o, ləqəb, yeniyetməlik dövründə (inisiasiya sınağından sonra – K.H.) rütbə, yetginlik dövründə isə titul adı daşıyırdı" (Гумилев Л.Н.Древние тюрки. М, 1993). Məsələn, "Kitabi-Dədə Qorqud"da Buğac bu adı buğa ilə döyüşüb, ona qalib gəldikdən sonra alır.

Alp Ər Tonanın adı Mahmud Kaşqarlının onun haqqındakı ağını yazıya almasından sonra məşhur olmuşdur. Bu ilk türk filoloqunun özü də Qaraxanilər nəslinə mənsub olmuş, ancaq sonra təqibə məruz qalması səbəbilə Bağdada qaçmışdır. Onun öz lüğətində gətirdiyi başqa şeir nümunələri də məhz Qaraxanilər sarayında yaşamış və əruz vəznində ilkin olaraq qələm sınayan türk şairlərinə mənsub olmuşlar.

Epik türk qəhrəmanlarından olan Tona tigin barədə xalq yaddaşında qalan rəvayətlər, sözsüz ki, Qaraxanilər dövründə geniş yayılmışdı. Köçəri xalqlar öz epik tarixini və qəhrəmanlarını yalnız şifahi yaddaşda saxlayaraq nəsildən-nəslə ötürürdülər. Xalqın azadlığı yolunda qəhrəmancasına həlak olmuş insanların isə epik yaddaşda xüsusi yeri vardır. Tona tigin haqqında yazılmış emosional ağının özü də xalqın onun xatirəsinə olan böyük ehtiramından xəbər verir.

Sonda bunu da qeyd edək ki, bu məqalədəki məlumatlar emosiya baxımdan bəlkə də kimlərinsə xoşuna gəlməsin. Ancaq həqiqətləri bilmək emosional məmnuniyyətdən daha yaxşıdır. Filologiyamızda min il ərzində davam etmiş bir yanlışlığın aradan qaldırılması isə ədəbiyyatşünaslığımız və folklorşünaslığımız üçün daha mühümdür.

Tarix
2016.02.22 / 09:09
Müəllif
Kamil Hüseynoğlu
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla