Əslində tərəflər arasında insident hələ 2005-ci ilin
sentyabrından başlayıb. O vaxtdan ki, Fəridə Məmmədovanın
mübahisəli kitabı işıq üzü görüb və kitabdakı tezislər Tarix
institutunun direktoru Yaqub Mahmudovu razı salmayıb. Söhbət Qafqaz
Albaniyası və albanlar kitabından gedir ki, orada müəlilf böyük
Ermənistan və onun xəritəsini cızmaqla əslində bir çox məsələləri
böyük bir sual altına alıb. Üstəgəl, mübahisəli kitabın harda nəşr
olunması da onun tərəf müqabillərini maraqlandıran məsələlərdən
olub. Sonradan kitabın müzakirəsi başlayıb, bildirilib ki, Fəridə
Məmmədovanın məqsədi ermənilərin mənşəyini qədim şərq tarixinə
bağlamaq cəhdindən başqa bir şey deyil. Bundan sonra Fəridə
Məmmədovanın ayağı Azərbaycan Milli Elmlər Akademiyasının Tarix
İnstitutunun binasından kəsilib.
Bu boş stula verilən 255 manat Fəridə xanımın yarımştat
maaşıdır. İnstitutun direktoru Yaqub Mahmudov deyir ki, 8 ildə
Fəridə Məmmədova nə əmək müqaviləsinə imza atır, nə də ki, ililk
hesabatları verir. Amma institut rəhbərini bundan da çox yandıran
kolleqasının mətbuata verdiyi müsahibədir. O müsahibə ki, Fəridə
Məmmədova Yaqub Mahmudovu intriqaların başında duran şəxs
adlandırıb və köhnə söhbətləri təzələyib. Yaqub Mahmudov isə
düşünür ki, bu təsadüfi deyil. Onun 75 ililyinə hazırlanan
sürprizdir. Hansı ki, daha yuxarı səviyyədə təşkil olunduğundan
əmindir. O, həmçinin əmindir ki, Fəridə Məmmədovanın yazdığı kitab
məhz ermənilərin dəyirmanına su tökmək mahiyyəti daşıyır.
Eyni sualı biz də Fəridə Məmmədovaya, "Qafqaz Albaniyası və
albanlar" kitabının müəllifinə veridk. Tarixçi alimin sözlərinə
görə, ermənilərin Qafqazda hansısa dövlətə sahib olması ilə bağlı
onun hər hansı mülahizəsi olmayıb. Sadəcə, bu kitab ona təkcə
populyarlıq yox, həm də akademik adı qazandıracaqdı ki, bu Yaqub
Mahmudova və onun himayədarlarına sərf etmədi. Ona görə də, belə
bir məzhəkə düzəltdilər.
Müsahibim deyir ki, xəritədə bənövşəyi rənglə cızdığı detal
əslində ermənilərin Qafqazda kökünün olmadığına işarədir. Onun
fikrincə, bunu Yaqub Mahmudov da bilməmiş deyil. Fəridə Məmmədova 8
ildə tarix İnstitutuna ayaq basmamasını da Yaqub Mahmudovdan görür.
Hesab edir ki, ona təzyiqlər olmasa, iş yerinə gedər.
Tarixçilərin tarixdə qalmaq şansı başqalarından daha çox olur
deyirlər. Arzu edək ki, bizim tarixçilərimiz də yazdıqları ilə
tarixdə qalsınlar. İntriqaları ilə deyil. (ANS)