Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş
tutan bütün tədbirlər Azərbaycan dilində həyata
keçirilir.
Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyi İnformasiya və ictimai əlaqələr şöbəsinin müdiri
Vüqar Şıxəmmədov "İçərişəhər" filminin rejissoru İlqar Safatın və
digərlərinin filmin təqdimat mərasimində rusca danışmasına
münasibət bildirərkən deyib.
"Dünənki tədbir Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə
təşkil edilib. Təbii ki, tədbir Azərbaycan dilində həyata
keçirilib. Nazirliyin nümayəndəsi, aktrisa Elmira Şabanova,
Mehriban Zəki, aktyor Firdovsi Atakişiyev azərbaycanca danışıb.
Sadəcə, rejissor həm rusdilli olduğuna görə, həm də qonaqların
əksəriyyətinin Rusiyadan gəldiyini nəzərə alaraq, rus dilində çıxış
edib. Gələcəkdə bu məsələlərə də xüsusi diqqət edəcəyik. Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan bütün tədbirlər
Azərbaycan dilində həyata keçirilir. Nazirlik nümayəndələri bütün
hallarda azərbaycanca danışırlar".
Məsələyə münasibət bildirən AMEA-nın Nəsimi adına Dilçilik
İnstitutunun şöbə müdiri, telejurnalist Qulu
Məhərrəmli kiminsə rusca, ingiliscə, türkcə danışmağına
xüsusi bir etiraz olmadığını, sadəcə Azərbaycan məkanında keçirilən
kütləvi tədbirlərdə ana dilinin işlənməli olduğunu qeyd edib:
"Mənim hadisənin təfərrüatı barədə yalnız mediadan məlumatım
var. Bu məsələlərlə bağlı onu deyə bilərəm ki, Azərbaycanda
keçirilən kütləvi tədbirlərdə dövlət dilindən istifadə edilməlidir.
Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və rəsmi,
kütləvi tədbirlərdə bu dildə danışmaq çıxışçının borcudur".
Qeyd edək ki, 30 sentyabr 2002-ci ildə Prezident Heydər Əliyev
Azərbaycanın dövlət dili haqqında qanunu təsdiqləyib. Həmin qanunun
4-cü maddəsində göstərilir: "Azərbaycan Respublikasının dövlət
hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, dövlət
qurumlarının keçirdiyi bütün rəsmi mərasim və tədbirlər Azərbaycan
Respublikasının dövlət dilində aparılır".
Xatırladaq ki, dünən Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına
"Azərbaycanfilm" kinostudiyasında lentə alınan "İçərişəhər" bədii
filminin təqdimatı keçirilib. Təqdimat mərasimində filmin rejissoru
İlqar Safat rusca çıxış edib. Bu vaxt zalda əyləşən tamaşıçalar
onun rusca çıxışına etiraz etsələr də, rejissor onlara əhəmiyyət
verməyib.
Bundan sonra çıxış edən filmin ssenari müəlliflərindən biri və
baş rolun ifaçısı Təhminə Rafaella da rusca çıxış edib və dilimizin
müdafiəsinə qalxan tamaşaçıları təhqir edərək mədəniyyətsiz
adlandırıb. Daha sonra isə rusca çıxışlara etiraz edənlərin zalı
tərk etmələrini istəyib.