Teleaparıcı Kamran Həsənlini
dələduzluqda ittiham edən müğənni Samir Piriyev sabah mətbuat
konfransı keçirəcək.
Musavat.com saytına bu haqda müğənninin
hüquqşünası Ruslan Əhmədoğlu məlumat verib:
"Sabah cinayət işi ilə bağlı mətbuat konfransı keçirəcəyik və
bütün gerçəkləri mətbuata təqdim edəcəyik. 2 aya yaxındır ki,
istintaq gedir. Bu günə qədər Kamran Həsənli özü həqiqətə uyğun
olmayan bəyanatlar verir. Biz də düşünürdük ki, vəkili ola-ola niyə
özü danışır. Ötən gün Kamranın vəkili Türkel müəllim axır ki,
mətbuata çıxdı. Teleaparıcının vəkili deyir ki, Piriyev
K.Həsənlinin səs yazısını müstəntiqə protokol qaydasında təqdim
etməyib. Biz açıq şəkildə bəyan edirik ki, səsyazmaları protokol
qaydasında təqdim etmişik. Kimin buna şübhəsi varsa, müstəntiqə
müraciət edə bilər. Samir səsyazmanı istintaqa vermədən də mətbuata
təqdim etsəydi, yenə də buna görə heç bir məsuliyyət daşımır. Bu
günlərdə Samir Piriyevin keçmiş sürücüsü Səməd bəylə Kamran
Həsənlinin üzləşməsi olub. O zaman Kamranın vəkili maraqlı fikir
səsləndirib. O, otaqda Kamranla tək olduğunu unudub və sürücü
eşidə-eşidə deyib ki, "Kamran, sən o maşını nahaq pul əvəzi
vermisən. Samirə borcun yox idi, maşını niyə verirdin? Maşını
verməyin bu gün bizi çətin vəziyyətə salır. Yaxşı ki, sənə qulaq
asmadım, yoxsa evi də Samirin adına keçirmək istəyirdin. Sənin
ağlınla getsəydim, hər şey əlimdən çıxmışdı".
Müğənni Samir Piriyevlə şoumen Kamran Həsənlinin pul qalmaqalına
ifaçının keçmiş həyat yoldaşı Yeganə də münasibət bildirib. O,
Axşam.az saytına açıqlamasında sənətçinin həqiqətən də aparıcıya
115 min manat pul verdiyini deyib:
"Bir gün Samir evə gələndə söylədi ki, Kamran Həsənli ona
Türkiyədə biznes qurmağı təklif edib. Samir dedi ki, Gülər (Kamran
Həsənlinin bacısı – red.) Türkiyədədir. Biznesə Gülərin özü nəzarət
edir. Həmin gündən bizim evdə söz-söhbətlər başladı. Mən Kamrana
pul verilməsinin tam əleyhinə idim. Kamran hər gün bizə gələrək,
guya hansısa biznes-planlar barədə danışırdı. Türkiyəyə zəng
edirdi, Samiri Gülərlə danışdırırdı. Həmin ərəfələrdə Samir evdə
olan 35 min dolları mənim yanımda Kamrana verdi. Qalanını da yaxın
zamanda verəcəyini söylədi.
Kamran bizim evdən çıxar-çıxmaz evdə davalar başladı.
Bacı-qardaş Samiri elə ələ almışdılar ki, mənə qulaq asmırdı.
Ailəmizdə çox güclü soyuqluq yarandı. Samir artıq mənə qulaq
asmırdı. Hər gün ağlayırdım. Kamran və onun bacısı bizim ailədə elə
vəziyyət yaratdılar ki, Samir sözün əsl mənasında bunlardan başqa
heç kəsə inanmırdı".
Teleaparıcı Kamran Həsənli müğənninin hüquqşünası Ruslan
Əhmədoğlunun ittihamlarına cavab verib. O, deyib ki, vəkili ona
iradını bildirməyib:
"Vəkilim mənə heç vaxt onların yanında irad bildirməyib. Samir
adam göndərib məni şantaj edir ki, evimi onun adına keçirim. Samir
deyir ki, 1993-cü ildə alıb, yaşadığım evi ona verim, o da
ərizəsini dala götürsün. Məni açıq şəkildə şantaj edir".
K.Həsənli sənətçinin vəkili Ceyhun Yusifovun "Kamran Həsənli
açıq şəkildə deyir ki, Bakı Şəhər Prokurorluğunda ona heç nə edə
bilməzlər, onu himayə edənlər var" sözlərinə də aydınlıq
gətirib:
"Bunların hamısı yalandır, mən onlarla görüşməmişəm. Mən Samirin
hüquqşünası Ruslanı da, vəkili Ceyhunu da görməmişəm. Üzləşmədə
onun vəkili Həbib iştirak edirdi. Onlar yalan danışırlar.
İttihamları varsa, mənimlə danışsınlar, bacımı bu məsələyə niyə
qatırlar? İstintaq tələb etsə, bacım da gəlib ifadə verəcək".
Teleaparıcı S.Piriyevin keçmiş həyat yoldaşına da cavab verib:
"Yeganə xanım çıxıb mətbuata açıqlama verib. Ondan soruşmaq
lazımdır ki, üzləşməyə niyə gəlməmişdi? Deməli, onlar mənə görə
boşanıblar? Onun sözlərindən belə aydın olur".
K.Həsənli tezliklə mətbuat konfransı keçirəcəyini də qeyd edib:
"Sabah Samirgil mətbuat konfransı keçirəcək. Görək, nələr təqdim
edəcəklər. Biz də sonra mətbuat konfransı keçirəcəyik. Əslində, bu
iş istintaq işidir, şou-proqram kimi mətbuata çıxmamalıdır.
İstintaq qala-qala hər şeyi ictimaiyyətə təqdim edirlər. Bizim
aramızda olan problem kimin nəyinə lazımdır?"