Aygün xanım gah xəstə adı ilə, gah ölkədə olmamaqla, gah
da müxtəlif bəhanələrlə qətnamənin icrasından yayınır.
Bu sözləri müğənni Natavan Həbibinin vəkili Fərid Həsənov
Yeni Müsavat-a açıqlamasında bildirib. Qeyd
edək ki, ötən gün vəkil dekabr ayından etibarən xəstəliyi ilə bağlı
olaraq xalq artistinin ölkədən çıxışına qoyulan məhdudiyyət aradan
götürüldüyü barədə mətbuata açıqlama vermişdi. Məlumatın ardınca
isə xalq artisti mətbuat orqanlarına məktub göndərərək ağır
xəstəliyə görə deyil, "kiçik bir estetik əməliyyatla bağlı ölkədən
çıxdığını" bəyan etdi. Müğənni bəyanatında "sağlam, hətta yeni
şamplena görkəmi"ndə olduğunu, bununla da açıq-aşkar qarşı tərəfə
sanki acıq verirmiş kimi "məğlub tərəf" olmadığını, isbatlamağa
çalışırdı.
Vəkil Fərid Həsənov isə "Yeni Müsavat"a açıqlamasında bildirdi
ki, müğənni dekabr ayında Ədliyyə Nazirliyinin icra şöbəsinə məhz
səhhətində yaranan ağır problemlərlə bağlı müraciət edib və
bildirib ki, təcili ölkə xaricində müalicə almalıdır:
"Yəni, bu məzmunda ərizə yazmışdı Aygün xanım. Sadəcə, o adam
qətnamənin icrasından yayınmaq üçün bu cür arayış alıb. İndi də
deyir ki, "sağlamam, estetik əməliyyata girmişəm". Onda belə çıxır
ki, saxta, yalan arayış alıb. Bu arayışı haradan, necə alıb,
bilinmir".
"Estetik əməliyyat üçün ölkə çıxışına qoyulan məhdudiyyət aradan
götürülə bilərmi?" sualımıza vəkil bu cür cavab verdi:
"Xeyr. Yalnız və yalnız siyasi əhəmiyyətli, hansı ki,
Azərbaycanda mümkün olmayan əməliyyatlar üçün bu məhdudiyyət aradan
götürülə bilər. Digər tərəfdən də Aygün xanım sosial şəbəkələrdə
200 cümlə yazmaqdansa iki cümlə yazsın ki, "qətnaməni icra edirəm".
Desin ki, "Natavan xanım haqqında müəyyən məlumatlar yaymışam, onu
təkzib edir və ona qarşı etdiyim təhqirlərə görə üzr istəyirəm".
Yəni, bu iki cümləni yazmaq o qədər çətindir? İki cümlə yazmaq
əvəzinə ona-buna söz atır, Türkiyəyə gedib-gəlir. Estetik əməliyyat
və digər məsələlər qətnamənin icrasına mane törətmir axı. Bu,
qanuna, məhkəmə qətnaməsinə hörmətsizlikdir. Bir ildir ki,
qətnaməni yerinə yetirmir. Bu adam qətnaməni dolayıb barmağına.
İcra şöbəsi onun hərəkətlərinə heç reaksiya da vermir. Mən icra
şöbəsi haqda da məhkəməyə müraciət edəcəm. Artıq bununla bağlı
şikayətlərin mətnini hazırlamışam. Ona qoyulan STOP-u niyə
götürürlər?"
Vəkil onu da vurğuladı ki, müğənni qətnaməni yerinə yetirmədiyi
üçün 3 il azadlıqdan məhrum edilə bilər:
"Qətnaməni yerinə yetirmədikdə inzibati qaydada cərimə, həbs,
ikinci mərhələdə isə cinayət məsuliyyəti, 3 ilə qədər azadlıqdan
məhrumetmə gözləyir.
Yəni ona şərait yaradılır ki, o qətnaməni icra etməsin. Qanun
hər kəs üçün eynidir. Qanuna görə, qətnamənin qərarı çıxandan 2 aya
qədər çıxarılan qərar icra edilməlidir. Qətnamə ötən ilin iyunun
15-dən qüvvəyə minib. Lakin Aygün xanım gah xəstədir, gah burda
olmur, gah da müxtəlif bəhanələrə qətnamənin icrasından yayınır.
Qanuna əsasən 30 il ərzində biz ondan bu qətnaməni icra etməsini
tələb edəcəyik".
Xatırladaq ki, bir müddət bundan öncə Aygün Kazımova ilə həmkarı
Natavan Həbibi arasında böyük qalmaqal yaşanmışdı. Belə ki, xalq
artisti efirdə həmkarının erməni milliyətinə mənsub olduğu barədə
fikir səsləndirmişdi. Məsələ ilə ilə əlaqədar Nəsimi rayon
Məhkəməsində məhkəmə prosesi aparılmışdı. Çıxarılan məhkəmə
qətnaməsinə əsasən xalq artisti həmkarından üzr istəməli,
səsləndirdiyi ifadələri təkzib etməlidir. Lakin Aygün Kazımova
məhkəmə qərarını icra etmədiyi üçün ölkədən çıxışına qadağan
qoyulmuşdu. Müğənni bu barədə Apellyasiya Məhkəməsinə müraciət etsə
də adı çəkilən qurum onun şikayətinin təmin etməmişdi.