Mən elmlər doktoruyam, Azərbaycanın ilk sənətşünas
alimiyəm. Bunlarla alim kimi danışanda da deyirlər ki, bu nə vaxtın
alimi oldu. Deyirəm, ay bala, sən əvvəlcə dediklərimə qulaq as, gör
mən savadsız danışırammı, bir səhvimi tuta
bilirsənmi?!
Axar.az xəbər verir ki, bu sözləri tanınmış aktyor, sənətşünas
alim, Azərbaycanın ilk şoumeni Qorxmaz Əlili Moderator.az-a müsahibəsində deyib.
O, sənət camesindəki çatışmazlıqları, şou əhlini sərt şəkildə
tənqid edib:
"Deyirlər yox e, Qorxmaz musiqidən nə qanır, muğamı nə qanır,
əruzu nə qanır, necə oldu, sənin hər şeydən başın çıxır! Deyə
bilmirsən ki, gəl, söhbət edək, məndən üstün olsan, qarşında baş
əyərəm. Biz ömür boyu belə görmüşük. Xanəndəyə deyirsən ki, sözü
aydın deyin, deyir yox, əsas zəngulədir, söz ikinci plandadır. Hələ
indiyəcən bilmirlər ki, əslində "Araz axar lil ilə, asta-asta, lil
ilə, Yarım məni dindirsin, şirin-şirin dil ilə" oxunmalıdır.
Bunlarsa oxuyurlar ki, "Araz axar lil ilə, dəstə-dəstə gül ilə". Ay
balam, Araz güllə necə axar ki! Hər gecə Araza gül tökürlər?
Baxmırlar ki, nə oxuyurlar, fikir tamamlanırmı, məna düz
gəlirmi?!
Çəkdikləri kinoda söyüş söyürlər. Kinoda söyüşmü olar? Kinoda bu
qədər açıq-saçıqlıqmı olar? Axı biz azərbaycanlıyıq. Avropada başqa
həyatdır, onlarda qız gərək 10-15 oğlanla yatıb dursun, ondan sonra
ərə getsin. Biz də onlar kimi olmalıyıq? Məqsədləri nədir, bilmək
olmur. Bir neçə dəfə dedim, cavanlar az qaldılar mənimlə dava
edələr. Mənə dedilər ki, siz qocalmısınız, heç nə bilmirsiniz".
Aktyor müğənnilər arasında münasibətin ağlasığmaz bir vəziyyətə
gəldiyini qeyd edib:
"İki oxuyan bir-birilə dalaşanda ancaq geyimlərindən, etdiyi
hərəkətlərindən danışırlar. Çünki özlərində sənət yoxdur, bilirlər
ki, elə eyni səviyyədədirlər. Bir dəfə rəhmətlik Məmmədbağırdan
soruşdum ki, sən görürsənmi muğamı səhv oxuyurlar, mən onlara səhv
tutsam, deyərlər ki, Qorxmaz kimdir, amma sən deməlisən axı. Cavab
verdi ki, bir-iki dəfə dedim, gördüm inciyirlər, salam vermirlər,
məndən qaçırlar. Dedim axı, rəhmətlik Hacıbaba Hüseynov, Əlibaba
Məmmədov üstünüzə qışqıranda, sizin niyə səsiniz çıxmırdı? Dedi,
biz başqaydıq, başqa tərbiyə görmüşdük. İndi cavanlarda bir səhvi
tutan kimi səninlə düşmən olur, sənin dalınca danışmağa başlayır,
aşağılamağa çalışır. Çox pis vəziyyətə gəlmişik, kələfin ucu itib.
Barmaqla sayılacaq qədər korifeyimiz qalıb. Çarli Çaplinə gülə
bilməyənlərə, Əliağanı, Lütfəlini bəyənməyənlərə də nəsə deməyin
mənası yoxdur.
Neçə ildir sübut edə bilməmişəm ki, musiqidə prodüser olmur,
prodüser kinoda, teatrda, televiziyada olur. Elə hey deyirlər ki,
filan müğənninin prodüseri. Bu insanların savadları çatmır. Neçə
müddətdir deyirəm ki, "sizlər", "bizlər" sözü yoxdur. Özlərindən
sözlər çıxardırlar, başa sala bilmirsən ki, Azərbaycan dilində
"olacaydır", "olacam" sözləri yoxdur. Əksinə, mənə sübut etməyə
çalışırlar ki, yox, "camdır". Nə deyirəm ki, canları sağ olsun,
"cam-cam" deyə-deyə getsinlər. Bir dəfə biri mənə dedi ki, "ç"
kobud səslənir, "ts" yaxşıdır. Dedim, sən düz deyirsən, bizim
dədə-babalarımız düz danışmayıblar. Nədə kömək əlini uzatmaq,
səhvlərini göstərmək istəyirsən, o dəqiqə odlanırlar. Deyirlər ki,
filankəs gəlib yerimizi dar elədi".
Qorxmaz Əlili çağdaş xanəndələrin Azərbaycan muğamını düzgün
oxumadıqlarını deyib:
"İndi musiqi yazanda da sənət əsəri yazmırlar artıq. Çalışırlar
ki, toy mahnıları yazsınlar, toy tutsunlar, hər oxuyanın bir
məqsədi var, toyda dəbə minsin. Cahangir Cahangirov, Tofiq Quliyev,
Rauf Hacıyev səviyyəsində yazmaq istəmirlər, oxuduqları üç badam,
bir qozdur. Muğamatımız da hörmətdən düşüb. Muğam ifaçılarında
diksiyalar düz deyil, vurğular düz deyil, əruzu bilmirlər. Muğamı
şablon kimi əzbərləyirlər, o formada da bir-birilərinə ötürürlər.
Yəni ustadım necə oxuyubsa, mən də elə oxuyacağam. Bir dənə
dəyişiklik, yenilik yoxdur. Çox yad boğazlar gətiriblər muğama.
Əvvəl muğama fars boğazları qatırdılar, təzəlikcə də başlayıblar
ərəb boğazları etməyə. Azərbaycan muğamı ölür!"