2025.04.24, 17:53
Azərbaycan Yazıçılar Birliyində (AYB) Azərbaycan Dillər Universitetinin rektoru, akademik, xalq yazıçısı Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin müəllifi olduqları “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” və “Qeyri-səlis məntiq və nitq-dil” kitablarının təqdimatı olub.
Kult.az xəbər verir ki, AYB-nin, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid giriş sözü ilə tədbiri açıq elan edib. Qeyd olunub ki, kitabın müəllifləri dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsinin dərinliklərinə baş vuraraq, bu nəzəriyyəni humanitar elm sahələrinə uğurla tətbiq etməyi bacarıblar.
Hər iki müəllifin elmi yaradıcılığının zirvəsi olan bu unikal əsər Azərbaycan dilçiliyində məntiq və dil arasındakı əlaqələrin təhlilində yeni istiqamətlərə yol açır.
AYB sədri, xalq yazıçısı Anar qeyd edib ki, Kamal Abdulla və Rafiq Əliyevin müəllifi olduqları sözügedən kitablar təkcə Azərbaycan ədəbiyyatı üçün deyil, həmçinin məntiq elmi üçün də unikal hadisədir.
Anar çıxışında vurğulayıb ki, Lütfi Zadənin məşhur nəzəriyyəsindən bəhrələnən Kamal Abdulla və Rafiq Əliyev yeni nəşrdə qeyri-səlis məntiqin ədəbiyyatda, dilçilikdə, folklorda və nitqdə necə təzahür etdiyini, dilin özünəməxsus xüsusiyyətlərini izah etməyə çalışıblar. Hər iki kitabın elmi əhəmiyyəti yalnız bu nəzəriyyənin tətbiqi ilə məhdudlaşmır, eyni zamanda, yeni geniş tədqiqat sahələrini işıqlandırır, dilçilik və məntiqi sintez edən yeni üfüqlər formalaşdırır.
Tanınmış filosof-alim, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, professor Çingiz Hüseynzadə, Akademik Əli Abbasov, ədəbiyyatşünas alim, tərcüməçi Cəlil Nağıyev, AYB-nin katibi şair-tərcüməçi Səlim Babullaoğlu, Azərbaycan Neft və Sənaye Universitetinin prorektoru professor Lətafət Qardaşova, AMEA Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, AMEA-nın Folklor İnstitutunun direktoru, dosent Hikmət Quliyev, akademik Muxtar İmanov, professor Qorxmaz İmanov və əməkdar jurnalist Tahir Aydınoğlu kitablar haqqında düşüncələrini bölüşüblər.
Qeyd olunub ki, müəlliflər kitabda qeyri-səlis məntiqi dil və nitqə tətbiq edərək, müxtəlif fərqli yanaşmaları irəli sürərək intellektual bir araşdırma ortaya qoyublar.
Sonda akademik Kamal Abdulla və professor Rafiq Əliyev kitabların yazılma prosesi haqqında danışıblar. Bildirilib ki, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsi “Kitabi-Dədə Qorqud” dastanının boylarına tətbiq edilməklə, diqqətəlayiq nəticələr əldə edilib.
“Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı Azərbaycan (üç dəfə), Almaniya və Türkiyədə çap olunaraq, oxucular tərəfindən rəğbətlə qarşılanıb.
“Qeyri-səlis məntiq və nitq-dil” kitabının yazılma məramından bəhs edən Kamal Abdulla qeyd edib ki, qeyri-səlis məntiqin dil-nitq müstəvisində özünü göstərməsi indiyə qədər hərtərəfli şəkildə öyrənilməmişdir. Mövzunun indiyə qədər sistemli öyrənilməməsi isə onun bu günümüz üçün kifayət dərəcədə perspektivli və dərin olmasından xəbər verir. Qeyri-səlis məntiq nəzəriyyəsinin dilin özünəməxsus çoxmənalılıq və qeyri-xətti xüsusiyyətləri ilə uzlaşdırılması müasir dilçilik elmi üçün yeni üfüqlər açır: “Biz bu kitabda qeyri-səlis məntiq nəzəriyyəsini dilə tətbiqi ilə onun qeyri-xətti məqamlarını, çoxmənalılıq xüsusiyyətlərini əhatəli şəkildə izah etməyə çalışmışıq. Bu kitab sosial elmlərdə yeni bir dövr açmaq potensialına malikdir”.