Çoxdandır onunla görüşüb yazı hazırlamaq istəyirdim.
Ortaq tanışlarımızdan durumunun pis olmasını, səfil həyat
keçirirmiş kimi dolanmasını eşitmişdim. Lakin onu tapmaq o qədər də
asan olmadı. Baxmayaraq ki, evinin ünvanını, başını girələdiyi iş
yerini yaxş tanıyırdım. Elə özünü də.
Dənizçi həmrəyliyi
Uzun müddət dənizdə işləmişdi. Bosman idi. Dənizlə vidalşdığı
zamanlarda isə mənim vaxtıyla kapitanı olduğum "Aktau" gəmisində
növbətçi matros işləyirdi. İndi o gəmi də istismar müddətini başa
vurub, "haqqın dərgahına qovuşub" – doğranıb metal qırıntısı kimi
"Poladəritməyə" göndərilib. Yaşının çox, səhhətinin isə ürəkaçan
olmadığına görə ona lazım olan şəraiti yaratmışdım. Günlərlə gəmiyə
gəlmədiyi vaxtlar olurdu. Onun növbədə olacağı vaxtı o biri
matroslar arasında "bölürdüm". Ona çatacaq ərzaq payını isə evinə
göndərərdik. Təki dolana bilsin, bir tikə çörəyə görə kimlərəsə
möhtac olmasın. Bu, ağır dəniz şəraitində günləri birgə yaşamış
dənizçi həmrəyliyi idi.
Nəhəng
Onun sərt, kobud görnüşündə də, mis rəngi almış sifətinə bir az
da bədheybətlik, zəhm verən qalın və uzun bğlarında da, əynindən
heç vaxt çıxarmadığı dənizçi uniformasında da qəribə bir doğmalıq
vardı. Mənə məndən yaşda böyük olmasına baxmayaraq, həmişə "dədəm"
deyərdi. Bu onun ən çox işlətdiyi kəlmə idi… Sonra da yarı
Azərbaycan, yarı rus dilində üyüdüb tökərdi…
Hə, onunla yaxından tanış olmağın vaxtı çatdı. Nəsirov Rafiq
Rufulla oğlu, keçmiş dənizçi, işsiz və s. 1946-cı ildə anadan olub.
"Dostluq" kinoteatrının yanında, Bakıxanov küçəsində yaşayır. Bütün
gününü bu evin həyətindəki ocaqxanada keçirir. Səliqə-sahmanına
baxır. Bir növ dalandarlıq edir. Qonşuların su nasosunun təmiri və
işlək hala salınması, qorunması da ona baxır.
Niyə görünmürdün
- Məni qonşular çox istəyir, elə mən də onları çox istəyirəm.
Hamı məni adımla tanıyır, mən isə onların çoxunu sifətindən. Mənə
hörmət edirlər, salamımı alırlar. Çox vaxt da birinci salamı onlar
mənə verir, - 12 illik ayrılığımızın ilk görüşündə dedi. Bu sözləri
deyənə qədər isə məni yuxarıda ünvanını göstərdiyim binanın
həyətində görəndə gözlərinə saf bir sevinc parıltısı çökmüşdü:
- "Yolki-palki", komandir, sən harda idin? Niyə görünmürdün? –
İri əllərini çiyinlərimə qoydu…
Bir-neçə dəfə burdan keçərkən həyətə fikir verdiyimi, hətta
həyətə daxil olub onu soruşduğumu da dedim. İnandı. İnanmaya
bilməzdi. Onunla mənim aramda heç vaxt şübhə doğuracaq məqam
olmayıb. Arada mən onunla zarafat etsəm də, heç vaxt inciməmişdi...
Məni bağrına basdı. Tütün qoxusu bığlarının arasından xalça-kilimi
çırparkən qalxan toz kimi havaya püskürdü, ürəyim sıxıldı…
Məni dəniz böyütdü...
- Necəsən, ay Rafiq, necə yaşayırsan? –
qüvvətli qollarının arasından tıncıxmış halda çıxa bildim.
- Səfil günüdə. Nə olsun ki, evim var? Yaşayışım ki, adam
yaşayışı deyil…
- Nə olub e sənə, maşallah, hələ də nəhəngsən. Bığları
da heç qısaltmamısan...
Gülümsəyir, əllərini bığına çəkir, sonra məni yenə də sinəsinə
sıxır:
- Rafiqin ölmüşünə, yadıma düşürdün. Çox adamlar yadıma düşür...
Darıxıram...
- Ən çox kimdən ötəri?
- Dənizdən sarı darıxıram. Axı məni dəniz böyütdü... Bilirsən
də, mən yetimxanada böyümüşdüm.
- Axı sənin ata-anan vardı. Onlar haqda danışmaqdan
yorulmazdın…
- Vardı. Atam "voenni" olub da. Kabardin-Balkariyada olanda
evlənmişdi. Mən doğulmuşdum.
- Kiminlə evlənmişdi - Kabardin qızı ilə?
- Yox azərbaycanlı ilə. Anamın adı Uruxsara idi... atam onu
atandan sonra o da məni Bakıya gətirib yetim evinə qoymuşdu. 14
yaşımdan "morşkola"da oxudum. Sonra əsgərliyə, sonra da işləməyə
getdim. Bosmana qədər qalxdım.
Qaysın Quliyevin bacısı qızı
- Sənin arvadın deyəsən kiminsə qohumu idi axı?
– yaddaşını yoxlamaq istəyirəm.
- Qaysın Quliyevin bacısı qızı idi. O böyük adam idi, şeir
yazırdı, deputat idi… Anam bəyənmişdi o qızı, mənə xəbər elədi,
getdim Beslana. Toyumu elədi. Oxumuş qız idi. Bir oğlum oldu.
- Bakıda yaşadız?
- Harda yaşamalı idim ki?.. Yoldaşım Yelena Borisovana idi. Onun
işə düzəlməyinə Mirzə İbrahimov kömək elədi. Dayısı ilə yaxın dost
idi… Əvvəlcə "jenski kalon"un "otryadniki" oldu. Sonralar "Qaqarin
mostu"nun yanında "detski dom" vardı ha, bax, oranın "zamnaçalnik"i
işlədi. Yaxş qadın idi. Dözmədi getdi…
- Hara getdi?
- Vətəninə. Oğlumu da apardı. Rəhmətə gedəndən sonra oğlum da
anamın yanında qaldı. Mən dənizdə olurdum. Məni dəniz böyüdüb axı.
Ata-ana istəyi görməmişəm. Atam anamdan ayrılıb getmişdi. Ev anama
qalmışdı.
Mən it günündəyəm, sən də arvaddan
danışırsan
- Görüşürsən?
- Kiminlə?.. Həəə… yox, hardan, mən hara minə bilirəm ki? Evin
qapısını dağıdıb genişləndirmişəm ki, içəri sərbəst keçə bilim.
Qatarla getmək olar. Amma stansiyadan maşına da minməliyəm
axı...
- Rafiq, arvadlar sənə ona görə dözmür də, bu boyda
bədəni yaxalamaq, çimizdirib, yuyub təmizə çıxarmaq, bığlarına
sığal vermək lazımdır axı... – zarafat etmək
istəyirəm.
- Sən düzəlmədin də, Faiq... Həmişə beləsən. Mən it günündəyəm,
sən də arvaddan danışırsan, sənin xəbərin yoxdu, təzə arvad da
doğdu...
- Necə yəni doğdu? Arvadın peşəsi doğmaqdır da...
(dənizçi şuxluğum qayıdıb). Gülümsəyir, əllərini
bığına çəkir:
- Sən bosmanı nə bilmişdin…
Üzü Qara dənizdən bəri
- Rafiq, gəl bu uşaq məsələsində ortaya bir şübhə
qoyaq.
- Nə şübhə? Qalx yuxarı, Valentina Aleksandrovna evdədir, ondan
soruş, həm də səni görsün, bir dəfə necə oldusa səndən söz düşdü,
qaranca deyindi.
- Əşşi, mən sənin arvadından nə soruşum, deyim, Rafiq
deyir uşağı DNT testi etdirəcəm?
Ləzətlə gülür:
- Sən bilirsən ki, üzü Qara dənizdən bəri, mən mindiyim atlar
büdrəməyib...
- Rafiq, atlar büdrəməz, aydındır, axı süvari də hər
zaman olduğu kimi mindiyi atı mahmızlaya bilmir...
Rafiq məni həyətədəki balaca hücrəsinə dəvət edir:
- Burda oluram çox vaxt. 190 manat mən, 140 manat arvad pensiya
alır, oğlumun da 8 yaşı var. Utanıram, məktəbinə getsəm, uşaqlar
lağ edər ona. Oğlum da ki "bıkdı, bık" (öküz). Söhbətimiz gəlib,
Rafiqin durumunun niyə pis olmasına çatır.
- Bilirsən də, Hacıbala məni səfil gününə qoydu, evimizi
sökdürü, satdı "Amerkanski posolstva"ya, bizi də atdı küçəyə,
pulumuzu vermədi.
- Axı bu Rəfael Allahverdyevin vaxtında olmuşdu
bu.
- Rəhmətlik, "mujik" idi, Hacıbala onun tayı ola bilməz. Gəldi,
bizi pis günə qoydu. "Verxovnı sud"a (Ali Məhkəmə.- F.B.) qədər
qalxdıq. "Sud" dedi, qərar çıxartdı ki, pulları qaytarın! Bu bizə
iki otaqlı ev Verdi, qalan pulumuzu yedi. Bizimlə "posolstva"
müqavilə bağlamışdışdı. Mənim evimə 150.000 verəcəkdilər. Hacıbala
amerkanlara dedi ki, pulu sakinlərə verməyin, filan hesaba köçürün,
biz verərik. Hərəmizə ucuz qiymətə ev aldılar, "i vsyo". Mənim
128.000 dollarımı yedirər. Bu evi 22.000 dollara almışdılar. 9.000
dollar da əlavə pulumuzdan sildilər ki, guya "oformleniya"ya çıxıb.
Kimin adamı vardı, pulunu geri ala bildi. Hacbaladan pul almaq
olar?
- Qonşular yığışıb şikayət etmədi bəs?
- Etdik, amma xeyri nədir.
Söhbətimiz uzun çəkdi. Dərdlərini, yaşantılarını, başına
gələnləri danışdı. Hiss etdim ki, özünü gümrah göstərmək istəsə də,
əslində elə deyil. Dostluq etdiyi, bir yerdə işlədiyi adamların
adını çəkdi:
- Pullar xərcləmişdim e onlara, amma hamısı da olmasa, çoxu zay
çıxdı. O gün bulvara getdim, oturdum sahildə, dənizə baxdım. Xoşum
gəlmədi. Dəniz, sahildən vannaya tökülmüş su kimi göründü mənə. Mən
öləcəm e, komandir, öləcəm, amma mənim heç kimim yoxdur qəbrimin
üstündə yasin oxutsun. Mən də atamın qəbrinin yerini bilmirəm, heç
bilmirəm, ölüb, yoxsa qalıb… Anam isə, qoca arvaddı. Atam onu da
bədbəxt etdi. Azərbaycanlı qızını Beslanda tək qoyub getdi o vaxt…
Mən kökü kəsilmiş adamam...