Bu gün ilaxır çərşənbədir. Küsənlər barışacaq, insanlar
sevinclərini bayramlaşmaqla paylaşacaqlar. Çoxlarının gözündə
sevinc işartıları görünəcək. Çoxları bu bayramın yaratdığı
əhval-ruhiyyənin fövqündə dünənki ağrısını, qayğısını unudacaq. Heç
olmasa bircə gün. Ancaq Vaqif demişkən: "Bayram gəlib, bizim evdə
axta zoğal da yoxdur", - deyənlər də az deyil. Gözlərində,
sifətlərində sanki bir ilin ağır yükünü çəkdiklərinin iztirabı
duyulmaqdadır... adama elə gəlir ki, bayramın gəlişinə heç
sevinmirlər də....
"Səfillər"in qonağı
Bayramın sevincini sifətlərində yaşada bilməyənlərdən biri ilə
görüşüb söhbət etdim. Əhmədlidəki "Bizim Market"in meyvə-tərəvəz
bölməsinin tullantılarını toplamaqla məşğul olan bu qadını
"Səfillər"in qonağı etmək istədim.
Bayram təbrikindən diksinmək
Əynində və sifətində illərin kiri-hisi, gözlərində isə ətrafdakı
insanlara və insanlığa hirsi yuvalayıb. Ürək ağrıdıcı siması,
görkəmi var. Kələm yarpaqlarını, əzik pomidorları yenidən saf-çürük
edir və əlindəki çirkli torbaya doldurur. Dodaqlarının altında nəsə
mızıldayır. Əlləri kimi əsən dodaqlarının arasına siqaret qoyur,
kibritlə yandırır və yenə də işi ilə məşğul olur.
Yaxınlaşıram. "Bayramın mübarək", - deyirəm. Diksinir:
- Nə??!
Allah bilir bu səfil günündə yaşayan qadın neçə illərdir ki,
bayram təbrikini eşitmir.
Milislər qovur ordan...
- Yuxarıda yarmarka var, get ora, sənə oradan nəsə
verərlər, burda əlinə bir şey keçməz.
- Milislər qovur ordan... – onun yaddaşında polislərimiz hələ də
milisdir.
"Nu, vot, tebya..."
- Harda yaşayırsan?
- Nəyinə gərəkdir? - bir qədər kobud cavab verir.
- Sizə qonaq gələcəm, yaşadığın evin yerini öyrənmək
istəyirəm.
Sarı seyrək dişlərinin arasındakı siqaretinin kötüyünü tüpürür.
Baş barmağını iki barmağının arasından çıxarıb mənə tərəf
uzadır:
- Nu, vot, tebe...
- Sənin kimi bir xanımdan belə hərəkəti gözləməzdim, –
deyirəm.
- Yeri alə, tayuvu tap, mən sən deyənlərdən deyiləm...
Həə, bu artıq onun xatirələrdən üzü bəri boylanan çağlarının
səsidir. Özünü xanım, qadın kimi hiss etdikləri zamanın səsi ilə
danışır mənimlə.
- Utanmırsan? Deməzlər bu kişi kimdir? – deyir və yuxudan
ayılırmış kimi əllərinə, üst-başına baxır. Mənə elə gəlir ki,
oynamaq istədiyi roldan utanır bir az. Bu mənə elə gəlir...
Amma:
- Sən niyə burda durmusan? "JEK"də işləyirsən? Onsuz da indi
"samasvalt"a yükləyib aparacaqlar bunları. Baxım, görüm bir şey
tapmaq olar?..
- Yox, "JEK"də işləmirəm, səni bir nəfərə oxşatdım,
sonra gördüm ki, o deyilsən.
- Adam adama oxşayar. Nə çəkirsən? - siqaretə işarə edir
Siqaret çıxarıram. Götürür, alışqanla yandırıram. Ovurdları
bir-birinə batana qədər sümürür, hisli burnundan bom-boz siqaret
tüstüsü canını qurtarırmış kimi havaya uçur:
- Yerim yoxdur qalmağa. Yayda hava yaxşı olanda parkda yatıram.
İndi isə yuxarıda "Ukrainski"dən (Ukrayna dairəsi - F.B.) yuxarıda
beş mərtəbələr var ha, onun "podval"ında oluram.
Evlənmək istəyirsən mənimlə?
- Tək qalırsan orada?
- Nədi, evlənmək istəyirsən mənimlə?
"Yox, bu olmadı", - fikirləşdim. Bunun səsində, hərəkətində
adamı özünə çəkən, həmsöhbət olmağa maraq doğuran heç nə yoxdur,
deyəsən...
- Yox mən ailəliyəm. Dedim, bəlkə duldan-zaddan qabağıma
çıxsa, sən tərəfə yönəldim, elçilik edim.
- Get, alə...
Getmədim, adını soruşdum. Hələ siqareti çəkib qurtarmayıb.
Yarımçıq qalmış torbasını da doldurmalıdır.
- Adım Rozadır. Amma daha Rozalığım qalmayıb. O günlərim
yoxdur.
Ərim nakişi çıxdı
Deyəsən söhbətim alınacaq axı... bir qədər də özümü mehriban
göstərirəm. Ailəsinin, uşaqlarının olub-olmadığını soruşuram.
- Ərim nakişi çıxdı. Mənim kimi qadının qədrini bilmədi. Zavodda
tokar işlədim. Pul qazandım. Yorğun gəldim evə. Ev işi, yemək-içmək
hazırlamaq, yatmaq, təzədən işə getmək - mənim günüm belə keçdi.
Kişim, allah ona lənət eləsin, mənim pulumnan bir rus "matişkə"sini
yedirtdi, içirtdi. Girdi onun evinə. İndi də hansı cəhənnməmdədir,
bilinmir.
O şorgöz neynədi ki, doğam?..
- Bəs övladların nə oldu..
- Övladların nədir? O şorgöz neynədi ki, doğam-tökəm? Bir qızım
oldu, böyüməyinə kömək oldu, qohumuna aldı. Yeznəni gətirdi evə,
yeznə də mənim dalıma bir təpik vurdu, atdı çölə.
- Roza xanım...
- Alə, dolamısan məni? "Xanım" nədi? Xanım bax o bəxtəvərlərdi,
evlərindən durub iş-güclərinin dalına düşüblər, - yoldan keçənlərə
tərəf əlini uzadır.
- Yox vallah, dolamaq nədir, deyirəm, bəlkə sən də yeznə
ilə yola getməmisən?
- Hə, getməmişəm. Saat beş olmamış qızı da götürüb aparırdı
gəzməyə, nə bilim hara. Gəlirdilər, salam-kalam, çimib girirdilər
yatmağa. Adamı saymırdılar. Heç olmasa bir söz soruşalar... Gəlib
otaqlarının qapısında xəlvətcə qulaq asırdım. Görürdüm yatmayıblar.
Elə hey pıçhapıç, cırhacır... Pis olurdum.
- Paxıllığın tutub da yəqin, ərindən görə bilmədiyini
qızın kürəkəndən görüb. Yəqin nəvələrin də var.
- Allah vurmuşdu onları. Nəvəm yoxdur. Qız uşağa qala bilmir.
Əri də boşamır. Hazır ev, qayınatası da,- başı batmış kişini
deyirəm,- yaxşı baxır. Maşın alıb, işə düzəldib. Başının altında da
eynən mənim kimi gözəl qız.
Deyəsən səhv etdiyini başa düşür, dediklərinə aydınlıq gətirir:
- Mənim cavanlığım pis olmayıb...
- Roza, ilaxır çərşənbədir, ürəyindən nə
keçir?
Xeyli fikrə gedir. Hiss edirəm ki, nə isə demək, arzusunu,
niyyətini demək istəyir.
- Desəm, heç kəsə deməzsən ki?..
- Yox, demərəm, amma yazmaq istərdim, icazə
versən.
- Hara yazacaqsan? – duruxur.
- Sözgəlişi dedim, narahat olma.
Ər çörəyi necə olur?
- Bax, sənə deyim, - hələ bir dənə də siqaret ver, - mənimki az
qalıb. Hə, istədiyim odu ki, ərə gedəm...
- Yaxşı istəkdir, bəs gözaltın var? Ya
marıtlayanın-zad?
- Yox, yoxdu. İstəyirəm, o vaxtlarım olsun, təzədən ərə gedəm,
ərimin çörəyini yeyəm, görəm ər çörəyi necə olur? - deyir və şit
bir gülüş bağışlayır dünyaya...
- Roza, düzünü de, heç ağlayıbsan son vaxtlar? Fikir
verirəm, elə gülürsən...
Ciddiləşir:
- Mənim günüm var ki, sonu, ya əvvəli olsun? Ağlamağı unutmuşam.
İçimə axır göz yaşım. Hönkürə bilmirəm, ağlamaq istəmirəm...
Dünyanın ən böyük arzusu
- Ürəyindən ən çox nə keçir, nəyi
arzulayırsan?
- Desəm, bəlkə inanmayacaqsan... Ən çox arzuladığım şey, rahat
bir ayaqyolunun olmasıdır. Evim yox, maqazinlərin, "stalova"ların
tualetinə də buraxmırlar. Gedirəm hansısa kolun arxasına, başımı
örtürəm, otururam... Duranda məni söyürlər, bir dəfə oturduğum
yerdə belimdən təpiklə vurdular, ağzı üstə yerə yıxıldım...
Və birdən Rozanı hönkürtü tutur. "Ağlaya bilmirəm" deyirdi. Amma
Roza ağladı. Çox pis, çox iniltili, çox köməksiz vəziyyətdə,
əsə-əsə ağladı. Bu cür ağlamağı çox görmüşdüm. Səfil, kimsəsiz
insanlarda deyil, əsil analarda, qadınlarda görmüşdüm belə
için-için ağlamağı... Oğlunun, övladının, doğmasının itkisinə
sızıldayanları belə hönkürtü vuran görmüşdüm. Roza bu anlarda
özünə, keçmişinə, qadınlığına qayıtmışdı. Adi təbii borcunu insan
kimi yerinə yetirə bilməməyin acısını yaşamaq hissi, qadın hissi
oyanmışdı onda...