"Kütlə içində tənha olmaqdan dəhşətli tənhalıq
yoxdur"
Edqar Allan Po
"Diaqnoz: Ruhi tarazlığın pozulması. Tam diaqnoz
təsbit etmək mümkün deyil. Simptomlar: Qaranlıqdan qorxur,
yaddaşını itirir, həmişə təqib olunma maniyası içində yaşayır,
hallüsinasiyalar görür".
EdqarAllan Ponun xəstəliyi haqqında haqqında həkim rəyi
1849-cu il oktyabrın 3-də ABŞ-ın Baltimor şəhərində Cozef Uolker
adlı birisi küçədə sərxoş vəziyyətdə uzanıb sayıqlayan və bərbad
görkəmli bir adamla rastlaşır. Adamın təcili köməyə ehtiyacı olduğu
ilk görünüşdə bəlli olduğu üçün Uolkerin ona yazığı gəlir və yerdə
sərxoş uzanmış səfili xəstəxanaya çatdırır. Xəstəxanının həkimi
demək olar ki, huşsuz vəziyyətdə sayıqlayan şəxsi tanıyır. Sərxoş
və anlaqsız şəxs Amerikanın tanımış yazarı və şairi, buna
baxmayaraq, ədəbi mühitdə hər kəsin nifrət etdiyi Edqar Allan Po
idi.
Elmira ilə evlənəcəkdi
Sentyabrın 27-də Po Riçmonddan Nyu-Yorka yola düşmüşdü. Daha
doğrusu, o öz toyundan qaçmışdı. Ölümündən iki gün əvvəl ilk eşqi
Elmira ilə evlənəcəkdi. Lakin sonradan panikaya qapılaraq fikrini
dəyişmiş və qaçmağa qərar vermişdi.
Prezident seçkisində "karusel"də
Qatara minərkən cibində həyatı boyunca ilk dəfə qazandığı 1500
dollar vardı. Lakin bir həftə sonra Baltimorda küçədə tapılırkən
cibində bir qəpik belə yoxdu. Onun bir həftə boyunca haralarda
olduğunu bu gün belə bilinmir. Ehtimal olunur ki, dəlilik həddində
olan yazıçıdan həmin günlərdə keçirilən prezident seçkisində
"karuseldə" istifadə ediblər və bunun üçün onu davamlı olaraq
içiriblər…
Qədirbilməz oğulluq
1826-cı ildə Riçmond universitetinin tələbəsi Edqar yeni il
bayramına evə gəlir. Əslində isə, universitetdən qovulub. Çünki
əyyaş tələbə Ponun çoxlu qumar borcları var və atalığı Allan onun
bu borclarını ödəməkdən qəti imtina edib. Universitetə qayıdacağı
halda onun qumar borclarına görə həbs olunması qaçılmaz olacaq.
Evə döndükdən sonra analığı onu çox isti qarşılasa da, atalığı
bütün qəzəbini oğulluğunun üstünə tökür. Edqar məcburən atalığının
qarşısında boyun əyir özünü zorla saxlasa da, susur. Analığı onu
ovundurmağa çalışır. Amma bir neçə gündən sonra evdə əsil tufan
qopur. Gənc Edqar atalığı Con Allanı vuraraq evi tərk edir.
Edqarı özündən çıxaran sevdiyi qız Elmiranın əlindən çıxmasıdır.
Yeniyetmə Edqar Sara Elmira Royter adlı qızı dəlicəsinə sevir.
Qızda ona eyni münasibət nümayiş etdirir. Lakin milyoner Con
Allanın Edqarı kasıb Elmira Royterlə evləndirmək fikri yoxdur. Buna
görə də mister Royteri pulla ələ alan Allan Edqarın Elmiraya
yazdığı məktubları əldə edir və qıza tamam başqa məktublar
yazdırır. Bundan sonra isə atası Elmiranı ərə verir.
Bütün bunlar məlum olduqdan sonra isə Edqarın səbri tükənir və
o, atalığından hesab tələb edir…
Edqar Po atalığının qapısını çırpıb getdikdə on yeddi yaşı tamam
olmamışdı. O bu varlı evə 3 yaşında girmişdi. Bir daha mehriban
analığını qucaqlamayacaq və bir neçə dəfə geri dönməyə cəhd eləsə
də, atalığı hər dəfə "qədirbilməz" övladlığını qovacaqdı. Öldüyü
zaman belə, Con Allan oğulluğuna qara qəpik buraxmayacaq, Allanının
milyonları ikinci arvadına qalacaqdı.
Səfilliyin və bitib-tükənməyən tənhalığın
başlanğıcı
Evdən çıxdıqdan sonra Edqar analığının yolladığı cüzi pulla
Bostona öz səadətini axtarmağa yola düşür. Harda olmasından asılı
olmayaraq, ayaqüstə şeirlər yazır və Avropaya romantik və fantastik
səfərləri xəyal edir. (Po 6 yaşından 14 yaşına qədər atalığı və
analığı ilə birlikdə Avropada yaşamış və orda təhsil almışdı.
Uşaqlığında kitablara olan dəlicəsinə marağı ilə hər kəsi
təəssübləndirirdi və uşaq vaxtı yazdığı şeirləri ilə
ədəbiyyatçılardan zəhləsi gedən atalığını əsəbiləşdirirdi).
Bostona gəldikdən sonra Po təsadüfən tanış olduğu gənc nəşriyyat
sahibinin sayəsində ilk kitabını – "Teymurləng və başqa şerlər"
kitabını nəşr edir. Müqəddimədə bildirir ki, bu şerləri hələ 14
yaşı olmamışdan əvvəl yazıb. Ədəbiyyat tənqidçilərinə görə, Po
təcrübəsizliyini gizlətmək üçün bu fənddən yararlanıb. Əslində isə
18 yaşlı müəllifin şeirləri Amerikada və dünyada yeni bir ədəbi
üslubun başlanğıcdır. Buna baxmayaraq, onun ilk kitabı demək olar
ki, heç satılmır və gənc Edqarın pul qazanmaq ümidləri suya
düşür.
Atalığa yalvarışlar
Pulsuz-parasız qalan Edqar dilənçi vəziyyətinə düşür. Günlərlə
ac qalan gənc çıxış yolunu orduya sıravi əsgər olaraq yazılmaqda
görür. Lakin ordunun ağır şəraitinə gözə bilməyən və mənən sınan
Edqar "əziz ata"sına (Po atalığına yazdığı məktublarda ona belə
müraciət edir), onu bu zillətdən qurtarmaq üçün müraciət edir.
Edqarın ilk məktubunu Allan cavabsız buraxır. Ancaq üçüncü və
dördüncü dəfə Edqar atalığına yalvardıqdan sonra Allan rəhmə gəlir.
Ancaq oğulluğunun qarşısında şərt qoyur. Edqar hərbi məktəbdə
təhsil alacaq, ədəbiyyatla məşğul olmayacaq və zabit olacaqdı.
Edqar razılıq verir və atalığı sıravi əsgər Ponun ordu ilə
müqaviləsinin pozulması üçün gərəkən məbləği ödəyir.
Evə döndüyü zaman isə onu ciddi xəyal qırıqlığı gözləyir. Uzun
müddət xəstə olan analığı o evə dönəndən bir neçə həftə əvvəl vəfat
edir. Edqar Ponu Con Allana bağlayan bağ qırıldığı üçün artıq
onların bir yerdə olması da imkansız görünür. Edqar atalığı ilə
müqaviləsini pozub zabit olmaqdan imtina edir və nəticədə yenidən
özünü küçədə görür.
Analığının ölümündən bir il sonra Edqar yenidən atalığının evinə
qayıtmağa cəhd edir. Bunun üçün o, Hərbi Akademiyaya belə daxil
olur. Lakin artıq ikinci dəfə evlənən Allanının yeni arvadı hansısa
köçəri aktrisaının oğlunu evə qəbul etməyi düşünmür. Allanla
aralarında anlaşılmazlıq və soyuq münasibət onun bu evdə qalmasını
imkansız edir. Hərbiçi olmağa nifrət edən Ponun davranışlarına görə
onu Hərbi Akademiyadan qovurlar.
Və Edqar yenidən səfalətlə çiyin-çiyinə addımlamağa
məhkumdur…
Ponun maniyaları
1930-cu ildən başlayaraq Po gələcəyə olan ümidlərini qeyb etməyə
başlayır. O içir və tez-tez depressiyaya düşür. Həddindən artıq
içməsi ilə yanaşı Edqar həşişə də qurşanır. Həşiş çəkdikdən sonra
çox vaxt qorxulu hallusunasiyalar görür. Qorxu onun bütün ruhunu
sarır. Ona elə gəlir ki, hamı onu təqib edir. Qorxusunu yenmək üçün
daha çox içir və dəli həddində cürbəcür oyunlar çıxarır.
Qırmancla döydüyü qızı axtarır
Məşhur argentinalı yazar Xulio Kortasar "Edqar Ponun həyatı"
məqaləsində onun dəlilik maniyalarından birini təsvir edir. 1842-ci
ildə dəli vəziyyətində olan Po birdən uşaq vaxtı qırmancla döydüyü
Meri Devero adlı qızı xatırlayır. Meri artıq ərə gedib. Buna
baxmayaraq, Edqar soraqlaşaraq qadının evini axtarıb tapır və onun
evində biabırçılıq edir. Meri və bacılarını bıçaqla hədələyən Po
qadınların ona mahnı oxumasını tələb edir. Nəhayət çağrılmamış
qonaq getdikdən sonra olanları Edqarın xalası missis Klemmə xəbər
verirlər.
Ancaq bir neçə gündən sonra Edqarı axtarmaqdan əldən düşən
missis Klemm bacısı oğlu və yeznəsini qonşuların köməyi ilə meşə
kənarında dalğın və anlaqsız vəziyyətdə tapır. Edqar heç bir şey
xatırlamır və hansı Meri Deverodan söhbət getdiyini belə
anlamır.
Bəzi araşdırmaçılar ehtimal edirlər ki, Edqar Po impotent olub.
Ona görə də o normal insanlar kimi həyatını qura bilməyib və
məcburən özünün qorxunc və dəhşətli qeyri-normal dünyasını yaradıb.
Onun ümidsizllüyü və həyata küskünlüyü də məhz seksual
çatışmamazlığından doğub.
Həmçinin Ponun ədəbi şöhrət axtarması və intellektual aktivliyi
onun atalığının onu uşaq vaxtı alışdığı varlı həyatdan məhrum
etməsi ilə əlaqədardır. Edqar Ponun həyatını ətraflı araşdıran
Cozef Kratçın fikrinə görə, seksual problemləri olan Edqar Ponun
həmçinin sosial rahatlıqdan məhrum olması onu dəli həddinə gətirən
əsas psixoloji səbəblərdən biri olub. Ponun cinayətkar və mistik
xəyalları da məhz bundan doğub.
"Qədirbilməz oğulluq" qan qohumlarının ağışına
qayıdır
Hərbi Akademiyadan qovulan Edqar Po Nyu-Yorka yola düşür. Orada
özünün üçüncü şeirlər kitabını nəşr etdirir. Lakin yenə də onun
kitabını alan olmur və tam ümidsizlik içində olan və demək olar ki,
aclıqdan ölən Edqar Po özünün qan qohumlarının yanına getməkdən
başqa çarə düşünə bilmir. Bundan əvvəl o bir daha orduda sıravi
əsgər olaraq qulluq etmək üçün müraciət edir. Lakin onu orduya belə
almaqdan imtina edirlər.
1831-ci ildən sonra Baltimorda doğma xalası missis Klemmin
evində yaşamağa başlayır. Baltimora gələr-gəlməz böyük qardaşı
vəfat edir. Bundan sonra missis Klemm onun tək havadarı və anası
olacaq. O, xalasını Maddi adlandıracaq. Və Maddi olmasaydı, yəqin
ki, dünya ədəbiyyatının vazkeçilməz isimlərindən biri olan Edqar
Allan Po da yaranmayacaqdı…
Maddi və dahi Po
Edqardan fərqli olaraq yoxsulluq Maddi üçün adi həyat şəraiti
idi. Yoxsulluğundan heç də narazı deyildi və tədricən Edqar
xalasının yanında normal həyat yaşamağı öyrənir. Həddindən artıq
varlı həyatdan dilənçi vəziyyətinə düşən Edqar nəhayət ki, öz
taleyi ilə razılaşır. Artıq demək olar ki, içmir və ciddi həyat
tərzi keçirir. Amma bütün vaxtını ədəbiyyata sərf eləsə də, onu
demək olar ki, heç kim çap etmir. Buna baxmayaraq, Edqar xalasının
yanında ən xöşbəxt günlərini yaşayır.
Birdən-birə onun sakit həyatının yenidən dağılmaq təhlükəsi
yaranır. Edqarın köhnədən qalan bir borcuna görə həbs olunmaq
təhlükəsi yaranır. Vəziyyətdən çıxmaq üçün Edqar Con Allana məktub
yazaraq ona yalvarır. Allan onun borcunu ödəyir, amma sonuncu
dəfə.
Edqar Po dilənçi həyatı yaşamaqda davam edir. 1834-cü ildə
atalığının ağır xəstə olduğunu eşidir. Vəsiyyətnamədə ona pay
ayrılmasını təmin etmək üçün Po təcili yığışıb atalığının evinə
gedir. Allanın ikinci arvadı onu evə buraxmaq istəməsə də, o,
qulluqçuları itələyib atalığının otağına qalxır. Atalığı onu
görər-görməz bağırıb dəhəşətli lənətlər yağdırmağa başlayır.
Qulluqçular onu sürüyüb küçəyə atırlar…
Tezliklə qəzetlər Con Allanının öldüyünü yazırlar. Beləliklə,
Edqarın atalığının mirasından pay almaq və kübar həyatı yaşamaq
ümidi birdəfəlik məhv olur. Bütün ömrü boyu atalığı ilə mübarizə
aparan Edqar Con Allana sonuncu dəfə məğlub olur. Amma Edqarın
qələbəsi hələ irəlidədir. O, öldükdən sonra atalığına qalib gələcək
və doğurdan bir dahi olduğunu bütün dünyaya sübut edəcək…
13 yaşlı qızla izdivac
Edqar bütün gücünü yazmağa sərf edir. 1933-cü ildən başlayraq o,
Baltimorun ədəbi dairələrində tanınmağa başlayır. Mistik və qorxu
janrında yazdığı hekayələr ilə uğur qazanır. Məşhurlaşdıqdan sonra
Edqar pamfletləri ilə o dönəmin amerikan ədəbiyyatının aparıcı
nümayəndərini təhqir edir. Buna görə də ədəbiyyatçılar arasında onu
heç kim sevmir və düşmənlərinin sayı hər gün artır.
1836-cı ildə gizlicə Maddinin qızı Virciyniya ilə evlənir.
Edqarın 27, Virciniyanın isə 13 yaşı var. Digər qohumları Edqarı
lənətləsələr də, Maddi onlara xeyir-dua verir. Balaca Virciniya öz
ərinə tapınır və məşhur yazıçının arvadı olduğu üçün özünü xöşbəxt
hesab edir. Lakin hələ də Edqarın Virciniyaını doğurdan
sevib-sevməməsi bəlli deyil. Bəzi araşdırmaçılar hesab edir ki,
Edqar bir qədər ağıldan kəm olan xalası qızına öz seksual
problemini gizlətmək üçün evlənib və onların arasında intim əlaqə
heç bir vaxt olmayıb.
Evləndikdən bir neçə il sonra Edqarın qorxuları yenidən qayıdır
və o yenidən içməyə başlayır. Tez-tez evdən gedir və uzun müddət
kənarda yaşayır, bəzən isə səs-küylü qalmaqallar yaradır. Belə
qalmaqallardan biri Ponun qadın yazarlar Elizabet Ellet və Frensis
Oqsuda yazdığı sevgi məktubları ortaya çıxdıqdan sonra yaşanır.
Virciniya Klemm onunla seksual əlaqəsi olmayan ərinin başqa
qadınlara sevgi məktubu yazmasını özünə ağır dərd edir. Daha sonra
1842-ci ildə Meri Devero ilə yuxarıda bəhs olunan qalmaqal yaşanır.
Buna baxmayaraq, Edqar yazmaqda davam edir.
1842-ci ildə Virciniya Klemm Po vərəmə tutulur. 1947-ci ildə
ölür. Virciniyaının ölümünü Po ağır keçirir və bundan sonra demək
olar ki, o tam olaraq nəzarətdən çıxır. Həkimlər ona içməyi qadağan
eləsələr də, içir və yenidən hallusunasiyalar görməyə başlayır.
Artıq Edqar Ponun ruhi tarazlığı tamamilə pozulub. Buna
baxmayaraq, yenə də yazmaqda davam edir.
Edqar Ponun intellektual mirası
1935-ci ildən başlayaraq Edqar Po yaradıcılığında inanılmaz
sıçrayış edir. O ədəbiyyata o zamana qədər heç kimin gətirmədiyi
yeni janrlar və üslublar gətirir. Buna baxmayraq, əyninə geyməyə
normal pencəyi belə olmur. Artıq onu çap etsələr də aldığı qonorar
qəpik-quruşdan ibarətdir…
Öz yaradıcılığı ilə Po dünya ədəbiyyatına iki yeni janr gətirib.
Birincisi qorxu və dəhşət (mistika) janrı, ikinci isə detektiv.
Etiraf olunmalıdır ki, hər iki janr 20 və 21-ci əsrin ən populyar
janrlarından biridir. Lakin romantik ədəbiyyatın nümayəndəsi olan
Edqar Ponun ən böyük üslub tapıntısı insan psixologiyasının
araşdırılmasıdır. Ponun yaradıcılığı psixo-analitik təcrübələrin
təməlini qoydu və 20-ci əsrdə Ziqmund Freydin nəzəriyyələri ilə
psixo-analitika ayrıca elm sahəsinə çevrildi. Tipik içki düşkünü
olan və ruhi sarsıntılar isində içində yaşayan Po əslində
ədəbiyyatın yeni araşdırma sahələrinin təməlini qoydu və simvolizm,
modernizm, həmçinin postmodernism kimi ədəbi janrlar Edqar Ponun
yaradıcılığının ştrixləri ilə yola çıxdı.
Bəzilərinə görə Edqar Po süjetlərini bilinməyən hansısa alman
yazıçının əsərlərindən oğurlayıb. Bu, doğru olsa belə, Ponun
yaradıcılığındakı psixoloji ştrixlər onun məhz yaşadığı həyatın
psixoloji təsviridir.
Edqar Po ilk sevgisindən qaçır
Virciniya öldükdən sonra Edqar iki dəfə evlənməyə cəhd edir.
Birinci dəfə nişanlandığı qadın onun dəlicəsinə özündən çıxmasının
şahidi olub evlənməkdən imtina edir.
Daha sonra isə tale Edqarı ilk sevgisi Elmira ilə üz-üzə
gətirir. Elmira artıq dul qadındır və keçmiş sevgililər arasında
yenidən sevgi hissləri alovlanır. Onlar evlənməyə qərar verirlər və
toy yaxınlaşdıqca Edqar Ponun qorxuları artmağa başlayır. O,
davamlı olaraq hallusunasiyalar görür və ruhi pozğunluğu son həddə
çatır.
1949-cu ilin payızında bir zamanlar oxuduğu Riçmond
universitetində "Peoziya prinsipləri" adlı leksiya oxumağa dəvət
alır. Leksiyadan sonra ona heç bir zaman qazana bilmədiyi qonorar
verirlər. Oxuduğu leksiyadan 1500 dollar alan Po yeni həyata
başlamaq üçün Elmiradan qaçmağa qərar verir. (Ehtmal olunur ki, onu
qaçmağa məcbur edən əsas səbəb impotent olmasıydı).
Riçmonddan Nyu-Yorka getmək üçün yola çıxan Edqar Allan Ponun
qatara mindikdən sonra yaşadıqları hər kəsə sirr olaraq qalır.
Ehtimal olunur ki, içkinin həkimlər tərəfindən tamamilə
yasaqlanmasına baxmayaraq, Edqar qatarda içməyə başlayıb və elə
qatardaca sərxoş vəziyyətdə hansısa dələduzların diqqətini cəlb
edib. Hər halda onu bir həftədən sonra tapdıqda cibində qara qəpik
də yoxdu.
Edqar Ponun mənşəyi
Məşhur Amerika yazarı Edqar Allan Po köçəri teatr truppasında
doğulmuşdu. Onun atası Devid Po irland mənşəli idi. Anası Elizabet
Arnold Po isə ingilisdi.
Edqar 1809-cu il yanvarın 19-da teatr truppasında anadan
olmuşdu. O, anadan olduqdan bir neçə gün sonra isə anası yenidən
səhnəyə çıxmışdı. O, səyyar aktyor ailəsi olan Poların ikinci uşağı
idi. İki il sonra atası onları ataraq truppanı tərk edir. Vərəm
olan anası üçüncü uşağa hamiləydi. Bir neçə aydan sonra teatrda
üçüncü uşağını doğan Elizabet Po daha bir neçə aydan sonra vərəmdən
ölür.
Yetim qalan uşaqların böyüyünü xalası aparır. Üçüncü doğulan
uşağın taleyi haqda heç nə bəlli deyil. (Hər halda ehtimal olunur
ki, o, körpəykən ölüb.) Edqarı isə uşaqları olmayan varlı Allanlar
ailəsi uşaqlığa götürür. Allan atasını heç bir zaman xatırlamır.
Anasını isə dumanlı şəkildə xatırladığını qeyd edir.
Qibtə olunmayacaq həyatın sonu
Edqar Allan Po 1949-cu il oktyabrın 19-da səhər saat 5-də
anlaqsız vəziyyətdə öldü. Öldükdən sonra onun ölümü haqqında
müxtəlif şayiələr yayıldı. Bəziləri onun siflisdən, bəziləri isə
alkoqoldan zəhərlənməsini iddia edirdilər. Ölümündən sonra yazılan
nekroloqda belə o, əyyaş və narkoman adlandırıldı.
Öləndən sonrakı xoşbəxtlik
Ponu Baltimorda kiçik bir qəbirstanlıqda dəfn etdilər. Dəfnində
bir neçə adam iştirak edirdi. 1875-ci ildə isə artıq bütün dünyada
məşhur olan yazıçının nəşini çıxarıb ikinci dəfə dəfn etdilər və
qəbrinin üzərinə abidə qoydular. Arvadı Virciniyanı Klemmi, xalası
və qaynanası missis Klemmi də onun yanında ikinci dəfə torpağa
tapşırdılar.
Onun həyatı dəlilik və mistik xəyallar içində keçmişdi və yəqin
ki, Allanların evində yaşadığı uşaqlıq illərindən savayı həyatının
xoşbəxt dönəmi olmamışdı.
Po ölərkən 40 yaşı tamam olmuşdu və yaşadığı həyat heç də həsəd
aparılacaq bir həyat deyildi…