Divanəlik və
istedad arasındakı bağlılıqdan çox danışılıb. Biz onları
təkrarlamaq istəmirik. Ancaq istedadlı divanələr tamamilə ağıllı
bəşərəiyyətə çox böyük, həm də olduqca pozitiv təsir göstərirlər.
Dünya fikri tarixinə nəinki təkcə gözəl ədəbi əsərlər, həm də
dahiyanə yaradıcılıq tapıntıları bəxş etmiş bu şəxsiyyətlərin bədii
örnəklərini psixi baxımdan tamamilə sağlam, lakin o qədər də
istedadlı olmayan qələm sahibləri az və ya çox uğurla təxmis
edərək, onlara bənzəməyə çalışıblar. Bu ənənə dünya durduqca beləcə
də davam edəcək. Axar.az belə yazarların xəstəlik tarixçəsini və
bəşəriyyətə bəxş etdikləri dəyərləri silsillə şəklində oxucularına
təqdim edir.
Frans Kafka (1883-1924) - alman dilli, yəhudi
əsilli çex yazıçısı
Diaqnoz
Nevroz (əsəb sistemi xəstəliyi – tərc.), funksional xarakterli
psixasteniya (özünə inamsızlıq, hər şeydən şübhələnmək, daim
qorxmaq və s. şəklində təzahür edən ruhi xəstəlik – tərc.), daima
davam edən depressiv durum.
Simptomları
Tam süstlüklə növbələşən çılğın əsəbilik halları, yuxunun
pozulması, ifrat qorxu hissi, intim həyatda psixosomatik
çətinliklər.
Xəstəlik tarixi
Kafkanın psixi durumunun pozulması öz başlanğıcını atası ilə
aralarındakı münaqişələrdən, ailədəki çətin qarşılıqlı
münasibətlərdən və qarışıq-dolaşıq sevgi əhvalatlarından götürür.
Onun yazıçılıqla məşğul olması ailədə rəğbətlə qarşılanmadığından
bu işlə oğrun-oğrun, gizlicə məşğul olmağa başlayır. "Bu, mənim
üçün dəhşətli ikili həyatdır, ondan yalnız bir çıxış yolu var ki, o
da dəlilikdir", - deyə yazıçı gündəliklərində yazırdı. Hərbi
xidmətdən sonra atası təkid edəndə ki, oğlu cəfəngiyatla məşğul
olmamalı, onun küçük dükanında işləməlidir, Kafka intihar ettmək
qərarına gəlir və dostu Maks Broda vida məktubu yazır. Maks Brod
dostuna həsr etdiyi kitabda bu əhvalatı belə xatırlayır: "Son anda
qətiyyən çəkinmədən işə qarışaraq onu "sevən valideynlərindən"
xilas edə bildim. Onun psixi durumunda dərin və stabil sakitlik və
eyniylə uzun müddət davam edən xəstəlik mərhələsi müşahidə
olunurdu. Budur, bu da onun daxili mübarizəsini açıq-aydın əks
etdirən gündəlik qeydləri:
"Yata bilmirəm. Yalnız qarabasmalar olur, bir dəqiqəlik də olsa
yuxuya gedə bilmirəm. Bütün daxili varlığım çox qəribə
mütərəddidlik içərisindədir. Başımda müdhiş bir aləm gəzdirirəm.
Mən ondan necə qurtulum və başımı dağıtmadan onu necə xilas
edim?"
Bəşəriyyətə bəxş etdiyi ideyalar
Kafka sağ ikən hələ məşhurlaşmamışdı, az çap olunurdu. Ancaq
ölümündən sonra onun yaradıcılığı ədəbiyyatda açdığı yeni axın
baxımından oxucuları heyran qoydu. Kafkanın kədər, qorxu və
çarəsizliklə dolu aləmi yazıçının şəxsi dramından doğaraq XX əsr
üçün xarakterik olan, Allahı itirən və əvəzində absurd mövcudluq
qazanan "diaqnoz ədəbiyyatının" yeni estetik istiqamətinin əsası
oldu.
Frans Kafkanın əsas əsərləri roman, roman fraqmentləri
("Proses", "Qəsr" və "İtkin düşmüşlər"), hekayələr və həmçinin
Felise Bauer və Milena Yesenskaya ilə apardığı məktub
yazışmalarından ibarətdir.
Kafkanın XX əsr dünya ədəbiyyatına böyük təsir göstərmiş
əsərlərinin çoxu onun vəfatından sonra, yazıb qoyduğu vəsiyyətinin
əksinə olaraq dostu və yazıçı həmkarı Maks Brod tərəfindən çap
etdirilib.
Ata xofu
Kafka 1883-cü ildə Praqanın keçmiş qetto məhəlləsi olan Yozef
rayonunda yəhudi ailəsində anadan olub. Atası Herman Kafka
(1852-1931) cənubi Çexiyada çex dilli yəhudi icmasından idi. Kafka
gənc yaşlarında atası ilə heç də yaxşı münasibətdə olmur. Ona görə
ki, atası həmişə Frans ilə kobud rəftar edir və onu həmişə
alçaltmağa çalışırdı. Bundan əlavə ailədə özünü patriarx kimi
aparan Herman Kafka həyat yoldaşının da hüquqlarını
məhdudlaşdırmışdı. Gənc Kafka heç də atasından qorxmurdu, ancaq
həmişə atasından müəyyən məsafədə dolanar və onunla düşmən
xəttindən davranardı. Kafka bir çox əsərlərində atasını güclü,
möhkəm və birtərəfli şəxs kimi təsvir edib. "Çevrilmə", "Hökm"
əsərlərində atasının yeri aydın görünür. Kafka ömrünün sonuna yaxın
atası haqqında olan bütün fikirlərini "Atama məktub"da bədii
şəkildə yazmış, ancaq onu heç vaxt göndərməmişdi. Burada atasının
onun üzərində həmişə hökmran olduğu qeyd edilib.
Yazıçının anası Yuliya Kafka (1856-1934) Podiebarddan olan varlı
pivə istehsalçısının qızı idi. O, alman dilində danışmağa üstünlük
verirdi. Yulia Kafka ərinə nisbətən daha yüksək savada malik
idi.
Frans Kafkanın uşaq ikən vəfat etmiş qardaşları Georq və
Haynrihdən başqa üç bacısı da var idi: Qabriele (Elli) (1889–1942),
Valerie (Valli) (1890–1942) və Ottilie (Ottla) Kafka (1892–1943).
Onların hər üçü ikinci dünya müharibəsində alman faşistləri
tərəfindən həbs düşərgəsində öldürülürlər. Valideynlər bütün günü
işdə olduqlarından qızlar xadimələr tərəfindən tərbiyə
edilmişdilər. Kafka o dövrdə Praqada yaşayan ana dili alman olan 10
faiz əhali təbəqəsinə aid idi. Onun valideynlərinin hər ikisi çex
dilində gözəl danışırdılar.
1889-cu ildən 1893-cü ilə qədər Kafka Praqada Flayşmarktdakı
"Alman uşaq məktəbi"nə gedib. Sonra atasının arzusu ilə Praqanın
köhnə hissəsindəki humanitar gimnaziyada təhsil alıb. Burada da
təhsil almanca aparılırdı.
Kafka dil açır...
Hələ gənc yaşlarından Kafka ədəbiyyat ilə məşğul olur. Onun ilk
zamanlarda yazdığı əsərləri və gündəlikləri itib. Bunların
yazıçının özü tərəfindən məhv edildiyi güman olunur.
Gimnaziyanı "qənaətbəxş" qiymətlərlə bitirən Kafkanın bu
nailiyyəti valideynləri tərəfindən qiymətləndirilir və onu 1901-ci
ildə səyahətə göndərirlər. Kafka atasının arzusuna uyğun olaraq
1901-1906-cı illərdə Karl-Ferdinads Universitetində (Praqa) təhsil
alır. O, burada öncə kimya, qısa müddətdən sonra isə istiqaməti
dəyişərək hüquq üzrə oxumağa başlayır. Arada Kafka öz arzusu ilə 1
semestr Qermanistik və incəsənət tarixi də oxumağa cəhd edir. Ancaq
sonda təhsilini hüquq üzrə başa vurur. Təhsil proqramına uyğun
olaraq Kafka Alfred Veberin rəhbərliyi altında elmi dərəcə alır.
Bundan sonra o 1 il pulsuz olaraq məhkəmə yanında hüquq praktikası
keçir.
Sevgi tarixçəsi
Kafkanın qadınlarla münasibətinin mərkəzində onun nişanlısı
Felise Bauerə yazdığı məktublar durur. Kafka onunla 13 avqust
1913-cü ildə Maks Brodun mənzilində tanış olmuşdu.
Məktublarda Kafkanın əsasən özünə inamsızlığı ilə mübarizəsi,
nişanlanmanın düzgünlüyü və yazmaq haqqında qorxusu öz əksini
tapıb. Yüksək yazıçılıq qabiliyyətinə malik olan Kafka öz
fikirlərini təxminən 300-ə yaxın məktubda bütün dəqiqliyi ilə
təsvir edir. Qısa görüşdən 2 il keçdikdən sonra 1 iyun 1914-cü il
tarixdə o Berlində Felise ilə nişanlanır və 6 ay sonra nişanı geri
qaytarılır.
Bundan sonra Kafka iki dəfə nişanlanır: 1917-ci ildə Felise ilə
ikinci dəfə və 1919-cu ildə praqalı katibə Yuliya Voriçek ilə.
Birincisi, Kafkanın özünün dediyi kimi, onun 1917-ci ildə vərəm
xəstəliyinə tutulmasına gətirib çıxarır. İkincisi atasının
müdaxiləsi nəticəsində baş tutmur.
Kafka 1920-1921-ci illərdə jurnalist Milena Yesenska ilə məktub
vasitəsilə ünsiyyət qurmağa və ona yaxınlaşmağa çalışır, sonralar
isə özünə artan inamsızlığa görə ondan uzaqlaşır. Yalnız ömrünün
son aylarında ona uşaq bağçası müəlliməsi Dora Diyamant ilə dolğun
münasibət qurmaq qismət olur.
Hökm
Kafkaya "Hökm" hekayəsini 1912-ci ildə sentyabrın 22-dən 23-nə
keçən gecə səkkiz saat ərzində qələmə almaq nəsib olur. Bununla
Kafka ədəbiyyatşünaslıqda mövzu və stilistik baxımdan özünü tapır.
Kafka, yazmağın yaşamaq hissini intensivləşdirmək və onun əsərinin
dönə-dönə oxunduqda belə oxucuya və dinləyiciyə azalmayan təsiri
ilə özlüyünə təsir edir.
"Hökm" əsərini yazdıqdan sonra Kafkanın həyatında baş verən əsas
dəyişikliklər ondan ibarət idi ki, o getdikcə normal həyatda çox
şeyləri öz bədii yaradıcılığına qurban verir. Bu haqda öz
gündəliklərində kifayət qədər material verir.
Yazmağın onun üçün nə qədər çətin olduğunu gündəliyində yazdığı
aşağıdakı sözlərdən görmək olur: "Demək olar ki, yazdığım hər bir
söz başqasına uyğun gəlmir, mən samitlərin necə bir-birinə
qarışdıqlarını və saitlərin sərgi zəncləri kimi oxuduqlarını
eşidirəm. Mənim tərəddüdüm hər bir söz ətrafında dövrə vurur, mən
onları sözlərdən çox görürəm, amma nə olsun! Mən sözü görmürəm, onu
ixtira edirəm".
Avqust vərəmi
1917-ci ilin avqustunda Kafka bir gecə qanaxmaya məruz qalır.
Həkimlər ona vərəm xəstəliyi diaqnozu qoyurlar. Bu xəstəlik o
vaxtlar müalicə oluna bilmirdi. Müalicə nəticəsində əvvəldə
simptomlar yaxşılaşır, amma sonralar uzun müddətli kurort
müalicələrinə baxmayaraq, getdikcə daha da pisləşir. 1923-1924-cü
illərdə Berlində olduğu müddətdə xəstəlik onun qırtlaq nahiyəsini
əhatə edir və bunun nəticəsində Kafka tədricən danışıq
qabiliyyətini itirir və yaranan ağrılar hətta yemək və içməyi belə
çətinləşdirir. 1924-cü ildə Vinervald sanatoriyasında müalicə
olunduğu zaman ailə dostu Dr. Huqo Krauz tərəfindən onun
xəstəliyinə birmənalı olaraq "qırtlaq vərəmi" diaqnozu qoyulur.
Kafkanın getdikcə pisləşən durumu onun üzərində əməliyyat aparmağa
imkan vermir. Frans Kafka Kirling sanatoriyasına gedərək 3 iyun
1924-cü ildə orada vəfat edir. Rəsmi olaraq ölüm səbəbi kimi ürək
dayanması göstərilib.
Kafka çoxmillətli Avstriya-Macarıstan imperiyasında və birinci
dünya müharibəsində yeni yaradılmış Çexoslovakiyada yaşamışdı. O
dövrdə alman dili bir çox ölkələrdə (Almaniya, Avstriya, İsveçrə)
danışılırdı. Kafkanın məktublarının birində özünü alman ana dilli
("Alman dili mənim ana dilimdir, amma çex dili mənim ürəyimə daha
çox yatır") adlandırıb. Praqanın alman dilli əhalisi (bu yeddi faiz
təşkil edirdi) ada şəkilli qapalı bir şəraitdə onların mənsub
olduqları "praqa alman dili" ilə yaşayırdılar. Praqada mövcud olan
bu "alman varlığı" haqqında Kafka belə yazırdı:
"Mən heç vaxt alman xalqı arasında yaşamamışam". O bir tərəfdən
alman dilli kimi çex cəmiyyətində təcrid olunmuş şəkildə yaşayırdı,
digər tərəfdən də alman dillilər arasında öz həssas xarakteri ilə
başqalarından seçilirdi. Bütün bunlardan əlavə o yəhudi azlıqlarına
aid idi. Hələ məktəb illərində alman və çex dilli gənclər arasında
güclü savaşlar olurdu. Alman imperiyası Kafka üçün uzaq bir
məmləkət olub, onun əsərlərində özünə yer tapmır. Hətta avstriyalı
milliyətinə mənsubiyyəti haqqında da o heç vaxt danışmamışdı.
Nabokovun fikrincə, Kafkanın yaradıcılığına fransız yazıçısı
Floberin böyük təsir göstərib. Kafka da öz yazı üslubunda dilin
gücündən geniş istifadə edirdi. "O, hüquq və təbiət elmləri
sahəsində malik oduğu söz ehtiyatından geniş istifadə edərək onlara
ironik dəqiqlik verərək öz hislərini qabarıq şəkildə göstərməyib.
Eyni stilə Floberin əsərlərində də rast gəlinir".
Tanınmamış dahi
Yaşadığı dövrdə Kafka yazıçı kimi tanınmamışdı. Əgər o
yazdıqları mətnləri gizlətməyib açıq çap etdirsəydi, bunun necə
qarşılanacağı indi sual altındadır. Kafkanın öz yazdıqları əsərlərə
qarşı skepsisi o dərəcədə idi ki, ölüm qabağı bütün əsərlərinin
məhv edilməsini vəsiyyət etmişdi. Kafkanın ölümündən sonra tapılmış
məktubda yazılıb: "Hər şeydən əvvəl mənim yazdıqlarım arasında əsas
olanlar "Hökm", "Çevrilmə", "Cəza koloniyası", "Kənd həkimi" və "Ac
sənətçi" sayılırlar (Baxış kitabının bir neçə nüsxəsi qala bilər,
mən heç kimə zəhmət vermək istəmirəm, amma yeni nəşri
olmamalıdır)". Kafkanın ölümündən sonra dostu Maks Brod onun
əsərlərini yazıçının vəsiyyətinin əksinə olaraq çap etdirir.
Kafka qızdırması
1945-ci ildə Kafkanın əsərlərinin araşdırılması üzrə böyük həvəs
hər tərəfi başına götürdüyündən, kitabxanalar bu sahədə yazılan
kitablarla doldu. Bu onunla bağlı idi ki, bu əsərlər dil,
hadisələrin təsviri, reallıq və nisbətən kiçik həcmə malik olmaları
sayəsində bir tərəfdən asan başa düşülürdü, digər tərəfədən məna
dərinliyi aydın görünsə də, buradakı fikirləri dərinliyinə qədər
hiss etmək hər kəsə nəsib olmurdu. Alber Kamyu: "Bu bir taledir və
yəqin həm də onun böyüklüyüdür ki, çox imkanlar açır, amma heç
birini təsdiq etmir".
Kafkanın yaradıcılığını araşdıran müxtəlif tədqiqatçılar
aşağıdakı istiqamətləri göstərirlər: psixoloji, filoloji,
bioqrafik, dini və sosiloji. Kafkanın əsərlərini interpretasiya
etdikdə ona yəhudi dininin təsiri Qerşom Şolem tərəfindən aparılan
tədqiqatlarda araşdırılır və onun daha çox yəhudi ədəbiyyatçısı
olması vurğulanır. Bu açıqlamaya münasibət Karl Qrötçinqerin
yazdığı "Kafka və Kabbala. Kafkanın əsərlərində və düşüncəsində
yəhudilik. Berlin-Vien 2003" kitabında geniş mənada verilir. Onun
tədqiqatları Kafkanın əsərlərində yəhudi dininin mədəni köklərinin
dərin iz salmasını göstərilir. Bunsuz onun əsərləri adekvat başa
düşülə bilməz. Bir çox müasir müəlliflər tərəfindən bu fikir qəbul
edilməsə də, artıq Qröçiqerin fikri bütün dünyada qəbul edilib.