Divanəlik və istedad arasındakı bağlılıqdan çox
danışılıb. Biz onları təkrarlamaq istəmirik. Ancaq istedadlı
divanələr tamamilə ağıllı bəşərəiyyətə çox böyük, həm də olduqca
pozitiv təsir göstərirlər. Dünya fikri tarixinə nəinki təkcə gözəl
ədəbi əsərlər, həm də dahiyanə yaradıcılıq tapıntıları bəxş etmiş
bu şəxsiyyətlərin bədii örnəklərini psixi baxımdan tamamilə sağlam,
lakin o qədər də istedadlı olmayan qələm sahibləri az və ya çox
uğurla təxmis etmiş, onlara bənzəməyə çalışmışlar. Bu ənənə dünya
durduqca beləcə də davam edəcək.
Axar.az belə yazarların xəstəlik tarixçəsini və bəşəriyyətə bəxş
etdikləri dəyərləri silsillə şəklində oxucularına təqdim edir.
Virciniya Vulf (1882-1941) – ingilis yazıçısı,
ədəbi tənidçi
Virciniya Vulf Londonda məşhur ədəbi tənqidçi Lesli Stiven və
Culii Dakuortun ailəsində doğulub. İlk təhsilini evdə
valideynlərindən və böyük bacısından alıb. Sonra isə Londonda
qızlar üçün kollecdə oxuyub, yunan, latın, alman dillərini və
tarixi dərindən öyrənib. 1909-cu ildən ayrı-ayrı jurnallarda
tənqidi məqalələri ilə çıxış edərək atasının yolunu davam etdirib
və eyni zamanda ədəbi yaradıcılıqla da məşğul olub.
Diaqnoz
Depressiya, hallüsinasiya, qarabasmlar
Simptomlar
Dərin depressiya vəziyyətində olan Virciniya şikayət edirdi ki,
Qədim Yunanıstanda zeytun ağaclarının üstündə oxuyan quşların
səsini eşidir. Yuxusuzluq və qarabasmalardan tez-tez və uzun müddət
işləyə bimirdi. Uşaqlıqdan suisidal meyillikdən əziyyət
çəkirdi.
Xəstəlik tarixi
Virciniyanın 13 yaşı tamam olanda evlərində qonaq olan əmisi
oğlu tərəfindən zorlanır. Bu, kişilərə və onlarla fiziki münasibətə
qarşı ömrü boyunca onu müşayiət edən nifrətin başlanğıcını qoyur.
Qızcığaz bu hadisənin ardınca daha bir zərbə alır – anası ağ
ciyərin iltihabından vəfat edir. Əsəbi və ümidsiz Virciniya
intihara cəhd edir. Onu xilas etsələr də, tez-tez dərin depressiya
vəziyyətinə düşməsinin qarşısını ala bilmirlər. 1904-cü ildə
atasını itirdikdən sonra gənc Virciniyada psixi tutmalar
başlayır.
Emosional, açıq-saçıq məktubları və əsərləri Virciniya Vulfun
qeyri-ənənəvi seksual meyillərindən şübhələnməyə əsas versə də, bu,
heç də belə deyil. Uşaqlıqda yaşadığı faciələr, kişilərin
qarşısında hiss etdiyi qorxu nəticəsində qadınlara daha çox meyilli
idi, lakin hər cür yaxınlığa nifrət edirdi. Virciniya 29 yaşında
yazıçı, jurnalist Leonard Vulfla ailə qursa da, bəzi məlumatlara
görə, əri ilə ər-arvad münasibətlərində olmamışdılar. Bununla belə,
bu nikah sədaqət və bir-birinə emosional dəstəyin ən gözəl
nümunələrindən sayılır.
1941-ci ilin əvvəlində gecə Londonun bombardman edilməsi zamanı
yazıçının evi dağılır, kitabxanası yanır, əri ölümdən güclə
qurtulur. Digər tərəfdən ərinin yəhudi olması da Virciniyanı çox
qorxudurdu, o, əri üçün narahat idi – bütün bunlar onun əsəb
sistemini tamamilə pozur, həkimlər ruhi əsəb kilinikasında müalicə
alımasını tövsiyə edirlər. Öz xəstəliyi ilə heç kimə, xüsusilə də
sevimli ərinə əziyyət verməmək üçün yazıçı dəfələrlə əsərlərində
təsvir etdiyi kimi intihar edir – 28 mart 1941-ci ildə paltosunun
ciblərini daşla dolduraraq özünü Susseksedəki evlərinin
yaxınlığındakı Ous çayında batırır. Cəsədi iki həftə sonra
tapırlar. Əri onun cəsədini evlərinin bağçasında dəfn edir.
Virciniya ölümqabağı ərinə ünvanladığı məktubda yazırdı:
"Əzizim, bilirəm ki, yenidən dəli oluram. Hiss edirəm ki, buna
yenidən tab gətirə bilməyəcəyik. Və bu dəfə düzəlməyəcəyəm. Səslər
eşitməyə başlayıram. Fikrimi cəmləyə bilmirəm. Odur ki, yeganə
düzgün qərarı qəbul etdim və məncə, ən yaxşı yolu seçmişəm. Mən
səninlə çox xoşbəxt idim. Sən mənimçün arzulaya biləcəyim hər şey
idin. İnanmıram ki, bu dəhşətli xəstəlik başlayan anadək bizim kimi
xoşbəxt ola biləcək daha iki nəfər olsun. Daha mübarizə aparmağa
gücüm qalmayıb. Bilirəm ki, sənin həyatını alt-üst edirəm, mənsiz
sən daha yaxşı işləyə bilərdin. İnanıram ki, sən bunu bacaracaqsan.
Görürsən, mən hətta lazımi sözləri tapıb yaza da bilmirəm. Mən
oxuya da bilmirəm. Sadəcə istəyirəm ki, sən biləsən: "Həyatımın
bütün xoşbəxt anlarına görə sənə minnətdaram. Sən mənə qarşı
həddindən artıq səbirli və xeyirxah olmusan. Hamı bunu bilir. Əgər
kimsə məni xilas edə bilsəydi, bu, yəqin ki, sən olacaqdın. Hər şey
məni tərk etdi, sənin xeyirxahlığına olan inamımdan başqa hər
şey... Mən artıq sənin həyatını korlamaq istəmirəm..."
Bəşəriyyətə bəxş etdiyi ideyalar
Virciniya Vulfun ədəbi modernizmin qızıl fonduna daxil olan
əsərləri müasirləri tərəfindən heyrətlə qarşılanırdı. Qəhrəmanın
daxili aləminin təsviri, şüurun, təfəkkürün sınması, öz yolundan
çıxması kimi ruhi prosselərin əksi baxımdan yazıçı novatorlara
layiq bədii üsul və vasitələrdən istifadə edib. Virciniya Vulf
Tolstoyun sadiq tələbəsi kimi ingilis bədii nəsrində "daxili
monoloq"un kamil ustası sayılır.