Axar.az-ın "Cəbhə
xətti" layihəsinin budəfəki qonağı daxili işlər orqanlarının
tərkibində Qarabağ müharibəsində yaxından iştirak etmiş təqaüddə
olan polis polkovnik-leytenantı Adil Sərdarovdur.
- Adil bəy, zəhmət olmasa özünüz barədə məlumat verin,
müharibədən əvvəl nə işlə məşğul olurduz?
- 1956-cı ildə Füzuli rayonunda anadan olmuşam, orta məktəbi
bitirdikdən sonra bir il texniki peşə məktəbində təhsil almışam,
daha sonra SSRİ silahlı qüvələrinin tərkibində hərbi xidmət
keçmişəm. 1975-ci ilin mayında Ukraynanın Lvov ali hərbi məktəbinə
daxil olmuşam. 4 il təhsil aldıqdan sonra 1979-cu ildə öz istəyimə
əsasən o vaxt Naxçıvanda yerləşən diviziyada xidmətimi davam
etdirmişəm. Amma xidmətim Naxçıvanla məhdudlaşmayıb, Özbəkistanda,
Türkmənistanda, Altay vilayətində xidmət etmişəm. 1990-cı ildə
Dağlıq Qarabağ məsələsi başlayanda, televiziyada gördüm ki,
SSRİ-nin o vaxtkı Daxili İşlər naziri deyir ki, nəyə görə ruslar,
ukraynalılar gedib Qarabağda döyüşüb həlak olmalıdır, öz
torpaqlarını azərbaycanlılar özləri qorusunlar. Bu sözləri
eşitdikdən sonra raport yazaraq Azərbaycana göndərilməyimi xahiş
etdim. 6 ay mənim sənədlərimi ora-bura atdılar. Azərbaycanda mənim
sənədlərimi qəbul etmirdilər. Yalnız 6 aydan sonra mənim göndərişim
baş tutdu və Zəngilanda xidmətə başladım.
- Bəs döyüşlərə qatılmağınız necə başladı?
- O vaxt Azərbaycanın Daxili İşlər naziri olan Məhəmməd Əsədov
polis əməkdaşlarının müharibədə könüllü iştirak etməsinə imkan
verilməsilə bağlı əmr imzaladı. Mən də Füzulidən olduğuma görə
müraciət edərək Füzuli polisinə gəldim. Həmin ərəfədə ermənilərə
qarşı vuruşmada polislər iştirak edirdi. 1992-ci il martın 16-da
ermənilər ilk dəfə Füzulini bombardman etdilər və bundan sonra
könüllülərdən ibarət batalyon yaradılmasına başlandı. Həmin vaxt
Müdafiə Nazirliyi yox idi, o vaxta qədər hər şey Daxili İşlər
Nazirliyinin tərkibində idi. Nazirlik AXC-Müsavat hakimiyyəti
dövründə formalaşdırıldı. Ordunun ordu kimi formalaşıb hərəkət
etməsi isə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən
sonra başladı. Çünki o bu sahədə geniş təcrübəyə malik idi və ordu
üçün nəyin lazım olduğunu yaxşı bilirdi.
- İştirak etdiyiniz döyüşlərdən yadda nə
qalıb?
- O qədər döyüş səhnələri olub ki, seçim etmək bir qədər
çətindir… Füzulidə xidmət üzrə inspektor idim, rayon polis
şöbəsinin rəisi Bünyat Məmmədov idi. Ona dedim ki, OMON bura gəlir,
onlarda bir dəfəyə 1300 atəş açan N-1 pulemyotu görmüşəm, sizin
nazirlikdə tanışlarınız var, mən yazacam, siz də telefonla zəng
vurub deyin ki, bizə silah lazımdır. Mən nazirliyə yazandan sonra
soruşdular ki, belə bir silahın olduğunu sən hardan bilirsən, mən
də dedim ki, görmüşəm. Dedilər ki, sənin rəisinlə münasibətlərimiz
yaxşıdır, sizə bir silah verə bilərik. Əlavə olaraq bir dənə də
snayper tüfəng aldım. Həmin dövrdə bizdə silahla işləyə bilən
adamlar yox idi. Mən hərbi məktəb bitirdiyimə görə silhaları yaxşı
tanıyırdım və istifadə edə bilirdim.
Bir dəfə posta gedirdik, erməni bilirdi ki, onların qazdığı
səngəri vurmaq üçün bizdə elə bir silah yoxdur. Ona görə də bir
erməni qazdıqları səngərin üstündə oturmuşdu. Mən də silahı
hazırlayıb bir güllə atdım, güllə başının üstündən keçəndə bir
qədər yuxarı qalxdı, həmin vaxt bunu növbəti atəşlə vurub saldım
səngərə. Bizimkilər rəhbərliyə mənim ermənini vurduğumu bildirəndə,
ordan bir nəfər dedi ki, gərək meyiti də sürüyüb gətirərdin. Bir
dəfə də gördük ki, ermənilər eşşəkləri yükləyərək gedir. Mən
əvvəlcə bunun qarşısından bir güllə atdım, gördüm cəld irəli
hərəkət etdi, sonra da başladı müxtəlif hərəkətlər etməyə, bu zaman
bayaq qeyd etdiyim pulemyotu götürüb bunların 4-nü də sıradan
çıxartdım. Amma mənimçün əsl döyüş 1993-cü ildə Füzuli rayonunun
Böyük Bəhmənli və Beyləqan rayonunun Harami düzənliyində olub.
Burda ən yaddaqalan döyüşlərdən biri Böyük Bəhmənlinin Tutlu bağ
deyilən hissəsində olub. Dekabrda ermənilər hücuma keçmişdi,
tankalrın arxasına çəlləklər bağlamışdılar, hərəkət zamanı səs-küy
salmaqla əhalini qorxuya salmaq istəyirdilər. Həmin vaxt polkun
komandiri məni çağırıb dedi ki, Böyük Bəhmənliyə kəşfiyyata getmək
lazımdır. Baxmayaraq ki, mən qərargah rəisi idim, amma demək olar
hər yerdə iştirak ediridm. Gecə Böyük Bəhmənlinin aşağı hissəsində
yerləşən 18-ci zastavaya gəldik. Həmin vaxt da ermənilər səhər
hücum etməyə hazırlaşırmış, amma heç kəsin xəbəri yox idi. Gecə
ikən gələn səsləri eşitdikdən sonra yanımdakılara dedim ki, Böyük
Bəhmənliyə tanklar girir. Bəziləri dedi ki, ola bilməz,
inanmayanlar da oldu. Mən həmin vaxt irəli getməyin təhlükəli
olduğunu bildirdim və insanları nahaqdan qırğına verməyin əleyhinə
çıxdım. Mənimlə birlikdə gedən kəşfiyyat qrupunu həmin ərazidə
yerləşən dəmir yolunun yanındakı posta apardım.
Sabir Şabanov var idi, rəhbərliyi əvəz edirdi, ordan guya
qorxaqlıq göstərdiyimə gərə həbsə alınmağımla bağlı göstəriş
vermişdi. Mən də yanımdakılara bildirdim ki, mövqelərimizdə möhkəm
durmalıyıq, ermənilər tezdən hücuma keçəcək və bir qədər yatıb
istirahət etməyi qərara aldım. Həmin vaxt mənim həbs olunmağımla
bağlı bizim rəisə məlumat veriblər, o da piyada gəlib bizim
yanımıza, görüb yatmışam, deyib ki, ayılanda Sərdarova deyin, geri
qayıtsın. Erkən qalxıb hamıya ermənilərin hücuma keçəcəyini
bildirib, geri qayıdırdım, elə 300 metr aralanmışdım ki, güclü
atışma başladı. Düşündüm ki, mənim aradan çıxmağımı fikirləşənlər
olacaq, ona görə də yenidən geri döndüm. Qarşıdan tank gəlirdi,
bizim səngərin qabağında gizli post var idi. Bir də gördük, tank
endi aşağı, başladı yerində fırlanmağa. Soruşdum ki, qabaqda postda
olanlar oranı tərk ediblərmi, dedilər - yox. Tank səngərdə olan 5
nəfəri diri-diri basdırdı. Tank bizə doğru gələndə dedim ki,
buraxın, bu tankı özüm vuracam. Tankı vurmaq istəyəndə arxadakı
səngərdən necə atəş açdılarsa, az qala məni vuracaqdılar. Mən arxa
səngərdə dayanan naşı hərbçilərin gülləsinə tuş gəlməmək üçün geri
çəkildim. Amma bununla belə, tankı vurduq. Mən rəhbərliyə bununla
bağlı məlumat verib artilleriya köməyi istədim. Dedilər, sən
səngəri qoyub qaçmısan. Həmin vaxt briqadanın artilleriya rəisi
Drakon ləqəbli Nizami Məmmədov mənə öz artilleriyaçılarının
olmadığını bildirdi və və bu işi nizamlamağı məndən xahiş etdi. Bir
neçə mərmi atıldıqdan sonra, ermənilər Tutlu bağa tərəf qaçmağa
başladı. Bizimkilər həmin əraziyə 112 mina basdırmışdılar,
bunlardan da 12-si gizli idi, yəni tank əleyhinə minanın altından
piyada əleyhinə minalar basdırılmışdı. Tank əleyhinə minalardan çox
vaxt çəkinmirdilər, çünki onun partlaması üçün üzərinə təxminəın
250 kq ağırlıqda qüvvə çıxmalı idi. Erməni piyadaları da Tutlu bağa
girəndə partlayış baş verdi, beləliklə də biz ermənilərin hücumunu
dəf edə bildik.
İkinci yaddaqalan döyüşlərdən biri isə, Horadizin alınmasın
zamanı olub. Deməli, Horadizin girəcəyində ermənilər səngərdə
oturub Daxili Qoşunların 9 əsgərini vurmuşdu, heç kəsə başını
qaldırmağa imkan vermirdilər. Polk komandiri mənə dedi ki, sən
həmin ərazini yaxşı tanıyırsan, dəstəni də götür gəl. Gəldim ora,
qarşı tərəfdən qrantamyotçu atəş açmaq istəyəndə, mən pulemyotu işə
saldım. Bundan sonra ermənilər tərəfdən bir daha atəş açılmadı.
Bildirdim ki, Mil-Muğan su ambarının üstündə "Platina"
adlandırılan bəndə tərəf getməliyik, hansı ki, ordan yol Horadizin
ortasına gedir. Biz həmin bəndin üstündə müdafiə xətti tutduq.
Horadizə gedən yolun sol tərəfində ermənilər güclü mövqe tutmuşdu.
Bizə dedilər ki, tutduğunuz mövqedə dayanın, yuxarıdan zərbə
endiriləcək. Bundan sonra xüsusi təyinatlılar Asfaltzavod deyilən
yerdən erməni mövqelərini məhv etdi və beləliklə, biz Horadizə
girdik. Amma orda da dayanmadıq, aşağı yolla ermənilərin mövqe
tutmaması üçün onların arxasınca getdik. Mən qərargaha olduğumuz
yerlə bağlı məlumat verdikdə, mənə bildirdilər ki, Qazaxlar və
Əhmədalılar kəndləri arasında qəbiristanlıq var, orda özünə mövqe
tut. Amma qəbiristanlıqda da mövqe tutmağa bir imkan yox idi.
Qəbiristanlığın arxasından çay axırdı, həmin ərazidə mövqe tutduq
və arxadan gələn qüvvələrin bizimlə bərabərləşməsi üçün gözləməli
olduq. Axşamtərəfi bizə əmr gəldi ki, burdan çıxıb Füzuli
istiqamətində hərəkət edin. Əsas hücum isə 1994-cü il yanvarın 8-də
baş verdi ki, həmin hücumu dayandırmasaydılar, indi Füzuli və
Cəbrayılın böyük hissəsi geri alınmışdı. Artıq həmin dövrdə Milli
Ordu qüvvələri də təlimlərdən sonra cəbhəyə gəlmişdi və döyüşləri
davam etdirib qələbə qazanmaq imkanımız böyük idi. Amma atəşkəs
məsələsi ortaya düşdü və bizim hücumumuz yarımçıq qaldı. 1993-cü
ilin sonlarında ermənilərin tanklarla Arazboyuna hücumu oldu,
həmçinin Beyləqanın Harami düzündə 30 tankla hücum edildi, amma
bizim müdafiəni yara bilmədilər və o zaman anladılar ki, onların
hücuma keçmək üçün qüvvəsi yoxdur. Çünki artıq Azərbaycan Ordusu
cəbhədə möhkəmlənmişdi.
- Müharibədən sonra nə işlə məşğul oldunuz?
- 1998-ci ilə qədər Füzuli rayonunun Cəbrayılla sərhəddə
yerləşən Çocuq Mərcanlı kəndinin Lələtəpə postlarında polis kimi
xidmət etdim. 1998-ci ildə Füzuli əhalisinin bir hissəsi geri
qayıtdıqdan sonra Füzuli rayon polis şöbəsində xidmət üzrə rəis
müavini kimi cinayətkarlığa qarşı mübarizə aparmışam.
Yadıma düşmüşkən bir şeyi qeyd edim - bəzən jurnalistlər,
tanınmışlar torpaq uğrunda, vətən yolunda şəhid olmağı aşırı
dərəcədə təbliğ edirlər. Mən bir çox hallarda buna qarşı çıxıram.
Təbii ki, müharibədə ölmək, şəhid olmaz bəzən qaçılmaz olur. Amma
biz torpaq uğrunda ölməyi deyil, döyüşüb qəhrəman olmağı, düşməni
məhv etməyi təbliğ etməliyik. Şəxsən mən müharibə dövründə heç vaxt
ölmək deyil, öldürmək, irəli getmək, qəhrəmanlıq göstərmək barədə
düşünmüşəm.
Ailənin tək övladı olmuşam, evdə yaşlı ata-anam, ailəm, 3 uşağım
var idi, amma müharibə dövründə mən bunları düşünüb geri qayıtmaq,
ölümdən qorxmağı ağlıma gətirməmişəm.
Müharibənin bir qanunu var – sən öldürməsən, səni öldürəcəklər.
Ona görə də bütün fikirləri kənara atıb irəli getmək, qalib gəlmək
barədə düşünmək lazımdır.
- Adil bəy, müharibənin sonu necə olacaq? Sizcə sülh
yolu ilə ermənilərin torpaqları qaytarması
mümkündürmü?
- İndi müharibə aparıb torpaqları geri almaq mümkündür. Amma
sülh yolu ilə torpaqların qaytarılması mümkün ola bilməz. Atəşkəsin
elan olunmasından 20 il keçib, əgər sülh yolu ilə bu işin həlli
mümkün olsaydı, indiyə qədər baş verərdi.