"Cəbhə xətti"
layihəsində:
"Cəbhə xətti" layihəsinin budəfəki xanım qonağı Abdullayeva
Zibeydə Nəsib qızıdır. 1959-cu ildə Yevlax rayonunda anadan olub.
Orta təhsilini burda başa vurduqdan sonra Bakı şəhərinə ali təhsil
almaq üçün gəlib.
Lakin ailə problemləri ucbatından təhsil ala bilməyib. Yevlaxa
qayıdıb. Rayonda İstehsalat birliyində işləyib. Gənc yaşında
Kommunist partiyasına üzv olub. 1985-ci ildə ali təhsil almaq üçün
Rusiyanın Kaluqa şəhərinə yollanıb. Burada iki il əczaçılıq
ixtisası üzrə təhsil aldıqdan sonra təyinatla Tula şəhərində
işləyib. Daha sonra Perm Əczaçılıq İnstitutuna daxil olub. Lakin
burada da iki il oxuduqdan sonra təhsilini yarıda qoyaraq 1991–ci
ildə Azərbaycana qayıdıb. Savaşa qoşulmaq üçün döyüş təlimlərinə
qatılıb.
O günləri belə xatırlayır:
- Artıq həm tibb bacısı, həm də döyüşçü kimi döyüşə hazır idim.
Amma atam, ailəm döyüşə getməməyim üçün məni bir aptekə işə
düzəltdilər. Zorla olsa da, mənə imkan vermədilər ki, Qarabağa
gedim. Ancaq mən hələ Rusiyadan zəng edəndə Azərbaycana gəlib
döyüşəcəyimi demişdim.
Binəqədi İcra Hakimiyyətinin qabağından avtobuslar hər həftə
Qarabağa könüllü gedənləri daşıyırdı. Mən də buradan döyüş
bölgəsinə dava-dərman göndərirdim. Gələn şəhidlərə, axan qana
dözmədim və döyüşlərə qatılmaq üçün komissarlığa müraciət etdim.
Hərbi forma geydim, ailəmin xəbəri olmadan yollandım Şuşaya.
Donuzçuluq ferması
Daşaltına gəldik, burda bizi donuzçuluq fermasında
yerləşdirdilər. Düz bir həftə oradakı dəhşətli qoxudan yata
bilmirdim. Qapının ağzında bir daş vardı, onun üstündə
yatırdım.
- Zibeydə xanım, bəzən ağır günlərin içində də xoş
xatirələr olur. Sonralar xatırlandıqca ağrıları
unutdurur.
- Elədir. Düz deyirsiz. Bir gün səhər yatmışdım. Bir də hiss
etdim ki, kimsə məni səsləyir. Baxdım ki, bizim batalyonun uşaqları
haradansa bir kauçuk gül tapıb gətiriblər ki, 8 mart bayramımı
təbrik etsinlər. Bu, ömür boyu unuda bilməyəcəyim bir an idi.
Əbülfəz Elçibəyin hakimiyyət vaxtları idi. Uşaqlar hamısı saf,
təmiz, qeyrətli idilər. Xanımlara qarşı çox tərbiyəli
davranırdılar. Onlar mənə bir əl-üz dəsmalı, bir sabun da hədiyyə
etdilər. Artıq döyüşlərimiz başlamışdı. Hər gün şəhidlər verirdik.
Mən tibb bacısı idim. Həm də döyüşürdüm. Yanımdakı uşaqların
əksəriyyəti mənim məhlə uşaqlarım idi. Birlikdə boya-başa
çatmışdıq.
Qan su yerinə axırdı
- Döyüş yolunuz haralardan keçdi, döyüşçülərimizi necə
xatırlayırsız?
- Kosalarda dəhşətli döyüşlər gedirdi. Döyüşçülərimiz gözümün
önündə şəhid olurdular. Dəhşətli yaralar alırdılar. Başı bədənindən
qopanlar, qolunu, ayağını itirənlər olurdu. Dəli olacaq
vəziyətdəydim. Ən dəhşətli atışma Zarıslı yolunda oldu. Qan su
yerinə axırdı. Sumqayıt tibb məktəbinin sütül gəncləri bizə köməyə
gəlmişdilər. Ermənilər onları top atəşinə tutdular. Hər kəs
qırıldı, düz bir Kamaz meyit vardı. Özüm onları Şuşa hospitalına
gətirdim. Heç biri tanınmırdı. Tikə-tikə olmuşdular. Yalnız bir
nəfəri sağ idi. 19-20 yaşında gənclərdi.
Ayaqqabım qan içində idi
- Sizin işiniz daha da çətin olardı. Bir xanım olaraq,
həm döyüşçü, həm də tibb bacısı kimi ağır yük düşürdü
çiyninizə...
- Bütün gün ayaq üstə idik. Dağlara qalxır, oradakı meyitləri,
yaralıları daşıyırdıq. Həm də erməniylə atışırdıq. Ayaqlarımın
dərisi soyulmuşdu. Ayaqqabım qan içində idi - yeriyə bilmirdim,
ayaqyalın döyüşürdüm. Onda bir həftəlik evə buraxdılar. Yenidən
geriyə döndüm. Köhnə bir yanacaqdoldurmanın binasını öz gücümə tibb
məntəqəsinə çevirmişdim. Məzuniyyətdən döndükdə gördüm ki, buranı
QRAD-la vurublar. Yerlə-yeksan olub. Döyüşçü dostlarım buranı tərk
edib qalxmışdılar Kosalara. Batalyonumuzdan kimsəni tapa bilməyib
yola çıxdım. Gördüm bir tank gəlir onlarla, qalxdım döyüş
yoldaşlarımın yanına. General Elbrus Orucov Abşeron batalyonuyla
gəlmişdi ora. Mən də bu briqadaya gəldim və burada ilk dəfə normal
hərbi geyimli əsgərləri gördükdə çox sevindim. Əsgərlərimiz ilk
dəfə normal cərgələrə düzülmüşdülər. Burada mənim qadın olduğumu
kimsə bilmədi. Bir əsgərin sözü ilə saçlarımı dibindən
kəsdirmişdim. Bir dəfə gecə yatanda eşitdim ki, bir əsgər dostuna
deyir ki, hələ sən bunun saçlarına bax... Bu da mənə ağır gəldi,
saçlarımı kəsdirdim. Yerləşdiyimiz bir texnikomun binasını yenidən
tibb məntəqəsinə çevirdim. Bütün döyüşçülər qardaşım idi. Bir gün
səhər tezdən ermənilər bizi toplarla vurmağa başladı. Texnikaları
çox idi. Bizim texnikamız da, əsgərlərimiz də sayca xeyli az idi.
Hər postumuzda 10 əsgər vardısa, onlarda isə bu 100 əsgər idi.
Suriya erməniləri, zəncilər, rus əsgərləri onlar tərəfindən
vuruşurdu. Onlarla müqayisədə çox zəif görünürdük. Snayperləri bizə
göz açmağa imkan vermirdi. Bilmirdim ki, ayaqlarım suda, ya qan
içindədir. Bir əsgərimizin içini mərmi tamam aparmışdı, sadəcə,
bədəninin dərisi qalmışdı. Bu, çox dəhşətli mənzərə idi. Artıq
əlbəyaxa döyüşürdük.
Savaş zamanı eşq
- Çox maraqlıdı: döyüş vaxtı sizə eşq elan edən
olmuşdumu?
- Bəli, sevgisini etiraf edənlər çox olub. Ramiz adında
döyüşçümüz vardı. Məni dəlicəsinə sevirdi. Amma bu sevgiyə qarşılıq
verə bilməzdim. Mən vətən üçün, torpaq üçün getmişdim döyüşə. Bu
məsələlər ancaq torpaqlarımız azad olandan sonra ağlıma gələ
bilərdi. Onunla birlikdə bir səngərdə döyüşürdük. O mənim üçün
narahat idi. Ailəsi də bilirdi bunu. Bir gün birlikdə Maraldağda
mühasirəyə düşdük. Vertolyotlarımız bizi mühasirədən çıxara bilsə
də, itkimiz çox oldu. Mən də yaralandım. Beynimdə indi də qəlpə
var. Hospitalda ayıldım, başağrılarım vardı. Onlar kimyəvi
silahlarla vururdular bizi. Mən döyüşə bilmirdim, ona görə də Gəncə
şəhərinə, hospitala gətirdilər. Böyrəklərim funksiyasını itirmişdi,
artıq 1996-cı il idi. Məni əməliyyat etmək lazım oldu. Amma
əməliyyat üçün pul istədilər, mən də əməliyyat oluna bilmədim. Bu,
biabırçılıq idi, mənə deyirdilər ki, nə etmisiz axı, torpaqları
verib gəlmisiz. Baxın, bu da bizə olan münasibət idi.
- İndi nə işlə məşgulsunuz? Ailə-uşaq?..
- İşsizəm. Xəstəyəm. Ev yox, eşik yox. Bacımın evində yaşayıram.
2001-ci ildə "Azpetrol" şirkətində işləyəndə öz iş yoldaşımla ailə
qurdum. Üç il evli olduq, övladımız olmadı. Yenə deyirəm, bu
döyüşlərə heç bir imtiyaz üçün getməmişdim. Savaş olsa, yenə də
gedərəm.
- Zibeydə xanım, dövlət baba qayğınıza necə
qalır?
- 301 manat təqaüd alıram. Prezident təqaüdüm isə 130 manatdır.
Amma böyrəklərim xəstədir. Heç bir xəstəxana mənə sahib çıxmır, pul
istəyirlər. Mənim isə pulum olmadığı üçün özüm-özümü müalicə
edirəm. Beynimdə qəlpə var - bəzən huşumu itirirəm, iybilmə hissimi
itirirəm. Təkcə 5 saylı xəstəxanada mənimlə yaxşı davranıblar.
Müalicəm üçün lazım olan dərmanları vermirlər. Bahalı dərmanlardır,
beyinlə bağlıdır. Ona görə də ayda 200 manat dərmana pul verirəm.
Mən nə deyim, hər şey göz qabağındadır. Təəssüf ki, aramızda elə
veteranlar var, cəmi 45 manat təqaüd alırlar və hər kəsin yadından
çıxıblar. Azərbaycanda böyük şirkətlər var, olmazmı ki, döyüşən
qadınlara birotaqlı ev verələr? Bilirsiz, Şəhidlər xiyabanında
yatanlar artıq rahatdır, şəhid, ölü bizik. Nəfəsimiz eləcə yalandan
gedib-gəlir...