Yuxarı

“Pikvik klubunun qeydləri”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Pikvik klubunun qeydləri”

"100 böyük kitabdan biri" layihəsində

Dikkens

"Pikvik klubunun qeydləri" sanki tam təsadüfən yazılmışdı. Yumoristik roman bəzi centlmenlərin idman macəralarına həsr edilmiş şəkillərə izahedici mətn silsiləsi kimi düşünülmüşdü. Lakin romanın ayrı-ayrı buraxılışlar şəklində nəşri gedişində ədəbi mətn daha böyük məna və əhəmiyyət kəsb edir və nəhayət, nəhəng komik epopeyaya çevrilir.

Romanın mərkəzində dünyaca məşhur alicənab və tuhaf bir şəxs olan mister Pikvik – komik mütəfəkkir və bəxtsiz, lakin insanlığın həssas havadarı dayanır. Bir də onun ətrafında toplaşan, yaratdığı "klubun" üzvləri: tez-tez aşiq olan gonbul Tampen, yaramaz idmançı Uinkl, yoxsul şair Snoqrass; onlara mister Pikvikin xidmətçisi, zarafatcıl və məzəli adam, xalq yumoru müdrikliyinin daşıyıcısı olan Sem Ueller də qoşulur.

"Pikvikistlərin" nağılvari-nəcib və hər cür hiylədən uzaq, şəfqətli qarşılıqlı münasibətləri onları əhatə edən burjua gerçəkliyi ilə kəskin təzad təşkil edir və bu dünyanın daxilində səyyar idilliyaya bənzər bir şey yaradır. Fəqət Dikkensin komik qəhrəmanları özlərinin bütün zahiri çatızmazlıqlarıyla bərabər, yazıçının insanın ən yaxşı keyfiyyətlərinə nikbin inamının daşıyıcılarına və eyni zamanda da burjua aləminin dolayı tənqid vasitəsinə çevrilirlər. İtensuille şəhərciyindəki seçkilər haqqındakı fəsillərdə Dikkens burjua parlamentarizminin, "demokratik" seçkilərə həmrah olan aldatma və yalan sisteminin tənqidinə qalxır.

O, məhkəmə məmurlarının portretini yaradaraq bürokratizm və rüşvətxorluğu ifşa edir. Mister Pikvikin həbsxanada olduğunu təsvir edən epizodlar sosial səslənməsi baxımından daha kəskin təsir bağışlayır. Hər necə olsa da "Qeydlər"in ümumi avazı həyatsevər nəşə ilə, qayğısız yumor üvsürlərilə müəyyənləşir. Yaradıcılığının ilkin çağlarında Dikkensə xas olan romantik başlanğıc utopik əsərdə sevimli və təmənnasız insanların xoşbəxt varlığında meydana çıxır. Qəhrəmanların taleyi rahatlıqla yoluna düşür. Şənlik ab-havası hökmrandır, humanizm prinsipləri təntənə edir. Dikkens xeyirxahlığı, qayğıkeşliyi, insanpərvərliyi tərənnüm edir. Romanın müəllifinin isə cəmi 25 yaşı var (1837-ci il).

Dikkens 15 roman yazıb və "Qeydlər" cümlə əsərlərinin zirvəsi sayılsa da yaradıcılığının ümumi kontekstində araşdırılmalıdır.

"Dikkensin yaradıcılığında, - məşhur ədəbiyyatşünas M.V.Urnov yazırdı, - XIX yüzilliyin 30-cu illərindən etibarən Avropa belletristikasına getdikcə daha güclü şəkildə nüfuz edən humanist başlanğıc olduqca tam bədii təzahürünü tapdı. "Alçaldılmış və təhqir edilmişlərin" hamısı, əzab-əziyyət içərisində çırpınanların hamısı – xüsusilə də sosial xarakterli səbəblər üzündən iztirablara məhkim olanların hamısı, eyni zamanda, həm alicənab rəqib, həm bu işgənçələrin müqəssirlərinin ifşaçısı, həm də müşahidəçi baxışlarının müasiri olduğu cəmiyyətdəki gülünc, bayağı və qaranlıqları görməsinin qəribə ixtiraçısı olan bu yazıçıda özlərinin dərin təəssübkeşlərini tapdılar. Dikkensin kədəri insanı dərindən hiss edən sakit, sızlayan qüssədir; onun gülüşü – zəhərli gülüş deyil, həqiqi yumorun mahiyyətini təşkil edən "göz yaşları içərisindəki gülüş"dür. Bu gülüş onun kədəri ilə birləşdikdə yazıçını ən böyük yumoristlərdən birinə çevirir".

Dikkens yaradıcılığının ən yaxşı xarakteristikası ədibin öz müasiri, filosof və yazıçı Tenə məxsusdur. Ten yazırdı: "Əslində, Dikkensin romanı bir ifadə ilə xülasə olunur: xeyirxah olun və sevin. Həqiqi sevinci yalnız qəlbin həyəcanları bəxş edə bilər; həssaslıq – insanın, insanlığın bütün mahiyyəti bundan ibarətdir. Elmi alimə, təkəbbürü əsilzadələrə, dəbdəbəni dövlətlilərə təqdim edin; müti bədbəxtliyə qarşı şəfqətli olun; ən kiçik və ən ikrah doğurucu məxluq minlərlə nəhəng və əsilzadə məxluqa qarşı dayana bilər. Bütün zümrələr içərisində, hər cür geyim altında və hər yaşda mövcud olan incə qəlblərə qəddar əllə toxunmaqdan çəkinin. İnanın ki, humanizm, şəfqət, mərhəmət – insanda ən böyük gözəlliklərin mahiyyətindədir; inanın ki, qəlbin izharı, zəriflik, göz yaşları – yer üzünün ən nəcib, ən könülaçan duyğularıdır".

Dikkens bu prinsipləri öz əsərlərində birtərəfli moralist (əxlaqi əsərlər yazan yazıçı, əxlaq dərsi verən vaiz, əxlaqdan dəm vuran adam – tərc.) kimi deyil, gerçək sənətkar kimi tətbiq edirdi. Onun yaratdığı obrazların çoxu – müsbət obrazlar kimi mənfi obrazlar da - bu sözün həqiqi mənsında tip idilər və tip olaraq da qalacaqlar. Və əgər bu səbəbdən Dikkensin həssaslığı müasir oxucuya bəzən göz yaşlarıyla məhdudlaşan sentimentalizm təsiri bağışlayırsa, buna səbəb artıq tarixi-ədəbi özəllikdir.

Çarlz Dikkens şöhrət və maddi rifahı inadlı ədəbi əməyi ilə qazanıb. Onun İngiltərədəki şöhrəti və nüfuzu qətiyyən heç nə ilə müqayisə oluna bilməz. Ömrünün əsas hissəsini ya Londonda, ya da şəhər ətrafındakı evində keçirib. Ancaq bəzən Avropa və Amerikanı səyahətə çıxarkən "Amerika azadlıqlarının" mahiyyətini və "dəyərini" çox aydın görə bilirdi. İngilis proseforu A.Kettl xüsusi olaraq 200 cildlik Dünya ədəbiyyatı kitabxanası üçün yazdığı Dikkens haqqındakı məqaləsini bu sözlərlə bitirir:

"Dikkens realizminin mənbəyi – onun bütün imtiyazları bir kənara ataraq, dünyaya sadə insanın gözlərilə baxa bilmək bacarığındadır; onun fantaziyasını qidalandıran çeşmə - insana qarşı şəfqət, ona inam, zülm və səfaləti təbii hal kimi qəbul etməkdən imtina, insanın dünyanı dəyişdirə biləcəyinə və bununla həm də özünü dəyişdirəcəyinə gerçək əminlikdir".

Tərcümə etdi: Təhminə C.B.

Tarix
2014.11.16 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla