"Türmə əhvalatları" layihəsində:
Baxışın baxışları indi də gözlərimin önündədir. 10 saylı CÇM-dən
söz düşəndə, yaxud türmə əhvalatları ilə bağlı nə isə yazmaq
istəyəndə ilk xatırladıqlarımdan biri də Baxışın saf baxışları
olur.
Sonralar heç kəsdə görmədiyim bir saflıq vardı onun gözlərində.
Yadıma gəlir, oğlum Tural balaca olanda boğazında və burnunda olan
artıq əti əməliyyat etdirmişdim. Əməliyyat sonu özünə gələn uşaq
danışa bilməsə də, barmaqları ilə məni hədələmişdi; bu ağrını ona
verdirdiyimə görə. Bax, onda Turalın yaşla dolan iri, qapqara
gözlərindəki saflıq mənim kənara çəkilib səssiz hıçqırığıma səbəb
olmuşdu. Turalın yaşla dolmuş gözlərindəki işıqlı və ağrılı
baxışları sanki mənə "insanları nahaq incidirsən", - deyirdi.
Baxışın da baxışlarında bir-neçə dəfə həmin ifadəni oxumuşdum. Bu
ifadələr mənə ünvanlanmasa da, mən onu hər kəsə ünvanlanırmış kimi
görürdüm. Yasəmən kolunun arxasına çəkilib kövrəlmişdim, oğlumun
baxışları gəlmişdi gözümün önünə.
Onun həbsində qohumlarının əli olub
Baxış yaşca məndən böyük idi. O, Ağdamın Mərzili kəndində
doğulmuşdu, yaşamışdı və məcburi köçkün kimi Bakı şəhərində
"Xalqlar dostluğu" metrosuna yaxın bir yerdə məskunlaşmışdı. Ailəli
idi, övladları vardı...
Münasibətimiz səmimi olsa da, nəyə görə həbs olmasını özündən
heç soruşmadım da. Amma dostum Aqil bir dəfə mənimlə söhbət edərkən
demişdi ki, onun həbsində qohumlarının əli olub. Baxış azadlıqda
olanda içirmiş. Qayınatası da molla imiş. Arvad tərəfdən
qohumlarının din adamı olması və Baxışın içki ilə dostluq etməsi
onu həbs olunmağa qədər gətirib çıxarmışdı.
Baxış çox sakit adam idi. 10 saylıdakı Ağdam əhli onun xətrini
çox istəyirdi. O, həqiqətən kimsəsizin biriydi. Baxışı ziyarət
edən, ona sovqat göndərən yox idi. Yeməyi–içməyi cəza evinin
yeməkxanasında olardı. Aqil həftədə bir neçə dəfə onu nahara qonaq
edərdi. Bizimlə bir süfrə arxasında oturar, utancaq halda ev
yeməklərindən dadardı. Bir dəfə sözarası bizə məktəbli olarkən
şagirdlərin məktəbin bufetindən kişmişli bulka alıb limonadla
yemələrindən danışdı. Həmin axşam evlə danışanda dedim ki, mənə ağ
kişmişli bulka və limonad alıb gətirin.
Baxış limonadla bulka yedi və heç bilmədi ki, bu onun ürəyindən
keçirdiyi hissin, dilinə gətirdiyi istəyin nəticəsidir. O gedəndən
sonra Aqil boynumu qucaqladı:
- Şair, Baxış pis oğlan deyil, çox sağ ol.
Onun heç kəslə işi yox idi, elə hər kəs də onun varlığından
xəbərsiz kimi idi. Yaxşı nərd oynamağı vardı. Başqa əhlin adamları
ilə heç qaynayıb qarışmadı. Ağdamlılar onu qoruyurdu. Və bu məqamda
deyim ki o, heç də zəif, qorxaq və hansısa günah sahibi də deyildi.
O, sadəcə təmiz və küskün adam idi. Səliqəli idi. hər gün
koptyorqdan krem və şotkanı götürüb ayaqqabısını parıldayana qədər
sürtərdi. Şalvar-köynəyi təmiz və ütülü olardı. Üzünü günaşırı
taraş edərdi.
Gözlə, mən də görüşə gedirəm
Qanunla həftədə bir dəfə görüşə icazə verilirdi. Elə dustaqlar
vardı ki, onları ziyarət edənlər çox idi. Aqil və mənim də yanıma
həftədə 4-5 dəfə gələn olurdu. Dostlar və qohumlar sağ olsunlar.
Belə anlarda görüşə gələnlər kimsəsiz dustaqların adına
sənədləşirdi. Sözsüz ki, görüşə gələn adamlar görüşə nəzarət
edənlərə şirinlik verirdilər və türmə işçiləri bu görüşlərin çox
olmasında maralı idi.
Bir dəfə "taksi" (Cəza evində xəbər aparıb-gətirən, görüşə
gedənin çantalarını daşıyan dustaqlara taksi deyirdilər. Onlar hər
ay rəhbərliyə haqq ödəyirdilər) mənə yaxınlaşdı:
- Görüş yerindən dedilər ki, sənin yanına bu həftə çox adam
gəlib. İndi də gələn var. Elə bir adam da yoxdur ki, onun adına
yazsınlar, kimi məsləhət görərsən?
"Elə bir adamım yoxdur axı, özləri bilsin", -
dedim və görüşə hazırlaşmaq üçün otağıma getdim. Hamama girdim,
üzümü qırxdım, təmiz paltarlarımı geyindim. Və görüş otağına yol
aldım. Baxış məni arxadan səslədi:
- Şair, dayan, məni də gözlə, mən də görüşə gedirəm.
Gözlədim. Həddindən artıq səliqəli geyinmişdi.
- Uşaqlardan köynək, gödəkcə götürdüm ki, səliqəli görünüm, -
dedi.
Görüş yerinə qədər 150 addım vardı. Yol boyu məndən
soruşurdu:
- Şair, səncə, mənimlə görüşə gələn kim olar?
- Arvadın, qaynın, qardaşların, oğlun... Nə bilim,
vallah, hər kimdi, çox sağ olsun.
Baxış ömrümdə eşitmədiyim, içdən gələn iniltiyə bənzər səslə,
pıçıldayırmış kimi:
- 5 il olacaq e, burda olmağım, hələ məni yada salan olmayıb.
Kim ola bilər? – bir də soruşdu.
Görüş yerinə yaxınlaşdıqda gizir Vəzir sallaq qarnını
qaşıya-qaşıya mənə işarə elədi ki, keç içəri:
- Rusiyadan dayın oğlanları gəlib.
Əhl sevinirdi ki...
Sankt-Peterburqda ticarətlə məşğul olan dayım oğlu Bəhruz və
onun dostlarıydılar. Xeyli söhbət etdik. Pəncərədən bayıra baxanda
gördüm ki, Baxış hələ də bayırdadır. Arada əyilib çırtması ilə
şalvarının balağına qonan tozu təmizləyirdi. Elə bu vaxt dayıoğlum
dedi ki, maşallah, sənin yanına hər gün gəlirmişlər. Bizi Baxış
adlı bir nəfərin adına sənədləşdirdilər. Sən demə, görüşə çağıran
adam səhvən həm də Baxışa deyib ki, səni ziyarət edən var.
Tutuldum. Bayıra çıxıb Baxışı dəvət etdim. Gəlib bizim stolun
arxasında oturdu. Onu məsələdən agah etdim. Pərt oldu.
- Əhlimiz elə sevinirdi ki, mənimlə görüşə gələnlərin
olmasına...
Dayım oğlu gətirdikləri sovqatı tən yarı böldü:
- Sənindir, götür, - dedilər.
Mənim cibimə pul saldıqdan sonra Baxışa da 100 dollar uzatdılar.
Götürmək istəmirdi. Məcbur etdik. Axır ki, razılaşdı. Görüş sonu
birlikdə çıxdıq. Bunu təkcə Aqil bildi.
Rəis müavini onu eşitmişdi
Ağdamdan Sirac adlı dustaq vardı. Onun haqqında əvvəlki
yazılarda bəhs etmişəm. Pis oğlan olmasa da, narkotikə meyilli
olması həmişə başına bəlalar açırdı. Bir dəfə onu hansısa rejim
qaydalarını pozduğuna görə cəzalandırmaq istəyirdilər. Aqillə
birlikdə onun xahişini etmək üçün rəis müavinin yanına getdik.
Gəlişimizin məqsədini dedikdə Vəli müəllim dedi:
- Onu bağışladım. Baxış gəlmişdi. Dedi, onun günahından keç, mən
də keçdim.
Sonra da əlavə etdi ki, 5 ildir Baxışı tanıyıram, o adam hələ
bir dəfə də olsa qanun pozuntusuna yol verməyib, səsi çıxmayıb,
yanına gələni yoxdur, bir qarın yeməyə o qədər sınanlar var ki; bu
insan isə həmişə tox olub. Sakitdir. Onun xahişini yerə salmaq
olmazdı.
Halal edin
Baxış azadlığa çıxdığı gün onu yola salanlara baxıb kövrəldi.
50-dən çox dustaq onun üçün sovqat qoymuşdu. Pul da toplamışdıq.
Aqil və mən onu sonuncu qapıya qədər yola saldıq. Ayaqları yerə
mıxlanmışdı sanki, hasarın o üzünə tərəf addım atmaq istəmirdi.
Mənimlə əl görüşdü. Aqilin boynunu qucaqladı, ağladı, "hala edin
hər şeyi", - dedi və getdi.
İki həftədən sonra mənim üçün gətirilən qəzetləri vərəqləyirdim.
"Bakı xəbər" qəzetində Ağdamın Mərzili kəndindən məcburi köçkün
olan, azadlıqdan yenicə çıxmış Baxış adlı dustağın "Xalqlar
metrosu" yaxınlığında məskunlaşdığı 5 mərtəbəli yataqxananın
damından özünü ataraq intihar etməsi xəbəri vardı...
Qəzeti Aqilə verdim...
Aqil xəbəri oxuduqdan sonra mənə dedi:
- Faiq, sən çox şeyləri bilmirdin, elə rəhmətlik də. Mən
qardaşlarıma demişdim ki, maraqlansınlar. O da çıxandan sonra gedib
hər şeyi bilib. Bunu biləndən sonra da ya kimisə öldürməli, ya da
özünə qəsd etməli idi. O özünü seçdi...