"Gerçəkləşməyən arzular" layihəsində
Tanınmış şair Maarif Soltanla çoxdan idi görüşüb söhbət etmək
istəyim baş tutmurdu. Gah rayonda - İsmayıllıda olduğunu deyir, gah
da nəvələrini gəzməyə çıxaracağını səbəb göstərirdi. Amma hər dəfə
də növbəti istirahət gününə vədə verirdi.
Axır ki, arxada qoyduğumuz bazar günü şairin yaşadığı Əhmədli
qəsəbəsindəki kafe-çayxanaların birində üz-üzə otura bildik. Görüş
yerini Maarif özü müəyyən etmişdi. Sözsüz ki, məndən qabaq
gəlmişdi. Xoruz quyruğu çayın ətri stəkandan boy verirdi. Onun
ötənlərdə ürəyindən keçirdiyi arzularından bəhs edəcəkdik. Köhnənin
dostu olduğumuz üçün salamımı da dost yana ünvanladım:
- Salam, Maarif müəllim, necə varsız, nə var, nə yox?
Nəvələr sizi babalıq statusuna layiq görəli gözə
görünmürsüz.
- Çox sağ ol, Faiq, pis deyiləm, yaxşılıqdı, şükür. Yada
saldığına görə təşəkkür edirəm.
- Elə dediniz ki, guya unutmuşuq...
- Düzdür, sənin diqqətini həmişə hiss etmişəm, ancaq məqam
düşdüyünə görə indi təşəkkür edəsi oldum. Təqribən, elə çoxları
kimiyəm. Deyəsən, haçansa Vaqif Səmədoğlu demişdi: "yuxarıdan
baxanda - cəhənnəmdə, aşağıdan baxanda – cənnətdəki kimiyəm". O ki
qaldı nəvələrə, onların şirinliyindən adam az qalır şəkərə
tutula.
- Bilirsiz də bu gün sizi "Gerçəkləşməyən arzular"
layihəmizə dəvət etmişik.
- Çox əcəb edibsən, - zaraftından qalmır, - dəvət etmisən,
gəlmişəm.
- O zaman, deyin, heç elə bir arzunuz olubmu ki,
gerçəkləşməsin?
Maarif müəllim hazırcavabdır. Sualların cavabı stəkana süzülən
çay təyinatı üzrə ünvana çatmamış verilir:
- O qədər! Bilirsənmi, arzudan arzu doğar – deyiblər. Gərək
hansısa arzun həyata keçsin ki, sonra başqa arzuya da keçib, başqa
şeyləri də arzulayasan. Mən və mənimkimilərsə, elə bir arzunun
ətəyindən yapışıb durmuşuq – gözləyirik, o gerçəkləşə, sonra keçək
başqalarına. Əlbəttə, bu bir zarafatdır, ancaq hər zarafatın da öz
həqiqət payı var.
Yorğanıma görə ayağımı uzatmışam
- Oxu atıb yayı gizlətməyin, nə idi bu arzular ki, sizin
gözlərinizi yolda qoydu, ürəyinizdə yuva saldı, gerçək
olmadı?
- Biz hamımız kənddən-kəsəkdən gəlmiş dupduru, sadəlövh uşaqlar
idik, elə bilirdik, şəhərə gələn kimi qucaqlarını açıb bizi
bağırlarına basacaqlar. Amma qapı bağlayanlarla yanaşı, sinəmizdən
geri itələyənlərlə yanaşı, qucaq açanlar da oldu. Məsəl var - sən
Allahla ol, Allah səni görəcək. Böyük hikmət var bu sözlərdə.
- Deyəsən xeyirxahlarınız çox olub...
- Bilirsən, Faiq, oğruya oğru rast gələr, doğruya doğru. Təhsil
aldıq, ev-eşik sahibi olduq, pis-yaxşı özümüzə güzəran qurduq. Hər
halda istədiklərimizin, çətinliklə də olsa, müəyyən hissəsini ala
bildik, qazana bildik. Şəxsən mən özümlə bağlı heç vaxt
illüziyalar, qeyri-adi xəyallar qurmamışam. Necə deyərlər, gücümü,
imkanlarımı nəzərə alıb yorğanıma görə ayağımı uzatmışam. Məsələn,
bilmişəm ki, məndən kosmonavt olmaz. Ona görə də kosmonavtlıq
eşqinə düşməmişəm. Hiss etmişəm ki, heç ortabab futbolçu da ola
bilmərəm – futbolçu olmaq sevdasını başımdan çıxartmışam...
Oturduğum kətili də artıq nəvələr
özəlləşdirib
- Maarrif bəy, dediniz ki, elə
arzularınız olub, həyata keçməyib. Deyin, sizi o arzular indi də
narahat edirmi? Gercəkləşməyən arzularınızı deyirəm.
- Hər dövrün, hər yaşın öz arzuları olur. Təbii, elə arzular var
ki, onlar elə o illərdə arzu olaraq qaldı. Amma elə arzular da var,
ömür boyu insanla yoldaşlıq edir, insanı tərk etmir.
- Konkret hansı arzuları deyə bilərsiniz?
- Bir çox dünyəvi, ictimai-siyasi arzularım olub ki, onları
şeirlərimdə yazmışam, onlardan yalnız biri – müstəqilliyimiz
reallaşıb, bunu da mən xalqımızın ən böyük uğuru, ən böyük qazancı
sayıram. Daxildəki müəyyən neqativ, eybəcər halları, çətinkikləri
də çalışmalıyıq ki, özümüz aradan qaldıraq. Şəxsi istəklərə
gəldikdə isə, məsələn, həmişə arzulamışam ki, özümə məxsus bir
kiçik otağım və yazı masam olsun. Bu, yalnız Moskvada tələbəlik
illərində mənə qismət olub. Elə 3-4 yazımı da o otaqda, o masanın
üstündə yazmışam. Bu günə qədər o arzumu reallaşdıra bilməmişəm.
Nəinki reallaşdıra bilməmişəm, oturduğum kətili də artıq nəvələr
özəlləşdirib. İndi də yaş artdıqca insanı torpaq çəkir –
İsmayıllıda öz doğma el-obamda xudmani balaca bir ev arzulayıram,
salamatlıq olsun, görək nə alınır...
Yazdığım sadə şeylər (şeirlər yox ha!)
Söhbətimiz zamanı ilk dəfə qayğılı görünür. Dalıb gedir şair.
Elə bil ötürdüyü, geridə qoyduğu günlərin ardınca baxır, saf-çürük
edir, hesabat verirmiş kimi çözür o günləri və qeyri-ixtiyari əlini
yelləyir:
- Elə günlər olub ki... - və susur.
Sualın istiqamətini dəyişirəm:
- Maarif bəy, bəs gerçəkləşən arzular sizi haraya qədər
gətirdi?
- Buraya qədər. Bu günə qədər. Bugünkü Maarif Soltana qədər.
- Şair kimi tanınır və sevilirsiz. Şairliyinizlə bağlı
nələri arzulamışdız?
Cavabı bu gün durduğu yerdən yox, sanki uzun illərin ö üzündən
gəlir:
- Faiq, indi düşünürəm, qəribədi ki... Məsələn, mən orta
məktəbdə oxuyarkən ilk dəfə İsmayıllıda Musa Yaqubun "Dağ
çiçəkləri" ədəbi dərnəyi vardı, ora getmişəm – balaca bir şeir
oxumuşam – bəyəniblər, götürüb çap ediblər. Gəlmişəm Bakıya –
kitabxanalarda ədəbiyyat dərnəkləri vardı – şeir oxumuşam, az qala
urrayla qarşılayıblar. Redaksiyalara getmişəm, "yox" deməyiblər
mənə. Həqiqətən, mənə qəribə gəlib – niyə mənim yazdığım adi, sadə
şeylər (şeirlər yox ha!) başqalarına xoş gəlir?
- Şair, cavabınızda bir qədər pessimistlik hiss
olunur.
- Deməzdim. Bilirsən, şeir mənimçün, daha çox, özünüifadə
vasitəsidir. Bir də, əlimdən başqa nə gəlir ki! Tənbəl olmasaydım,
məmnuniyyətlə oturub nəsr yazardım. Yeri gəlmişkən, mən nəsri
şeirdən daha çox sevirəm və nəsri daha çox oxuyuram. Bəlkə də
yuxarıda dediyim masanın yoxluğundan dünya ədəbiyyatı böyük bir
yazıçısını itirib. Yəni şeir mənimçün heç vaxt nələrəsə çatmaq
üçün, nələrisə əldə eləmək üçün vasitə olmayıb, məqsəd olmayıb.
Sadəcə, qəlbimdən keçənlərin az bir hissəsini oturub yazmışam.
Cavanlıqda kimlərinsə dalınca çox düşmüşəm
- Məsələn, heç ürəyinizdən keçibmi Xalq şairi
olasınız?
- Tam səmimi deyirəm: yox, olmayıb! Mən öz yerimi yaxşı bilirəm.
Xalq şairi ağır addır - onu almağın şərtləri var, amma başqa fəxrı
adlar niyə də olmasın ki? Kimin oğlundan əksiyik?
Son vaxtlar Feysbukdakı aktivliyini yada salıb soruşuram:
- Maarif bəy, sizin çox maraqlı, oxunaqlı şeirləriniz
var. İndi də Fb-də paylaşırsız, şeirlərinizin ardınca düşüb sizə
ürəyini açanlar indi də varmı?
- Qəribədir ki, çavanlıqda kişi dostlarım sevərdi məni, indi
xanımlar. Ancaq bu, sevgidən daha çox hörmətdir. Bəli, şeirlərimə
görə bu gün də mənə hörmət edənlər var, ancaq dalımca düşənlər nə
cavanlıqda olub, nə də indi var, amma mən cavanlıqda kimlərinsə
dalınca çox düşmüşəm. Oxuculardan söhbət düşmüşkən, yadıma düşdü,
bir məqamı da burda demək istəyirəm – gəncliyimin 5 ili Moskvada
keçib – orda xanımlar qələm adamlarına, incəsənət adamlarına daha
çox meyilli idilər, şeirin xoşlarına gəldisə, səsin xoşlarına
gəldisə, asanlıqla ünsiyyət yarada bilirdin.
- AYB-də işləyirsiz. Bəyənənlər də var, bəyənməyənlər
də, hər halda ədəbiyyatımızın vahid tanınan, üz tutulan ünvanıdır.
Deyin, bu gün ədəbiyyatın durumu necədir?
- Mən ədəbiyyatımızın çağdaş durumundan qətiyyən bədgüman
deyiləm. Çox dəyərli ədəbi nümunələr yaranır. Sadəcə, zir-zibil o
qədər artıb, çoxalıb ki, o yaxşıları ordan arayıb tapmaq, seçmək
problemi yaranıb. Oxucu çaş-baş qalıb. Boz ədəbiyyat ciddi sənət
əsərlərini görünməyə qoymur və nəticədə, hazırlıqlı, zövqlü oxucu
qıtlığı yaranır. Düzdür, burda başqa faktorların da rolu az
deyil.
Dul qadınlara gəldikdə isə...
- Qarşıdurmalar, çəkişmələr, qalmaqallar şou biznesdən
ədəbiyyata tərəf yol alıb, sizcə niyə belədir?
- Görünmək üçün, tanınmaq üçün, özlərini təsdiq etmək üçün
yollar arayırlar və bəziləri də qalmaqal yolunu tutur. Unudurlar
ki, bircə yol var – dəyərli əsər! Unudurlar ki, bircə üsul var –
düz olmaq, ədalətli olmaq, səmimi olmaq! Bütün başqa yollar və
üsullar gəldi-gedərdi, müvəqqətidir.
- Ədəbiyyata axın yaman güclənib, özü də dul qadınlar
daha çox gözə çarpır, sizcə niyə belədir?
- Axın ona görə artıb ki, meyarlar itib, mizan-tərəzi yoxdur.
Həmin o bayaq dediyim primitiv, istedadsız cızma-qaraları oxuyub
deyirlər, yazmaq budursa, mən niyə yazmayım? 5-6 manat ondan-bundan
pul tapıb kitablarını çap edirlər, sosial şəbəkələr onların
yetişməsi üçün ən münbit yerdir. 10-15 qohum-əqrəbanı yığıb
özlərini təfiflədirlər və s. Dul qadınlara gəldikdə isə onların
çoxu sənin dostlarındır, sən yaxşı bilərsən. Mənsə günahı onlarda
görmürəm, kişilərdə görürəm, onları niyə dul qoyuruq ki, onlar da
bekarçılıqdan qələmə sarılsınlar? Məlum məsələdir ki, şeir də
gənclik şövqü, gənçlik ehtirası, gənclik emosionallığı sevir, dul
qalana qədər isə, təbii ki, bunlar hamısı məhv olub gedir və o
dediklərin də başlayır elə o sayaq yazılar qondarmağa.
- Son vaxtlar yaradıcılığınızda susqunluq hiss olunmur
ki?
- Olunurdu. Özü də uzun müddət. Son vaxtlar isə içimdə bir
poeziya havası yaranıb. Xırda-xırda yazıram.
- Yaxşı, bəlkə yenə də arzulara qayıdaq? Nəyi
arzulayırsız?
- Mən işğal altda olan torpaqlarımızı, demək olar ki,
görməmişəm. Tam səmimi deyirəm, ən böyük arzum heç vaxt görmədiyim
Şuşanı görməkdir. Rəhmətlik Fatma Mehrəliyevanın ifasında
"Azərbaycan marlı" mahnısına demək olar ki, hər gün qulaq asıram:
"Gedək Qırxqız yaylağına - Ceyran, maral oylağına, Qalxaq İsa
bulağına..." Elə təsir edir ki, mənə...