"Səfillər"
layihəsində
Köhnə "Ramstorq"un yaxınlığındakı tıxac səbrimi tükətdi.
İmkan tapıb maşını kənarda saxladım ki, həm siqaret çəkim, həm də
tıxacın başa çatmasını gözləyim.
Bu vaxt iki uşaq diqqətimi çəkdi.
Üst-başları nimdaşdır. Yolun kənarında yaradılmış parkdakı
çəmənlikdə süpürləşirlər. Əslində, belə məqamlarda bu yaşda və bu
görkəmdə olan uşaqlar maşınlara yaxınlaşıb ya çörəkpulu dilənir, ya
da maşınlarının şüşəsini silmək istəyirlər ki, pul qazansınlar.
Amma bunların bu anı bəxtəvər uşaqlıq həyatı yaşayan
tay-tuşlarından heç də fərqlənmirdi. Dünya onların yanından ötüb
keçirdi: tıxacı, hündürmərtəbəli binası, geniş küçəsi, tox
insanları və bütün qayğıları, acıları, şirinləri ilə...
Arada bir-birinə etdikləri şit zarafatlar, söyüşlər də saf idi -
üst başları, sir-sifətlərinə rəğmən. Az qala kirpiklərinə qədər
əlləri və çöhrələri pas içində idi. Mis mədənindən çıxıblar, elə
bil.
Onları dünyasından ayırmağa tələsmirəm. İçimdən onlara qoşulmaq
keçir. Uşaq vaxtımızda azmı oynamışıq belə? Şalvarlarımızın dizi,
arxası azmı göy otların rənginə boyanıb. Uzaq illərin arxasında
qalan uşaqlıq dostlarımı xatırladım... Beləcə söyüşlər də söyərdik
və bu söyüşlər heç də harasa ünvanlanmazdı, havadaca əriyərdi.
Qız-zadıq, alə?
Eynən uşaq vaxtlarımdakı kimi, hündürdən fit çalıb uşaqları
dünyasından ayırdım. Hər ikisi əyləncəyə ara verib, mənə tərəf
baxdı. Boyca balaca olan daha diribaş görünürdü. Elə o da sağ əlini
qabağa uzadıb yellədi: yəni, nə məsələdir?
- Bura gəlin, sizə sözüm var, - səsimdəki ərki
tutdular.
- Nə söz? - yenə də balacaboy uşaq dilləndi, tanış olmayan adama
inamsızlıq vardı bu iki kəlmədə.
Sonra öz aralarında nə isə danışdılar. Səssizcə hələ o qədər də
möhkəm ayaq tutmayan küknar ağacının dibində çömbəldilər. "Uşaqları
oyunlarından etdim", - fikirləşə-fikirləşə onlara yaxınlaşdım:
- Gəlin tanış olaq, mənim adım...
- Qız-zadıq, alə, bu bizimlə tanış olur? – dostuna müraciət edən
balacaboyun sifətində uşaqlığın bayaqkı saf, səmimi çalarları yoxa
çıxmışdı. Həm də tanımadıqları adamın onlarla belə ərklə danışması
görünür, ona xoş olmamışdı.
Oynamırdıq, eləcə atılıb-düşürdük
Gülürəm. Bir az da yaxın gəlib, bərabərlərində dururam:
- Yox, niyə ki, gərək elə sən deyən ola? Mən bayaqdan
sizə fikir verirəm, o qədər səmimi oynayırdız ki...
- Nə təhər oynayırdıq? – üzündə həyasız bir ifadə göründü.
Yox, deyəsən bu balacaboy uzunduraza imkan verməyəcək söhbətə
qarışsın. Səsində təkəbbür və arxayınlıq var. Bu, nədənsə məni bir
qədər pərt etdi. Amma büruzə vermədim:
- Səmimi oynayırdız.
- Demək istəyirsən ki, yaxşı oyun oynayırdıq?- yenə də balacaboy
dilləndi.
Hündürboylu oğlana acığım tutdu. Dilini ağzında kilidləyib,
danışmır.
- Hə, elə də demək olar, yaxşı oynayırdız.
- Biz oyun-zad oynamırdıq, eləcə atılıb-düşürdük, - yenə də o
danışır.
- Nə isə, baxdım sizə, 40-42 il bundan qabaq belə
çəmənlikdə oynamağım yadıma düşdü, - tamam dilxor
oldum.
- O vaxtı da qazon vardı? – balacaboy diqqətlə gözümün içinə
baxıb həyasızcasına irişdi.
- Yaxşı da, dayan görək, dayı nə deyir, – axır ki uzundurazın da
dili açıldı...
Axırda da dalımıza bir təpik...
Adlarını soruşuram. Balacanın adı Vaqifdir, uzunun adı Hacı.
Sadəcə, vaxtım olduğu üçün onlara baş qoşduğumu və sorğu
sualımda da pis bir niyyətimin olmadığını deyirəm. Hər ikisinin
deməsindən məlum olur ki, pislik niyyətim olsa belə, onlara heç nə
edə bilməzlər. Çünki:
- Sənin kimi day-dayları çox görmüşük. Aldadıb, aparıb
həyətlərində işlədib, axırda da dalımıza bir təpik vurub qovublar.
Ona görə də heç kəsin həyətində, evində işləmirik.
- Yox, a bala, mənim elə fikrim də yoxdur. Sadəcə,
mehriban-mehriban oynamağınız diqqətimi çəkdi. Amma üst-başınızı da
pis günə qoyursuz.
Hər ikisi şalvarına, üst-başına əl çəkir:
- Onsuz da yaman gündəyik, bu, bizim iş paltarımızdır.
Artıq söhbətimiz alınır. Vaqif gödəkcəsinin cibindən siqaret
çıxarır. Tüstünü qoca kişilər kimi ciyərlərinə çəkir, cavan
oğlanlar kimi dodaqlarının arasından bayıra üfləyir. Çəmənliyə
yayxanır. Əlini sifətinə qoyub dirsəklənir.
- Harada işləyirsiz, nə işlə məşğulsuz?
- İşləyirik də... burdan, - əlini Babək prospektinə tərəf uzanan
körpüyə uzadır, - Ağ Şəhərdəki söküntülərin arasından dəmir
toplayıb satırıq. İndi yenə də gedəcəyik.
- Bir şey çıxır? – qazancı nəzərdə tuturam.
- Allah bərəkət versin. Hər gün adama ən azı 17-18 manatlıq
dəmir satırıq. Kilosunu 6 qəpikdən veririk.
Atam avtoritetdir
- Kimə satırsız?
- "Qaz-10" var, onun şoferinə. Bu gün iki maşın vermişik. Yenə
də gedəcəyik, - bunları isə Hacı deyir. Hiss edirəm Vaqifin xoşuna
gəlmir dostunun onlara məxsus kommersiya sirrini dağıtmağı.
- Mane olmurlar? – soruşuram.
Bu dəfə Vaqif dillənir:
- Yox, niyə, mane olsunlar. Ərazini təmizləyirik də...
- Bəs valideynləriniz hardadır?
- Bizim valideynimiz-zadımız yoxdur, - Vaqif deyir.
- Var e... rayonda olurlar. Biz gəlmişik, işləyib onlara kömək
edək, – bunu isə Hacı deyir.
- Vaqif, sən diribaş uşaqsan, neçə yaşın
var?
- Mənim 10 yaşım tamam oldu. Hacı isə məndən iki sinif yuxarıda
oxumalıydı. Məktəbə getmədik. Gəldik Bakıya. Keşlədə ev tutmuşuq.
Orda qalırıq. Tikintidə bizi işə götürmədilər.
Atasını soruşuram. Vaqif arxayın səslə, siqaretini uzandığı
yerdə dabanı ilə söndürüb deyir:
- Mənim atam avtoritetdir. İçəridədir - "zon"da. Mənə deyib ki,
heç kəsdən qorxma. Kişi kimi böyü. Bunun atası isə, - başı ilə
Hacını göstərir, - anasının arvadıdır. Anası nə desə, atası onunla
hesablaşır, - deyir və ayağa durub, Hacının arxasına təpiklə vurur.
Hacı Vaqifə yağlı bir söyüş üfürür:
- Arvad oğlu, arvad. Sənin də dədəndən xəbərin yoxdur. Arvad
umuduna qalıbsan.
- Guya sənin dədən ananın yanındadır, nə qazanmısan? Mən
olmasam, keşlə uşaqları minmişdi səni...
Böyüyəndə "vorzakon" olacam
Şitliyi tutmuşdi balacanın və dostundan boyca aşağı da olsa,
nüfuzca yuxarı olmasını göstərmək istəyirdi.
- Yaxşı mübahisə etməyin. Bax, indi balacasız, dəmir
yığıb satrsız. Ailəyə kömək edirsiz. Amma böyüyəndə də bir sənət
sahibi olmalısız, ya yox? Nə fikirləşirsiz?
- Mən böyüyəndə "vorzakon" olacam. İndi isə hələ başımı
girələyirəm dəmir-dümürlə.
- Niyə "vorzakon"?
- Ona görə ki, onlardan hamı qorxur. Düzgün adam olurlar.
Varlıların pulunu alıb kasıblara verirlər.
Deyəsən bu uşaq özünün uçurum qarşısında olduğunu hiss etmir.
Onu bacardıqca bu fikirlərdən daşındırmaq istəyirəm:
- Vaqif, bax, indi belə deyək də, sən iş qurubsan, dəmir
satıbsan, çoxlu pul qazanıbsan, razı olarsan ki, sənin pulunu
əlindən alsınlar?
Fikrə gedir. Ayaqları ilə otları eşir və birdən deyir:
- Mənim pulum olmayacaq, çünkü mən "vorzakon" olacam. Adamları
aldadıb pulunu alanların pulunu alıb özünə qaytaracam. Bax, burda,
Ağ şəhərdə neçə dənə ev sökdülər. Evlərin sahibinə verilən pul
qədər də vəzifəlilər qazandı. Onlar haram pul qazandılar. Bax
onlardan alacam o pulu, bu Hacı kimi dədəsi anasından qorxan
yazıqlara verəcəm. Deyəcəm, kişi kimi yaşayın.
- Vaqif, olmaz ki, oxuyasan, polis olasan, prokuror
olasan, elə əliəyriləri qanunla cəzalandırasan?
- Yox, mən sən deyənlərdən olmaram...
Polisə hər gün 2 manat veririk
- Niyə?
- Day-day, özün də yaxşı bilirsən, mən gedib orada işləyə
bilmərəm. Hər gün onlara 2 manat veririk hərəmizə.
Üzünü dostuna tutur:
- Vermirik? Din də, yekə kişisən, dədən kimi başını soxursan
paçanın arasına, dilin yoxdur? – sonra mənə tərəf çevrilir. - Mən
istəmirəm onlar kimi olum. O iki manatı verirəm ha onlara, əvəzində
bəlkə də 200 dəfə söyürəm.
Anladım ki, bu uşağın təfəkküründə ancaq qaranlıq mühit
"işarır". Təhlükəli idi. Bu, təkcə onun yox, bu yaşda olan bir
nəslin uçurum qarşısında olması idi. Ona öz ailəsindən, atasız
böyüməyin çətinliyindən bəhs etmək, fikrindən daşındırmaq qərarına
gəldim.
Şalvarını dartıb əynindən çıxartmışdı
- Vaqif, atan niyə tutulub?
- Bələdiyyəni bıçaqlamışdı.
- Niyə?
- Günahı vardı. Atama demişdi ki, sən kişi deyilsən. Atam da
kənd çayxanasında onun şalvarını dartıb əynindən çıxartmışdı.
Yumşaq yerinə də iki bıçaq vurmuşdu...
Elə sərbəst danışır ki...
- Niyə? – bu dəfə mən siqaret yandırıram, əlini
uzadıb birini də o istəyir. Sonra:
- Sahəmizi suvarmaq üçün su vermirdi. Atamla mübahisəsi
düşmüşdü. Sonra da atama lağ edib demişdi ki, kişinin pulu olar,
adı-sanı olar, sən hələ budkalardan nisyə içdiyin qəndin-çayın
pulunu ver, sonra adam arasına çıx. Atam da onu o günə qoymuşdu.
İndi onun oğluna "dalı açığın oğlu" deyirlər, - deyir və ləzzətlə
gülür. Yenə də dostunu dediklərini təsdiq etməyə vadar edir, - düz
demirəm, alə?
Hacı dinmir. Eləcə başını aşağı-yuxarı aparır.
- Amma sənin atan bələdiyyə sədrindən şikayət etsəydi, suyu da
alardı, əkinini də suvarardı, tutulmazdı da. Heç olmasa polisə
deyəydi.
- Demişdi. "Uçaskovı" da gəlib bələdiyyə ilə yeyib-içmişdi.
Atamı da idarəyə çağırdıb demişdi ki, sən vəzifəli adamın iş
görməsinə mane olursan. Özünü yığışdır. Tutub ataram içəri, - yenə
də Hacıya dönür, -Düz demirəm, alə?
Hacı yenə də başını aşağı yuxarı tərpədir.
Biz parovoz sürə bilərik?
Kənardan bir neçə yeniyetmə uşaq keçir. Onları göstərirəm:
- Sənin yaşıdlarındır. Bax, görürsən, necə səliqəli
geyiniblər. Ataları da çox güman ki, evlərindədir. Demirəm ki,
sənin atan pis adamdır. Amma onu elə cəzalandırardı ki, heç həbs də
olunmazdı. Sən də oxuyardın, bir sənət sahibi olardın.
Vaqiflə söhbətimiz xeyli çəkdi. Uşağı inandıra bildim ki, onun
arzusu heç də yaxşı arzu deyil. O, mütləq oxumalı, ata-anasına
sahib durmalıdır. Bizi söhbətimizdən yaxınlıqdan keçən qatarın fit
səsi ayırdı. Vaqif gedən qatarın ardınca baxıb, dostu Hacının
qoluna girdi:
- Day-day, bizdən parovozsürən olar?
Ürəkdən güldüm:
- Niyə olmur ki, lap təyyarəsürən də
olar...