"Cəbhə xətti"
layihəsində
"Cəbhə xətti" layihəsinin budəfəki qonağı polkovnik Şair
Ramaldanovdur. O, 1957-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində
anadan olub. Səkkizinci sinfi bitirdikdən sonra Bakıda Naxçıvanski
adına hərbi liseyə daxil olub. Sonradan Ali Hərbi Məktəbə təhsilini
davam etdirib. Ali Hərbi Məktəbi bitirdikdən sonra zabit kimi
müxtəlif yerlərdə xidmət edib. 1991-ci ildə Moskvada Frunze adına
Hərbi Akademiyanı bitirdikdən sonra vətənə dönərək Azərbaycan
Ordusunda xidmət edib. Ali Hərbi məktəbin rəis müavini vəzifəsinə
təyin edilib. Birinci Qarabağ döyüşlərində qəhrəmancasına
döyüşdüyünə görə Dövlət Bayrağı ordeni ilə təltif edilib. Ehtiyatda
olan zabitdir. Ailəlidir, iki övladı var.
Heydər Əliyevə məruzə etdim
- Cənab Polkovnik, siz cəbhə bölgəsinə xüsusi əmrlə,
yoxsa könüllü olaraq yola düşdüz?
- Bilirsiz, o vaxt çətin dövr idi. Mənim ilk olaraq döyüşlərə
qatılmam Heydər Əliyevin Bakıya qayıdışı dövrünə təsadüf edir. Onun
xalqa payız müraciəti vardı, səfərbərlik elan etmişdi. Məni də
Müdafiə Nazirliyinə çağırdılar. Döyüş bölgəsindəki hərbi hissələrin
birinə briqada komandiri olaraq göndərildim. Komandiri olduğum
hərbi hissə döyüşdən çıxmış briqada idi, çox az sayda adam
qalmışdı. Səfərbərlik tamamlanmaq üzrə idi. Bizi yenidən
formalaşmaq üçün Seyfəli poliqonuna yolladılar. Mənim hərbi hissəmə
"Yasamal", "Nizami", "Ağdaş", "Kürdəmir" batalyonları da daxil idi.
Köhnə əsgərlərin bəziləri ordudan qaçırdılar deyə hər hərbi hissəyə
polis nəzarət edirdi. Amma mən öz hərbi hissəmə polisi qəbul
etmədim, əsgərlərimi sıraya düzərək onlara müraciət etdim ki, əgər
kim qaçmaq istəyirsə qaçsın, kim qalmaq, mənimlə döyüşmək istəyirsə
qalsın. Onlara sabaha kimi vaxt verdim, əslində, bu, çox böyük
məsuliyyət idi. Mən Müdafiə Nazirliyinə də bildirdim ki, bunları
sabah siz hərbi polislə döyüşə göndərə bilməyəcəksiz. Mənə döyüş
hazırlığı keçib döyüşə qatılan adamlar lazım idi. Çox böyük həyəcan
keçirdim, bu müraciəti təxribat da saya bilərdilər. Mənim isə
komandir olaraq başqa çıxış yolum yox idi. Birgə döyüşə gedəcəyim
döyüşçü mənə, mən də onlara inanmalı idim. Elə bilirdim ki, səhər
yuxudan qalxıb hər kəsin qaçdığını görəcəyəm. Səhər tezdən
poliqonda bir-iki əsgər görəndə sevindim ki, heç olmasa əsgərlərin
hamısı qaçmayıb. Sonradan məlum oldu ki, cəmi dörd nəfər qaçıb,
onlar da həqiqətən ailə vəziyyəti ağır olanlardır. Qalan əsgərlər
döyüşən heyət idi. Üç həftə döyüş hazırlığı keçdik. Heydər Əliyevin
özü bu təlimlərdə iştirak etdi, döyüşə yola düşməzdən qabaq bizə
xeyir-dua verdi.
6 nəfər əsgərlə düşməni geri oturtduq
1993-cü il dekabr ayının 26-da Daşburuna gəlib, orada yerləşdik.
Füzuli istiqamətində hücum əməliyyatı tapşırığı aldıq. Artıq
1994-cü il yanvarın 5-də hücum əməliyyatlarına başladıq, uğurlu
hücum əməliyyatları nəticəsində 22 yaşayış məntəqəsi düşməndən azad
edildi. Bu döyüşlərdə 17 nəfər şəhid vermişdik. 45 nəfər əsgərimiz
isə yaralanmışdı. Bu əməliyyat "Horadiz əməliyyatı" adlanırdı. 7
rayon, yüzlərlə şəhid verildikdən sonra bu uğurlu əməliyyat bizdə
ruh yüksəkliyi yaratmışdı. Azərbaycan Ordusuna inamı qaytarmaq
çətin idi. Amma bu Horadiz əməliyyatı ordumuza yenidən inamı
gücləndirdi. Hər kəs anladı ki, ordumuz heç də zəif deyil. Bir dəfə
aşağı Seyid Əhmədli istiqamətində səngərdə altı əsgərimiz qalmışdı,
silah-sursatımız da tükənmişdi. Cəmi 20 dəqiqəyə çatacaq sursatımız
qalmışdı. Amma biz bütün gücümüzlə ermənilərin hücumunu dəf
etdik.
Bir şeyi qeyd etmək istəyirəm ki, bu uğurlu hücumlarda
əsgərlərimizin psixoloji cəhətdən yüksək səviyyədə olması böyük rol
oynayırdı. Onlar qaçmağa yox, döyüşməyə gəldiklərinə əmin idilər.
Yaddan çıxmayan bir əməliyyat da Korqan istiqamətində oldu. Düşmən
çox böyük güc toplayıb əks-hücuma keçməyə hazırlaşırdı. Mən məlumat
alan kimi bizim o vaxtkı müdafiə nazirinə müraciət edib, xahiş
etdim ki, bizə hava dəstəyi versinlər ki, düşmənə hava zərbəsi
endirək. Mənə hava zərbələri endirmək üçün qüvvəmizin olmadığını
bildirdilər. Nazirdən icazə alaraq dedim ki, Ali baş komandana özüm
müraciət edəcəyəm. Nazir etiraz etmədi. Ali baş komandana vəziyyət
barədə məruzə etdim, mənə hava dəstəyi lazımdır, dedim. Heydər
Əliyev "yaxşı, tapşıraram", - dedi. 5 dəqiqə keçməmişdi ki,
aviasiyamız köməyə gəldi. Düşmənə zərbələr endirdik, onların 500
əsgərini məhv etdik.
Unutmadığım xatirələrdən biri
- Cənab polkovnik, döyüş zamanı keçirtdiyiniz ən
təsirli, duyğulu anlar yaddaşınızda qalıbmı?
- Bilirsiz o vaxtlar bizə döyüşmək üçün muzdlu əfqanlar
gətirirdilər. Amma mənim komandir kimi Azərbaycan əsgərinə olan
inamım bir başqadır. Kim deyirsə ki, bizim əsgərlər döyüşə bilmir,
yanılır. Əsgərlərimizin bir xüsusiyyəti vardı: onların öz
komandirlərinə inamı yüksək səviyyədə idi. Əgər komandir əsgərinin
hörmətini qazanırsa, o əsgər hara qədər desən gedir. Mənim heç
unutmadığım xatirələrdən biri: Şükürbəylidəki döyüşdən sonra yaralı
əsgərlərimə təşəkkür etmək üçün onların olduğu maşına qalxdım.
Baxdım ki, bir əsgər uzanıb ayağının birini dizindən aşağı tamamən
itirib, ancaq səsini də çıxarmır. Sadəcə, başını qaldırıb mənə dedi
ki, komandir Şükürbəyli bizimdir. Bu məni çox duyğulandırdı. İnan
ki, bu əsgər itirdiyi ayağını, onun ağrısını düşünmürdü, məhz
Şükürbəylinin bizdə olmasına sevinirdi. Onun qürurunu yaşayırdı.
Onun gözlərində bir dünya fərəh gördüm, bunu ömür boyu unutmaram.
Fəxr edirəm ki, mənim belə əsgərlərim olub.
Bir xatirə də danışım: Korqan istiqamətindəki döyüşlərin biri də
yanvar ayında oldu. Bizə məlumat gəldi ki, biz tərəfdən iki maşın
əsgər döyüşü tərk edib. Mənə dedilər ki, hərbi polislərlə gedib
onları həbs edim. Düşünün, bu vəziyyətdə komandir nə etməlidir?
Dedim ki, mən onları həbs etsəm, bununla nə əldə edərəm. Döyüş
gedir, mənə əsgər lazımdır. Nə isə mən heç kəsi yanıma almadan tək
başıma fərarilik etmiş əsgərlərin yanına gəldim, onları sıraya
düzdüm. İçərilərində 20 yaşlı gəncdən orta yaşlı adama qədər vardı,
indi xatırlamıram onlara nə dediyimi, amma təxmini belə müraciət
etdim, dedim ki, baxın, mən də sizin kimi vətəndaşam, mən də
çəkilirəm kənara, siz istəyirsiniz, yolunuza davam edin, gedin. Siz
sağ qalacaqsınız, ailənizin yanında rahat yaşayacaqsınız, amma
sabah bu utancla səngərdə tək qoyub qaçdığınız dostlarınızın üzünə
necə baxacaqsınız? Ya da geri dönün, birlikdə döyüşək, ya sağ qalıb
üzüağ, başıdik yaşayarıq, ya da ölüb şəhidlik zirvəsinə yüksələrik.
Amma övladlarımız, ailələrimiz başıdik, alnıaçıq yaşayıb bizimlə
fəxr edərlər.
Göz yaşı tökdülər, məndən üzr istədilər. İlk dəfə idi belə bir
səhnə ilə qarşılaşırdım. Sözün düzü, onları anlayırdım. O qədər
böyük fiziki, pisixoloji təsir vardı ki... Mən onlara
əsəbiləsmədim, onlara haqq verdim, amma nə edə bilərdik? Döyüşüb,
vəzifəmizi yerinə yetirməli idik. Onlar mənimlə birlikdə geriyə
döndülər. Şəhid olanlar da oldu...
Döyüşçü xanımlarla fəxr edirəm!
- Cənab polkovnik, sizin briqadada xanım döyüşçülər də
olub. Onlar haqında da danışmağınızı istərdim. Komandir olaraq
onlara münasıbətiniz necə idi?
- Əlbəttə, bizim briqadada qəhrəman xanım döyüşçülərimiz də var
idi. Bizim "tibb bacısı" çağırdığımız o xanımların şəfalı əlləri
minlərlə əsgərin həyata qayıtmasına səbəb oldu. Onlara qarşı
münasibətimiz çox yaxşı idi. Maraqlısı budur ki, onlara əmr
formasında yox, tamam fərqli şəkildə müraciət edirdik. Bizim
mentalitetimiz də imkan vermirdi ki, hansısa əsgər və ya kimsə
onlarla başqa cürə davransın. Bu gün də onlarla görüşəndə çox
səmimi, alnıaçıq görüşürük. Bu, məhz o illərin səmimiyyətinin
təzahürüdür. Biz bir ailə kimiyik, bütün tədbirlərdə görüşürük.
Bir-birimizin uşaqlarının toylarında da iştirak edirik. Mən döyüşçü
xanımlarımızla fəxr edirəm!
Düşmənə kim olduğumuzu göstərməliyik
- Cənab polkovnik, böyük döyüş yolu keçmisiz, hansısa
fəxri ada layiq görülmüsüzmü?
- Bəli, mən mərhum Prezidentimiz Heydər Əliyev tərəfindən fəxri
fərmanla, iki dəfə Azərbaycan Dövlət Bayrağı Ordeni ilə təltif
olunmuşam. Bu ordenlər Füzuli istiqamətində gedən döyüşlərdə
göstərdiyim şücaətlərə görə verilib. İkinci medalı isə OMON
hadisələrində iştirakım üçün almışam. Bu təltiflər xidmətimin
göstəricisidir. Mən qürurluyam ki, iki dəfə Azərbaycan Dövlət
Bayrağı Ordeni ilə təltif olunan yeganə zabitəm. Düzü keçmiş
döyüşçü zabit kimi, 20% torpağımızın işğalda olması məni məyus
edir. Düşünürəm ki, gələcək nəslə tam ərazi bütövlüyü olan
Azərbaycanı ötürməliyik. Bu bizim çiyinlərimizdə bir yük, bir
məsuliyyətdir. Biz düşmənə kim olduğumuzu göstərməliyik. Artıq
bunun vaxtıdır.
- Bu günlərdə vurulan erməni helekopteri məsələsinə
münasibətiniz necədir?
- Helekopterin vurulmasında tam haqlıyıq. Düşmənin
həyasızlığının qarşısı istənilən vaxt alınmalıdır...
On kitab müəllifiyəm
- Atəşkəsdən sonra həyatınızı necə davam
etdirdiniz?
- Atəşkəsdən sonra müxtəlif vəzifələrdə xidmət etdim.
Yaradıcılıqla məşğul oldum. On kitab müəllifiyəm. İstərdim ki, hər
kəs belə kitablar yazmaqla vətənə xidmətini davam etdirsin.
Gənclərimizin maariflənməsində iştirak etsin. Ömrümüz boyu bu
vətənə borcluyuq. Xidmət sadəcə döyüşlə bitmir, xidmət bütün
sahələrdə olmalıdır. Hərbçi isə hər zaman, hər şeyə hazır
olmalıdır. Amma bu gün şəhid olan döyüşçülər var, onların ailələri
dövlətdən kömək alır. Əlil olan döyüşçülər də eləcə. Ancaq tamamən
sağlam olan keçmiş döyüşçülər var, biz gərək onlara da sahib çıxaq,
onları işlə təmin edək, sosial vəziyyətləri ilə maraqlanaq. Onların
bəziləri heç veteran vəsiqələrini belə ala bilmirlər. Çünki sabah
nə şəhid, nə də əlil olan döyüşçü səfərbərlik olarsa, yenidən
döyüşə bilməyəcək, ancaq sağlam olan keçmiş döyüşçülər yenə də
təcrübəli əsgər kimi vətənə xidmət edə biləcək. Odur ki, biz bu
insanları unutmayaq, xidmətlərini qiymətləndirək.
- Bir az da ailə vəziyyətiniz haqqında
danışardız.
- Ailəliyəm, iki övladım var. Oğlum mənim yolumu davam etdirir,
Azərbaycan Ordusunda zabit olaraq xalqına xıdmət edir. Ayrıca, sizə
təşəkkür edirəm, bizi unutmayıb, xalqımıza yenidən xatırlatdığınız
üçün.