"Açılmamış tarixlər"
layihəsində
Azərbaycan tarixinin bəlkə də açıqlanmasını gözləyən əsas
mərhələlərindən biri 1920-1960-ci illər arasındakı 40 illik
dövrdür. Bolşevik qoşunlarının Bakıya gəlişi, burada rus
kəşfiyyatının fəaliyyəti, Stalin rejiminə qarşı gizli təşkilatlanma
formaları, müxtəlif siyasi liderlərin bilinməyən siyasi savaşları
məhz bu dövrü əhatə edir. İllərdir susub qalan tarix səhifələrini
Axar.az yenidən canlandırmağa qərar verdi. Bu gündən etibarən
saytımızda fəaliyyətə başlayan bu layihə həmin dövrün məşhur siyasi
lideri Bağırovun indiyə qədər gözlə görünməyən tərəflərini özündə
canlandıracaq. Layihə çərçivəsində ilk yazını təqdim edirik:
Mir Cəfər Bağırov SSRİ ilə yanaşı Azərbaycan tarixinin də tam
deşifrə olunmamış simasıdır. Məhz onun dövründə ölkədə
repressiyalar güclənib, Stalin xofu imperiyanı, özəlliklə də
Qafqazı bürüyüb. Bu lider Stalin-Beriya cütlüyündən Azərbaycanı
qorumaq, onun yox olaraq əyalətə çevrilməsinə imkan verməmək üçün
vəzifəsindən istifadə edərək iki nəhəngə qarşı mühüm siyasi oyuna
başlayıb. Əsas rəqib - Beriya.
SSRİ-də nüfuzu kifayət qədər güclü olan Beriya ilə yalnız Stalin
mübahisə edə bilərdi. Bəzən isə Beriya öz rəqibləri haqqında əldə
etdiyi məlumatlarla ölkənin birinci adamında mənfi fikir
formalaşdırırdı. Stalinin hər hansı bir rəhbər vəzifədə çalışan
şəxsə yaxşı münasibət göstərməsi və ya onun fikirlərinə qulaq
asması Beriyanı qısqandırırdı.
Vəziyyətin gərgin olmasının digər sübutu isə bu gürcü komissarın
"rəhbər"in özünün şəxsən inandığı adamları belə lazım olanda siyasi
səhnədən kənarlaşdıra bilməsi idi. Bu sıraya isə hər kəsi –
generalları, komissarları hətta xəfiyyələri belə əlavə etmək
olardı. Əgər SSRİ tarixinə nəzər yetirsək, bununla bağlı kifayət
qədər məlumata rast gələ bilərik. Bunun üçün ən bariz nümunə Baş
Artilleriya İdarəsinin rəisi işləmiş artilleriya marşalı Yakovlevin
xatirələridir. Marşal Beriyanın bir zamanlar Cənubi Qafqazın
"qoçu"su olan Stalinlə başbaşa mübahisəyə girə bildiyini etiraf
edir:
"Hər il güc strukturlarına ayrılan silahın siyahısı Stalinə
təqdim olunurdu. Təqdim olunan siyahıda XDİK üçün 50.000 silah
nəzərdə tutulurdu. Stalin bu rəqəmi görcək əsəbi vəziyyətdə soruşdu
ki, kim XDİK üçün bu qədər silahın ayrılmağını təklif edib? Cavab
verdik ki, Beriya, o, bunu təkid etdikdə biz də təəccüb etdik. Biz
imtina etdik, ancaq o, tələb etdi. Həmin dəqiqə Stalin Beriyanı
yanına çağırtdırdı, kabinetə daxil olan L.P.Beriya Stalinə gürcü
dilində nə isə başa salmağa çalışdı. Ancaq Stalin onun sözünü
kəsərək, rus dilində cavab verməyi tələb etdi və sualını təkrar
edərək: - Bu qədər silah sənə niyə lazımdır?
– Bu silahlar XDİK-nin yeni yaranmış diviziyaları üçün nəzərdə
tutulur, - Beriya cavab verdi.
– Sənə yarısı da kifayət edər – 25.000.
L.P.Beriya yenidən təkid etməyə başladı. Stalin iki dəfə onun
sözünü kəsməyə çalışdı, ancaq Beriya ona qulaq asmayaraq fikrini
əsaslandırdı".
O, bundan sonra Stalinin əsəbiləşdiyini və silahları 10000 ədədə
qədər endirdiyini bildirir. Kabinetdən çıxdıqdan sonra isə Beriya
Yakovlevə yaxınlaşaraq onları "bağırsaqlarınızı tökəcəm" deməklə
hədələyir. Yakovlev buna fikir vermədiklərini və zarafat hesab
etdiklərini desə də, sonradan bu fikirlərində yanıldığını
söyləyir.
Əslən Bakıdan olan o zamankı Neft Sənayesi naziri Nikolay
Baybakov öz xatirələrində gürcü komissarın sözündən SSRİ-də heç
kimin çıxmaq ixtiyarının olmadığını bildirir. Stalin istənilən
qurban bahasına öz qarşısına qoyduğu məqsədlərə nail olurdu.
Baybakovun sözlərinə görə, Beriya bunu həyata keçirən uğurlu
vasitəçi idi. Onun verdiyi əmrə qarşı gəlmək və ya hər hansı üzrlü
səbəb ucbatından belə yerinə yetirməməyin qarşılığı ölüm cəzasıydı.
Baybakov sonralar öz xatirələrində bu cümlələri qeyd edir:
"Müharibədən sonrakı illər olardı, angina ilə xəstələnərək 40
dərəcə temperaturda evdə, yataqda canımla əlləşirdim. Birdən
telefon zəng çaldı. Həyat yoldaşım Klavdiya Andreyevna telefonun
dəstəyini götürdü; dağınıq fikirli və həyəcanlı olduğundan qarşı
tərəfin özünü təqdim etməyini yaxşı başa düşmədi və yenidən sual
verərək soruşanda ona "axmaq qadın, danışan Beriyadır, mənə
Baybakov lazımdır", - deyə, cavab verdi. Daha sonra Beriya öz
kəskinliyi ilə dilləndi: hər axmaq xəstələnə bilər, qaloş geyinmək
lazımdır, onu telefona çağır. Mən çox çətinliklə ayaq üstə duraraq
telefona yaxınlaşdım, səhhətimi soruşmayaraq, Daxili İşlər
komissarı Kruqlovla Ufada neft emalı zavodunda baş vermiş qəza ilə
əlaqədar ora getməyimi əmr etdi. Artıq bir neçə saatdan sonra
yüksək temperaturla Ufadaydım".
Beriya ilə mübahisəyə girəcək şəxslər arasında Stalindən sonra
Mir Cəfər Bağırovun adı gəlirdi. Bağırov etdiyi siyasi gedişlərlə
Beriyanı qorxuya salmışdı. Baybakov xatirələrinin başqa bir yerində
bu sözləri yazmışdı:
"Bir dəfə gözlənilmədən Lavrenti Beriya zəng etdi və birbaşa
sual verdi: -Yoldaş Bağırov hardadır?
Mən bu zəngdən çox, sualdan təəccüblənərək cavab verdim:
- Bağırov MK-nın katibidir və o mənə hara gedəcəyi haqda hesabat
vermir.
Ancaq sonra məlum oldu ki, Bağırov Maçestada istirahət edən
Stalinə baş çəkməyə gedib".
Beriya məhz bundan qorxurdu. Sözsüz ki, bunu Bağırov da bilirdi,
amma konfliktə getməkdən çəkinmirdi. Beriyanın bu cür təşvişə
düşməsi əsassız deyildi. Lakin maraqlı digər məqam Bağırovun da
Beriyanı itirmək istəməməsi idi. Siyasi şahmat lövhəsində mühüm,
köklü gedişlər edən M.C.Bağırov, görünür, bu addımı ilə keçmişindən
təşvişə düşən gürcü siyasətçidən Azərbaycanın mənafeyinə uyğun
yenidən istifadə etmək istəyirdi.
Beriya Stalindən sonra SSRİ-ni idarə etmək istəyirdi. Buna görə
də Nazirlər Sovetinin sədri Malenkovun müavini kimi eyni vaxtda
Dövlət Təhlükəsizlik Nazirliyi ilə Birləşmiş Daxili İşlər
Nazirliyinə rəhbərlik edirdi. Stalinin ətrafında özünə mühüm yer
etməsi və rəhbərlə münasibətlərinin səmimi olması sonrakı günlərdə
çoxlarının ona tərəf can atmasına şərait yaratdı. Lakin Beriyaya
tərəf gəlməyənlər də tapıldı ki, bunların çox hissəsi sonralar
siyasi oyun və qaralamaların qurbanı oldular.
Beləliklə, Beriya güclənirdi. Gücləndikcə dövlətin əsas
nöqtələrinə öz adamlarını qoyurdu ki, bu da gələcəkdə ona gərək
olacaqdı. Bununla da Beriya imperiya içərisində hakimiyyətə gəlmək
üçün özünə şərait yaradırdı. Bu isə Stalinə qarşı çevrilişə
hazırlığın başlanğıcı idi.
P.S. Qeyd edək ki, yazıda tədqiqatçı Adıgözəl Məmmədovun
araşdırmalarından və yardımından istifadə olunub.
Ardı var...