"Gerçəkləşməyən arzular"
layihəsində
Şair Sabir Yusifoğlu Sumqayıtda yaşayır. AYB-nin üzvü, Prezident
təqaüdçüsüdür. Uzun müddət istehsalatda çalışıb. Mühəndis kimi
işlədiyi kollektivin bir ara direktoru da olub. Amma məmur ola
bilməyib, qazandığı hörmət, bir də dövlətin ona verdiyi, içində üç
övlad pərvazlandırdığı iki otaqlı ev olub. Uzun müddət işsiz də
qalıb.
70-ci illərin sonu, 80-ci illərin əvvəli ölkədən kənarda təhsil
almaq respublikanın o zamankı rəhbərliyinin uzaqgörən siyasətinin
tərkib hissəsi idi. Sabir Yusifoğlu da həmin sıradan olan
tələbələrdəndi. Arzularının ardınca yola çıxıb Ukraynada təhsil
almışdı. Təhsil sonu doğma respublikaya qayıtmışdı. Gənclər
şəhərində gənc mütəxəssis kimi əmək fəaliyyətinə və eyni zamanda da
bədii yaradıcılığa başlaması da arzularının tərkib hissəsi idi. Bəs
görəsən, onun o arzuları necə oldu? Gerçəkləşdimi?
Şairlə görüşüb söhbət etmək üçün Sumqayıta gedirəm. Şəhərə
çatdıqda yenidən zəngləşirik.
- Evdə təkəm, qalx yuxarı, - deyir.
Və mən 9 mərtəbəli binanın 7-ci mərtəbəsindəki mənzilin qapısını
döyürəm.
Üz-üzə oturmuşuq. Dostluq və yerli olmamızın ərkini yaşayıram.
Bir neçə dəfə olduğum evində söhbətimiz bütün sahələri əhatə
edir.
Şairlər özlərini satışa çıxarır
- Çoxdandır gözə dəymirsən, nə işlə
məşğulsan?
- Hə, görünmürəm, görünmür ürəyimin harayı. Bəlkə görmək
istəyənlərimiz azalıb, ay Faiq?! Qaldı sualınızın ikinci tərəfinə,
Allah verən bu ömrün sınıq-salxaq yerlərini hörüb-tutmaqla
məşğulam, bir də balalara çörək qazanmaqla.
- İş yerini bildim, şükürlər ki, işlə təmin olunubsan,
bəs yaradıcılıq baxımından vəziyyət necədir?
- Xeyli xoşuma gələn yazılarım toplanıb. Arada çap etdirirəm.
Yazmaq problemim yoxdur hələlik. Neçə vaxtdır növbəti kitabımı
yığmışam. Nəşr eləməyə nə isə çatışmır. Nə isə deyəndə pul məsələsi
deyil. İndi o qədər kitablar çıxır, şeiri o qədər cılızlaşdırıblar
ki, buna görə gözləyirəm. Çox acınacaqlı vəziyyətdir. Vaxtilə
şairləri almağa çalışırdılar, indi isə şairlər özlərini satışa
çıxarır, özlərinə qiymət qoyur, vicdanlarını bazara çıxarırlar.
Təbii ki, ləyaqətli insanlar var. Amma bu, dəryada damla kimidir.
Görünmür və yaxud görənlər az olur. Ya da onları görmək istəyənlərə
mane olunur.
- Sabir, ən böyük arzun nə idi? Çata
bilmisənmi?
- Hər halda nə vətən üçün, nə də özüm üçün bu günü arzulamırdım.
Yəni istəklərim, arzularım çox idi. Amma əlçatmaz da deyildi. Görək
də, bəlkə nə vaxtsa reallaşdı...
- Yəni düşünmürsən, bəzi arzuların gerçəkləşməsi elə
zamanında olmalı idi?
- Düşünürəm. Amma nahaqdan bizə itirilmiş nəsil demirlər ki...
Ya bizim dünyaya gəlişimiz vaxtında olmayıb, ya da məkan
arientasiyası düzgün seçilməyib. Hər halda ürəyimizdə qalan, gerçək
olmayan arzular çoxdur...
- Sən daha nələri arzulayırsan, şair olaraq özünü
harada, hansı yerdə görürsən?
- Heç kimin yerini tutmaq fikrim olmayıb. Öz halal yerimi,
haqqımı versinlər.
- Nədir sənin haqqın ki, verilməyib, nəyi arzu edirsən,
şair?
- Bilirsən, durub indi nəyi isə istəmək, bu olaydı demək, bəlkə
də yerinə düşməz. Çox haqlar var idi ki, onlara haqq etdiyimiz
halda kənarda qaldıq. Bax, mən yazıçıyam, şairəm. İlk dəfə
Prezident təqaüdü verdilər ha, Heydər Əliyevin zamanında layiq
görüldüm. Sonrada o insanlar yenidən təqaüd aldı. Mən müraciət
etməmişəm. Amma bilirəm ki, mənim də haqqım çatır. İllərdir işsiz
qalmışdım. Bu da bir kömək olardı. Amma mən heç də bunu nəzərdə
tutmurdum. Çox şeylərdə maneələrlə qarşılaşmışıq...
Mövzunu dəyişirəm, şairin bir vaxtlar təhsil aldığı
ölkədəki siyasi vəziyyətlə bağlı söhbət edirik:
Oradakı tozanaqdan bizim havamız da
korlanacaq
- Ukraynada təhsil alıbsan, bu gün Ukrayna hadisələri
yəqin ki diqqətindən kənar da qalmaz.
- Hə, mən sovet dövründə Dnepropetrovsk şəhərində oxumuşam. Hələ
onda ukraynların ruslara, yumşaq desək, simpatiyaları yox idi.
Ukraynanın qərbində isə rusları görməyə heç gözləri yox idi. İndi
orada baş verənlər təqribən bizim yaşadığımız doxsanıncı illərin
hadisələrinə oxşayır. Yəni müəyyən paralellər aparmaq olar.
Hakimiyyət böhranı, qarşıdurmalar, separatçılıq meylləri, ölkə
daxilində müharibə. Bunları hələ illər öncə Zbiqnev Bzejinskinin
söylədiklərinə baxsaq, daha aydın görərik. Ukrayna Qərbin planında
postsovet məkanında ən əsas yeri tuturdu. XXI əsrin əvvəlində nəyin
bahasına olursa-olsun bu ölkəni tam olaraq Avropa ölkəsi etmək
istəyirdilər. Və nəticə göz qabağındadır. Zülmü isə həmişəki kimi
yerli, kasıb kütlə çəkir. Mən nə tam Avropa, nə də Rusiya
tərəfdarıyam. Amma Rusiya yenidən imperiyaya çevrilmək yolundadır
(halbuki, indi də imperiyadır), nəinki, parçalanmaq. İmperiyalar
isə başqalarının süqutu, məhvi üzərində mümkün olur. Onu bilirəm
ki, oradakı tozanaqdan bizim havamız da korlanacaq.
İçki-masa quruplaşmalarının mövcud olduğu
yerdə...
- Bəs ədəbi mühitdə olanlarla münasibətin
necədir?
- Ədəbi mübahisələr, polemikalar, yaradıcılıq problemlərinin
obyektiv müzakirəsi ədəbi inkişafa impuls verir. Ancaq indi buna
çoxmu rast gəlirik? Bir qrup yazar-tənqidçi tandemindən ibarət
qrup, yeri gəldi-gəlmədi digərlərini vurmaqla özlərini reklam
etməyə çalışır, bununla ədəbi gündəmdə qalmaq istəyirlər. İçki-masa
quruplaşmalarının mövcud olduğu yerdə hansı ədəbi inkişafdan
danışmaq olar? Bu, yalnız mənafe uğrundadırsa. Həmin insanların
qazandığı müvəqqəti gündəmdə olmaq, bir az da haradansa pul
qoparmaq olur.
- Bəs, yaradıcılıq?
- Yaxşı ki, Əsəd Cahangir, Vaqif Yusifli, Nərgiz Cabbarlı kimi
tənqidçilərimiz öz üzərlərinə düşən missiyanı yerinə yetirməkdə
israrlıdırlar. Düzdür, bəziləri indi yadıma düşmür, amma imkan
olduqca hamısını oxuyuram.
Oğullar ən yaxşı halda atasını yamsılayıb
Qapı döyülür. Sabir qapını açır, oğlu, gənc şair Emin Piridi
gələn. Görüşürük. Emin tez də çıxır, sizə mane olmayım, deyir. Onun
gəlişi növbəti sualıma təkan verir:
- Atalar və oğullar problemi yaşamırsan ki?
- Başqa ölkələrdə uşaqlar həddi-buluğa çatanda sərbəst yaşamağa
başlayır. Bir özləri olur, bir də dərd-sərləri. Buna imkan və
şəraitləri də olur. Bizdə isə valideynlər öz həyatlarını yaşaya
bilmir. Mən də hamı kimi. Uşaqların problemləri ömrü boyu bizdən əl
çəkmir.
- Niyəsini bəlkə mentalitetdə axtaraq?..
- Bu, eyni zamanda gəncliyin də özünü yaşamasına mane olur.
Müəyyən dövrdən sonra isə oğullar bir də baxır ki, o heç vaxt özü
olmayıb, yalnız özgəsini yaşayıb, ən yaxşı halda atasını
yamsılayıb. Əlbəttə, yaxşı oğul atasını davam etdirər. Amma o özünü
də yaşamalıdır. Azadlığı duymalı, ona can atmalı, bir sözlə başdan
ayağa özü olmalıdır. Özü olmayanın yaradıcılığı da özünün
olmur.
Daşların böyüyüb bumeranq effekti ilə
qayıtmağı
- Emin Piri yetənə yetir, yetməyənə daş atır. Necə
baxırsan buna?
- Ümumiyyətlə, kimsənin bostanına daş atmağı xoşlamıram. Atılan
daşlara da konfliktə, intriqaya yol açmadan cavab vermək lazımdır.
Görünür, onu da sancırlar.
- Deyirəm atdığı daşlar tükənər, birdən, lazım olanda
"patrondaşı" boş qalar.
- Daşın qurtarmağı problem deyil e, daşların böyüyüb bumeranq
effektilə qayıtmağı da var.
Yaradıcılıq mənim ömrümlə alver elədi
- Sabir, bədii yaradıcılıq sənə nə verdi?
- Bədii yaradıcılıq mənim ömrümlə alver elədi. Ancaq bilmirəm,
verdikləri çoxdur, yoxsa aldıqları. Heç bir halda mən sözə xəyanət
eləməmişəm, sözüm də mənə.
- Sumqayıt ədəbi mühitində bəzən qarşıdurmalar
olur.
- Heç mübahisəsiz də ədəbi mühit olar?! Sumqayıt ədəbi mühitində
də ədəbi mübahisələr, əbədi haqq, ədalət axtarışları, müəyyən
narazılıqlar olur. Ancaq çox da dərinə gedilmir. Yəni körpülər tam
yandırılmır.
Təbəssümü qara günə saxlayıblar
- Məyus görünürsən, nə məsələdir?
- Necə məyus olmayasan, bu üzü qara olmuş neft də bizi ağ günə
çıxartmadı:
Ümid basdırıram hər ötən günə,
Cücərmir buranın quraqlığında.
Bir də Faiq, heç küçədə, vağzallarda, metroda insanlara fikir
vermisən? Adamların üzündə narahatlıq var, kədər var. Elə bil
təbəssümü qara günə saxlayıblar.
- Sumqayıt bir şair gözündə necə görünür?
- Sumqayıta səhər-səhər, gün çıxan vaxtı " batan gəmi" tərəfdən
baxmaq ayrı aləmdir. Əsl poeziyadır.
Tökülən yarpaq səsinə
diksinir yuxulu şəhər.
Külək vurur, kölgəsilə
dənizə yıxılır şəhər.
Heyfsiləndiyim məqamlar da var. Son vaxtlar bütün azad, "boş"
yerlər zəbt olunub, müxtəlif növ tikililər adamları səkidən çıxarıb
az qala avtomobil yollarına atır.
Adamları yerdə qoyub
göyə dırmaşır evləri.
Daha çökür bu şəhərin
mənimlə yaşıd evləri.
- Bəs sumqayıtlılar?
- Eyni bir gəmidə ömür səyahətinə çıxan yol yoldaşları kimi
baxıram sumqayıtlılara. Biz illərlə bu şəhərin "qazovka"sını
udmuşuq, yağışına deyinmişik, qarına sevinmişik. Sumqayıtlılar
başını aşağı salıb öz zəhmətlərilə dolanan adamlar olub. Mən belə
görmüşəm. Sənə onu da deyim ki, az-çox ziyalılıq, böyüyə-kiçiyə
hörmət də burda qalıb.