Yuxarı

“Məleykə əsgərimizin qolunu baltayla kəsib, onu tankdan çıxardı”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Məleykə əsgərimizin qolunu baltayla kəsib, onu tankdan çıxardı”

"Cəbhə xətti" layihəsində

Axar.az-ın "Cəbhə xətti" layihəsinin bugünkü qonağ ehtiyatda olan kapitan Vəfadar Mikayilovdur. O, 1960-cı ildə Lənkəran rayonunun Verabod kəndində dünyaya gəlib. Əlibayramlı (indiki Şirvan) şəhərindəki iki saylı orta məktəbi bitirib. Daha sonra hərbi komisarlıq tərəfindən Leninqrad şəhərinə hərbi akademiyaya oxumağa göndərilib. Təhsilini bitirdikdən sonra 1982-1991-ci illərdə Sovet ordusunda qulluq edib.

Qarabag döyüşləri zamanı göstərdiyi şücaətə görə "Azərbaycan Bayragı" ordeni mükafatına layiq görülüb.

Ailəlidir, iki övladı var.

- Vəfadar bəy, necə oldu ki, Qarabag döyüşlərinə yollandınız?

- 1991-ci ildə artıq müharibə başlamışdı. Sovet ordusunda xidmət edən vətəninə baglı azərbaycanlı zabitlər Qarabağda döyüşmək üçün ölkəmizə dönürdülər. Mən də azərbaycanlı zabit kimi vətənimə, torpağıma borcumu yerinə yetirmək üçün ərizə yazıb, ölkəmədə xidmət etmək istədiyimi bildirdim. Əvvəlcə mənə hədə-qorxu gəlib, maneələr yaratsalar da - hərbi rütbəmizin əlimizdən alınacağını deyirilər – israr etdim. Sonradan mənə icazə verdilər və öz ölkəmə xidmət etmək üçün vətənimə gəldim və Azərbaycan Silahlı Qüvvələrində qulluq etməyə başladım. Gəldiyim üçün də qürur duyuram, peşman deyiləm.

- İlk olaraq Sizi hansı cəbhə bölgəsinə göndərdilər?

- Bizi Füzuli rayonuna – döyüş bölgəsinə göndərdilər. 1991-ci ilin sonu – 1992-ci ilin əvvəlləri bizim briqada tam şəkildə Füzuli rayonuna yerləşdirildi. Bizdən başqa, orada özünümüdafiə batalyonları da vardı, amma onlar olduqca təcrübəsiz idilər, peşəkar kadr yox idi. Onları Müdafiə Nazirliyinin əmri ilə bizim briqadanın tərkibinə verdilər və biz vahid komandanlıq altında ilk döyüşlərimiz 1992-ci ildə Qırmızı Bazar-Hadrut istiqamətində oldu. O vaxt 702 saylı hərbi batalyonun nəzdində 721 saylı hərbi hissə də vardı. Mən həmin batalyonda qulluq edirdim... Çox agır döyüşlər getdi. Biz yenidən hücuma keçdik, saat 04-30-dan 17-00-dək agır döyüşlər getdi. Hadrut-Qırmızı Bazar istiqamətindəki ərazini tam olaraq ələ keçirdik. Müəyyən bir fasilədən sonra ermənilərin əks hücumu oldu, qüvvələr bərabər deyildi və bizə Müdafiə Nazirliyindən əmr gəldi ki, geri çəkilin. Çünki bizim briqadayla qonşu Agdam briqadasının mühasirəyə düşmə təhlükəsi vardı. Bəli, biz geri çəkildik, əldə etdiyimiz bir neçə postu əlimizdə saxlamaqla daha əvvəl mövqe tutdugumuz yerə geri döndük. Düzdür, batalyonumuz çox itki vermədi, amma briqadamızda 100 yaxın şəhidimiz oldu, erməni tərəfdən isə daha çox itki vardı.

- Bu döyüşlər zamanı heç unuda bilməyəcəyiniz xatirəniz varmı?

- Bəli, həmin döyüşdə bizim briqada komandiri Akif Məmmədovun böyük şücaətini göstərdiyini xüsusi qeyd etmək isləyirəm. Onun əsl zabit, komandir kimi verdiyi əmrlərin dəqiqliyinə valeh oldum. Çünki biz geri çəkilmə əmri alanda düşmən bizə geri çəkilməyimiz üçün koridor açmışdı, qalan hər yer düşmən nəzarətində idi. Orada bizə tək yol kimi bir taxıl sahəsi qalırdı və rəhmətlik Akif Məmmədov bizə əmr verdi ki, biz boş zonadan, yəni, taxıllıqdan yox, düşmənin içində döyüşə-döyüşə geri çəkiləcəyik, onu da dedi ki, bu, tələ ola bilər. Biz döyüşə-döyüşə geri çəkildik, amma özünümüdafiə batalyonunun bir manqası taxıllıq boş olduğundan oradan geri çəkilməyə başladı. Təbii ki, bu, bir tələ idi. Ermənilər bu taxıllıga od vurdular, orada çoxlu itkilərimiz oldu. Əgər burada Akif Məmmədovun bu uzaqgörənliyi, təcrübəsi olmasaydı, oradan kimsə sağ çıxmayacaqdı. Bu mənim heç unuda bilməyəcəyim xatirələrdən biri idi. Mənim heç vaxt unuda bilməyəcəyim, hələ də mənə rahatlıq verməyən hadisələrin biri də bu idi ki, Şəki rayonunun Təpəcənnət kəndindən iki əsgərim vardı, onlar eyni kənddə boya-başa çatmışdılar, bir sinifdə oxumuşdular və birlikdə orduya qatılmışdılar. Birinin adı Namiq idi, o, həmişə Azərbaycan bayrağın çiynində daşıyardı, hücum olduğu zaman hansı təpəni azad etsək, bayrağı ora sancardı. İndiki kimi yadımdadır, polkovnik Ramaldanov tərəfindən tapşırıq verildi ki, hazır olaq. Çünki ermənilər Seyidəhmədli istiqamətindən hücuma keçmişdi, bizim vəzifəmiz onları geri oturdub, bizdən aldıqları postları geri qaytarmaq idik. Bu əsnada Namiq rəhmətlik düşünmüşdü ki, təkbaşına düşmənin arxasına keçib, onlara zərbə endirsin, amma təəssüf ki, Namiqi erməni snayperi görmüşdü. Onu vurdular. Bir gün sonra isə Namiqin sinif yoldaşı onun bayrağını çiyninə atıb, onun yerini tutmaq istəyəndə onu da erməni snayperi vurdu. Əlbəttə, onların valideyinlərinə bu xəbəri vermək mənim üçün çox çətindi idi, buna baxmayaraq bir komandir kimi onların ikisinin də cənazəsini doğulduqları kəndə apardım. Orada bu hadisəni hər iki şəhidin valideyinlərinə olduğu kimi danışdım. Üç gün orada qalaraq yas mərasimində iştirak etdim. Mən bunu heç vaxt unuda bilməyəcəyəm (danışa-danışa kövrəlir). Qorqan ətrafında gedən döyüşdə də unuda bilməyəcəyim hadisə baş verdi. Sumqayıt şəhərindən olan komandir Bəhramı tankdan vurdular, o da şəhid oldu. Bəhramın əsgərlərinə bir sözü vardı: "Ölsəm, öncə silahımı götürün, qoy sabah erməni bizə öz silahımızla atəş açmasın!".

Sizə bir xatirə də danışım: mənim Sumqayıt şəhərindən Emin adlı bir əsgərim vardı, o, şair təbiətli adam idi. O zaman əsgərlikdə olanların yaxınları onlara baş çəkməyə gəlirdilər. Görüşə gələnlərin arasında bir hamilə xanım da vardı, yoldaşına dəyməyə gəlmişdi. Elə o vaxt düşmənin atdığı mərmi düz onların yanına düşdü, o xanım da, Emin də həmin vaxt şəhid oldular. Bu səhnəni xatırlamaq mənim üçün çox ağırdır.

- Vəfadar bəy, sizcə, bizim məğlub vəziyyətə düşməyimizin səbəbi nədir? Silahımız yox idi, yoxsa?..

- Biz orada bir komandanlıq altında idik. İçimizdə yalnız peşəkar zabitlərimiz idi. Briqada komandirimiz İsa Qasımov sovet ordusunda polkovnik rütbəsinədək yüksəlmişdi, ətrafına müavinlərini, bölük komandirlərini toplamışdı, hamısı peşəkar, təcrübəli zabit kadrları idi. Tapşırıqları da həmin zabitlərə verirdi ki, başqa heç bir kəs xəbər tutmasın. Amma bir də görürdün, yerli camaatla qarşılaşanda bizdən soruşurdular: "Deyirlər, siz sabah hücuma keçəcəksiniz". Biz hələ də bilmirik ki, bu məlumatlar haradan, necə sızırdı? Bu hallar yenidən baş verməsin deyə, tapşırıqlar bizə döyüşdən bir neçə saat öncə verilirdi. Beləliklə, biz belə xoşagəlməz halların qarşısını alırdıq. Amma etiraf edək ki, rus ordusu ermənilərə yüksək səviyyədə kömək edirdi, biz isə yeni ordu qurmuşduq, silah-sürsat az idi. Bununla belə, düşmən zəfər qazanmayıb, müharibə davam edir. Əgər nə isə ediblərsə - yəni, nəticə olaraq iyirmi faiz torpaq bu gün onlardadırsa – bunu ermənilər yox, rus ordusu alıb.

- Briqadanızdakı xanım döyüşçülərlə bağlı bir xatirəniz varmı?

- Bəli, bizim bölükdə xanım döyüşçülər vardı, onlar əsl döyüşçü, bizim başımızın tacı idilər. Onlardan birinin – Məleykə xanımın bir qəhrəmanlığı hələ də xatirimdədir. Döyüşlərin birində tankımızı düşmən vurmuşdu, tankçımızın qolu "lük"un altında qalmışdı, sümüyü sınmışdı, qolu dərisindən asılı vəsiyyətdə idi, tankdan çıxa bilmirdı, həmin bu Məleykə xanım böyük cəsarətlə əsgərimizin qolunu baltayla kəsib, onu tankın içərisindən çıxardı. Məleykə xanım hətta qonşu briqadanın yaralı əsgərlərinə də yardım edirdi.

- Vəfadar bəy, ən uğurlu döyüşünüz hansı bölgədə oldu?

- Ən uğurlu hücumumuz 1994-cü ilin yanvar ayında, Füzuli istiqamətində oldu. Briqada komandiri Ramaldanovun əmri ilə döyüş hazırlığı vəziyyətini aldıq, hücuma keçmə əmri verildi, bu plan isə Müdafiə Nazirliyində hazırlanmışdı. Əlavə tapşırıqlar isə Ramaldanov tərəfindən verilirdi, çünki bu ərazini o, çox yaxşı müşahidə etmişdi, oranı tanıyırdı. Ramaldanov bizə tapşırıq verdi ki, biz düşmənin arxasına keçib, onları məhv etməliyik. Belə də oldu: bir tabor düşmənin arxasına keçdi. Düşmən bunu hiss edəndə çoxlu itkilər verərək geri çəkilməyə başladı. O, vaxt biz bir kəndi, onlarla qəsəbəni azad etdik. Bu, yadımda qalan ən uğurlu hücumumuz idi. Bu döyüşdən sonra Prezident Heydər Əliyev şəxsən əraziyə gəldi, ora baxış keçirdi, hücum haqqında məlumat aldı, bir neçə döyüşçünü medallarla təltif etdi. Həmin döyüşçülərin içərisində mən də vardım. Məni igidliyə görə "Azərbaycan Bayrağı" ordeniylə təltif etdi. Bilirsiniz, biz əsgərlərimizlə hər döyüşə qələbə əhvalıyla, sağ qalma ümidiylə girirdik, onları bir komandir kimi döyüşə həvəsləndirirdik. Onlara əsgər kimi yox, qardaş kimi davranırdıq. İndi də mənim əsgərlərimdən Bakıda yaşayanları var, onlarla çox yaxından münasibət saxlayırıq.

- Heç döyüşlərdə ermənilərdən əsir götürmüsünüzmü, onlarla necə rəftar edirdiniz?

- Döyüşlərin birində 18 nəfər əsir götürmüşdük. Amma biz onlardan fərqli olaraq, əsirlərlə yaxşı davranırdıq. Bizim hər bir əsgərimizin cibində Qırmızı Aypara Cəmiyyətinin payladığı kitabçalar vardı, orada əsirlə necə rəftar etmək lazım olduğu yazılmışdı. Bütün əsgərlər də bu qaydaları əzbərdən bilirdi. Onların əsirlərindən soruşanda ki, bura niyə gəlmisiniz, nə uğrunda döyüşürsüz? Deyirdilər ki, bizi silah gücünə döyüşdürürlər, ailələrimizi öldürməklə təhdid edib bizi buraya yollayıblar...

- Siz müharibə zamanı artıq ailəli idiniz. Döyüşə gedəndə hansı hisslər keçirirdiniz? Heç qorxurdunuzmu ki, şəhid ola bilərsiz?

- Bəli, ailəli idim, iki övladım vardı. Amma mənimlə evlənərkən həyat yoldaşım hərbçi oldugumu bilirdi. Biz onunla bu şeyləri razılaşmışdıq, o mənim şəhid ola biləcəyimi də, yaralana biləcəyimi də bilirdi və bunları qəbul edib mənimlə evlənmişdi. Mən ailəmlə fəxr edirəm ki, həmişə məni başa düşüblər. Biz o vaxt dövlət tərəfindən verilən evlərdə qalırdıq, bizə telefon xətləri də çəkmişdilər, ayda bir dəfə ailəmizlə əlaqə saxlayıb, danışırdıq, məktublaşırdıq, mən onlara hər şeyin düzələcəyini, bizim qalib gələrək geri dönəcəyimizi deyirdim. Çox çətin günlər idi, amma hərbçi kimi bunları gözə almışdım. Bəli, belə oldu ki, 1994-cü ildə döyüşdə yaralanıb çox ağır kontuziya aldım. Müalicə götürüb, yenidən orduya geri qayıtdım. 1995-ci ildən 2000-ci ilədək qulluğumu davam etdirdim. Amma sonra özümü pis hiss etməyə başladım, qulağımda əlavə səslər eşidirdim, məni Bakıya hospitala göndərdilər. Orada altı ay müalicədən sonra məni tərxis etdilər. Daha çox qulluq edib rütbəmi yüksəltmək istəyirdim, amma qismət olmadı. 20 il idi ki, qulluq edirdim. Bilirsiniz, bir hərbçi üçün sivil həyatda yaşamaq çox çətindir. Amma çətinliklə də olsa, alışdım. Bu gün yenidən müharibə başlasa, mən müharibəyə öndə gedənlərdən olacağam.

Tarix
2014.11.23 / 10:00
Müəllif
Nihad Cəbrayıl
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla