"Dahilərin qadınları" layihəsində:
Dostoyevskinin həyatı heç də çılğın macəralar və xırda
eşqbazlıq romanlarıyla zəngin deyil: Fyodor Mixayloviç qadınlarla
münasibətdə qorxaq və cəsarətsiz idi. O, məhəbbət və ona meyil edən
tanımadığı gözəl xanımlar haqqında saatlarla danışa bilərdi, ancaq
məsələ gəlib təxəyyülündəki deyil, canlı qadınla görüşə dirənəndə
sıxılır və gülünc vəziyyət alırdı.
"Doğrudur, qadınlara qarşı cəsarətsizəm, onlardan tamamilə
soyumuşam, daha doğrusu, heç vaxt onlara yaxın olmamışam, axı mən
tənhayam... Hətta onlarla necə danışacağımı da bilmirəm", - gənc
ədib yazırdı.
Dostoyevski hətta ilk seksual "təcrübəsini" fahişəxanada
"qazanmışdı". Yazıçı sonralar buna görə özünü dərindən qınayır və
məzəmmət edirdi. O, özünün bütün böyük əsərlərində fədakarlıq və
iztirabla yoğrulmuş məhəbbətin uğursuzluqlarından bəhs ediridi:
təntənə çalan, xoşbəxt və kişisayağı əmin bir sevgini o, təsvir edə
bilmirdi. Onun həyatında çox az qadın vardısa da, yaşadığı
macəralar ehtiras, iztirab və imüdsizliklərlə dolu idi. Lakin bütün
bunlara baxmayaraq, Fyodor Mixayloviçə həyatını onu gerçəkdən sevən
və son nəfəsinədək sadiq olan qadının yanında başa vurmaq səadəti
nəsib oldu.
Ehtiraslı və
zərif
Onun qadına qarşı ilk ciddi və gerçək duyğuları ancaq 33
yaşında, Semipalatinskə sürgün olunan dövrlərdə baş qaldırdı.
Yazıçı burada ərli xanım Mariya Dmitriyevna İsayevaya rast gəlir.
Onun içki düşkünü olan əri xidməti pillələrlə aşağı diyirlənərək
həmin illərdə Semipalatinskinin də yuvarlandığı lap dibdə bənd
almışdı.
Mariya Dmitriyevna orta boylu, arıq, sarışın, gözəl qadın idi.
Ehtiraslı və coşqun xarakterli bu qadının görkəmi olduqca zərif,
bir qədər də xəstəhal idi və bununla da Dostoyevskiyə öz anasını
xatırladırdı. Mariya kifayət qədər məlumatlı, təhsilli, hər şeylə
maraqlanan, dünyagörüşlü və həssas idi.
Üzünün zərifliyi, cisminin incə, ruhunun kimsəsizliyi sanki
insanı ona köməyə qoşmağa, onu bir körpə kimi qorumağa səsləyirdi.
Mariya Dmitriyevna çox əsəbi idi, hətta bəzən əsəbiliyi isteriya
həddinə çatırdı. Ancaq Dostoyevski, xüsusilə də münasibətlərinin
erkən çağlarında onun əhvalının dəyişkənliyində, səsinin
qırılmasında və göz yaşlarında dərin və yüksək hislərin
əlamətlərini görürdü.
Fyodor Mixayloviç dəlicəsinə vurulmuşdu. Bu vaxta qədər onun
rəfiqəsi, sevgilisi və zövcəsi olmamışdı. O, Mariya Dmitriyevnaya
mələk kimi baxırdı. Bu xanımın bədbəxt ailə həyatından doğan mənəvi
iztirabları onun yanında olmaq, ona yardım etmək arzusunu
qarşısıalınmaz bir istəyə çevirirdi.
Mariya Dmitriyevnanın ərinin vəfatından sonra Dostoyevski ona
evlənməyi təklif edir. Onların evliliyi xanım İsayevanın əzablı
çırpıntılarının son həddə çatdığı dönəmlərdə baş tutdu. Hansısa
aydın olmayan səbəbdən Mariya daima Dostoyevskiyə işarə edirdi ki,
onun başqa kişilərlə də münasibəti var, o, seçim edir, Fyodor
Mixayloviçi sevmir...
Yazıçı daim əsəbi gərginlik içərisində idi, çırpınır, əzab,
iztirab çəkirdi. Ancaq axır ki, 1857-ci ildə evlənirlər...
Bu, çox qəribə bir nikah idi. Ər-arvadın əhvalları və arzuları,
demək olar ki, heç vaxt üst-üstə düşmədi. Mariya Dmitriyevnanın
yaratdığı gərgin, əsəbi durumda Dostoyevski özünü daim müqəssir
hesab edirdi. Bu hiss bəzən konsulsiv və xəstə ehtiras, çılğınlıq
burulğanı ilə əvəzlənirdi. Mariya Dmitriyevna isə buna ya qorxu, ya
da soyuqqanlı cavab verirdi. Onların hər ikisi də daimi mübarizədə
bir-birini qıcıqlandırır, işgəncə verir və üzürdülər. Bal ayı
təəssüf və kədər içərisində, nədəsə, o cümlədən seksual həyatda da
üzücü və nəticəsiz harmoniya axtarışı ilə keçir.
Bir müddət sonra cütlük Tverə köçür. Və məhz orada
Dostoyevskinin nikahı tam iflasa uğrayır. Yazıçının öz həyatı var
idi, Mariya Dmitriyevna bu həyata daxil ola bilmədi, onun bura heç
bir aidiyyəti yox idi. Yazıçı gəzir, yazır, jurnal çıxardır, bir
çox şəhərlərdə olur. Və bir dəfə də səfərlərin birindən qayıdarkən
arvadını yataqda görür. O, vərəmə tutulmuşdu. Mariya əzab-əziyyət
içində çırpınırdı. O, 1864-cü il aprelin 15-də huşu-halı tam özündə
ikən, hamıya halallıq verərək sakitcə gözlərini əbədi yumdu.

Feminist qadın
1861-ci ildə, Mariya Dmitriyevnanın ölümünə hələ 3 il qalmış
artıq yazıçı kimi məşhurlaşmış 40 yaşlı Dostoyevski mühazirə
oxuduğu universitetin azad dinləyicisi Appolinariya Suslova ilə
tanış olur. O, Dostoyevskinin ətrafında fırlanır və ona hər cür
yarınmağa çalışırdı. Lakin yazıçı sanki bunu görmürdü. Belə olan
halda Appolinariya ona sevgi məktubu yazmaq qərarına gəlir. Yazıçı
məktubu kağızlarının arasından tapır. Məktub çox sadə, sadəlövh və
poetik yazılmışdı. Ehtimal etmək olardı ki, onu cəsarətsiz, böyük
yazıçının dahiliyindən sanki gözləri tutulmuş gənc qız yazıb.
Mütəəssir olmuş Dostoyevski məktubu oxuyur və tezliklə tarixə
"məhəbbət- nifrət" adıyla düşmüş sevgi romanı yazılmağa başlayır.
Əvvəlcə bu ilişki, görünür, sevgi cütlüyünün hər iki qanadını məhvə
sürükləyən, düşünmək üçün zaman və gücə macal verməyən bir fırtına
kimi başlayır. Lakin zamanla mənzərə dəyişir... Appolinariya özünü
feminist qadın hesab edirdi. O yaşda olan qadınların çoxu kimi
Polina da düşünürdü ki, bir halda ki, o, qadının azadlıq hüququna
dair mülahizələri bölüşür, elə bununla da artıq azad olur və
öz-özlüyündə mövhumat da, çoxəsrlik "ailə" əxlaqı da məhv olur. Çox
tezliklə, bütün nəzəriyyələrin əksinə olaraq, Suslova
Dostoyevskidən "vərəmli arvadından" ayrılmasını tələb edir.
Zövcəsinin ölümündən sonra Dostoyevski Appolinariya Suslovaya
evlənmək təklifi edir, lakin xanım rədd cavabı verir. Və onların
münasibətləri əsəbi, qeyri-aydın, iztirablı bir ilişki kimi
qalmaqda davam edir.
Suslova daim Dostoyevskini laqeydlikdə ittiham edirdi. Fyodor
Mixayloviç onun haqqında belə yazırdı: "Appolinariya xəstə
xudpəsənddir. Eqoizm və özünəvurğunluq onda həddindən artıqdır. O,
insanlardan hər şeyin kamilini tələb edir, azacıq qüsuru belə
bağışlamır, özü isə insanlara qarşı ən cüzi sorumluluqlarını belə
yerinə yetirmirdi".
Macəraları bitəndən sonra Appolinariya Suslova onu gözdən salan
kağızların çoxunu, o cümlədən yazıçının məktublarını da yandırdı.
Beləliklə də onların coşqun münasibətlərinin sirləri tədqiqatçılar
üçün yalnız ehtimallar və gümanlar üçün sönük bir iz qoyaraq tarixə
gömüldü. Tənqidçilər böyük klassikin "iblisanə, məkrli" qadın
obrazlarında - Polina ("Qumarbaz"), Anastasiya Filippovna
("İdiot"), Katerina və Qruşenka ("Karamazov qardaşları")
Appolinariyanın cizgilərini axtarırlar. Artıq Appolinariyadan
ayrılan Dostoyevski yazır: "Mən onu indiyədək sevirəm, çox sevirəm,
ancaq artıq sevmək istəməzdim".
Sonralar Suslova gənc, gələcəyin məşhur filosofu Vasili Rozanova
(Suslovanın 40, Rozanovun isə 24 yaşı var idi) ərə gedir. Onlar bir
neçə dəfə ayrılmalı olurlar, Suslova filosofu da bəs deyincə
əzab-əziyyətlərə məhkum edib, düz 20 il boşanmağa icazə verməyərək
onu zinhara gətirib.

Üçüncü dəfə... – xoşbəxt sonluq
Ancaq Dostoyevskinin taleyində xoşbəxt günlər də var imiş:
stenoqrafist-köçürücü, 1867-ci ildə yazıçının zövcəsi olmuş Anna
Qriqoryevna Snitkina üçün Fyodor Mixayloviç həyatın mənası və
kainatın mərkəzi idi.
Appolinariya Suslova bu barədə heç nə bilmirdi və anın birində
qüssədən, kədərdən, niskildən üzüləndə keçmiş sevgilisinə
uzun-uzadı intim məktub yazaraq darıxdığını söyləyir, səhhətindən,
ətrafındakı insanlardan şikayət edir... Toy səyahəti zamanı Annanın
əlinə keçən bu məktub onun qəlbində qısqanclıq, iztirab və qorxu
qığılcımlarını alovlandırır. "Məktubu oxuyanda elə həyəcanlandım
ki, bilmədim nə edim. Mən tir-tir əsirdim, uçuna-uçuna ağlayırdım.
Qorxurdum ki, köhnə bağlılıq yenilənər və Fedinin mənə olan sevgisi
ötüb keçər. İlahi, belə bir bədbəxtliyi mənə göstərmə!" – Anna
Qriqoryevna keçirdiyi üzüntüləri beləcə kağıza köçürmüşdü. Onun
xatirələrində deyilir ki, Fyodor Mixayloviç Polinanın məktubunu
oxuyanda əlləri əsir, gözləri yaşla dolurdu. Ancaq Polinaya geri
qayıtmaq Dostoyevskinin heç ağlına da gəlmirdi.
Və məhz bu qərar Dostoyevski üçün böyük uğur olur, çünki Anna
Qriqoryevna onun həm dostu, həm ilk oxucusu və tənqidçisi,
məsləhətçisi olur, ömrünün sonunadək hər işdə, hər əməldə yazıçının
qoruyucu mələyinə çevrilir. Yazıçının bütün qohum-qardaşının,
xüsusilə də oğulluğunun (birinci arvadı Mariya İsayevanın oğlu
Paşa) inadla və hər vasitə ilə qarşı çıxdıqları bu birlik Fyodor
Mixayloviçə gündəlik qayğı və ailə həyatının sevgisi ilə
tamamlanmış hüzur və xoşbəxtliyi dadmaq səadəti nəsib etdi. Məişət
məsələlərindən qətiyyən başı çıxmayan, sadəlövh və tez inanan,
istənilən xahişə etirazsız-filansız hay verən Fyodor Mixayloviç
bütün əmlak qayğılarını Anna Qriqoryevnaya həvalə etmişdi. Daha
doğrusu, Anna bu yükü özü boynuna götürmüşdü. Bu fədakar qadın
iradəli xarakteri sayəsində yazıçının həyatında ilk dəfə olaraq
onun ətrafında maddi fivavanlıq da yarada bilmişdi. Annanın
sayəsində Dostoyevski hətta o zamanadək qarşısıalınmaz meyil
duyduğu ruletkadan da xilas ola bilir. O, təmkin və səbrlə dəhşətli
epilepsiya tutmalarında yazıçıya dəstək olur, onun Omskdakı katorqa
işgəncələrində sıradan çıxmış səhhətinin yaxşılaşması üçün inadla
səy göstərirdi. Dostoyevski gözlərini əbədi yumanda Anna
Qriqoryevnanın 35 yaşı var idi. O, ömrünün sonunadək Fyodor
Mixayloviçin muzeyinin təşkili, əsərlərinin nəşri ilə məşğul oldu
və bir daha heç vaxt ərə getmədi.