"Cəbhə xətti" layihəsində
"45 gün sonra Samirin qəbrini açdıranda gözlərimə inanmadım..."
- Foto
Axar.az-ın "Cəbhə xətti" layihəsinin bugünkü qonağı Cəvahir
xanımdır.
Abdullayeva Cəvahir Abdulla qızı. 1960-ci il martın 31-də
Balakən rayonunun Qullar kəndində dünyaya gəlib. Orta təhsilini
Zaqatala rayonu Ortaçardaqlı kəndində alıb, burada boya-başa çatıb.
Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Bakı şəhərinə
gəlib. 1991-ci ildə könüllü olaraq birinci Qarabağ savaşına
yollanıb.
Cəvahir xanımla söhbət etmək maraqlıdır. Zarafatı sevir, yumor
hissi güclüdür. Elə mənim:
- Salam, Cəvahir xanım, necəsiz? - sualıma da zarafatla
cavab verdi:
- Siz yaxşı olun, mən qaymaq kimiyəm.
Çingiz Mustafayevin televiziyadan çağırışı
Onun döyüş yoluna birlikdə yenidən nəzər saldıq.
- Cəvahir birdən-birə kişi kimi savaşa atılmaq ağlına
hardan gəldi?
- 1991-ci il noyabrın 21-də Qarabağ döyüşlərinə qatıldım. Səbəb
isə rəhmətlik Çingiz Mustafayevin televiziyadan bir çağırışı oldu:
"Kim qorxmursa, döyüşmək istəyirsə, Milli Məclisin önünə gəlsin". O
vaxt avtobuslar oradan könüllüləri aparırdı Qarabağa - döyüş
bölgəsinə. Mən də bir vətəndaş kimi orduya - Ağdama yollandım. Bizi
orada özünümüdafiə batalyonunda yerləşdirdilər. Bir həftə təlim
keçdikdən sonra ilk döyüşümüz Xramurd uğrunda oldu. Bu mənim ilk
döyüşüm idi. Olduqca həyəcanlı idim. Sözün düzü, mənə ön cəbhəyə
getməyə izn vermirdilər. Dedilər ki, sən arxada gözlə, ölən,
yaralanan olsa, daşımaga kömək edərsən. Mən isə israrla etriaz
etdim, dedim ki, buraya arxada qalmağa yox, öndə döyüşməyə
gəlmişəm.
Erməninin qulağını kəsib, qoydum cibimə
Səhər tezdən toplarımız atmağa başladı, sonra isə biz hücuma
keçdik. Qızğın döyüşlər gedirdi, çoxlu sayda itkilər verdik, şəhid
olanlar, yaralananlar oldu. İlk döyüşümdə bir erməni vurdum, bir
ermənini də komandirim vurdu. Amma onun ölmədiyini görüb
yaxınlaşdım, dedim ki, Qarabağ kimindi? Dedi, Qarabağ bizimdir, biz
Qarabağı alıb sizi burdan qovacağıq. Elə bil başıma güllə çaxdılar,
dəliyə döndüm, o andaca "Qarabağ bizimdir" deyib, onun qulağını
kəsdim, qoydum cibimə, silahını da götürüb komandirimə təhvil
verdim.
Bizdə bir şair Qəhraman adlı əsgər vardı, yanımdaydı. Mənə bir
şeir yazdı orda. Şeir beləydi:
Ey ellər gözəli, ellər mələyi
İncə məhəbbəti gözlərdə gördüm.
Xalqa şücaəti arzu, diləyi
Ölüm ayağında, sizlərdə gördüm.
Sevdin vətənini sən qarış-qarış
Əhsən hünərinə, əhsən, min alqış
Əbədi məşəl ol, alovlan, alış
Qeyrət simvolunu sizlərdə gördüm.
Bu döyüşdə necə girdin səngərə
Atdığın güllədən düşdü pəncərə.
Düşmən qulagını verdin xəncərə
Həcər surətini gözlərdə gördüm.
Bizim köhnə bir tankımız vardı. Döyüş vaxtı bu tankın gəldiyini
görüb daha da ürəkləndik ki, tank qabaqda, biz də bunun yanında
ata-ata irəli gedəcəyik. Amma təəssüf ki, onu da qumbaraatanla
tırtılından vurdular. Yüngül silahla qaldıq. Ermənilər yuxarıdan
atırdılar. Biz aşağıda idik, yuxarıdan bizi vurmaq asan idi. Sağ
tərəfimdə isə şeiri yazan Qəhrəman vuruşurdu. Onu qarnından
vurdular. Sol tərəfimdə ağdamlı Qarabala ləqəbli bir əsgərimiz
vardı, onu da vurdular. Sağ yanağından güllə girib sol yanağını
parçalayıb çıxdı.
Unutmadığım bir xatirə də var: bizdə iki qardaş döyüşürdü, hər
ikisi şəhid oldu. Nizamini vurdular, qardaşı getdi ki, onu xilas
etsin, onu da orda vurdular.
Qaçırsız, heç olmasa yaralıları da aparın
Artıq səhərdən döyüşürdük, hava qaralırdı, oraları da yaxşı
tanımırdım. Edə biləcəyim tək o idi ki, bizim qaçan əsgərlərə
yalvarırdım: "Qaçırsız, heç olmasa, yaralıları da aparın. Hər kəs
mənim əsir düşdüyümü düşünürmüş. Amma mən tək qaldığım üçün
vurduğumuz ermənilərin üç avtomatını, bir də komandirim Orucun
PK-sını (pulemyot) götürdüm ki, ermənilərə qalmasın. Çətinliklə də
olsa, meşəylə hərbi hissəyə gəldim. Qaqani ləqəbli bir xanım
döyüşçümüz vardı - gördüm ağlayır. Soruşdum ki, bu niyə ağlayır?
Dedilər, sənin əsir düşdüyünü eşidib. Tez yanına gəldim, burda
olduğumu, əsir düşmədiyimi dedim. İnanın, dəhşətli səhnə idi, bunu
ancaq yaşayanlar bilir.
Xəlil Rza Ulutürkün oğulu Təbrizi vurdular
Bir xatirə də danışım: Deməli, biz böyük itkilərlə aldığımız
Xramurd kəndini bilinməyən bir əmrlə boşaltdıq. Amma yanvarın 31-də
bizə yenidən əmir gəldi ki, Xramurdu alıb, oradan da hücuma keçib
Xanabad kəndini azad etməliyik. Təbii ki, bu, sevindirici bir əmr
idi. İstəyirdik ki, hər yeri xilas edək. Bu hücumda Xəlil Rza
Ulutürkün oğulu Təbriz, bir də Mübariz Əhmədov (Milli Qəhrəman)
sağımda-solumda idilər. Biz yenidən Xramurdu aldıq. Leysan adlı
əsgərimiz minaya düşdü, bizi orda satdılar, yenə çoxlu itki verdik,
xeyli irəliləsək də, düşmən güclü texnika ilə qabağımızı kəsib,
bizi mühasirəyə saldı. Təbrizi o döyüşdə gözümün qabağında
vurdular, meyitini götürə bilmədik. Ermənilər bizim yeddi
şəhidimizi, beş yaralımızı apardı ki, bizdə olan əsirləri ilə
dəyişsinlər. Təbrizi başından vurmuşdular. Bizim yaralı əsgərlərin
gözlərini çıxarmışdılar, qulaqlarını, burunlarını kəsmişdilər,
üstlərindən tankla keçib öldürmüşdülər. Bir əsgərimiz tankın içində
yanırdı, tanınmaz halda idi, bu, dəhşətli görüntülər idi.
Bu məqamda Cəvahir xanım hönkürür:
- Bilirsiz, biz düzənlikdə idik, onlarsa yuxarıda. Ona görə biz
daha çox itki verirdik. Amma onları da it kimi qırırdıq.
Dedim ki, bu şəhid olacaq, mən bunu hiss
edirəm
Bir xatirə də danışım: Şuşada Kosalarda bir yüksəklik vardı,
orda döyüş gedirdi. Qax rayonundan 19 yaşlı Sahib adlı əsgərimiz
vardı. Komandirimiz ona dedi ki, sən arxada qal, önə atılma. Bu söz
onun xətrinə dəydi. Dedi ki, mən dağ uşağıyam, bura döyüşməyə
gəlmişəm. Biz döyüşə girəndə bir də baxdıq ki, Sahib özünü bizə
çatdırıb. Mən ona dedim ki, yanımda getmə və kəlimeyi-şəhadətini
de. Elə bil ürəyimə dammışdı, narahat idim. Yanımdakılar dedilər
ki, bu nə sözdür deyirsən? Dedim, bu şəhid olacaq, mən bunu hiss
edirəm. Əslində, sadəcə istəyirdim ki, o, geri dönsün, narahat
idim. Bu döyüşdə bir rabitəçimizi ermənilər tutub pis günə
qoymuşdular; onun dodaqlarını, dilini kəsmişdilər, düşmənə
şifrələri verməyərək udmuşdu. Sahib də döyüşdə vuruldu, onu
hospitala gətirdim. Son sözü bu oldu ki, mən bu hərbi hissədə bir
qızı sevirdim, onunla evlənmək istəyirdim... Onu mən öz əllərimlə
yudum... (yenə də hönkürür).
Mən sonra o qıza onun sözlərini çatdırdım, çox pis oldu. Bu, çox
faciəvi idi.
Yazın, oxucularımız fikir versinlər, onun şəklini çəkmişəm,
meytinin üstündə ata-anası durub baxır. Onu biz Şuşada morqa
qoymuşduq, orada vəziyyət ağır idi. Meyiti aparacağmız tək yol
vardı, o yol da ermənilərin aramsız atəşi altında idi.
Komandirimizdən icazə aldım ki, qorxmuram, izn verin, mən aparım
onu. Qısası, iki qaxlı əsgər verdilər mənə. Şəhidi evinə aparmaq
istəyəndə bizə dedilər ki, burda Moskvanın iki jurnalisti var
"Trud" qəzetindən, onları da Laçına qədər apara bilərəmmi? Gəldik
həmən vurulan tək yoldan keçəndə ermənilər bizi qradla atəşə
tutdular. Mərmi maşnımızın yanına düşdü. Dalğanın təsirindən
jurnalistlərdən birinin başı tabuta çırpılmışdı. Rusca deyinməyə
başladı ki, bizi öldürəcəklər, bu mənə lazım idi, mən burda nə
edirəm axı? Onlara dedim ki, görürsüz, bu əclaflar bizi öz
torpagımızda vururlar.
Şəhidimizi ailəsinə təhvil verəndə anası dedi ki, bu onun oğlu
ola bilməz:
- Onu görsəm, inanacam.
Məcbur olub, meyitin üzünü açdım ki, baxsınlar.
***
Buna bənzər bir dəhşətli hadisə də baş vermişdi. Şəhidimizin
anası oğlunun öldüyünə inanmadıgı üçün onun qəbrini açdırıb anasına
göstərmişdim. Samir adında bir komandir Ağdamda döyüşdə şəhid
olmuşdu. Onu əsgərlər gətirib Bakıya. Anası özündən getdiyi üçün
daha gözləməyib, şəhidimizi Şəhidlər Xiyabanında dəfn etmişdilər.
Anası özünə gələndə dedi ki, oğlum ölməyib, o, Ağdamda döyüşdədir,
mən onu axtarmağa gedirəm. Ananın doğurdan dəli olma həddində
olduğunu görüb çox çətinliklə də olsa qəbri açdırdım. O səhnə
dəhşətli idi! Qəbirə kimsə qorxusundan düşə bilmədi, mən düşdüm və
gözlərimə inanmadım. İnanın, qəbri də özü kimi çox gözəl idi.
Ölümündən 45 gün keçməsinə baxmayaraq, zərrəcə çürüməmişdi. O,
saçını ortadan ayırardı – bir tükü belə tərpənməmişdi, tər-təmiz
idi. Anası oğlunu görüb tanıdı, inandı və Ağdama getmədi. Amma
havalandı, dəli oldu. Arvad hələ də oğlu ilə danışırdı: - Oğlum,
ehtiyatlı ol, səni vurarlar.
Elə bilirdi ki, oğlu ölməyib. Məzardakı qoxu mənim burnumdan
getmirdi. 2 ay heç nə yeyə bilmədim. Sonralar biz Tərtər rayonunda
çoxlu sayda ermənini məhv etdik. Bütün batalyonlar birləşib böyük
hücum əməliyyatları keçirdik, bir neçə kəndi düşməndən azad etdik.
Mən bu əməliyyatlarda bir ermənini tutdum, diri-diri yandırdım.
Sizcə, açılmış qəbirdə o mənzərəni, onun anasının düşdüyü dəli halı
görən adam necə olmalıydı? Təkcə Samirin yox, Şuşada yandırılan
Namiqin intiqamını da alırdım. Onun üstünə benzini tökdüm, ona
"Qarabağ kimindir?" - dedim. "Qarabağ bizimdir, - dedi, - bizim də
olacaq". Mən də od vurub yandırdım onu. Qarabağ deyə-deyə yandı
əclaf.
"Qaqa" deyirdilər mənə
- Cəvahir xanım, siz o qədər kişinin içində iki nəfər
xanım döyüçü idiniz, bu sizin üçün çətin deyildi ki?
- Çox yaxşı sualdır. Bilirsiz, hər şey insanın özündən asılıdır.
Özünü kimə qarşı necə aparırsansa, sənə qarşı da elə münasibət
göstərir. Mən bilirdim orda kimə arxalana bilərəm, kimə arxamı
dayayıb yata bilərəm. Ona görə də bir problem olmurdu. Əslində,
bütün heyət bizə qarşı çox yaxşı davranırdı. Mənə kişi kimi
baxırdılar, "qaqa" deyirdilər mənə.
- Bəs savaş yolu nə vaxt başa çatdı?
- İki dəfə yaralanandan sonra nəhayət, kontuziya aldıgım üçün
1996-cı ildə Ordudan tərxis oldum. Amma mən yaralananda
yaralandığıma dair sənədi almadım. Geri döndükdən sonra döyüşdüyüm
üçün heç bir manat da hökumətimizdən pul almamışam, almıram da.
Yalnız sivil həyatda təqaüdə çıxdığıma görə 130 manat pul alıram.
İnanın, bir həftədir bir sənədi almaq üçün məni süründürlər. Daha
nə deyim, Vətən sag olsun, millətim yaşasın, Qarabağ geri alınsın
ki, biz də öləndə rahat ölək, gözümüz arxada qalmasın. Mən Vətəni
sevirəm, mən türkəm və bunla fəxr edirəm: yaşasın Azərbaycan
xalqı...