Türmə əhvəlatı..
Əllərini başının arxasında daraqlamışdı. Əslində, daraq
əllər başının dik qalmasına kömək edirdi - balış əvəzi idi.
Ayaqlarının isə biri o birinin üstündə idi - qayçı
şəklində.
Mənim "zona" girişimdə dustaq tayfasından ilk olaraq gözümə
görünən bu adam olmuşdu. Daha doğrusu, "voronok"dan düşürülüb, bizə
məlum olmayan yerə aparıldıqda gözlərimə ilişmişdi. Karsın üstü və
ətrafı qalın barmaqlıqlarla çəpərlənmiş gəzinti sahəsinə
aparıldığımızı isə bir neçə dəqiqədən sonra biləcəkdik. 25 nəfər
dustaq idik və onların heç biri ilə tanış deyildim. 1 saata yaxın
birlikdə "voronok"da yoldaşlığımız zamanı gedən söhbətlər isə mənim
üçün hər hansı tanışlıqdan xəbər verə bilməzdi. Sıraya düzülmüşdük.
Hündür ağacın yanından keçəndə bu bədheybəti görmüşdüm Ağacın altı
və ətrafı yamyaşıl otlaq idi. Yuxarıdan qarsalayan günəş şüası bu
yaşıllığa özünü göstərə bilmirdi. Kəndimizdə, həyətimizin
qurtaracağından axan Qarayarçayın sahilindəki çayırlıqda eynən belə
uzanmağım yadıma düşdü? Uzaq uşaqlıq illərimin xatirəsi... Bu
insanda doğmalıq hiss etdim.
Adam türmədə daha kövrək olur; yaddaşı, xatirələri daha çox
vərəqlənir.
Bizi iki nəzarətçi və bir kapitan aparırdı. Kapitanın ağzından
sarımsaq iyinə qarışmış araq qoxusu gəlirdi. Arada gəyirir,
boğazını arıtlayırmış kimi xırıltılı səslə tüpürürdü. Bu səsi də
uşaqlıq yaddaşımın dərin qatından "dartıb çıxardım". Qoyunlarımız
kəpəyə düşəndə, yaxud kəpənək udanda belə "fınxırırdı".
Qeyri-ixtiyari gülümsədim. – Nəyə gülürsən? – kapitanın səsində
qəzəb yox idi, sualının başına ip salmadı, yəni cavabım onun üçün
maraqlı da deyildi, sadəcə, sayıqlığını nümayiş etdirirdi; gözümdən
heç nə yayınmaz.
Kapitan çox səliqəsiz idi. Şalvarının balaqları dabanı yeyilmiş
ayaqqabısının altında toza bulaşıb, köynəyinin yaxalığında kir
adamı "çağırırdı". Amma zarafatcıldır. Hündürdən danışır,
dustaqlara söz atır, əlindəki ittiham vərəqlərindən maddələri
oxuyur və hər maddəyə uyğun da nə isə deyirdi:
- Baho, aranızda rüşvət alanınız da, dövlətin cibinə girib
vergidən yayınanlar da varmış ki...
Kimin hansı maddə ilə həbs olduğunu bir azdan biləcəkdi. O bizi
sayla, adla təhvil almışdı.
Kapitanın söhbətcil olması imkan verdi ki, ağacın altında
yayxanmış adamı göstərib soruşum:
- Cənab kapitan, o, kimdir elə?..
- O... – çevrilib uzanan adama tərəf baxdı, - o sənin... – Hamı
gülüşdü, nəzarətçilər isə reaksiya belə vermədi. Kapitan isə hələ
də təqdimatını edirdi:
- O, heç kimdir. Adı Baltadı.
Sonra ağaca tərəf qışqırdı:
- Adə, Balta, p...un biri, p...x. Dur, rədd ol, yaşıllığı
murdarlama.
Adına Balta deyilən adam ağır-ağır çevrilib səsə tərəf döndü,
kapitanı saymırmış kimi:
- Nədi? Cəhənnəm ol... Alkaşın biri, alkaş.
Kapitan ürəkdən güldü. Sonra yenə də söyüş söydü, nəzarətçilər
başlarını buladı - görünür, kapitanın bu qədər özünü buraxması
ürəklərincə deyildi.
Biz dustaqlar üçün o adamın kimliyi qaranlıq qaldı. Bəlkə də
bəziləri həmin söhbəti unutdular da. Mən unutmadım. Mən
ümumiyyətlə, heç nəyi unutmadım, unuda bilmədim, unuda
bilmirəm...
10-15 dəqiqədən sonra nəzarətçilər bizi yenidən "şmon" etdi.
Onlar "nəyiniz var, stolun üstünə qoyun", - deyib, sonradan özləri
yoxlayırdılar. Cibə "girir", pulların əlimizdən alına biləcəyini
"ürək yanğısı" ilə deyir və hər kəsdən 5 manat tələb edirdilər ki,
pulumuzun olmasını heç kəsə deməsinlər.
Məndən pul almadılar. Heç istəmədilər də... sonradan dostlaşa
bildiyim Aqildən də. Çünki Aqilin qohumu, dəstə rəisi olan mayor
Cavanşir gəlib onu dəstədən ayırmış, üz-üzə olan gəzinti odasına
keçirmişdi. Mən də təklif gözləmədən onun ardınca ora keçmişdim.
Ona görə də biz hər ikimiz "şmon"dan azad olmuşduq...
Karantindən sonra əhlimizin uşaqlarının "zon"un bərkgedənləri
haqda danışıqlarına qulaq asır və gözlərimin önünə hündür ağacın
altında saymazyana uzanan Baltanı gətirirdim. Hər kəsin adını
eşitsəm də, Baltanın adını dilinə gətirən, onun qəhrəmanlığından
bəhs edən yox idi. Axır ki özüm söz saldım:
- Bəs, Balta? O, nə üçün tutulub? O gün kapitanı söydü -
"Depenka" Akifi. Deyəsən o da strimit edir...
Uşaqlar üzümə təəccüblə baxdı. Kəndçim, "Qara kəl" ayamalı
İlyasın hırıltısına qoşulanlar əllərini-əllərinə çırpdılar:
- Qələt edir Balta. Balta ha... o, heç kəlbətin də deyil.
İlyas kimisə hayladı:
- Adə, o Baltaya de, "lişni" onun ... - söyüş söydü.
Balta ilə imkan tapıb söhbət etmək ağlımdan o andaca çıxdı.
Mövzu isə Baltanın üstündə dayandı. İlyas dedi ki, əslində,
Balta pis adam olmayıb, sadəcə, onu "sındırıblar". Amma o öz yerini
bilir. Təmiz oğlanların yanında oturmur, üzdəniraqlardan isə uzaq
qaçır. Ona görə də onu həmişə tək görərsən... "Zon"un çirkli
işlərini görənlərdəndir. Amma tək işləyər. Qarışmaz özünü
buraxanlara...
Bir müddət keçdikdən sonra isə Balta ilə bağlı həqiqətləri
öyrənə bildim. Öyrəndim ki, Aran rayonlarından birindən olan bu
oğlan mal-qarası üçün ot yığarkən kənd sovetinin adamlarının
qəzəbinə düçar olub. Aralarında mübahisə düşüb. Ona əl qaldırıblar,
söyüblər, təhqir ediblər. Baltanın əsəbləri namərdlik edib,
hövsələdən çıxıb, yumruğunu işə salıb. Dövlət nümayəndələrini dəli
inək balasını ağnadığı kimi tapdalayıb. Ürəyi dözməyib, onun
sevdiyi qızın anası haqda xoşagəlməz söz deyən kənd məmurunun
başını murdarlayıb. Ondan şikayət olunub və tutub rayon polisinə
aparıblar.
Polis rəisi onu özü sorğu sual edib. Acılayıb, boyuna-buxununa
baxıb, soruşub:
- Evlisən?
Bu da cavab verir ki, yox.
Rəis gülüb:
- Heç evlənmə də.
Balta səbəbini soruşub:
- Naçannik, niyə evlənməyim?
Rəis də ətrafında olan işçilərinin yanında bir az da yekəxanalıq
edib:
- Evlənsən də, qız uşağı alma. Yazıqdır, arvadın sənə tab
gətirməz, ölər.
Hamı gülüşüb. Rəis bir az da həyasızlıq edib:
- Sən yaxşısı budur, dul arvaddan-zadan al. Təcrübəsi olsun.
Onsuz da səni axtalatdıracam, yanı balalı olsa, daha yaxşı
olar.
Balta bu sözü heysiyyətinə sığışdırmır:
- Nəçənnik, onda belə edək, ananı ver mənə, olsun arvadım, sən
də ol mənim oğlum. Dədə-bala mehriban yaşayaq.
Bax onda Baltanın cinayət işinə daha iki maddə əlavə olunur.
Polisə müqavimət və vəzifəli adamın şəxsiyyətini təhqir etmə.
Üstəlik də dövlət əmlakını talamaqda, ot sahəsinə basqın etməkdə
günahkar bilinmişdi.
Balta 3 maddə ilə cəmi 6 il həbs cəzası alıbmış. Zona gələnə
qədər isə onu Bayılda sındırıblar... Gəzintiyə çıxan zaman korpusun
dəhlizində üstünə bir qab sidik atıblar və o bununla da "murdar
olub". O, içərinin qanunlarına görə, təmiz oğlanlarla ötüb-dura
bilməzdi.
İlyas deyirdi ki, Balta rəisdən şübhələnirr. Çünki o, Bayılda
olarkən rəis haqda bir neçə dəfə ondan soruşan olub. Həm də
dəfələrlə ona fiziki təsir göstərib, zorlamağa cəhd etmək istəsələr
də, Balta yumruqları ilə qara niyyətli adamları yerində oturda
bilibmiş. Onu üzdəniraqların qaldığı kameraya da sala bilməyiblər.
Ayağını yerə dirəyib, qarşısında duran nəzarətçiləri vuracağı ilə
hədələyibmiş. Əslində, nəzarətçilər həm bunu etmək də istəmirmiş.
Türmə rəisi isə ona qarşı olan bu haqsızlığı eşidəndə çox
qəzəblənibmiş. Baltanı təmiz oğlanların kamerasına göndərdib və
işçilərindən hansınısa cəzalandırıb. Lakin onu sidiklə
murdarlamaqla istəklərinə çatıblar.
Baltadan heç xəbərim olmadı. Mən azadlığa çıxanda onu ilk dəfə
gördüyüm ağacın altında oturub, kürəyini ağacın gövdəsinə
söykəmişdi...