"Cəbhə xətti"
layihəsində
Axar.az-ın "Cəbhə xətti" layihəsinin bugünkü qonağı Roza Cabbar
qızı Hacıyevadır.
Roza xanım 1961-ci il sentyabrın 20-də anadan olub. Orta məktəbi
bitirdikdən sonra ailə həyatı qurub. Dörd övlad anasıdır. Həyat
yoldaşını erkən itirib. 1991-ci ildə könüllü olaraq müharibəyə
gedib. Hal-hazırda ağır xəstədir, övladlarıyla birlikdə 9
kv.metrlik evdə yaşayır. Böyük oğlu evlidir, ikinci oğlu isə mədə
ağrılarından əziyyət çəkir. 120 manat təqaüd, döyüşlərdə iştirak
etdiyi üçün 12 manat əlavə alır. Ən böyük istəyi Qarabağın azad
olunması və dövlətdən ev almaqdır.
Roza xanımla onun cəbhə xatirələrini bölüşmək üçün görüşdük.
Əvvəlcə hal-əhval tutdum:
- Salam, Roza xanım, necəsiz?
- Təşəkkür edirəm, amma heç yaxşı deyiləm, gördüyünüz kimi,
xəstəyəm. Nə yaxşı ki, sizin kimi insanlar, jurnalistlər var, bizi
unutmursuz, - deyir və ağlayır.
Sakitləşdirirəm. Onu dünənki, qanlı-qadalı günlərinə
"aparıram":
- 4 uşaq anası ola-ola nə əcəb müharibəyə getməyə qərar
verdiniz?
- Bilirsiz, bütün günü evdə oturub televiziyada o dəhşətli ölüm
xəbərlərini eşitmək mənə rahatlıq vermədi. 1991-ci ildə uşaqlarımı
qayınanama verərək könüllü olaraq Qarabağa yollandım. Məni Beyləqan
rayonunda "Üçüncü sovxoz" deyilən yerə göndərdilər. Amma kazarmada
bir nəfər də olsun mənim qadın olduğumu bilmədi. Papaqla yatırdım,
çox çətin idi. Hər adama güvənmək olmurdu. Komandirimiz ağdamlı
idi. Bir dəfə məni yanına çağırdı. Otaqda başqa komandirlər də
vardı. Otağa daxil olanda mənə dedi ki, papağını çıxar, adam böyük
yanında papağını çıxarar. Çıxarmaq istəmədim. Bu əsnada komandirim
səsimin qadın səsinə oxşadığının fərqinə vardı. Mən o vaxta qədər
onlarla heç danışmırdım da.
Dedi: - Əmr edirəm, çıxar papağı.
Tez papağımı çıxardım. Təəccübləndi. Dedi ki, bəs kazarmada
sənin qadın olmağını bilmirlər? Nə məqsədlə buraya gəlmisən? Dedim
ki, dörd balamı qayınanama verib son damla qanımacan vuruşmağa
gəlmişəm.
Dedi, qızım, sənə halal olsun.
Başsız bədənlər, yanmış meyidlər
Beləliklə, səhəri gün məni gətirdilər cəbhə bölgəsindəki
hospitala. Mən orada yaralananlara yardım etməli idim. İlk yaralını
gördüyümdə isə məni vahimə basdı. Deməli, bir əsgərimizin ayağı
dizindən aşağı qopmuşdu, onun qıçını mişarla kəsdilər, qoydular bir
tasın içinə, mənə dedilər ki, bunu basdıracağıq, apar o biri otağa
qoy. Bu, dəhşətli bir səhnə idi. Bunu ancaq yaşayanlar bilər.
İnanın, həkimlər əsgərin ayagını kəsəndə mişarın səsi elə bil uçan
təyyarənin səsi kimi gəldi mənə. Gah əsgərin ayağının kəsildiyi
yerə, gah da kəsilmiş ayağa baxırdım. Donub qalmışdım. Həkim yaxın
gəldi, mənə sillə vurdu, qışqıraraq "bu, hələ nədir ki, sən başsız
bədənlər, yanmış meyitlər görəcəksən, ayıl, özünə gəl, unutma ki,
biz müharibədəyik". Təəssüf ki, həmin əsgərimiz qan itkisindən
şəhid oldu!
Roza xanım danışığına fasilə verir, ona mane
olmuram, xatirələri ilə baş-başa qoyuram.
Amma anamı görmək istəyirəm
- Bir xatirə danışım sizə, - deyir.
- Danışın, elə biz də sizin xatirələri qələmə almaq
istəyirik.
- Bir dəfə yanımızda, səngərdə duran əsgərimiz peçenye yeyə-yeyə
ayağa durdu, səngərdən çıxmaq istədi. Onu elə peçenye yediyi halda
vurdular. Beynindən süd kimi ağ olan nəsə axırdı, ağzında da
peçenyesi qalmışdı. Çox ağladıq. Dəhşətli mənzərə idi. Artıq son
nəfəsini verirdi. O, su içmək üçün çıxırdı səngərdən. Əclaf
ermənilər hücumda snayperlə ancaq başdan, qaraciyərdən, ürəkdən
vururdu.
Bir dəfə də bir əsgərimizi vurmuşdular. Onun qaraciyəri
parça-parça olmuşdu. Həkim onun ciyərini bir ovuc şəklində
yumrulayıb tikmişdi ki, yaşasın. Əsgər bizə yalvarırdı ki, məni
ölməyə qoymayın. Amma o da yaşamadı. Son sözü isə bu oldu: "Anamı
istəyirəm, canım vətənə fəda olsun, amma anamı görmək
istəyirəm!"
Yenə də gözləri yol çəkir. Baxışları müharibə gedən
yerlərə dikilib sanki, aramla danışır, bu qadın səsi yox, döyüşçü
səsi idi:
Siz türklər…
- Bir xatirə də danışım, Füzulinin Üçtəpə istiqamətində ağır
döyüşlər gedirdi. Ermənilərdə snayper qızlar vardı, çox dəqiq
vururdular. Həmin döyüşlərdən birində biz iki erməni döyüşçüsünü
əsir götürdük. Əclaflardan biri zabit idi, yaralanmışdı. Onu
hospital apardıq. Həkimlərimiz onu norkozsuz əməliyyat etdi. Amma
alçagın tükü də tərpənmədi. İnanın, gözləri canavar gözünə
oxşayırdı, gözümün içinə elə baxırdı ki, mən özüm ondan üşənməyə,
qorxmağa başladım. Boynunda xaç vardı. Cərrah xaçı onun boynundan
qoparıb atanda qışqırdı ki, verin xaçı udum. Sonra qışqırırdı ki,
Qarabağ bizimdir, biz sizi qovub Xəzər dənizinə tökəcəyik. Amma bir
müddətdən sonra həkimlərimizin onu müalicə etdiyini görüb, tamam
dəyişdi, "siz türklər daha insan adamsız, elə bilirdim, sonumdur,
məni öldürəcəksiz. Sizlər yaxşı insanlarsız, ermənilər düz etmir,
birlikdə mehriban yaşaya bilərdik", - dedi. Nə isə, onu müalicə
etdikdən sonra Baş İdarədən gəlib apardılar ki, əsirlərimizlə
dəyişsinlər.
Əsirlərin başını kəsib ağaca taxıblar
Roza xanım müharibənin ağır günlərindən danışmaqdan
yorulmur, mən isə dinləməkdən:
- Bizim əsgərlər döyüşdə iki erməni əsgərini əsir götürdülər,
gözümün önündə onların başını kəsdilər. Bilirsiniz niyə? Çünki
bundan bir müddət öncə onlar bizim əsirlərin başını kəsib ağaca
taxıb havaya qaldırmış, meyitlərlə hörmətsiz davranmışdılar.
Komandirimiz əsgərləri danladı:
- Başa düşürəm, döyüşçü dostlarınızın qisasını almısız, amma
olmaz, bizim ermənilərlə nə fərqimiz oldu? Döyüşlərin birində bir
əsgərimizi elə vurdular ki, onun bütün içalatı yerə töküldü. Onun
ürəyi əlimdə döyünürdü. Ağla-ağlaya əsgərin içalatını içinə yığdım.
Nə qədər gənclərimiz şəhid oldu, şikəst oldular, eh...
Əsir qadınımızı parça-parça edib…
Bir dəfə də novruz bayramı gecəsi idi, səngərdə idik.
Beyləqanlılar bizə bayram sovqatı gətirmişdi. Elə bayram süfrəsinə
oturmaq isdəyirdik ki, ermənilər anidən atmaga başladılar. Bayram
gecəmizi zəhər etdilər, bayramı keçirə bilmədik. Sonra atışma
dayandı. Birdən əsgərlərdən biri dedi ki, qarşıdan ermənilər gəlir.
Biz hazırlaşdıq ki, ataq. Komandir: - Dayanın, atmayın, qoy
yaxınlaşsın, - dedi. Bir də baxdıq ki, bu bir eşşəkdi. Əvvəlcə
yaxınlaşmadıq, düşündük ki, tələ ola bilər, yaxınlaşsaq, partlayış
olar. Nə isə, bir əsgər eşşəyə yaxınlaşdı, dəhşətli bir səslə
aglamağa başladı. Artıq hamımız yaxınlaşdıq. Gördük ki, bir əsir
qadınımızı parça-parça edib, döşlərini eşşəyin sinəsinə, ayaqlarını
eşşəyin qarnına, bədənini quyruq hissəsinə tikiblər. Başını isə
ağaca keçirmişdilər. Biz qadının bədən üzvlərini eşşəkdən ayırdıq,
qutuya qoyub dəfn etmək üçün göndərdik.
Döyüşlərdə iştirakıma görə 12 manat alıram
- Nəhayət, 1993-cü ildə atışmada yaralıları xilas edəndə mən
özüm də yaralandım. Həm də qorxudan astma xəstəsi oldum. Amma
sağalandan sonra yenidən döyüşlərə döndüm. Ayağım yaxşı olmamışdı,
su yığılmışdı. Həkim nə qədər, geri - evə dön desə də, dinləmədim.
Bu gün də iynələrlə yaşayıram. 1995-ci ildə ordudan tərxis oldum.
Dövlətin heç bir imtiyazından yararlanmıram. Qayınanamın sayəsində
yaşamışam, balalarımı bir təhər böyütmüşəm. Hal-hazırda təqüdə
çıxmışam. Amma döyüşlərdə iştirakıma görə 12 manat alıram. Baxın,
belə səhnələr bizi insanlıqdan çıxarırdı. Mən qarşılıqsız
döyüşmüşəm. Bu gün ailəmlə birlikdə 9 kv.m evdə qalıram. İki ogluma
evdə yer olmadığı üçün, kimlərinsə bag evlərində qoruqçu dururlar,
ordada da yaşayırlar. Qızım isə uşaq yaşından işləyib mənə baxır.
Yenə də Vətən sağ olsun, lazım olsam, yenə də ön sırada olacam, -
deyir və hönkü-hönkür aglayır.