"İnsan
taleyi" layihəsində
Xanım əməkdaşımız onun haqqında bəhs etmişdi. Demişdi
ki, 20 Yanvar metrosu tərəfdə kimsəsiz bir qadın var, dilənir. Həm
də şikəstdir, gözləri anadangəlmə kordur. Bir ailədən 3 nəfərin
əlil və dilənçi olması, baxımsız halda yaşamalarını eşitmək mənim
üçün çox ağır idi.
Onunla görüşüb həyat hekayətini yazmaq istəyi yarandı məndə.
Vəzifəli adamlar kimi ancaq söz verirsiz
Dilənçi qadının əməkdaşımıza verdiyi telefon nömrəsinə zəng
edirəm. İkinci çağırışda cavab verir. Səsi aydın, ifadəsi isə
səlisdir. Özümü təqdim edirəm:
- Bizimlə görüşmək istəmisən, - deyirəm.
Yadına salır:
- Hə, gözləyirdim. Fikirləşdim ki, sizlərdə başqa böyük vəzifəli
adamlar kimisiz, ancaq söz verirsiz.
- Bizim elə də vəzifəmiz yoxdur, biz elə sizlərin
dərdini yazmaqla məşğuluq, söz verib əməl etməyənlər
başqalarıdır.
Telefon söhbətimiz çox çəkmir. Razılaşırıq ki, görüşək.
Fotoreportyorumuz İsmi ilə gedirik.
Başı papaqlı kök kişidir, üzü də tüklü
Əvvəlcə ətrafdan müşahidə edirəm. Ağaca söykənib. Sol əlini
irəli uzadıb, sağ əli isə gödəkcəsinin cibindədir. Əl-ayağı
titrəyir. Ovcuna basılan qəpikləri anındaca əynindəki həyatı kimi
bomboz olan gödəkcəsinin cibində yerləşdirir. Verilən sədəqələrə
minnətdarlıq etməyə heyi yoxdur, sanki... Bəlkə səhv salmışam, heç
bu deyil? Yaxınlığında durub baxıram və bayaq danışdığım nömrəyə
zəng edirəm. Telefonun səsi eşidilən kimi gödəkcəsinin cibindən
çıxarır, telefonun ekranına baxır, sonra qulağına aparır:
- Tapmadın? Buradayam da, yaxınlıqda tərəzi də qoyublar, corab
satırlar. Başı papaqlı kök kişidir, üzü də tüklüdür, ondan düz 3-4
metr aralıdayam.
Telefonu söndürüb daha yaxın gəlirəm. Salam verirəm, səsimi
tanıyır. Həmin təmiz səslə:
- Bəs burdasan niyə zəng edirdin?
- Dedim bəlkə sən olmazsan...
Söhbət edirik. Ətrafdan keçən insanlar diqqətlə bizi seyr edir.
Bəziləri mənim danışığıma mane olmasa da, İsmiyə məsləhətlərini
verir, dilənçiyə canıyananlıq edirlər:
- Bunlar yazıq adamdır, şikəstdir, ona kömək etmək
lazımdır, şəklini çəkib bir tikə çörəyindən də
edəcəksiz...
İki qardaşım da şikəstdir
Mən isə dilənçi qadınla söhbət edib, onun həyat hekayəsini
vərəqləyirəm.
- Ağstafa rayonunun Sadaxlı kəndindənəm. Omarova Səadət Lətif
qızı. 1968-ci ildə anadan olmuşam.
Dediyinə görə, kor doğulub. Gün işığına həsrət qalıb:
- Məndən başqa iki qardaşım da şikəstdir. Gözləri görmür. Onlar
da dilənir.
Qısaca həyat tarixçəsini danışır. Rayonda dolanışığın çətin
olmasından danışır və Bakıya gəlib dilənməklə başlarını
dolandırdığını deyir.
- Bakıya nə vaxt gəlmisiz?- soruşuram.
- Beş il olar. Rayonda dolanışıq çox pisdir. Qala bilmədik.
Səadət deyir ki, Hökməlidə kirayə tutduqları evdə qalırlar.
- Ayda 150 manat ödəyirik. Evin ağırlığı əsasən mənim
çiyinlərimə düşüb. Qardaşlarım da dilənir. Amma onlar çox vaxt evdə
olurlar, axı xəstədirlər.
- Burada çətindirmi sənə?
-Harada, - deyir və əli ilə ətrafa işarə edir, - burda?
- Hə...
- Yox. Camaat sağ olsun, dolandırır.
Mənə ev versinlər
Arzularını soruşmaq, könül dünyasına baş vurmaq istəyirəm.
- Səadət, ən çox nə istəyirsən?
- Heç nə istəmirəm. Təkcə onu istəyirəm ki, mənə ev versinlər.
Rayonda şəhid ailələrə ev verdilər, amma əlillərə yox. Çətindir. 67
manat təqaüd alırıq. Qardaşlarım da mən də... İnan. Mənə kömək
edin..
- Ay Səadət, gözlərin doğurdan görmür, ya yalandan
qıyırsan?
- Allah haqqı, görmür.
- Amma telefona baxdın bayaq.
- Yox, baxmadım... görmürəm. Qardaşlarım da görmür.
- Amma bayaq dedin ki, başı papaqlı, üzü tüklü kişi.
Haradan bildin üzü tüklüdür?
Səadət dinmir. Eləcə, ovcuna qoyulan qəpiklərin cibinə
ötürülməsi ilə məşğuldur. Yenə də söhbətə tuturam.
O qıza da dedim ki
- Deyirsən, daima burda olursan, bəs səni incidən,
"burda durma" deyən olurmu?
- Yox, olmur. Mən o qıza da dedim ki, gəlin mənə kömək edin.
Hamını göndərirlər Almaniyaya, gözləri açılır, bizi isə
göndərmirlər. Dünya işığına həsrət qalmışıq. Bizi bura gətirirlər,
sonra da aparırlar.
- Kim gətirir? Sonra hara aparırlar?
- Bacım qızı gətirir. 5-ci sinifdə oxuyur. Dərsə getmir. Onu
Rayondan bacımdan alıb gətirmişik ki, bizə baxsın. Səhər gətirir
yerləşdirir, axşam isə aparır. Adı Günəşdir, bacım qızına rəhmətlik
anamın adını qoymuşuq...
Sən bu sualları mənə verincə
- Yuxu görürsən heç?
- Yuxu? Hə görürəm, elə-belə yuxular görürəm. Sən bu sualları
mənə verincə kömək elə...
Ovcuna manatlıq qoyuram. Manatı qəpiklər olan cibinə deyil,
qoynuna qoyur.
- Belə kömək yox e... de, bizə ev versinlər...
- Anan yadına gəlir?
- Hə, gəlir. Anam yaraşıqlı qadın idi. Uzun hörükləri, qara,
böyük gözləri vardı. Amma bizim gözlərimiz əvvəldən belədi.
- Sən ananı yuxuda görmüsən elə?
- Yuxuda da görmüşəm, həyatda da anam gözəl idi.
- Heç anana acığın tutub?
- Niyə acığım tutsun ki?
Sifəti donuqdur. Bəzən suallarımdan sifətinin cizgiləri
dəyişilir. Gözləri isə sanki bir birinə kleylə yapışdırılıb.
Kirpikləri seyrək və hərəkətsizdir - göz qapaqlarını çəpərləməkdən
başqa bir işi yoxdu. Bu sualıma da sifətinin cizgilərində təəccüb
vardı.
- Yəni səni niyə şikəst doğdu...
- O istəməzdi ki, biz şikəst olaq.
- Ürəyindən nə keçir?
- Heç nə... istəyirəm ki, Bakıda da evimiz olsun. Hökumət mənə
ev versin. Mən qaraçı deyiləm ki, öz millətimizdənəm.
Gəlinlik paltarı geyinmək istərdim
- Bax, qızlar keçir burdan, sənə pul verirlər, qəşəng,
yaraşıqlı... Heç istərdinmi onlar kimi gözəl olasan?
- İstərdim. Amma mənim bəxtim belədir də...Taleyim belə yazılıb,
Allaha qurban olum.
- Gəlin düşəsən...
- Hə, gəlinlik paltarı geyinmək istərdim. Kim istəməz ki?.. –
sifətinə təbəssüm çökür, xoşbəxt bir ifadə yayılır, səsi də dəyişir
elə bil: - Gəlin olardım, toyum olardı, mənə də deyərdilər,
getdiyin yerdən yarıyasan, bacıma elə demişdilər.
- Bacın getdiyin yerdən yarıdı?
- Nə də olmasa ailəsi uşaqları var. Qızını verib bizə,
qulluğumuzda durur. Amma indi tək istədiyimiz odur ki, hökumət bizə
ev versin, təqaüdümüzü qaldırsın. 67 manata dolanmaq olmur.
Camaatın da imkanı olmur, yenə də sağ olsunlar, pul verirlər.
- Səadət, kimlər daha çox pul qoyur ovcuna, kasıblar,
yoxsa varlılar?
- Varlılar öz maşınlarında gedib gəlir. Kasıbı kasıblar başa
düşər... Mən heç nə istəmirəm, kömək edin mənə. Bəs sizin o qız
dedi ki, gəlib mənə kömək edəcəksiz?
Qaranlığın da nə rəngdə olmasını bilmirəm
- Hə, deyib, bizim də köməyimiz elə budur da... sizin
səsinizi eşitdirək kiməsə... Səadət, sənin üçün dünyada neçə rəng
var?
- Dünyada rəng çoxdur. Mənim üçünsə rəng yoxdur. Axı heç nə
görmürəm. Qaranlığın da nə rəngdə olduğunu bilmirəm, düzdür qara
olmalıdır. Mən ağ rəngi istəyirəm?
- Ağ rəng necə olur?
-Ağ olur da ağ rəng. Gəlinlik paltarı kimi...
- Səadət, sizi qovmurlar ki, buradan?
- Yox, qaraçıları qovurlar. Əvvəllər polislər qovurdu, amma indi
göz yumurlar...
- Polislər necə yumur gözlərini?
- Gözlərini yəqin ki, belə yumurlar, - deyib kirpiklərini
bir-birinə sıxır, - gülümsəyir, sonra əlavə edir, - yəni bizə
toxunmurlar... Mənim qardaşımın adı Həmzədir, 1972-ci il
təvəllüdlüdür. Nömrəni verəcəm ona, sənə zəng vursun.
Razılaşıram. Redaksiyaya çatanda Həmzə zəng edir. Bacısı etdiyi
xahişi təkrarlayır:
- Bizə ev versinlər, hörmətlərini də edərik. Qara günümüzə bir
az da pul yığmışıq.
Həmzə söhbət zamanı ailəli olduğunu deyir:
- Bir qızım var, 2-ci sinifdə oxuyur. Əlaçıdır. Abşeronda qəsəbə
var, adı Levkalandır.
- Necə? - birinci dəfə idi eşidirdim.
- Levkalan qəsəbəsi, Müşfiq qəsəbəsindən bəridir. Qızım orada
oxuyur. Özüm isə dilənirəm. Gözlərim görmür, iş tapa bilmirəm,
evimiz də yoxdur.
Gözlərimlə gördüm
- Bayaq dedin ki, qara gün üçün pul toplamısan, ver,
torpaq al da. Ev tikərsən.
- Hökumət ev verməsə, gərək elə edəm. Burada bir yer vardı,
baxmışdım, xoşum da gəldi, həyətdə ağac, su, hasarın içində.
Qiyməti bahadır, baxım da...
- Özün öz gözlərinlə gördün? Babat
həyətdimi?
- Hə, normaldır. Gördüm ağacları saydım da. Meyvə verən
ağaclardı...
- Bəs indi hardasan, ay Həmzə?
- 20 Yanvar tərəfdəyəm də, dilənirəm. Gözlərim görmür, bacım
qızı gətirib bizi bura qoyub getdi, saat-3-4 də gəlib
aparacaq...
Sağollaşıram. Mən də oxucu, sənin kimi iki fikrin arasında
qalmışam, bu Həmzə görür, yoxsa yox?!