"Qoşa həyat" layihəsində
Onunla söhbət etmək istəyimin kökündə özünəməxsusluğu dayanırdı.
Teatrda, televiziya tamaşalarında oynadığı rollar əsl sənətkar
fədailiyinin göstəricisidir desək, yanılmarıq. Eşitdiyimə görə,
həyatda da öz orijinallığı ilə seçilir. Elə bu səmimi reallıqları
nəzərə alaraq, "Qoşa həyat" adlı yeni layihəmizin
suallarını cavablandırır Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının aktyoru, xalq artisti Ağaxan Salmanlı.
- Ağaxan müəllim, necəsiz?
- Təşəkkür edirəm. Halımı xəbər alırsan, bəlkə sağlamlığımdan
narahatsan? Yaşım artıq 74-ə meyillidir. Problem yoxdur, dizlərimdə
cüzi nəsə var, o da bu yaş üçün heç nə deməkdir.
- Uzun müddətdir teatrdasınız. Özünüzü harada daha yaxşı
hiss edirsiz: səhnədə, yoxsa tamaşaçıların arasında?
- Teatr bir xəlitədir. Bir çox komponentləri özündə ehtiva edir,
o cümlədən tamaşaçıları da... Burada aktyoru tamaşaçısız, geyimsiz,
qrimsiz, səhnəni aktyorsuz, işıqsız, musiqisiz, rejissorsuz,
rejissoru dramaturqsuz, rəssamsız, aktyorsuz, tamaşanı isə
tamaşaçısız heç cür təsəvvür etmək mümkün deyil. Bu birgə
yaradıcılıq teatr deməkdir. Bu birliyə nail olanda özümü əla hiss
edirəm.
Aktyor rola hamilə qalır
- Bəs evdə necə, teatrla bağlı hər hansı fikir, düşüncə
sizi rahatsız etmir ki!
- Belə deyirlər, həm də təcrübəm təsdiqləyir ki, aktyor rola
hamilə qalır. Əgər sevdiyi roldursa, dünyaya sevimli uşaq gətirir.
Yox, əgər özünü zorlayıb, istəmədən, iş borcu kimi onu araya
gətirirsə və yaradıcı prosesdə rola qarşı sevgi oyanmırsa, təbii
ki, bəzi çatışmazlıqlar olur. Lakin aktyor obrazını tamaşaçıya
təqdim edənə qədər hər yerdə onunla birgə gəzir.
- Müxtəlif rollarda oynamısınız. Səhv etmirəmsə, Ofeliya
xanımla tərəf müqabili olub, "Mani-mani feliçita" oxuyub tamaşaçı
rəğbəti qazanmısınız. Evdə xanımınız səhnədəki isti münasibətlərə
görə sizi qısqanmayıb?
- Qısqanclıq bizim evdə arxaik bir məsələdir. Bizdə əsası
olmayan yersiz ittihamlara gerilik, ağılsızlıq kimi baxılıb.
"Mənə deyən gərək, ay, eşşş....məbığ"
- Bəzən hər hansı tipaja görə aktyorun sözləri dillər
əzbəri olur. Aktyor improvizələr edib rola rəngarənglik gətirir.
Sizdə necə, belə hallar olubmu?
- Zaman-zaman olub... Teatr canlı sənətdir, qlobus fırlandıqca,
deyilənlər unudulur, yeniləri gündəmə gəlir. Bu improvizələrim,
təhkiyə kəlamlarım olub - "Fundamentin olsun, al…", "Mənə deyən
gərək, ay, eşşş....məbığ", "Ə, bu millət deyəndi də!", "Mne eto
nado?!", "Mani-mani feliçita".
Burnu xortumlu, gözləri siçana bənzər
- Ağaxan müəllim, bəs hər hansı bir rolunuza görə sizi
qınayan olubmu?
- Qınamaq məsələsi belədir; yaradıcılıqda hərənin öz yanaşması,
öz görümü var. Bir hadisə birinə ibrətamiz , o birisinə ədəbsiz,
bir başqasına gülməli gələ bilər. Əsas qınaqlar arabir olanda da,
mütləq fikirləşib düzgün nəticə çıxarmağı bacarmaq zəruridir. Yoxsa
obraz əcaib bir şeyə oxşayar – burnu xortumlu, bədəni timsah,
ayaqları at, gözləri siçana bənzəyən mutant bir varlıq.
"Mne eto nado?!"
- Uşaqlarınız heç sizə görə sıxılıbmı? Məsələn, "gərək
bu rolu oynamayaydınız, bizə sinif yoldaşlarımız lağ edir" və
sair…
- Sıxıntı verən elə bir rolum olmayıb, lakin bir məqam var o da
bəzən düzgün başa düşülmür. Məsələn, "Ordan-burdan" televiziya
tamaşası - tamaşaçılar bəzən onu birmənalı qarşılamırlar. Onu da
deyim, sənətdə sözaltı mənalar bolluğu yarananda daha ləzzətli
olur. Oynadığım Doktor Bayram qapının deşiyindən baxıb görür ki,
Dumaya deputat seçilmək arzusunda olan neftxudanın bir arvadı
burada, o birisi də beş uşaqla dəhlizdə durub. Bu iki faktın ağanın
gələcək karyerasına vuracağı zərər göz qabağındadır, dözməyib
deyir: "Bir arvadın orada, bu birisi dəhlizdə, mən də burada, mne
eto nado?!" Təbii ki, Doktor Bayram həm də öz karyerasını düşünərək
deyir bunu. Bəzən bunun başqa yozumunu tapanlar da olur.
- Ümumiyyətlə, səhnədən kənar hansı işlə məşğul ola
bilərdiniz?
- Çox işlə. Gənclik vaxtlarımda mühasib işləmişəm. Fars və ərəb
tərkibli sözlərin mənasını lüğətsiz çevirmək bacarığım var. Evdə
xarratlıqdan tutmuş, çilingərlik, dərzilik, tikinti, rəngsazlıq və
sairə işlərin öhdəsindən məharətlə gəlirəm. Belə, necədü?!
- Heç evdə, ailədə aktyorluğunuz işə
yarayıbmı?
- Yox. Səhnədən kənar səhnəm olmayıb, yoxdur, bacarmaram da.
- Fəxri adlar məsələsi.... Bu sizi qıcıqlandırmır
ki?
- Hər dövrün öz tələbləri var. Bu günün tələbləri keçmişdəki
kimi deyil. Ona görə də heç təəccüblənməyə dəyməz. Ancaq ola bilər
ki, heç yerdə tanınmayan gənc bir aktyor sabah elə bir möhtəşəm
uğura imza atsın ki: Milli Qəhrəmanlarımızdan birinin rolunu
yaratsın, Mehdi Hüseynzadə səviyyədə, yaxud ondan da artıq ,
məsələn, Mübariz İbrahimovun obrazını yaratsın, ümumxalq sevgisini
bir anda qazanıb xalq artisti adına layiq görülsün. Buna yalnız
alqış düşür, nə paxıllıq?!
İctimai həyatım bir başqa, şəxsi həyatım
isə...
- Gəncliyə qayğınız hiss olunur, bəs bugünkü gənclik
sizi qane edirmi? Davranışları, böyük-kiçik yeri bilmərləri və
sair...
- Çox vaxt qane etmir. İstedadı təbiət verir, o, Allahdan gələn
paydır. Gənc isə savadlı, intizamlı, zəhmətsevər olmalıdır. Çox
vaxt istedad tənbəllik üzündən məhv olub batır, heç yana
çıxmır.
- Ağaxan müəllim, 74 yaşın həndəvərindəsiniz, Həyat,
ailə təcrübəniz yetərincədir. Özünüzü yaxşı ata kimi görürsünüz,
yoxsa yaxşı baba kimi?
- İctimai həyatım bir başqa, şəxsi həyatım isə tam mənasında
ailəmə bağlıdır – iki övladıma, iki övlad qədər dəyərləndirdiyim
gəlinlərə, dörd nəvəmə və xanımıma həsr edilib.
Həmin adamı yerində oturdaram
- Bəzən olur ki, hansısa məmur tabeçiliyində olanı yola
vermir. Bəs sizin teatrda necə, rəhbərlik aktyora yuxarıdan aşağa
baxmır ki? Belə hallarda nəyə heyfsilənirsiniz?
- Mənə heç kəs yuxarıdan aşağı baxa bilməz. O saat həmin adamı
yerində oturdaram, dəqiqəsinə söz var. Bir də belə iş ola bilməz,
əksəriyyəti öz yetişdirmələrimdir. Gözümün qabağında, qayğımla
böyüyənlərdir.
- "Yerində oturdaram" dediniz. Bəs sizcə, yerində
olmayan adam çoxdurmu?
- Bəli, çox təəssüf ki, çoxdur... Aldığı ixtisası atıb, ekrana,
incəsənətin müxtəlif sahələrinə soxulanlar peşəkar olana qədər
xalqın başında dəlləklik edirlər. "Çörəyi çörəkçiyə verərlər".
Mənim işlədiyim Gənc Tamaşaçılar Teatrında belə hal yoxdur. Orada
yalnız ali məktəb keçmişlərə yol açıqdır.
Kim ondan qaça bilib ki, mən də qaçım
- Bəs siz necə, teatrda layiq olduğunuz yerdəsiniz?
Layiq olduğunuz yerlərə qalxmaq üçün maneələrlə
qarşılaşmısınız?
- Layiq olduğun yerə qalxmaqçün zəhmət, intizam, savad, Allah
vergisi olmalıdır. Mən belə bir yol keçmişəm. Bu yolda çətinlikləri
dəf etmək üçün də dediyim keyfiyyətlər gərəkdir.
- Ənənəvi sual: yenidən doğulsaydınız, yenəmi aktyor
olardız? Əgər cavabınız "yox" olacaqsa, deyin, niyə?
- Bu sualı hamı sonda verir. Əgər bu taledirsə, kim ondan qaça
bilib ki, mən də qaçım?! Bu qədər yaşadım, rollar oynadım... Bunu
bacardım mən.