Bu dəfə "Cəbhə xətti"mizdə Mehdi Məcid oğlu
Qasımovdur.
O, 1963-cü ildə Qubadlı rayonunun Acılı kəndində anadan olub.
1985-ci ildə böyüyüb boya-başa çatdığı doğma kəndindən Sovet
ordusuna hərbi xidmətə yollanıb. Sonra birinci Qarabağ döyüşünə
kimi Sumqayıtda zavodların birində çalışıb. Qarabağ döyüşlərinə
1992-ci ilin fevral ayından qatılıb. Evlidir, üç övladı var.
Olduqca maraqlı bir insan. Döyüş qəhrəmanı. Yarımçıq qalmış
savaşın qalib əsgəri... Müsahibə öncəsi etdiyimiz tanışlıq söhbəti
bu sözləri heç bir tərəddüdsüz və pafossuz şəkildə deməyə əsas
verdi... Müsahibə verməyə razı deyildi. Qürurlu əsgər: "Hələlik
məğlubuq. Torpaqlarımızın 20%-i işğal altındadır. Qarabağ geri
alınmadan nə söhbət edə bilərik?!" Gözdə kədər, əsəbi baxışlar...
Damağında siqaret, ürəyində arzuları alovlandırıb suallarımızı
cavablandırır qoca zabit...
- Mehdi bəy, döyüşlərə öz istəyinizlə
getdiniz?
- Bəli, öz istəyimlə getdim. Əvvəl hərbi komissarlığa müraciət
edib, döyüşlərdə iştirak etmək istəyimi dilə gətirdim. Amma o
vaxtlar 3 övladı olanı müharibəyə aparmırdılar deyə, məni də qəbul
etmədilər. Baxdım ki, belə olmayacaq... 1992-ci ilin fevral ayında
öz istəyimlə Şuşa könüllülər batalyonuna qoşulub döyüşlərə
qatıldım.
Öncə vətən, sonra ailə
- Axı siz ailəli idiniz, üç övladınız vardı. Ailənizdən,
övladlarınızdan ayrı qalmaq sizə çətin deyildimi? Düşünürdünüzmü,
şəhid olsanız, onların halı necə olacaq?
- Əlbəttə, düşünürdüm. Amma mənim yeddi sülaləmin məzarı
Qarabağdadır. Ora mənim yaşam səbəbimdir. Mən öncə vətən, torpaq
dedim, sonra ailə. Ailəm mənsiz də yaşaya bilərdi, amma vətənsiz
heç cürə. Peşman deyiləm. Sabah döyüş əmri verilsə, yenə bu yaşımda
öz başımın dəstəsi ilə ordayam, inanın, bu belədir.
- İstərdik bizə ilk döyüşünüz haqqında və ümumiyyətlə o
illərdən yadda qalan xatirələrinizi danışasınız...
- Əvvəla, bizi unutmadığınız üçün sizə təşəkkür edirəm. Vallah,
bizi nə yada salan var, nə də axtaran. Amm Axar.az saytının bu
layihəsi mənim çox xoşuma gəldi. Hətta kövrəldim desəm, yanılmaram.
Qısacası, bizi yaşadan mənəvi dəstəkdir. Maddiyyat önəmli deyil
əslində.
İlk döyüşüm Kosalarda olub. Dəhşətli döyüşlər idi... qan su
yerinə axdı. Mənim üçün bunları danışmaq çox çətindir. Orada biz
əsl qəhrəmanlarımızı, igidlərimizi şəhid verdik! Mən kəşfiyyat
qrupunda olduğum üçün sizə hər şeyi, hücum əməliyyatlarını bütün
çılpaqlığıyla danışa bilməyəcəm. Döyüşə, hücuma hazır idik,
tanklarımız, PDM-lərimiz vardı. Necə lazımdır, döyüşdük. Yüksəkliyi
aldıq. Uğurlu əməlliyyat oldu.
İndi onu axtarıram, tapa
bilmirəm
Bir xatirəmi də danışım. Sırxavənd deyilən yerdə də döyüşlərimiz
olub. Orada rəhmətlik Nəzər vardı, İbrahim vardı, hazırda bir qolu
işləmir, amma yaşayır, bakılı Elman vardı... onlar əsl qəhrəman
idilər. Mən komandir müavini idim. Amma bizdə belə bir xüsusiyyət
var idi, mən özüm uşaqlara deyirdim ki, məsələn, "nə olsun mən
komandirəm, əgər mənim səhv dediyim nə isə varsa, siz ona əməl
etmək məcburiyyətində deyilsiniz, biz hər şeyi birlikdə
məsləhətləşməliyik". Orada 20 nəfər var idisə, hamısı həm komandir,
həm də sadə əsgər idi. Bir Sergey vardı. İrkutskdan gəlib bizimlə
birlikdə döyüşürdü. Çox böyük qəhrəmanlıqlar edirdi... indi onu
axtarıram, tapa bilmirəm.
Günlərin bir günü əməliyyata getmişdik. Bir tikili var idi,
çıxmışdıq damına. Təsəvvür edin, aşağada da ermənilər yeyib, içib
oynayırdılar. Bizdə də bir qardaşı şəhid olmuş Komissar Katani
ləqəbli əsgər var idi. Onu əməliyyata çox aparmırdıq. Bu dəfə dedi
ki, mən də gedirəm, nə etdiksə, fikrindən daşındıra bilmədik. Bunu
da özümüzlə apardıq, amma maşında gözlədib dedik ki, burda qal, biz
bir az fırlanaq, gələk. Nə isə... gedib kəndi gəzdik. Qayıdanda
durbinlə baxıb gördük ki, bir snayper bizi nişan alıb. Elə bil bir
saniyə dayansaq, bizi vuracaq. İşimizi gördükdən sonra dərə ilə
qayıdıb onun yanına gəldik. Görürdük ki, bu elə bilib biz
erməniyik, istəyib bizi vursun. Xülasə, qayıtdıq. Onu aldadıb
getdiyimizi başa düşüb bizi söyməyə başladı. Bax bu, unuda
bilmədiyim xatirələrdən biri idi.
Bu da bir xatirədir: Sevda adlı bir döyüşçü xanım var idi. Şəhid
olan əsgərimizi evinə təhvil verməyə gedəndə onu o qədər
döymüşdülər ki, bir həftə xəstə yatdı. Amma bizim batalyon yeganə
idi ki, öz şəhidimizi özümüz aparıb evinə təhvil verirdik. Bizdə
birlik var idi. Şəhidimizin ailəsinə həmişə əl tuturduq. İndi də bu
belədir, inanın.
Əlim əsdi, ata bilmədim
Bir xatirədə belə oldu. Sumqayıtdan Nail adlı bir əsgərimiz var
idi. Bizə patron, mərmi daşıyanda minaya düşüb şəhid oldu. Onun
atası 17-ci mikrorayonda müəllim işləyirdi. Meyitini mən apardım.
Məzarı başında atası elə ah-nalə çəkirdi ki... Onun yaşı sayında -
22 patronu hazır qoymuşdum atım, amma... neçə il avtomatla yatıb
qalxdığıma baxmayaraq, əlim əsdi, ata bilmədim. Bunu heç vaxt unuda
bilmərəm. (Kövrəlir, gözləri dolur. - N.C.) İndi bizi qınayırlar,
deyirlər ki, nə etmisiniz ki, orda?.. Düşünmürlər ki, biz
olmasaydıq, erməni indi Bakıda oturmuşdu. Biz hər saniyə
döyüşürdük. Amma nə olsun ki, içimizdəki satqınlar, qorxaqlar bizi
erməniyə həm qırdırdı, həm də məğlub vəziyyətə saldı. Amma Allaha
şükürlər olsun ki, ordumuz artıq çox güclüdür və bu gün döyüş əmri
verilsə, biz Azərbaycan bayrağını İrəvana sancarıq.
Balalarım yetim qaldı
Əzizağa adlı döyüşçümüz vardı. Bir gün onlar ağacın altında
mövqe tutmuşdular. Erməni tankı ağacı necə vurmuşdusa, qarağacın
böyük bir budağı onun qarnına girmişdi, yanındakı əsgərin də
ayaqlarını sındırmışdı. Həmin an mən betonun içində idim,
düşünürdüm vura bilməzlər. Məmmədin səsinə dönüb baxanda gördüm ki,
ağaclar onları tikə-tikə edib. İstədim ayağımı atıb çölə çıxım...
bir ayağım yerə çatmadı. Mən də dəlik-deşik olubmuşam. Ardını
xatırlamıram. Tək xatırladığım rusca dediyim bu cümlədir:
"Balalarım yetim qaldı".
Kömək gəlmədi
Bir dəfə də belə oldu. Dostumuzu tank vurmuşdu. Biz onu uzun
vaxtdan sonra tapdıq. Tanınacaq halda deyildi, sadəcə, evinin
açarıyla tanıdıq. (Göz yaşı içində bir siqaret də yandırır...) Hər
şey gözümün önündədir. Alman-sovet müharibələrində çəkilmiş
filmlərdəki kimi hamımız eyni anda hücuma keçdik, son nöqtəyə qədər
ata-ata getdik, heç kim geri çəkilmədi. Həmin əməliyyat uğurlu
olmuşdu, xeyli erməni qırmışdıq. İnanın, onlar fermada
gizlənmişdilər, çıxanı vururduq. Bayaq haqqında danışdığım Sergey
erməni səngərinin düz içini nişan alıb vururdu, elə qəhrəman idi. O
döyüşdə 6 nəfər şəhid verdik. O qədər vuruşduq, arxadan kömək
gəlmədi, bütün əziyyətimiz boşa çıxdı. Tankçıya "niyə atmırsan"
deyəndə də deyirdi ki, bizə əmr gəlməyib.
Hamımız şəhid
olacaqdıq...
- Bu qədər qan görən əsgərlərin bir-biri ilə zarafatı da
olurdumu?
- Bir gün Xoramurddayıq. Uşaqlar bizə yemək gətirmişdilər.
Gecəymiş, erməni başlayıb atmağa, bizimkilər də işıqları
söndürdüklərinə görə, bilməyib bir-birilərini arxadan vururlar.
Dostlardan birinin ayağı ilişir, çıxa bilmir. O biri dostumuz buna
zarafat etmək üçün deyib ki, bu dəqiqə ayağını ordan çıxarmasan
ikimizi də partladacam... gözünə döndüyüm əsgər ordan necə çıxıbsa,
heç özü də bilməyib. Bax, belə qanın-qadının içində zarafatlar da
az olmayıb...
Cavanşir adında dostumuz vardı. Erməni postuna əməliyyata
getmişdik. Gördük ki, ermənilər hər yeri məftillə minalayıblar,
keçmək mümkün deyil. Ancaq bu Cavanşir həyatını dostlarına görə
təhlükəyə ataraq əlləriylə o məftilləri tutdu "kəsin" dedi və bütün
uşaqların həyatını xilas elədi. Əgər ayağımız o məftillərə dəysəydi
hamımız şəhid olacaqdıq.
Bir bakılı dostumuz da vardı. Güllə boynundan dəymişdi. Şəhid
oldu. Bir də ağdamlı Yelmar. Ağacın başından beşaçılanla atırdı,
Allah rəhmət eləsin. Bizə qarşı o qədər vəhşilik görürdük ki,
adamda az qala insanlıq qalmırdı. Həmin döyüşdə erməniləri qırdıq.
Sağ qalan bir erməni su istəmişdi, uşaqlar da onun ağzına daş soxub
demişdilər ki, al, bu da sənə Azərbaycan torpağı, daşı. Son döyüşdə
mən yaralandım, hospitala gətirdilər. Tərxis oldum. Mülki həyatda
ailəmi fəhləliklə dolandırdım. İndi Prezident təqaüdü alıram,
pensiya alıram.
Hər şeyimiz vətənə qurban olsun... Sizə də bir daha təşəkkür
edirəm. Bu gün sizi görüb yenidən ümidləndim ki, bu xalq bizi
unutmayıb.