Professor Aydın
Dadaşovun açıq dərsi...
Zəhmətin becərdiyi qızılgül
23 fevral 1944-ci ildə, müharibənin qızğın çağında işğalçı alman
ordusuna rəğbətdə günahlandırılan çeçen-inquşların Orta Asiyaya,
Sibirə sürgün olunması cəbhədən yaralı qayıdan peşəkar rəqqas
Mahmud İşxoyev - Esembayevin Qırğızıstanda az qala kor olmaq
təhlükəsi ilə üzləşən atasını tapması, qışda aclıqdan qarğıdalı
tarlasında dən axtaran xəstə anasının şaxtadan donub dünyasını
dəyişdiyini öyrənməsi filmdə öz əksini tapa bilməzdi. Yalnız
1954-cü ildə sürgündə sağ qalanların geriyə, doğma yurda
qayıtmaları 1957-ci ildə Çeçen-İnquş respublikasının bərpası,
Mahmud İşxoyevi yaxından tanıyan İdris Bazarokinin "Artistin yolu"
(Əmək və qızılgül) adlı oçerkini genişləndirməklə ərsəyə gətirdiyi
kinopovesti on üç variantda işləməsi hakimiyyət məmurlarını razı
salacaq filmin ədəbi mənbəyinə çevrilə bildi. 4 noyabr 1961-ci ildə "Azərbaycanfilm"
kinostudiyasının Bədii Şurasında "Əmək və qızılgül" filminin
rejissor ssenarisinin müzakirəsində: "Ədəbi ssenaridə yeni
incəsənət nümayəndəsinin ağır mühitə gəlişindən söhbət gedirdi.
Qəhrəman etirazçılarla mübarizə sayəsində sənətkara çevrilirdi.
İndi bu xətt sıradan çıxdığından biz qəhrəmanı hazır peşəkar kimi
görürük. Onun mübarizədə dəyişməsi diqqətdən kənarda qalır.
"Moskvada Esembayev haqqında altı sənədli rəqs-novella çəkilsə də
tamaşaçıya Esembayevin həyat hekayəti maraqlıdır" deyən Rza
Təhmasib mövzunun avtobioqrafik həllini məsləhət görsə də, çıxış
edən Tofiq Tağızadənin: "Təəssüf ki, biz ədəbi və rejissor
ssenarisini yetərincə hazırlaya bilmədik. İstehsalat prosesi imkan
vermədi. Bu film Esembayev haqqında yox, 30-cu illərdə geridə qalan
Çeçen-İnquş xalqının mədəni səviyyəsinin artması barədədir. Bütün
bunlar qəhrəmanın simasında göstərilir. Ədəbi ssenarinin ilk
variantlarında müəyyən süjet olmadığından rəqslər önə keçirdi.
Qəhrəmanı və xalqı bağlamaq lazım idi. "Bəlkə də bu alınmayıb"
fikirləri siyasi diktəyə tabe olan müəllifin itaətkarlığını
səciyyələndirir. İdris Bazorkinin "Ssenarinin əsas ziddiyyəti təkcə
ata ilə yox, dolayı yolla bütün digərləri ilə mübarizədir. Belə
mübarizə dövründən asılı olmayaraq həmişə qətiyyətlə, emosional
şəkildə tamaşaçıya təsir göstərir" fikirlərinə müqavimət göstərən
kinostudiyanın direktoru Məhərrəm Haşımov: "Əgər ssenarinin mövzusu
ancaq geriliklə, əyintiliklə mübarizədirsə, bu maraqsızdır və yeni
deyildir. Bu əsas deyil, əsas insanın əmək mübarizəsində
inkişafıdır" deməklə partiyanın XXII qurultayının çağırışını yada
salır.
28 aprel 1962-ci ildə İ.Bazorkinin "Əmək və qızılgül" filminin
rejissor ssenarisinin Bədii Şurada növbəti müzakirəsində əvvəl
bioqrafik xəttin önə keçməsi indi aradan götürülüb deyən Rza
Təhmasibin "xəstəxanadakı səhnədə ayaqların itirilmə təhlükəsi
təyyarəçi Aleksey Maresyevi xatırlada bilər. Çatdırmaq lazımdır ki,
bu faciə adi təsadüfdən yaranmır, ayaqları itirilərsə onun yaşaya
bilməyəcəyi göstərilməlidir" təklifi: "Pavlov xətti güclənmişdir.
Onun arvadı ilə finalda göstərilməsi yaxşıdır. Bu xətt itmir. Sovet
hakimiyyətinin xırda xalqlar üçün çox iş gördüyünü qabartmaq
lazımdır" çağırışı dövrün siyasi mənzərəsini yaradır. Əslində
Mahmuda atalıq edən Pavlov obrazı çox mülayim və şablondan
kənardır"- deyən Niyazi Bədəlovun siyasi motivi qabartmaq cəhdi,
"Esenbayevin mübarizə apardığı əslində atasının da tərəfinin
saxladığı köhnə rəqs sənəti ilə qarşılaşdırılması yaxşı olardı.
Onda dramaturgiya da güclənərdi" təklifini verən Şamil
Mahmudbəyovun ifratçılığı sezilir.
Çoxsaylı müzakirələrdən sonra nəhayət ki, Tofiq Tağızadənin
quruluş verdiyi "Əmək və qızılgül" filminin (ssenari müəllifləri
Tofiq Tağızadə, İdris Bazorkin.1962) foto sınaqlarında baş rola
Nodar Şaşıq oğlu, Vyaçeslav Tixonov, Oleq Strijenov kimi peşəkar
aktyorlar nəzərdən keçirilməklə son nəticədə üstünlük ekranda
rəqsləri yaradacaq Mahmudun İşxoyev – Esembayevin özünə verilir,
natura çəkilişləri Veden rayonunda, qaçaq Zəlimxanın Xaraçoy
kəndində və rəqqas Mahmudun doğma Yоккха-Аtarla aulunda həyata
keçirilir. İlk konsertdə mərkəzdən gəlib klassik balet parçaları
göstərən artistlərin geyimini, yad ifalarını qəbul etməyən
tamaşaçıların Klub müdirinə (Adil İsgəndərov) iradlarını
bildirmələri, çadralı qadınların zalı tərk etmələri fonunda balaca
Mahmudun (İbrahim Əliyev) səhnədə gördüklərinə heyranlığı ilk
epizodu səciyyələndirir. Və artist olmaq istəyən çöldə qoyun
otararkən fonda səslənən klassik musiqi sədaları altında buynuzlu
keçinin şövqlə rəqs edən Mahmudu vurub yıxmasının qızlarda, o
cümlədən balaca Daqmarada gülüş doğurması ilk komik etüdə
çevrilir.
Mahmudun atası Əlisultanın el adəti üzrə öz xəncərini (Vladimir
Txapsayev) Abdullaya (Əlvi Daniyev) bağışlamaqla dostların Mahmudla
Daqmaranı deyikli etmələri, sosial ziddiyyətin dramaturji təməlini
patriarxal adətlər üzərində qurur. Məclisdə yerli çalğıçıların
ifasında səslənməklə mənbəyi görünən ritmik musiqi sədaları altında
dağlı rəqslərini ifa edən balaca oğlanların yarışından qalib çıxan
Mahmudun balet dərnəyinə yazılmaq istəyi, bacarığını göstərmək üçün
dombalaq aşarkən ayağıyla qonşu Abdullanın pəncərəni sındırması az
əhəmiyyətli dramaturji maneə yaradır. Oğlu Mahmudun məşqlərində
iştirak etdiyi balet məktəbinə gələn atanın oğlunun təlxək olmasını
istəməməsini bildirməsi, yerli-gəlmə sənətləri,
yeniliklə-köhnəliyi, geniş mənada isə Şərq-Qərb mədəniyyətini
üzbəüz qoyur.
Evdə oğluna ayaqları yox, başı işlədən digər peşə seçməyi
məsləhət görən keçmişdə baş verən davada xalqın padşahı və onun
generallarını qovmasını, hərəkata başçılıq edən Aslanbəy Şərifovun
divardan asılan foto-şəklini göstərən Əlisultanın: "İstəyirəm sən
də ona bənzəyəsən!" cümləsi çeçenlərin işğalçılara qarşı azadlıq
hərəkatına passiv işarə vurur. Oğlunun vəkil olmasını istəyən
atanın oxumaq üçün verdiyi kitabın şəkilsiz olduğunu bildirən
Mahmudun balet məktəbindəki kitabların şəkilli olduğunu bildirməsi
yaranan qalmaqalda Əlisultanın atdığı əşyanın Abdullanın
pəncərəsinin şüşəsini yenidən sındırması ziddiyyətsizlik dövrünün
mənzərəsini növbəti etüddə yaradır. Abdullanın arvadı Sonunun
(Münəvvər Kələntərli) ərinin iradəsinin əksinə çıxaraq qızı
Daqmaranı musiqi məktəbinə qoyduğunun üzə çıxması isə yenilik
tərəfdarlarının sırasını artırır. Mahmudu daim müdafiə etsə də,
ağır xasiyyətli əri Əlisultanın qarşısında susmağa vadar olan
Bikətunun (Hökümə Qurbanova) passiv müqaviməti belə onu
yenilikçilərin sırasına daxil edir.
Atasının təhriki ilə çörək sexinə işə düzələn Mahmudun öz bulka
payını yoxsul qaraçı uşaqlara paylamaqla onların milli rəqslərini
öyrənməsi, Nikolay Pavlovun - Kolya dayının (Konstantin Bartaşeviç)
başçılığı ilə iş yoldaşlarının kollektiv şəkildə Əlisultanla
danışmaq istəmələri dövrün siyasi mənzərəsini, böyük qardaşın öndə
olduğu xalqlar dostluğu kontekstində yaradır. Çörəkçi usta Kolya
dayının işə gəlmək adı ilə Mahmudun balet məktəbinə getməsinə
razılıq verməsi çıxış yolunu kimin tapmasını səciyyələndirir.
Oğlunun balet məktəbinə getməsindən hirslənən Əlisultanın Mahmudun
dalınca atdığı kitabların, papağın, ayaqqabıların artıq Abdullanın
dəmir barmaqlıq asdığı pəncərəyə dəyib yerə düşməsi eyni hadisəni
təkrarlayan passiv karnaval estetikasını tamamlayır. Nəhayət yaşa
dolmuş Mahmudun köməyi ilə Abdullanın pəncərəsindəki dəmir
barmaqlığın çıxarılması yeni dövrün gəlişini göstərir. Buraxılış
konsertində Dağmaranın (Leyla Abaşidze) royalda müşayəti ilə
Aleksandr Qlazunovun "Raymonda" baletindən rəqsini Valya Çijova ilə
ifa edən Mahmudun mühafizəkar düşüncəli tamaşaçıları və xüsusən
qızın valideynlərini məyus etməsi keçmişlə yeninin ziddiyyətini
davam etdirir. Hiddətlənən dağlıların Mahmudu cəzalandırmaq
niyyətini Əlisultanla ailənin böyük oğluna Dağmaranın ziddiyyəti
qızışdırır. Gəlib çıxan Əlisultanın qızışan gənclərin arasındakı öz
oğluna sillə vurması ziddiyyətin ictimailəşməsinin qarşısını alsa
da, Abdullanın qızını Mahmuda verməkdən imtina etməsi münaqişəni
dərinləşdirir.
"Rəqqas Mahmuddan çeçen külfətinə ər olmaz!" - deyib xəncəri
Əlisultana qaytaran Abdulla artıq bir-birini sevən gəncləri ayırmaq
üçün ailəsini də götürüb araba ilə şəhərdən köçüb doğma aula üz
tutmaları yeni etüdə meydan açır. Dağmaranın arabadan düşüb qaçması
ilə arvadını yerə atdığı bağlamalarla (?) yarı yolda qoyub: "Qızını
tapmayınca gəlmə" deyən Abdullanın dağlara üz tutması, özünü
kolluğa vurmaqla tələbatını ödəyən Sonu ilə yenidən barışması bədii
həllini etüdlərlə tapır. İndi yüyəni əlinə keçirən arvadın bayaqkı
bağlamalarla yolda qalıb su içdiyi bulağın şırnağının az qala
tələbat ödənilməsi kimi yozulan ərini cəzalandırması komizmi yeni
etüd hesabına artır. Balet məktəbində oxumaq üçün Moskvaya yola
düşən Mahmuda dostlarının müharibənin başlaması xəbərini çatdırması
tutarlı dramaturji maneəyə çevrilir. Ağır döyüşlərin getdiyi cəbhə
bölgəsində əsgərlərə konsert verənlərə qoşulan Mahmudla Daqmaranın
Əlibaba Abdullayevin quruluşundakı "Naz eləmə" rəqsini ifaları ilə
mövzunun davamı, Tofiq Tağızadənin iradəsi ilə xalqlar dostluğunu
daha təbii şəkildə göstərir.
Bombalama vaxtı atılan mərmilərin səsindən qulaqları tutulan
Mahmudun Dağmara ilə görüşü sevgi süjetini davam etdirir.
Təyyarədən atılan bombadan ağır yaralanan, ayaqlarını itirməkdən
qorxan Mahmudun oynayacağı rolları təfsilatı ilə xəyalında
canlandırması təsviri zənginləşdirsə də, hadisəlilik prinsipini
zəiflətməyə bilmir. Bakıda hospitalda yatan Mahmudu ziyarətə gələn
atasının: "Əsas başı sağ olsun" deməsi rəqqaslıqla bağlı ziddiyyəti
gündəmdə saxlayır. Böyük oğlunu müharibədə itirdiyi, arvadının
dünyasını dəyişdiyi məlum olan Əlisultanın indi yeganə övladından
başqa kimsəsinin qalmadığını bildirməklə, Mahmudu evə qaytarmağı
xahiş etdiyi Dağmaranın sənətin dünyaya məxsusluğunu bildirməsi
məhəlli və qlobal təfəkkürləri qarşılaşdırır. Qoltuq ağacları
hesabına hospitalın həyətində gəzən Mahmudun vidalaşdığı Dağmaranın
ardınca gedərkən yıxılması, iyirmi dörd addım atdığına sevinməsi
ilə mərkəzi personajın sevimli sənətinə qayıtması mövzunun
qalibiyyətini təmin edir. Müharibədən sonra təhsilini davam edən,
rəqs edərkən yıxılmaqla aldığı zədələrin ciddiliyi görünən Mahmudun
yaralı ayaqları ilə dialoqa girməsi, gəzişərkən Dağmaranın ürəyində
daxili monoloqunun səslənməsi teatrallıq yaradır. Daxili
qüvvələrini səfərbər edib davamlı məşq edən Mahmudun səhnələrdəki
uğurları mövzunu film-konsert estetikasında davam etdirir. Gəlib
çıxan peşəkarların onunla daha ciddi məşq edib yeni konsertə
hazırlamasının, artıq məxsusi dekorlarda həyata keçirilməsi, dəqiqə
yarıma ayağa durmasının natural halda, uzun-uzadı, bir planda
göstərilməsi Mahmud Esambayevin peşəkarlığının nümayişinə çevrilir.
Müxtəlif xalqların rəqslərini ifa edən Mahmudu alqışlayan çoxsaylı
tamaşaçıların şövqlə əl çalmaları ilə rəqqasın dünyanın məşhur
salonlarında görünməsinin montaj həlli filmin konsert estetikasını
davam etdirir. Yazıçı - jurnalist Ruslan Naşxoyevin "Rəqsin
sehrbazı" kitabında bu iri həcmli epizodda göstərilənlər barədə
yazdığı: "Qızıl allah"da Esambayev təbiəti, insanın həyat tərzini
çətin ümumi fəlsəfi fikirdə göstərə bilib. "Məhəbbət əfsanəsi"ndə
isə o pak məhəbbət və gənclik haqqında bəhs edir. Bu rəqs çətin
ayaq texnikası ilə fərqlənir və fərqi ondadır ki, burada ayağa
çoxlu zınqırovlar taxılır. Ritmlər müxtəlif və çətindir. Rəqqasın
hər addımını izləyən bu zınqırovlar gah sürətli dönüşləri, gah da
ani dayanmaları özlərində həkk edirlər. "Dərzi" – məşhur yəhudi
yazıçısı Şolam Aleyxonun hekayəsindən ilhamlanaraq qurulan rəqs
novellasıdır. Cavan dərzi öz sənətinin vurğunudur. O, xəyal edir
ki, müştərisi gəlib və dərzi onun üçün parça seçir, söhbət edir,
kəsir, tikir, ütüləyir və hazır kostyumu yiyəsinə verir. İnsanı
məmnun etmək çox gözəl bir hissdir! Gənc dərzi sevindiyindən rəqs
edir. Bu komik novellanı hətta pantomima da adlandırmaq olar, çünki
burada rəqsdən daha çox pantomima oyunu var"[1] dəyərləndirməsi plastika baxımından
üstünlükləri qabartsa da, daha qədim sənət qaydaları ilə yaşayan
rəqslərin, ekranda baş verən hadisələrin tempini soyutması,
dramatik məqamlarda rejissorun əsas personajı deyil, peşəkarların
oynadığı digərlərini önə çəkməsi nəzərdən qaçmır.
Poçtalyonun gətirdiyi teleqramla oğlunun Qroznıya gəlişini
bilən, artıq qocalıb əldən düşən Əlisultanın hazırlaşması fonunda
Abdullanın arvadına müqavimət göstərməsi personajlararası
ziddiyyəti davam etdirir. Qatarla gələn Mahmudla Dağmaranın
gül-çiçəkli əhali tərəfindən qarşılanması sənətin qələbəsini
səciyyələndirir. Bütün məhrumiyyətlərə baxmayaraq zəhməti ilə
becərdiyi qızılgülə - sənətinə çatan xalq artisti Mahmudun dağların
zirvələri arasındakı çəmənlikdə qurulan səhnədə çeçenlərin qədim
rəqsini yüksək peşəkarlıqla ifa etməklə çoxsaylı tamaşaçıda rəğbət
qazanması, Dağmaranın rəqsə qoşulmasını görən Əlisultanın belindəki
xəncərini çıxarıb Abdullaya ötürməsi ilə barışığın yaranması bayram
əhvalı yaradır. Yeri gəlmişkən ilk epizodlarda oğlunu çeçenlərə
ləkə hesab etdiyi baletdən ayırmaq məqsədi güdəndə qəzəbini,
qəddarlığını göstərdiyi Əlisultanın illər sonra cəbhədə ağır
yaralanan övladını xəstəxanada gördükdə sarsılmaz iradəsini,
təmkinini, sonda isə özünün tənhalığını, gec gələn sevincini
göstərən peşəkar sənət ustası Bladimir Txapsayev filmin
dramaturji yükünü məharətlə çatdıra bilir. Klub müdirinin rəhbərlik
etdiyi müasir salonda klassik balet səhnələrindən ibarət konsertin
təfərrüatı ilə göstərilməsi ilə atanın oğlunu bağrına basması
mühitin yeniləşdiyini ifadə etməklə filmi şən notlarla başa
çatdırır.
23 sentyabr 1963-cü ildə Qroznı şəhərində yaradıcı heyətin
iştirakı ilə təntənəli premyerası keçirilməklə, dramaturq
Əbdülhəmid Həmidovun tərcüməsində çeçen dilinə də çevrilən film ən
ucqar aullarda da göstərilərək əhali arasında geniş rezonans
doğurdu. Filmin yaradıcı heyətinin bir neçə üzvü Çeçen-İnquş Muxtar
Respublikasının fəxri adlarına layiq görüldü.
2 oktyabr 1963-cü ilin "Bakı" qəzetindəki "Mən rəqs edəcəyəm"
məqaləsində "Öz kinostudiyası olmayan qardaş xalqların xahişi ilə
onların həyatından, mədəni inkişafından bəhs edən filmləri çəkməkdə
"Azərbaycanfilm" kinostudiyası gözəl təqdirəlayiq bir ənənə şəklini
almışdır" yazan İshaq İbrahimovun "Film müəllifləri qarşılarında
iki vəzifə qoymuş və onları həll etməyə çalışmışlar. Bunlardan biri
xalqın mədəni inkişafına mane olan köhnə adət və ənənələrlə
mübarizə, incəsənətin bu mübarizədə qəhrəmana göstərdiyi mühüm
yardımı əks etdirmək, ikincisi də insan səadətinin inadcıl və
səmərəli əməkdə olduğunu sübut etməkdir. Necə deyərlər, zəhmət çək,
bar götür. Əlbəttə, bu iki mühüm mövzu müstəqil surətdə, paralel
şəkildə inkişaf etdirilə bilməzdi, bunlar möhkəm bir dramaturji
vəhdət təşkil etməlidir. Bizə elə gəlir ki, yaradıcı qrup bu
vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəlmiş, qəhrəmanı obyektiv
varlıq şəraitində göstərərək, onun incəsənətə və insanlara olan
münasibətini bədii ümumiləşdirmə yüksəkliyinə qaldıra bilmişdir"
cümlələrində dövrün eyforiyası nəzərə çarpır.
3 oktyabr 1963-cü ilin "Kommunist" qəzetindəki "Mən rəqs
edəcəyəm" məqaləsində "Filmin müəllifləri İdris Bazarkin və Tofiq
Tağızadə əsərin əsas ideyasını tamaşaçıya çatdırmaq üçün çox
inandırıcı ştrixlər tapmışlar. Filmin ideyası belədir: sovet
quruluşu ən geridə qalmış xalqları belə dünyanın ən mədəni
millətləri səviyyəsinə qaldırır. Vahid sovet ailəsində birləşmiş
qardaş xalqlar, böyük və kiçikliyindən asılı olmayaraq inkişaf
edir, öz taleyinin, səadətinin sahibi olur" yazan Həsən Seyidbəyli
qələmini də sosrealizmin siyasi ruporuna çevirir.
12 oktyabr 1963-cü ilin "Ədəbiyyat və incəsənət" qəzetindəki
"Qardaşlıq hədiyyəsi" məqaləsində: "Mən bu filmin bütün
"tərcümeyi-halına" bələdəm, onun ədəbi ssenarisini bir neçə
variantda oxumuşam. O vaxt "Əmək və qızılgül" adlanan bu ssenariyə
hər rejissor yaxın düşmürdü. Əvvəla, ssenari müəllifi İdris
Bazorkinin yazdığı əsər kino dilindən xeyli fərqli idi, yamaqla,
mövzunun yeni olmadığını, personajların sxematikliyini göstərən
Əfqan Əsgərovun: "Birincisi, Ümumittifaq şöhrəti qazanmış bir
rəqqasın sənətini, bu sənətin xüsusiyyətlərini dərindən duymaq,
öyrənmək və onun sirlərini, dramaturji materialın vasitəsi ilə,
filmin ahənginə, ölçüsünə xələl gətirmədən vermək, həm də ustalıqla
vermək quruluşçu rejissordan böyük bacarıq, məharət və işgüzarlıq
tələb edirdi. Bir sıra görkəmli kino rejissorları bu mürəkkəb
janrda büdrəmişlər. İşin çətinliyini Tofiq Tağızadənin özü hamıdan
çox duyurdu. Məhz bu məsuliyyət hissi gələcək filmin
müvəffəqiyyətini təmin etdi" fikirləri ekran əsərinə heyranlığı
səciyyələndirir. Filmin musiqi həllinə də toxunan Əfqan Əsgərovun:
""Mən rəqs edəcəyəm!" filminin yaradılmasında bəstəkar Rauf Hacıyev
də az əmək sərf etməmişdir. Film musiqilidir. Müxtəlif xalqların
bir-birinə bənzəməyən melodiyalarını bir leytmotiv ətrafında idarə
etmək, onları vahid dramaturji xətlə birləşdirmək üçün musiqi
bəstələmək çox çətindir. Ürəkdən şadıq ki, bu çətinlik artıq arxada
qalmışdır. R.Hacıyev, xüsusilə aul səhnələrində Çeçen-İnquş xalq
melodiyalarından bacarıqla istifadə etmişdir" dəyərləndirməsi
gerçəkliyi əks etdirir.
22 dekabr 1963-cü ildə "Azərbaycanfilm" kinostudiyasının Bədii
Şurasında artıq tamaşaçıya təhvil verilən "Əmək və Qızılgül"
filminin sonuncu redaktəsinin müzakirəsində İmran Qasımovun "Üç
rəqsin dalbadal göstərilməsi adamı yorur" fikrinə "Film çox
dəbdəbəli çıxıb Mosfilmin çəkdiyi "Rəqslər aləmində" filmindən
sonra bu film daha qüvvətlidir" deyərək qarşı çıxan Adil
İsgəndərovun: "Filmdə Əlisultan qocalır, Sonu - Münəvvər Kələntərli
isə qocalmır!" qeydi ilə yanaşı: "Mən fərəhlənirəm ki, studiyamız
mənalı, monumental bir film çəkmişdir. M.Esambayev bir aktyor kimi
çox yapışıqlı və yaxşıdır. A.Deniyev , V.Txapsayev çox yaxşıdırlar.
Mən filmi çəkən qrupu təbrik edirəm!" müsbət dəyərləndirməsindən
sonra çıxış edən Şamil Mahmudbəyovun: "Film yaxşı səslənməlidir.
Həkimi səsləndirən aktyor yaxşı deyildir. Səsi uyğun gəlmir. "Yol"
epizodunda Sonunun kolun arxasından çıxması yaxşı deyildir.
Müharibə səhnələrini bir qədər ixtisar etmək lazımdır.
Dənizçilərin, tankçıların arasında Mahmudun çıxışlarında müharibə
hiss olunmur. "Yuxu" səhnəsini bir qədər ixtisar etmək lazımdır.
Məncə üç rəqsin dalbadal verilməsi adamı yorur. Bəlkə də bu
rəqsləri filmin axırına keçirmək yaxşı olardı. Ləzginka rəqsində
kordebalet Mahmudun oyununa mane olur" kimi qeydləri, Ağahüseyn
Kərimovun "Abdullanın Sonu ilə arabada getmə epizodu çox gözəldir"
qənaətinə qarşı çıxan Məmməd Qurbanovun "Yol epizodu yaxşı təsir
bağışlamır. Müharibə epizodlarında uzunçuluq vardır. İxtisar etmək
lazımdır" qətiyyəti fikir müxtəlifliyi hökm sürən Bədii Şuraya
peşəkarların da yığılmasını təsdiqlənir.
XX əsrin sonlarında Qafqazda gedən qanlı döyüşlərdə artıq muzeyə
çevrilən evi də dağıdılan, doğma Yоккха-Атагlа aulunda dəfn
olunması belə mümkünsüz qalan Beynəlxalq rəqs akademiyasının həqiqi
üzvü, SSRİ xalq artisti, Sosialist əməyi qəhrəmanı, pasportunda
papaqlı foto-şəklinə icazə verilən yeganə sovet vətəndaşı Mahmud
İşxoyev - Esembayev (1924-2000) sənətinin nəsillərin yaddaşında
qalmasında, sosrealizmin təbliğat funksiyasını yerinə yetirən "Mən
rəqs edəcəyəm!" filminin müstəsna yeri vardır.