"Açıq dərs" layihəsində
UDKİ-ni Mixail Rommun emalatxanasında Andrey Konçalovski, Elem
Klomov, Rezo İsadze, Georgi Şengeleya, elə birinci ildə üçüncü
kursun əlaçı tələbəsi Faiq Həsənovla (1937-1965) ailə qurduqdan
sonra müəllim kimi aktyorluğa üstünlük verən Sergey Gerasimovu
seçən Qalina Polskixlə birgə oxuyan Ramiz Əsgərovun: "Altı il
Moskvada qalandan sonra o səs-küylü, şən şəhəri tərk etməli oldum.
Ayrılığın belə çətin olacağını heç təsəvvürümə də gətirə bilməzdim.
Çox darıxıram, o günlərin xiffətini çəkirəm. Qabaqda məni nə
gözlədiyini bilmirsən, firavanlığa ümidim qalmayıb. Heç bir şansım
da yoxdur. Mənə elə gəlir ki, gələcəkdə ancaq uğursuzluqlarla
rastlaşacağam. Lakin taleyin belə gərginliyi ilə barışmayacağam.
Gücüm çatdıqca mübarizə aparacağam. Çünki yaxşı yaşamaq istəyirəm!
Uğur olsun, cavan oğlan! 01.10. 1964" cümlələri qısa həyatı
müharibə dövrünə düşən, 60-cı illərin ilıqlaşma dövründən yetərincə
bəhrələnə bilməyəcəyini duyan gənc rejissorun daxili təlatümlərini
canlandırır.
Ramiz Əsgərovun Antonis Voyazosla Nazim Hikmətin (1902-1963)
"Romantika" əsəri əsasında quruluş verdikləri "Yaşamaq gözəldir,
qardaşım!" filmi (ssenari müəllifi Leonid Aqranoviç. 1966) insanın
azadlığa məhkumluğunu ideyaya çevirməklə siyasi səciyyə daşısa da,
mühitin güzəranla bağlı gerçəklikləri ilə yanaşı sevgi
münasibətlərini də ekrana gətirir. Əslində film 1922-1924-cü
illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində
oxuyub, vətənində marksizmi-leninizmi təbliğ edən siyasi
fəaliyyətinə görə dəfələrlə düşdüyü həbsxanadan azad olmaqla (1950)
ömrünün sonunadək SSRİ-də yaşayan şair, dramaturq, ssenariçi Nazim
Hikmətin olduqca kinematoqrafik həyat hekayətini əks etdirir. Və
müəllifin sağlığında ərsəyə gələn "Bir məhəlləli iki oğlan"
avtobioqrafik filminin (ssenari müəllifləri Nazim Hikmət,
A.Begiçeva, quruluşçu rejissorlar Əjdər İbrahimov, İlya Qurin.
1957) uğuru artıq göz qabağında idi...
"Yaşamaq gözəldir, qardaşım!" filminin iki quruluşçu
rejissorundan birinin təyyarəçini bıçaqla yaralamaqla Yuqoslaviya
ərazisinə keçməyə məcbur etməklə (12.09.1948) qiyabi ölüm cəzasına
məhkum edilən gənc yunan kommunistlərindən Antonis Voyazos olması
mövzunun avtobioqrafik çalarını gücləndirirdi. Yeri gəlmişkən
ÜDKİ-də Mixail Rommun kursunda birgə oxuyan gənc rejissorlar: Ramiz
Əsgərov, Antonis Voyazos, Andrey Smirnov və Boris Yaşinin Anatoli
Kuznetsovun "Yurkadağınıq komanda" hekayəsi əsasında birgə
çəkdikləri eyniadlı qısametrajlı debüt filmində baş rolu Vasili
Şukşin oynamışdı.
"Orta məktəbi bitirdikdən sonra elə həmin il Bakı studiyasına
işləməyə gələn Ramiz Əsgərovla tanış oldum. O, kinonun dəlisi idi.
Biz birlikdə ÜDKİ-na daxil olmaq üçün Moskvaya getdik. Mən
operatorluğu seçdim. Ramiz isə rejissorluq fakültəsinə, Mixail
Rommun emalatxanasına daxil oldu. Sonralar böyük Ustad Ramiz
haqqında deyəcəkdi: "Ramiz mənim ən istedadlı tələbələrimdən
biridir. Mən ondan çox şey gözləyirəm". Ən nüfuzlu ustad sayılan
Mixail Rommun emalatxanasında təhsil almaq heç də asan iş deyildi.
Romm tələbəni elə-belə seçmirdi. O, yalnız gələcəyinə inandığı
istedadlı gəncləri öz emalatxanasına götürürdü. Onun
emalatxanasından mahir kinematoqrafiya ustaları çıxırdı" yazan
Rasim İsmayılovun: "Film üzərində işləməyə başlayanda ilk növbədə
Nazim Hikmətin vaxtilə Peredelkinoda yaşadığı evdə onun dul qadını
ilə görüşdük. Ramiz Nazim Hikmətin əyləşdiyi kürsüdə oturdu, onun
əlyazmalarını vərəqləməyə və şəkilləri seçməyə başladı. Bütün
bunlar ona böyük təsir göstərirdi. O, Nazim Hikməti çox sevirdi.
Tez-tez Nazim Hikmətin tərcüməçisi və katibi olan Əkbər Babayevlə
görüşürdü. Çəkilişlər çox mürəkkəb idi. Moskvaya, Kiyevə, Şuşaya
qış ekspedisiyaları təşkil olundu. Təbii ki, filmin Türkiyəyə aid
olan hissələrini biz Bakıda və onun ətraf kəndlərində – Fatmayidə,
Qobustanda çəkdik" xatirəsi Sovetlərin siyasətində aparıcı yer
tutan kommunist ideyaların bütün dünyaya, o cümlədən Şərq
ölkələrinə idxalı məqsədini də səciyyələndirən filmin quruluşçu
rejissorunun ilkin ədəbi mənbəyə münasibətdə məsuliyyətini,
işgüzarlığını, həyat eşqini əks etdirir. Yeri gəlmişkən, bu filmin
quruluşçu operatoru Rasim İsmayılov şərqin məişətini inqilabi
mübarizəyə qoşulanların portretlərini, məhrumiyyətlərlə dolu Rusiya
həyatının bayram əhvalını ekranda göstərə bilir.
14 aprel 1966-cı ildə Bakı qəzetinin müxbiri Mülatif Adurova
film barədə: ""Romantika" mənim və həmkarım Antonis Voyazosun
tammetrajlı film çəkmək sahəsində ilk işimizdir, - deyən Ramiz
Əsgərovun: "Buna görə də işimizə məsuliyyətlə yanaşırıq. Filmdə
çəkilən gənclərin aktyorluq məharəti, kollektivin bütün üzvlərinin
işə belə ciddi yanaşması – belə ümid verir ki, film tamaşaçılar
tərəfindən bəyəniləcək" cümlələrində, ölümə məhkum edilən dostu
ilə, həbsxanada yazılan əsəri ekranlaşdırmaqla, yaxın gələcəkdə
teatrda Mirzə Cəlilin "Ölülər"inə quruluş vermək, kinoda ölkəsini
azad görmək istəyən xalq qəhrəmanı "Babək" haqqında film yaratmaq
istəyən gənc rejissorun optimizmini duymamaq mümkünsüzdür. Yeri
gəlmişkən Ramiz Əsgərov Az TV-də kinolentində istehsal olunan
filmlər şöbəsinin baş redaktoru, "Aygün" filminin ərsəyə gəlməsində
müstəsna əməyi olan Elxan İbrahimovun bacısı Gülya ilə evlənmişdi,
Lalə adlı qızı böyüyürdü...
Sosial ədalətsizliyə barışmaz münasibəti ilə çoxluğun ideya
daşıyıcısına çevrilən, marksizm-leninizm ideyalarını geniş kütlə
arasında yaymaq naminə ağır mətbəə şriftlərini çantasında daşıyan
Əhməd bəyin dayısı Şükrü bəyin mənzilinə gələrək iş istəməsinin
uğursuzluqla nəticələnməsi, üstəlik məsciddə belə davamlı olaraq
izlənilməsi vəziyyətin çıxılmazlığını təsvirdə göstərə bilir. Sulu
qəlyan çəkib qəhvə içə - içə marksizm-leninizm nəzəri əsaslarını
dərindən öyrənmək naminə dostu Kərimlə üz tutduğu, marş sədaları
altındakı şüarlarla nümayişə çıxanlarla, xorla internasional
oxuyanlarla dolu Moskvada qalan sevgilisi Annuşkanı yada salan
Əhmədin xatirələrinin film boyu davamlı olaraq ekrana gəlişi
paralel montaj metodunu peşəkar üslub göstəricisinə çevirir. Ağır
çantayla daim təşviş içində gəzən Əhməd bəyin arxasınca gələnin
artıq arada dilənçiyə də çevrilən xəfiyyə deyil, çadralı qadın
olduğunu müəyyənləşdirməsi təsvirdəki gərginliyi artırır. Nəhayət
ki, körpünün altına gəlib çıxan İsmayılın əlindən ağır çantasını
aldığı Əhmədlə əldən-ayaqdan uzaq qayalıqların arasındakı kimsəsiz
köhnə daxmaya aparması hadisələrin cərəyan edəcəyi əsas məkanı
göstərir. Hüsnüyə baş çəkməyin vacib olduğunu bildirən İsmayılın
Rusiyada Əhməd bəylə birgə oxumuş Kərimin çap maşını göndərməsi
üçün Ziyanın onun özü ilə əlaqə saxlamasının əhəmiyyətini qeyd
etməsi siyasi motivi canlandırır. Ziyanın boş çarpayısına uzanan
Əhməd bəyin yaddaşında yenidən Moskvadakı günlərin: yoldaşları,
rektorun katibəsi olsa da, dərnəyin fəaliyyətində iştirak edən
sevgilisi Annuşka ilə bərabər kartof təmizləməsini xatırlaması
şəxsi-psixoloji motivi önə çəkir. Qaldıqları daxmaya gətiriləcək
çap dəzgahını yerləşdirmək üçün davamlı olaraq İsmayılla növbə ilə
döşəmədə iri bir çala qazan, arada qapının arasındakı deşikdən
ətrafı izləyən Əhməd bəyin qarlı qış gecəsi, qızıl əsgər geyimində
Moskvada azyaşlı ac oğlana qarovulunu çəkdiyi konteynerdən hisə
verilmiş balıq və siqaret verməsini, balda rəqs edən Annuşkanın
atasının mühəndis olduğunu, Kolçak tərəfindən güllələndiyini,
anasının tifdən öldüyünü, özündən daha yaxşı geyinən çinli tələbə
Si-Ya-Udan öyrəndiyini yada salması strukturu zənginləşdirir.
Ziyanın həbs olunduğu barədə xəbərin yazıldığı qəzeti gətirən
İsmayılın axtarılanlar siyahısında Əhməd bəyin də olduğunu
göstərməsi ilə onu Şükrü bəyin ələ verdiyinin güman edilməsi ən
yaxın qohumlara belə etibar olunmayan mühiti təqdim edir.
Kommunistlərin hər yerdə yaxalanması, həbsxanaların ağzına qədər
dolması, siyasi dustaqların asılacağına hərbi tribunalın qərar
verməsi barədə söhbət dramatizmi artırır. İsmayılın paytaxta getmək
fikrindən daşındırdığı Əhməd bəyin bayırdan otağa düşən işıq
zolağına nəzər salmaqla təkadamlıq kamera barədə fikirləşməklə
güzgüyə yaxınlaşaraq bığını qırxması, üzünü qaralayaraq daxmadan
uzaqlaşması onun daxili gərginliyini yarada bilir. Təpənin
yamacındakı çeşməyə enərək su içəndə, Əhmədin ayağını avara bir
itin dişləməsi, yarasına basmaq üçün tənbəki atan təpədən kişilərin
tanımadıqları bu yad adamın kimliyini öz aralarında müzakirə
etmələri təklif olunan vəziyyəti dəyişir. Belə ki, daxmada
İsmayılın iş yerində bir gəncin qazdan zəhərləndiyini və son
zamanlar bir çoxlarını itin qapdığını xəbər verməsi artıq siyasi
mövzunu arxa plana atır. Xüsusən itin quduzluğu ehtimalı, xüsusi
müalicənin isə yalnız paytaxtda olması vəziyyətin çıxılmazlığını
göstərir.
Daşyonanlar iti avtobusun vurduğunu söyləmələri ilə ehtimalları
nəzərdən keçirən Əhmədin: "Birincisi, it quduzdur, mən getməliyəm.
Ya yolda tuturlar, ya da həkim polisə xəbər verir. İkincisi, it
quduzdur, mən gedirəm. Həkim mərdlik edir, iynə vurur, sağ –
salamat qayıdıram. Üçüncüsü, it quduz deyil, paytaxta gedərkən
yolda tutuluram, ya da həkim polisə xəbər verir. Heç bir şeyin
üstündə tribunala düşürəm. Bir ehtimal da var. İt quduzdur, mən heç
yana getmirəm, iynə vurdurmuram, burada qalıb qudururam"
mülahizələri gərginliyi artırır. Quduzluğun qırx gün ərzindəki
təzahürünü gözləyən dostların qapının içəridən üzərinə hər gün bir
cızıq çəkməklə vaxtı saymaları, İsmayılın gətirdiyi quduzluğa dair
tibbi kitabın vərəqlənməsi sosial mövzunun tərkibindəki sağlamlıq
problemini önə çəkir. Ona kömək edə biləcək həkimin həbsdə olduğuna
görə paytaxta getməməyə qərar verən Əhmədin quduzluğun əlamətlərini
söyləməklə sonuncu gün quduracağı təqdirdə onu verdiyi tapança ilə
öldürüb qazdığı çalada basdırmasını istəməsi psixoloji gərginliyi
qabardır. Xışla yer şumlayan kəndlinin dərdli nəğməsi, çadralı
qadınların kirkilədə buğdanı una çevirmələri, uşağın kor babasını
arxasınca aparması kasıb güzəranla bağlı kadrları göz önünə
gətirməklə vətən dərdindən ölkəsinə qayıtdığını bildirən Əhməd
Nazim Hikmətin prototipi olduğunu bəyan edir.
Sosializmin təməl prinsiplərindən sayılan "xalqlar dostluğu"
motivini də struktura gətirən xatirələrdə Əhmədin sevdiyi
Annuşkanın fil sümüyündən büstünü düzəldən Si-Ya-Uyla da görüşməsi
melodrama üçbucağı yaradır. Annanın ondan qabaq kimləsə öpüşdüyünü
soruşmaqla, özünün mentalitetə bağlı təfəkkürünü ortaya qoyan Əhməd
Qərb-Şərq qarşıdurmasını üz-üzə qoyur. Əhmədin sənədi ilə
maraqlanmaqla varlı ailədən olduğunu bilən Annuşkanın: "Varlı
babanızdan imtina etmək xətrinə kobud olmayın" cümləsi mühitin
qəbul etmədiyi sosial zümrə fərqini gündəmə gətirir... İsmayıl
dəzgahın hissələri ilə dolu kisəni qapıya çəkdiyi cizgilərə hər gün
yenisini əlavə edən Əhmədə verməklə digərlərini gətirəcək Kərimin
tutulduğunun yazıldığı qəzeti göstərməsi, Ismayılın hərbi gəmiyə
aparılıb güllələnməsi xəbəri təhlükənin yaxınlaşdığını sezdirir.
Bununla belə "Şərqin şəfəqi" qəzetinin "Bütün ölkələrin
proletarları birləşsin" devizi ilə əhali arasında yayılması siyasi
qələbəni səciyyələndirir...
Xatirələrə baş vuran Əhmədin "kommunizmdə məhəbbəti" mövzusunu
müzakirəsindən sonra xərçəngdən əziyyət çəkən Petrosyanın
yüksəklikdən özünü pillələrin arasındakı meydançaya atmaqla intihar
etməsi, mücərrəd gələcəyə hazır olmayan insan faktoru önə çəkilir.
Universitetdə Əhmədlə birlikdə oxuyan çinlilərin ölkəyə qayıtdıqda
öldürüldüklərini dilə gətirməsi ilə ekrana gələn təsvirdə Əhmədlə
birlikdə oxuyan Si–Ya-Uy ilə yatdığını çarpayıda oturan Annanın
dilə gətirməsi əslində "rədd olsun abır-həya" şüarını önə çəkən
sosializmin ilkin mərhələsində insani dəyərləri arxa plana atdığını
təsdiqləyir...
Quduzluğa tutulacağı təqdirdə yuxu həblərini içib intihar etməyi
düşünən Əhmədin kibriti alışdırıb alova baxa bilməklə hələ ki,
sağlam olduğunu yəqinləşdirsə də, yuxusunda doğma yurdundakı
yaralıları, xəstələri, can verənləri görməsi nekrofiliya yaradır.
Oyanan Əhmədin çəkiclə taxtaya mismar vuran İsmayılı tabut
düzəltdiyini soruşmaqla hiddətləndirməsi və dostların birlikdə isti
şorba yemələri güzəranın detallarını göstərir... Təsvirdən
göründüyü kimi Si-Ya-U ilə olan fizioloji əlaqəsini
yəqinləşdirdməklə Annuşka ilə iki həftə görüşmədiyini, nəhayət Malı
teatra iki biletlə onun yanına gələn qızın xalasının bağına Kərimlə
Marusyanı da götürmələrini İsmayıla danışan Əhmədin şərqli kimi
bəzi mətləbləri anlamadığını söyləməsi qlobal ziddiyyəti
canlandırır. Və Şərqdə (Türkiyədə) canın, Qərbdə (Rusiyada) isə
namusun əldən getməsi kimi qlobal gerçəklik ekrana gətirilir. Həmin
epizodda süd almaq üçün kəndə çıxan Əhmədin çinliləri çəpgöz
adlandıran, ümumiyyətlə, gəlmələrə dözümsüzlük göstərən qatı
millətçi qoca Pyotrun qəzəbinə tuş gəlməsi milli münaqişə zəminində
yaranacaq problemin sosializmdə də həllini tapmadığına diqqət
çəkilir. Dostlarının çağırışı ilə oxuduğu Kərimlə birlikdə vətənə
qayıdacağını Əhmədin qayıqda üzə-üzə sevgilisinə giləmeyvə
yedizdirən Annaya bildirməsi xatirələri sona çatdırır.
Yatmayıb qəzet oxuyan İsmayılın yuxu dərmanını gizlətməsi,
halsızlığa dözə bilməyib intihar etməyi düşünən Əhmədin
qızdırmasının aşağı düşdüyünü görüb sevincdən cizgilərin üzərindən
xətt çəkməsi, dostunu qucaqlaması quduzluq ehtimalının aradan
qalxdığını göstərir. Nəhayət ki, bağlı qapını açaraq işıqlığa
çıxmaqla: "Həyat gözəldir qardaşım!" hayqıran Əhmədin İsmayılla
vidalaşıb qatarla yola çıxması, kupedə şübhəli şəxsi görüb hələ
həbs edilməyəcəyini düşünməklə Annuşkaya sevgi vədini xatırlayıb:
"Qoy güdsün. Gələn stansiyada elə düşüm ki, heç xəbəri olmasın"
niyyətini səsləndirməsi məhrumiyyətlərə məhəl qoymayan həyatın
davamı vurğulanır.
Nazim Hikmətin "Yaşamaq gözəldir, qardaşım" əsərinin hadisəlilik
prinsipi ssenariyə, filmə gətirilsə də romanı səciyyələndirən
müəllif mülahizələrinin kadr arxasında qalması nəzərdən qaçmır.
Belə ki, müəllifin Əhmədin dilindən səsləndirdiyi: "Sən nəyini verə
bilərsən? Azadlığını? Bəli! Bu yol uğrunda həbsxanada neçə il yata
bilərsən? Lazım olsa, bütün ömrüm boyu!.. Yaxşı, kommunist olsam,
bu yolda asılmaq da var, öldürülmək də, Sübhi ilə yoldaşları kimi
boğulmaq da var. Kor olmağa da razıyam... Nə kitablar, nə təbliğat
vasitəsiylə, nə də ictimai vəziyyətimizdən gəldim gəldiyim yerə...
Məni gəldiyim yerə Anadolu gətirdi. Ürəyim gətirdi məni gəldiyim
yerə..." kimi daxili monoloqu ekranda teatrallıq yaradardı.
Romandakı: "Quduz it adamı alçaqcasına dişləyir. Arxanızdan
səssizcə yanaşır, sol baldırınızı birdən dişləyir..." (s.34)
qənaəti əslində köpəyin deyil, siyasi əqidəsinə görə kimlərisə
təqib edənlərin nəzərdə tutulmasını çatdıra bilmir. Əhmədin daxili
monoloqundakı: "Bütün insanlardan səbəbli – səbəbsiz şübhələnmək
kimi bir məsləyin varlığından o vaxta qədər xəbərim yox idi" (s.
53) cümləsi də əslində alicənablığın, zadəganlığın qəbul etmədiyi
və yəqin ki, Nazim Hikmətin üz tutduğu Sovetlər ölkəsində də
rastlaşdığı demokratik mühitə yad bir peşənin varlığından xəbər
verir. Ərzurumlu şairin dilindən səslənən: "Ankara yıxılan Osmanlı
imperatorluğunun tufanında üzən Nuhun gəmisidir. Əlbəttə, bu gəmi
sahilə sağ – salamat çatacaq. İçində yan – yana yaşayan
göyərçinləri, ilanları, aslanları, pələngləri, qurdları,
quzularıyla sağ – salamat sahilə çatacaq və orada ilanlar
göyərçinləri yeyəcək, qurdlar quzuları. Aslanlarla pələnglər də bir
– biriylə boğuşacaq" (s.64) fikri əslində təkcə kommunist
ideyalarını yayan Sovetlər birliyinin deyil, demokratiyanın ixracı
adı altında iqtisadi mənafelərini güdən Qərbin də öz üzünü açır.
Əhmədlə eyni zamanda Si–Ya–Uyla da əlaqəsini üzməyən Annuşkadan
fərqli olaraq həbsdə olan İsmayılın həyat yoldaşı Nərimanın:
"Kommunistlərdə ailə namusu yoxdur, sənin arvadın, mənim arvadım
eynidir. Nəriman xanım, sizin də əriniz kommunistdir. Onun da
əqidəsi belədir?" (s. 124- 125) söyləyən müəllim həmkarına sərt
münasibətini bəlkə də senzor müqavimətindən qaçan ssenari müəllifi,
yaxud rejissorlar tərəfindən "unudulur".
1967-ci ilin martında Tbilisidə keçirilən Zaqafqaziya və Ukrayna
filmlərinin kinofestivalında ən yaxşı rejissor debütünə görə xüsusi
mükafat qazanan "Həyat gözəldir, qardaşım" filmi rejissor Ramiz
Əsgərovun, lal kino dövrünün peşəkarı, pioner düşərgəsindəki
uşaqların sərgüzəştlərindən bəhs edən "Sirr" adlı diplom işindən
sonra Odessa kinostudiyasında ilk debütü üzərində çalışarkən, iki
ayağının üstündən tramvayın keçməsi ilə iki il əvvəl, 28 yaşında
dünyasını dəyişəndən sonra Qalina Polskixin, atası "Mosfilm"in
direktoru olan rejissor Aleksanr Surinlə ikinci ailəsində İradə
adlı qızı böyüyən dostu Faiq Həsənovun atası Ağarza Quliyevlə birgə
Bayram Bayramovun "Mən ki, gözəl deyildim" povesti əsasındakı
(ssenari müəllifləri Bayram Bayramov, İqor Strekov, Ağarza Quliyev)
eyniadlı filmə quruluş verməyə başlamasına zəmin yaratdı.
28 dekabr 2012-ci ilin "Ekspres" qəzetində Natalya Murqanın
"Qalina Polskixin sevgilisi: O, özünün günahını duyurdu"
məqaləsində hazırda İsraildə yaşayan Stanislav Çaplinlə
müsahibəsində Faiq Həsənovun ölümünə hazır olmasının psixoloji
amilləri açıqlanır. Belə ki, "Lenfilm" kinostudiyasının "Vəhşi it
Dinqo" adlı melodramasında (1962) 13 yaşlı məktəblini oynayan
ÜDKİ-nun 22 yaşlı tələbəsi, yaş yarımlıq qızı böyüyən Qalina
Polskixin filmin ikinci rejissoru Stanislav Çaplinlə işdə müvəqqəti
məhəbbət macərasının Faiq Həsənovda yaratdığı sarsıntı məqalədə öz
əksini tapır. "Mənim arvadım vardı, Qalyanın əri. Münasibətimiz
barədə kimdənsə xəbər tutan Faiq çəkiliş meydançasına gəldi. O,
Qalyanı çox sevirdi. Bütün gecəni araq içib, ziyalıcasına söyüşsək
də, əlbəyaxa olmadıq" deyən Stanislav Çaplinin: "Mən onda Qalyaya
zəng eləmədim, düşündüm ki, o öz günahını duyur. Qalya axı
ehtiraslarının qurbanıdır. Əbəs yerə demirdi ki: "Aktrisa
olmasaydım, hamının hərisliklə baxdığı yeməkxana xidmətçisi -
ofisiantka olardım" cümlələri sevdiyi qadından ayrıldıqdan sonra
təxminən üç il özünə gələ bilməyib dünyadan bezən, üz tutduğu
Bakıda da sərsəri kimi qarşılanan rejissorun ailəsinin dağılma
səbəblərinin pərdə-arxası mətləblərini, ö cümlədən qarşılıqsız
məhəbbətin öldürücü təsirini və sevgisiz öpüşənlərin
mənəviyyatsızlığını da göstərə bilir.
1 avqust 1967-ci ildə "Mən ki, gözəl deyildim" filminin çəkiliş
dövrünün on üçüncü günündə ehtiyatsızlıq ucbatından baş verən
partlayış dostu Faiq Həsənov kimi Ramiz Əsgərovun da romantik
arzularla lentə alacaqları filmlərin üzərindən qara xətt çəkdi...
"Romantika" filminin quruluşçu operatoru Rasim İsmayılovun: "Biz
Ramizlə studiyanın həyətində xudahafizləşdik. Həmin o müsibətli
ekspedisiyaya gedirdi. Mənsə bir başqasına yollandım. Şərtləşdik
ki, qayıdan kimi hökmən görüşək və gələcəkdəki birgə filmimiz
barədə söhbət edək. O, "Babək" kinoromanı barədə düşünürdü. Bir
neçə ildən sonra mənə "Babək"i çəkmək xoşbəxtliyi nəsib oldu, ancaq
başqa rejissorla. Ramizsə, öz arzusunu özüylə apardı. Kinoda ondan
yalnız bircə debütü qaldı o da ki, belə acı, rişxəndli bir adla:
"Həyat gözəldir, qardaşım". Hə, qardaş, həm də elə ədalətsizdir ki!
Gör Azərbaycan kinosu necə rejissoru itirdi!" xatirəsindəki son
cümlə acı bir reallığı təsdiqləyir.
"Mən ki, gözəl deyildim" filminin quruluşçu operatoru Rasim
Ocaqovun: "Hadisələr müharibə dövründə baş verirdi. Materialın bir
hissəsini-dəniz desantlarının təhlükəli reydini Lənkəranda
çəkməliydi. Birinci çəkiliş ərəfəsində biz pirotexniklərlə döyüşün
təfsilatını, qamışlar arasından keçib gedəcək desant qayıqları
arasındakı altı partlayışın hündürlüyünü, ölçülərini götür-qoy
etdik. Sonra studiya adətiylə ilk günü şampanla "yumaq" üçün
ziyafət verməyi də nəzərə aldıq. Partlayışa da ziyafətə də tam
hazır idik. Budur, Port-İliç körfəzi, 21 iyul 1967-ci il. Səhər
indi açılıb. Çəkiliş qrupu xüsusi hərbi sal üzərində öz yerini
tutur. Aktyorların mindiyi qayıqlar görünür. Pirotexnikərə işarə
verilir. "Çəkiliş başladı. Birinci kadr. Birinci dubl." Birinci,
üçüncü...beşinci partlayış-hər şey əladır. Altıncı! Ayaqlarımızın
altında nəsə gupbuldayır və tam sakitlik çökür. Özümə gələndə
dəhşətli mənzərə gördüm. Gənc fotoqrafın gözləri hədəqən çıxmışdı,
içalatı əllərinə tökülmüşdü. Solda qıçı üzülmüş pirotexnik
uzanmışdı. Hər şey tüstü içindəydi. Qana bulaşmış Ramiz yanımda
idi. O, əlini mənə uzadıb dedi: "Rasim, bax barmağımın üçü yoxdu".
Ayağa durmağa çalışdı, ancaq qalxa bilmədi. Qıçlarının ikisi də
üzülmüşdü, lakin bunu dərk etmirdi, ağlına yerləşdirə bilmirdi. Mən
də qıçımdan yaralanmışdım, qanaxmanı saxlamaqçün yaramı dəsmalla
bağlamaq istəyirdim. Birdən sükutu vahiməli bağırtılar pozdu. Xaos.
Çaxnaşma. Kimsə kömək etməyə çalışır. "Desantlar" qayıqda avar
çəkirlər. Onlara, deyəsən, heç nə olmayıb, təkcə aktyor Ələddin
Abbasovun əlindən qan axırdı. Bizi vertolyotlarda apardılar. Dörd
nəfər həlak oldu (üçü elə yerindəcə, Ramizsə ertəsi gün
hospitalda). Dörd nəfər yaralandı. Sonra bizə dedilər, bədbəxt
yoldaşlarımızın cənazələrini dəfnə studiyadan götürüblər. Çoxlu
adam varmış, hamı da şok vəziyyətində. Sonralar məlum oldu ki,
pirotexnik partlayıcı qurğunu səhv salıb, qamışlıqdakıları
partlatmaq əvəzinə, üstünə mindiyimiz saldakı qurğunu partladıb.
Bax belə...kino təkcə güllərdən, ziyafətlərdən və alqışlardan
ibarət deyil ki..." xatirəsi dəhşətli faktın bərpasını natural
təsvir dəqiqliyi ilə canlandıra bilir.
"Mən ki, gözəl deyildim" filmi tələfatla başlasa belə,
sosializmin planlı təsərüfat sistemində istehsal prosesinin
durdurulmasına yol verilmədiyindən, iki aylıq fasilədən sonra,
həyatında ikinci dəfə ağır sarsıntı keçirən Ağarza Quliyev şah
rejimindən qaçan, qoyub gəldiyi doğma Rəştdə atasız böyüyən qızı
üçün darıxa-darıxa ÜDKİ-nun rejissorluq fakültəsini bitirib
"Mollanın sərgüzəşti" (1960), "Su ərizəsi" (1964) qısametrajlı
filmlərindən sonra işsiz qalan Həsən Sasanpur fəaliyətə başladı.
Ramiz Əsgərovun yerində başqa birisini görmək istəməyən
ətrafdakıların acı zarafatlarına, tənələrinə duruş gətirə bilməyən
Həsən Sasanpur ahıl çağında istər-istəməz qarlı-şaxtalı Moskvaya
qayıdıb İran filmlərinin dublyajı ilə təskinlik tapmaqla, orada
ailə qursa da, bir qızı doğulsa da, ayaqlarının tutulması xəbəri
kinostudiyaya sonradan çatdı. "Mən ki, gözəl deyildim" filminin
yeni rejissor ssenarisinin hazırlanması üçün Ağarza Quliyevə
qurulucu rejissor seçimi cəbhələrdən keçmiş əqidəli kommunist, hələ
tələbəçiliyində ÜDKİ-nun partiya təşkilatı katibi kimi Sergey
Eyzenşteyinin üzünə töhmət oxumuş Tofiq Tağızadənin üzərində
dayandı.
9 sentyabr 1967-ci ilin "Ədəbiyyat və İncəsənət" qəzetindəki
adsız məqaləsində: ""Həyat gözəldir, qardaşım" adlanan həmin film
bu günlərdə ekranlara çıxacaqdır. İnanırıq ki, tamaşaçılar ona
həvəslə baxacaq. Əfsus ki, sənsiz Ramiz! Həyat şairidir,
qardaşımız! Lakin bu şirinlik sənə qismət olmadı" yazan kinomuzun
ilk peşəkar aktyoru Gündüz Abbasovun: "Sən indi yoxsan. Lakin biz
səni heç bir zaman unutmuruq. Biz səni hər gün, hər saat, hər
dəqiqə görürük. Çünki, sən dost qəlbinə həkk olunmuş xoş arzu,
şirin xatirəsən!" xitabı yoxluğunun qırxıncı günü yetişən Ramiz
Əsgərov ağrısını hiss etdirir.
10.10.1967-ci ildə kinostudiyanın Bədii Şurasının iclasında
istehsalı davam etdirilən "Mən ki gözəl deyildim " filmi barədə
Film fəlakətlə başlanıb deyə indiki rejissorlar işi asanlıqla davam
etdirə bilmirlər... Filmin əsas intonasiyası lirika tərəfidir"
deyən Həsən Seyidbəylinin: "Əsərin əsas qəhrəmanı Səidədir, onu ön
tərəfə çəkmək lazımdır. Tofiq, mənə elə gəlir ki, müharibə
səhnələrini çıxartsan yaxşıdır... Təm-təraqsız, bu qız onsuz da
təbiidir, əsər daha da qüvvətlənər", qənaəti, baş rolda əminə Yusif
qızını əvəzləyən Xuraman Qasımova barədə Zeynal Xəlilin: "Qız
gələcəyi olan aktrisadır. Film yaxşı əsərlərdən biri olacaq"
kəlmələri, pul məsrəfləri xərclənən filmin durdurulmasının
yolverilməzliyi barədə xəbərdarlıq etsə də təqdim olunan yeni
rejissor ssenarisinin zəifliyini bildirən Adil İsgəndərovun: "Yaxşı
olardı ki, əsərin adı dəyişsin. Çünki əsərin adı hadisələrdən
qoyduğu fikirlərdən doğur. Burada o qədər dəyişiklik vardır,
bilavasitə əsərin adını dəyişmək istəyirsiniz, madam ki, məsələ
belə qoyulur, gərək əsərin adı tamamilə dəyişsin. Bu hadisə
rejissor ssenarisində gedir. Bu ad özünü doğrultmur. Burada, qızın
gözəl olub-olması haqqında söhbət getmir" cümlələrindən çaşqınlığın
sezilməsi, və nəhayət Bayram Bayramovun: "Yoldaşlar çox sağolsunlar
ki, əsəri oxumuşlar. Mən redaksiya heyətinin rəyi ilə çox
razılaşıram. Rəyləri oxumuşam. Çox obyektivdir. İmkan qədər bu
qeydləri düzəltmək olar. Ağarza müəllim bir az əsəbi danışdı..."
kəlmələri əslində dövrün tələbinə müqavimət göstərmək iqtidarında
olmayan çıxışçıların gərginliklərinin, daxili müqavimətlərinin
göstəricisinə çevrilir.
SSRİ Kinematoqrafiya komitəsi ilə yazışmalardan, kinostudiyanın
Bədii Şuranın çoxsaylı müzakirələrindən sonra yenidən istehsalata
buraxılan film bir il sonra hazır olur, Və həmin filmin titrlərində
üçüncü quruluşçu rejissor gedən Ramiz Əsgərovun adı, soyadı qara
çərçivədə verildi...