"Xəsis Qarpaqon" "Kult"
layihəsində
Obraza filologiya elmləri namizədi, Müsavat Məclisinin
sədri Nüşabə Sadıxlı ilə baxış:
– Molyerin "Xəsis" komediyasındakı "Xəsis Qarpaqon"
obrazını kulta çevrilmiş obraz hesab etmək olarmı?
– Bəli, nəzərə alsaq ki, bu obraz bir neçə əsr yaşayıb və bir
çox yazarın mövzu mənbəyi olub, Qarpaqonu kulta çevrilmiş obraz
hesab etmək olar.
– Qarpaqon üçün puldan daha dəyərli bir şey var
idi?
– Xəsisləri birləşdirən bir əsas keyfiyyət var: onlar üçün
həyatda puldan daha dəyərli bir şey yoxdur, onları ancaq maddiyyat
maraqlandırır. Amma onlar həm də bir-birindən fərqlənir. Yəni
xarakter cəhətdən müxtəlifdirlər. Məsələn, "Şeylok" (Şekspir –
"Venesiya taciri") xəsis olmaqla yanaşı, həm də romantikdir,
ailəsini sevir, Qobsek (Balzak – "Qobsek") qəddar və hiyləgərdir.
Molyer isə dövrünün qanunlarına uyğun olaraq Qarpaqonun ancaq
xəsisliyini göstərir.
– Xərc çəkməmək şərti ilə övladlarının xoşbəxtliyinə
razı olan Qarpaqonu dünya ədəbiyyatında "ən xəsis obraz"
adlandırmaq olar?
– Xəsisin "ən"i olmur, bütün xəsislər elə "ən xəsis"dirlər.
Onların həyata baxışları birmənalı olaraq, dediyim kimi,
maddiyyatla bağlıdır. Sadəcə, müəyyən qədər fərq var. Məsələn,
Qarpaqon qızını yaşlı bir adama ona görə ərə vermək istəyir ki, bu
adam ondan cehiz istəmir. Onu qızının xoşbəxtliyi maraqlandırmır.
Onu cehiz verməmək maraqlandırır. Əsər boyu Qarpaqonun qızı Elizanı
sevən Valer Qarpaqonda insani hisslər oyatmağa çalışaraq hər dəfə
onu fikrindən daşındırmaq üçün müxtəlif təkliflər edir, Qarpaqon
isə "Cehizsiz" deyərək özlüyündə hərəkətinə bəraət qazandırır.
– Əsərin hansı hissəsində və kimin dili ilə Qarpaqon
daha çox ifşa olunur?
– Qarpaqonun xəsisliyi, demək olar ki, əsərdə bir neçə dəfə –
nökəri Lyafleş, oğlu Kleantın dili ilə ifşa olunur. Nökəri: "Sən
çox xəsissən. Həyatda puldan başqa marağın yoxdur" – deyib onu ifşa
edir. Oğlu onun xəsisliyindən, sələmçi olmağından utanır və atası
ilə arasında münaqişə yaranır. Biləndə ki, atası sələmçidir: "Ata!
Deməli, siz bu əxlaqsız işlə məşğulsunuz" – deyərək onu ittiham
edir.
– Elə onu sual vermək istəyirdim ki, "Xəsis"
komediyasında "atalar-oğullar münaqişəsi"nə rast
gəlinirmi?
– Mən ona "atalar-oğullar münaqişəsi" deməzdim. Dünya
ədəbiyyatında "atalar və oğullar qarşıdurması"nı, əsasən, fərqli
baxışlar müstəvisində çözürlər. Yəni "müasir və
mühafizəkar-konservativ" baxışların mübarizəsi" kimi. Bu əsərdə isə
əsasən, cəmiyyətə ziyan verən, əxlaqdan kənar olan bir xarakterə
münasibət sərgilənir ki, bunu gənclər də pisləyir, yaşlılar da.
Molyerin vermək istədiyi də elə bu idi.
– Oğlunun sevdiyi qıza gözü düşən atanı nəinki "xəsis",
həm də "şərəfsiz ata" adlandıra bilərik?
– Əsərin detalları dəqiq yadımda deyil, amma məncə, o, oğlunun
Mariananı sevdiyini bilmirdi. Amma hətta bilsəydi də, heç nə
dəyişməzdi. Qarpaqonu, ilk növbədə, maraqlandıran alacağı qızın
cehiz gətirməsi idi. Qızına cehiz verməyən ata Mariananın
gətirəcəyi cehizin eşqi ilə yaşayır. Onların arasını düzəldən
Frosin Qarpaqona qızın necə qənaətcil olduğunu, az yediyini deyəndə
o sevinirdi. Onun sevgisində də maddiyyat məsələsi var idi. O ki
qaldı şərəfsizliyinə, sələmçilik özü elə şərəfsizlikdir. Bu mənada
Qarpaqon, əlbəttə ki, "şərəfsiz"dir.
– Axundovun "Hacı Qara"nı "Qarpaqon"dan təsirlənərək
yazması mübahisə mövzusu olub çox vaxt. Bəs sizcə, təsirlənərək
yazıb?
– Ümumiyyətlə, xəsislik mövzusu qədim yunan ədəbiyyatından
gəlir. Məsələn, bu mövzuda Aristofanın "Sərvət", Plavtın "Sandıq",
Molyerin "Skapenin kələkləri", Şekspirin "Venesiya taciri",
Balzakın "Qobsek" əsəri var. Axundov da dünya ədəbiyyatı ilə tanış
olan ziyalı bir adam idi. Və təbiidir ki, "Hacı Qara" komediyasını
yazarkən "Xəsis" komediyasından müəyyən qədər təsirlənib. Nə üçün
belə düşünürəm ki, Axundov başqalarından yox, məhz Molyerdən
bəhrələnib? Fikir versəniz, həm Hacı Qara, həm də Qarpaqon – hər
ikisi aciz, yazıq, yalnız pul hərisi olan insandır. Digər
xəsislərdən fərqlidirlər. Məsələn, Şeylok borcunu ala bilməyəndə
əvəzinə, borclunun ciyərinin bir hissəsini istəyir. Yaxud Qobsek
pulun hökmran olduğu bir cəmiyyətdə insan taleyi ilə oynayaraq
onların həyatını müəyyənləşdirir. Bütün zamanlarda sələmçilik
cəmiyyətin "qara yarası" olub və yazıçılar məhz bunu göstərməyə
çalışıblar.
– Daha hansı kulta çevrilmiş obrazların adını çəkə
bilərsiniz?
– Dünya ədəbiyyatının süzgəcindən keçib, bu günümüzə gəlib çatan
əsərlərin özündən sonrakı əsərlərə təsirini nəzərə alsaq, ordakı
obrazların hamısını kulta çevrilmiş hesab etmək olar. Məsələn,
"Anna Karenina", "İndiana", "Kerri bacı". Bu əsərlərin hər birində
cəmiyyət, cəmiyyətdə qadının problemi, qadının özünə mövqe tapması
üçün yollar axtarması və s. əks olunur.