"İnsan taleyi" layihəsində
Tanışlığımız rəfiqəsinin vasitəsilə oldu:
- Sənin yazılarını oxuyur. "Yazı-pozu adamlarına güvənim azdır.
Amma nədənsə onun yazıları mənə həqiqətləri diktə edir. Həyatın
dibində olan insanların hekayətləri bəzilərinə inandırıcı görünməyə
bilər. Amma mən əminəm ki, bu yazılar tam həqiqətə söykənib, çünki
mən özüm də o qəhrəmanların həyatını yaşamış biriyəm. Buna görə də
onunla əlaqə saxlamaq istəyirəm", - deyir.
Nəhayət, "İnsan taleyi"nin yeni qəhrəmanı ilə üz-üzəyəm. Məsul
vəzifədə çalışır. Çox yaraşıqlı və duyğu yüklü bir xanımdır.
İllərin yaşamı üz cizgilərinə təsirsiz ötüşüb. Ətrafa sevinc, sevgi
ərməğan edən xoşbəxt siması, davranışı, intellekti... Baxışlarında
isə o qədər də hiss olunmayan qorxu, çəkingənlik közərir.
Gəncliyimi yaşamadım, qocalığa isə hazır
deyiləm
- Ölkənin uzaq bölgəsində oluram. Bakıya gəlişimin səbəblərindən
biri də elə sizə yazılarınıza görə təşəkkürümü bildirmək istəyim
idi, – deyir. - Həm də vədələşmişdik axı.
Sözünü yarıda kəsir. Danışmaq, ilk görüşün və həyatının ancaq
özünə aid olan sirlərini paylaşacağı adamı şəxsən tanımamasının da
xofu hiss olunur. Gərginliyi aradan qaldırıram:
- Samirə xanım, (ad şərtidir – F.B) görüşənə qədər sizi
yeniyetmə, daha gənc bir xanım kimi təsəvvür edirdim. Yaşınız güman
ki, 30-u keçib. Təhsiliniz, işiniz, ailəniz var, amma gözlərinizdə
bir giley hiss olunur. Nədir sizi küskün göstərən?
- Yaşım 30-u da, 40-ı da çoxdan keçib. Olur ki, güzgüyə baxanda,
yaxud kimsə mənimlə yaşıma uyğun danışanda təəccüb edirəm. Bəlkə
gəncliyimi lazımınca yaşamadım, ondandır, yoxsa qocalığa hazır
deyiləm, bilmirəm. Taleyimdən gileylənməyi də xoşlamıram,
baxmayaraq ki, elə bir xoş günüm də olmayıb. Nikbin adamam, amma
bəzən içimdəkiləri deməyə adam axtarıram, bax o zaman giley hiss
olunur məndə. Paylaşmaq istəyirəm... sizin yazılarınız məni vadar
etdi ki, əlaqə saxlayım.
- Baş-başayıq. Sizi narahat edən məsələlərdən danışaq, -
vaxtımın darlığı artıq düşüncəmdən kənardır, onu daha tez
danışdırmaq istəyirəm.
- Mənimlə söhbətdə şablon suallardan uzaq olun, lütfən.
Sözlərimdən inciməyin, amma mən sizinlə jurnalist kimi yox, dost
kimi danışmaq, dərdləşmək istəyirəm.
Öpüşlər də bəzən adamı bezdirir
- Narahat olmayın. Şablonçuluğu mən də sevmirəm. Amma
ilk dəfə gördüyüm qadına da başqa cür yanaşa bilmirəm. Hər halda
gileyiniz ailənizdən olacaq. Yoldaşınız sizi incidir?
- Yoldaşımdan narazı deyiləm. Elə indicə, sizinlə görüşə
gəlməzdən öncə bişirdiyim yeməkdən razılıq etdi, üzümdən öpdü.
- Demək, "kişinin qəlbinə yol mədəsindən keçir" deyimi
düzdür.
- Yox, elə deməzdim, amma o öpüşlər də bəzən adamı bezdirir. O
mənim ikinci həyat yoldaşımdır. Taleyimi bilmək istədiniz, siz
mənimlə ailəsi dağılmış, sonsuz qadın, ögey ana kimi danışa
bilərsiniz. Hansı mövzu sizə daha çox maraqlıdır, o haqda
danışaq.
- Elə ailənizdən başlayaq. Demək, birinci ərinizlə
ayrılığınıza səbəb sonsuzluq oldu?
- Yox. Düzdür, uşaq yox idi, amma bu əsas deyildi. Biz yola
getmirdik. Uşağın olmaması əslində mənim şansım idi. Onlar məni
insan kimi məhv etdilər.
Xəstələnməyə belə haqqım yox idi
- Həm ana olmağın sevincini yaşamadınız, həm də basqı
altında oldunuz. "Onlar" dedikdə kimləri nəzərdə tutursuz, nələri
yaşatdılar?
- Qayınanam, baldızım, ərim. Nələr yaşatmadılar ki... Üstündən
20 ilə yaxın bir vaxt keçib, amma hələ də o illəri xatırlayanda göz
yaşlarımı saxlaya bilmirəm. Bir insan olaraq heç nəyə haqqım yox
idi – danışmaq, deyib-gülmək, oxumaq və s. Xəstələnməyə belə haqqım
yox idi.
- Niyə? Sevgi olmadan ailə qurmuşduz?
- Mən onu sevməmişdim. Tələbə yoldaşımın qonşusu idi. 3 il
ardımca sürünmüşdü. Baxmayaraq ki, boy-buxunlu, yaraşıqlı idi, amma
xoşuma gəlmirdi. Bir neçə dəfə elçi gəldilər, getmədim, evdən də
vermədilər. Zorla qaçırdı məni.
Mələklər kimi pak idim
- Bəlkə ona verdiyin iztirabların qisasını alırdı? Yoxsa
əvvəllər sevdiyin varmış, ona qısqandı? Hər halda səni ailəsi də
istəmişdi, elçi gəlmişdi. Niyə axı birdən-birə pis
oldu?
- Onun ailəsi ana və bacıdan ibarət idi. Çox geridə qalmış
idilər. Mən onlardan hər cəhətdən üstün idim və bu, onları çox
qorxudurdu. Sizə bir söz deyim, gülməyin.
- Deyin.
- Onlar məni pis adam edənədək mələk kimi saf və pak birisi
idim, inanın. 22 yaşım vardı. Həyatımda heç kim olmamışdı, heç bir
oğlanla telefonda belə danışmamışdım. Çox ciddi ailə tərbiyəsi
almışdım. Biz ailədə valideynlərimizə "siz" deyə müraciət etmişik.
Ağlımın ucundan belə keçməzdi ki, qayınanaya, baldıza, ərə etiraz
edəm, cavab qaytaram. Təhqirlərini, verdikləri acını gülərək qəbul
edirdim. Dünyagörüşləri çox məhdud idi, keçmişdə olduğu kimi
gəlinin süpürgə kimi qoyulduğu yerdə durmasını tələb edirdilər. Heç
nəyə dinməməli idim. Mən o zaman yaxşı işdə işləyirdim, yüksək maaş
alırdım. O maaşı da qəpiyinə qədər qayınanamın qarşısına qoyurdum,
amma o puldan corab pulu götürməyə də haqqım yox idi və mən bunu
təbii qəbul edirdim.
- Bəs sonra nə oldu? Dediniz ki, saf idim, bu saflığı
kimə və nəyə qurban verdin? - aramızda yaranan səmimiyyətdən idi,
nə idisə "sən" deyə müraciət etməyimə özüm də fikir
vermədim.
- Sonra mən də pislik etməyi, kimdənsə hayıf almağı öyrəndim və
bütün saflığım sanki əriyib yox oldu.
- Yəni…
- Yox, səhv anlamayın, əxlaqsızlıq baxımından heç nə olmayıb.
Yəni mərdi qova-qova namərd etmək deyilən bir şey var ha, bax, o
vəziyyətə gəldim.
Baldızım mənə hirsləndi ki...
- İlk narazılıq nədən yarandı? Bəlkə təhsilli xanım kimi
ərinizi və baldızınızı yola gətirəydiz?
- İlk narazılıq deyəndə ki, ilk döyülməyim, yaxud eşşək kimi
çırpılmağım dünən olmuş kimi gözlərimin önündədir. Hər gün səhər
işə gedənə qədər bütün işləri görüb getməli idim. Baxmayaraq ki,
onlar günün çox hissəsini evdə idilər, amma heç nəyə əl
vurmurdular. Qalan işləri isə axşam görürüdüm. Yerlərini belə mən
açıb yığmalı idim, yoxsa yatmazdılar. 90-cı illər idi, mitinqlərin
qızğın dövrü. Meydan bizə yaxın idi. Yoldaşım mitinqə getmişdi.
Gündüz baldızım mənə hirsləndi ki, ayaqqabısını təmizləməmişəm. O
məndən 6 yaş kiçik idi, 16 yaşı vardı. Dedim ki, "yadımdan çıxıb",
- əsəbiləşdi. Dedi ki, "heç köynəyimi də tikməmisən". Dedim "mən
işləyirəm, çatdıra bilmirəm, köynəyi özün də tikə bilərsən". Əli
ilə qonşunun evini göstərib dedi ki, "xalxın gəlinləri bütün işi
görür." Mən də zarafata saldım, "xalxın gəlinləri qızılı da kilo
ilə taxırlar, mən niyə taxmıram". Göstərdiyi qonşunun sinəsi zərgər
dükanının vitrininə oxşayırdı.
- Qızılın yox idi?
- Demək olar ki, yox. Qayınanamın çox ucuz sırğası və baldızımın
üzüyündən çəkilmə nazik bir üzük vermişdilər mənə, bir də nazik bir
zəncir. Baldızım hər gün başıma qaxırdı ki, "bunu mənim üzüyümdən
çəkiblər". Zənciri isə toydan bir neçə gün sonra boğazımdan
açdılar, o da baldızımın imiş. Qızılı neynirdim ki, sözgəlişi
demişdim. Bunu demişdim ki, baldızım küçəyə qaçdı. Qayınanam qonşu
qadınlarla söhbət edirdi. Gördüm anasını çəkə-çəkə mitinq olan
tərəfə getdi. Yoldaşımı yolda gözləməyə başladılar. Yoldaşım
mitinqdən gələn kimi ilk sualı bu oldu: "Sənin nəyin qonşulardan
əskikdir, az?". Şillə-təpiyin sayını bilmədim. Hər zərbədən sonra
gözümdə od parlayırdı sanki. Səsim eşidilməsin deyə məni hamama
apardı. Qapını bağlayıb çırpmağa başladı. Sonradan bu döyülmələr
adiləşdi. "Qonşuya niyə salam verdin, yol gələndə başını niyə
qaldırdın, ananla niyə danışdın", - və buna bənzər başqa bəhanələr
döyülməyimin səbəbləri idi.
- Axı onun səni sevdiyi zamanları xatırlada
bilərdin.
- O, yenə də sevirdi. Bu, ayı sevgisi idi.
- Necə ayı sevgisi. Dəlicəsinə, yoxsa
vəhşicəsinə?
- Dəlicəsinə yox, vəhşicəsinə. Bir nağıl var e, ayı dovşanı çox
sevir deyə pəncəsi ilə özünə sıxır, açanda görüb ki, ölüb. Onlar
məni öldürürdülər, tam səmimiyyətimlə deyirəm. Buna heç kimi
inandıra bilmirəm.
Məni döyə-döyə, işgəncə verə-verə…
- Axı sən onun sevdiyi qadın idin, heç gecələr yatanda
könlünü almırdımı, qılığına girmirdimi?
- Yox, olmurdu. Mən kölə kimi ona tabe olmalı idim, vəssalam.
Gecələr isə məni zorlayırdı. Döyə-döyə, işgəncə verə-verə.
- Düzünü de, bu zorlamalarda hansısa bir həzz
yaşayırdınmı? Axı gənc idin.
- Mən o vaxtlar həzzin nə olduğunu heç bilməmişəm.
Müsahibim bir müddət söhbətə ara verir, sonar yenə
danışmağa başlayır:
- Qayınanam kənarda o qədər sakit idi ki... mən isə şən,
səsli-küylü, həyat dolu birisi. Hər kəs mənə deyirdi ki, "sən
Allah, o arvada yaxşı bax, yazıqdır, gün görməyib". Mənə
yaşatdıqlarını heç ailəmə də deyə bilmirdim, başqalarınamı
deyəcəkdim? Elə bilirdim ki, desəm anam məni öldürəcək, "niyə yola
getmirsən", - deyəcək. Təsəvvür edin, qonşuya salam verirəm, kefimi
soruşurlar, onlar da bunu pəncərədən görür, evə girən kimi
təpikləyirdilər ki, "qonşuya bizdən nə giley edirdin?". Bir dəfə
qohumlarıgilə getmişdik. Mənə dedilər ki, nə gözəl jaketin var,
dedim, sağ olun, anam alıb. Evə gələn kimi saldı məni hamama,
başladı döyməyə ki, "sən onlara demək istəyirdin ki, biz sənə heç
nə almırıq?". Döyməyə o qədər bəhanələri var idi ki...
Əlimə kitab, qəzet alırdım ki, oxuyam, bir də görürdüm baldızım
başıma bir qapaz ilişdirdi: "Sən özünü ağıllı, bilikli sayırsan,
guya bizimlə danışmaq əskiklikdir?". Qardaşı gələndən sonra yenə də
məndən giley-güzar və döyülmə. Mən necə dözürdüm bunlara, bilmirəm.
Stress keçirirdim. O anlarda sanki silgi ilə lövhəni silirdilər,
yaddaşım pozulurdu, heç kimi tanımırdım. Bunun izləri hələ də
qalır.
Valideynlərimi heç vaxt bağışlamayacağam
- Sənə qulaq asıram, rəhmim gəlmir, acığım tutur. Niyə
axı dözməliydin?
- Valideynlərimdən çox cəkinirdim. Anam ilk dəfə biləndə bir az
arxa durdu. Amma sonra mənə zəng də etmədi, kefimi də soruşmadı ki,
birdən şikayət edərəm. Kimsə məndən əhvalımı soruşanda göz yaşlarım
durmadan axırdı, anam isə məndən heç bunu da soruşmurdu. Qorxurdu
ki, qızının ailəsi dağılar. Mən valideyinlərimi yaşadıqlarıma görə
heç vaxt bağışlamayacağam.
- Axı onların günahı da yox idi. O səni
qaçırmışdı.
- Var idi, atam da, anam da eyni fikirdə idi. Məni zorla
sürüyə-sürüyə aparmışdılar. Könüllü getməmişdim ki, cəzamı
çəkəydim.
Baldızım lezbiyan idi
- Baldızının sənə münasibəti necə idi?
- Baldızım sanki lezbiyan idi. Düzdür, o vaxtlar bu tip insanlar
haqda məlumatım yox idi, amma o qıza imkan versəydim, məni
qardaşından betər edərdi. O məni hamıya - qonşuya, yoldaşımın
dostuna, qohuma da qısqanırdı. Amma əsas xarakterim idi,
xasiyyətimə görə qohum, tanış məni sevirdi. Baldızım deyirdi ki,
ərə gedəndən sonra qoymaram yoldaşım sizə gəlsin, sən gülərüzsən,
gözəlsən, onu yoldan çıxararsan.
- Bəlkə elə səni sevirmiş və bir şey əldə etmədiyinə
görə qardaşına qısqanırmış?
- Yox, sevmirdi. Ehtiras idi onda. Üzümü, dodağımı öpmək,
dişləmək istəyirdi. İmkan versəydim, daha dərinə gedərdi. Mən
əsəbiləşir, ondan iyrənirdim.
- Bəlkə elə bu, qardaşı arvadına olan doğmalıq imiş.
Onun yataqda olanda sənə toxunmaq cəhdi vardımı?
- Ev çox balaca olduğu üçün ayrıca yataq otağımız yox idi. 2
otaqlı ev idi, birində biz, digərində onlar yatırdılar. Yatağa
ancaq gecələr hamı yatanda keçirdim. O, açıq söhbətlər etmək
istəyirdi, imkan vermirdim.
- Səncə, onun istəyi alınsaydı, sənə qarşı münasibət
fərqli olardımı?
- O zaman cinsəl həyat haqqında heç bir təsəvvürüm yox idi və
belə şeyləri əxlaqsızlıq hesab edirdim.
Ağlatdıqdan sonra sevişməyə məcbur etmək...
- Amma bugünkü ağlın və təsəvvürünlə onu yatağa çəkib
utandırardınmı?
- Yox, yenə də nifrət edərdim.
- Heç fikirləşməmisən ki, qadın olaraq ərinə qarşı
diqqətsiz olman onun sənə qəzəbini artırardı? Məsələn, səni
zorlamazdı.
- Yox. Dedim axı, o, hər mənada mənim həyatımda ilk kişi idi.
Mən bu izdivacı qəbul etmişdim. Onu qəddarlaşdırana qədər hər şey
normal idi.
- Sənə qarşı ən qəddar rəftar hansı idi?
- Döyüb, incidib, ağlatdıqdan sonra sevişməyə məcbur etmək, həm
də üzr istəmədən belə... Çox qısqanc idi. Məni güdürdü. Özümü
öldürmək həddinə çatdım. Bir dəfə bu haqda dedim, qayınanam dedi,
"etsən, deyəcəyik, başqa kişi ilə tutmuşuq, ona görə qəsd edib
özünə".
- Heç ağlına gəlmirdimi ki, onların acığına kiminləsə
münasibət qurasan, qisas alasan?
- Dəfələrlə. Mənə yaşatdıqları üçün qisas almaq istəyirdim
onlardan. O məni o qədər boş yerə qısqanırdı ki, yanıb tökülürdüm,
deyirdim, onların düşündüyünü etsəm, məni yandırmazdı. O zamanlar
mənə qoşulub qaçmaq, evlənmək təklif edənlər də var idi. Amma mən
bunu etməzdim.
Hər görəndə tutub öpürdü...
Xəfif təbəssüm sifətindəki kədərin üstünə duman kimi çökür,
kədəri gizlədir:
- Qonşuda, 70-80 yaşlı bir qoca kişi vardı. Pərvanə kimi başıma
dolanırdı. Qocalığından istifadə edib hər görəndə tutub öpürdü
məni, etiraz da edə bilmirdim. Hər dəfə deyirdi ki, "gəl götürüm
səni gedək "Emiriqaya", bunlar adam deyillər, sənin qədrini
bilməzlər".
- O səni kişi hissləri ilə, yoxsa bir ata duyğusu ilə
öpürdü?
- Yox, sevirdi (gülür). Onların qonşularının gəlini idim. Bir
dəfə küsüb atamgilə getmişdim. Təzə bəy kimi geyinib, əlində bir
dəstə gül və şokaladla görüşümə gəlmişdi. Hər görəndə zorla cibimə
pul basırdı, "xərclə", - deyirdi.
- Düzünü de, bu, xoşuna gəlirdi?
- Ancaq gülürdüm. Başqa şey haqda heç düşünmürdüm belə. Lap
cavan da olsaydı, onun dediklərini etməzdim. Ancaq o əl çəkmirdi,
bəzən qaynanam və baldızım da görürdü onun məni öpdüyünü.
- İkinci dəfə ailə qurdun. Özü də dul kişi ilə. Bəs səni
sevənlər, onlar necə oldular?
- Boşanma məndən çox şeyi aldı. O prosesi yaşamaq çox çətindir.
4 il tamam qara geyindim. Anam evdən çölə çıxmağıma imkan vermədi,
"adına söz gələr, əri ilə oynayır" deyərlər.
- Yəni...
- Yəni aramızda nəsə ola bilər. Boşanma qərarını özüm verdim.
Ailəm yenə də arxa durmadı. Tək qaldım və hər şeyi həll etdim. Mən
hər küsüb gedəndə ardımca gələrdi, valideynlərim də məni barışmağa
məcbur edirdilər. Amma artıq bütün bağlar qırılmışdı. Sonuncu
savaşımda dedim "gedirəm, ardımca gəlsən, kişi deyilsən", - amma
gəldi. Qohumumuz xəstələnmişdi. Xəstəxanaya gəldi, "gedək" dedi.
Onu təhqir etdim, "rədd ol, - dedim, - mənim səninlə getmək fikrim
yoxdur". Qohumlarımız o saat düşdü üstümə, "düz etmirsən", -
dedilər.
İndi ailəliyəm, yoldaşım məni çox istəyir. Mənim söhbətim
əslində bu olmayacaqdı səninlə. İmkan olsa danışaram, yazıların
məni dilə gətirdi. Qismət olsa, gələn dəfə ikinci ailəm haqqında
danışaram.