"Biz və Onlar" layihəsində
"Biz və onlar" müxtəlif millətlərin mədəniyyətini,
dünyagörüşünü, mentalitet fərqlərini ortaya qoyan layihədir. Bu
layihədə üç müxtəlif ölkənin nümayəndəsinə eyni sualları
ünvanlamaqla onların mədəniyyəti və tarixi ilə bağlı oxşar və
fərqli cəhətləri öyrənmiş oluruq.
Cek Cons – 37 yaş, Cənub Oreqon Universiteti, IRI-ın
Belarusiya üzrə rəhbəri, ABŞ.
Bəxtiyar Hacıyev – 33 yaş, Harvard Universiteti,
"İnsan Kapitalı" konsaltinq təşkilatının sədri,
Azərbaycan.
Cengiz Özbək – 33 yaş, İstanbul Kültür Universiteti,
"Hürriyət" qəzetinin xarici xəbərlər bölməsinin redaktoru,
Türkiyə.
– Hansı siyasi və tarixi hadisə ölkə mədəniyyətinizə
təsir göstərib?
Cek Cons: - Son dövrlərdən danışası olsaq,
İkinci Dünya Müharibəsini deyərdim. Bizim ölkədən müharibəyə
yollanan bir nəsil var idi. Onlar geri qayıtdıqda artıq hər şey
dəyişmişdi. Daha ağır, daha introspektiv işlər ortaya qoyan sənət
adamları, yazıçılar və rejissorlar məhz bu nəslin nümayəndələridir.
Mən misal olaraq, Cerom Selinceri, Kurt Vonnequtu, Jozef Helleri
göstərmək istəyirəm.
Mədəniyyət baxımından hökumətin rolu müharibədən sonra kəskin
dəyişdi. ABŞ açıq-aşkar böyük qlobal güc idi. Bu faktın özü
mədəniyyətə çox böyük təsir göstərdi.
Bəxtiyar Hacıyev: - Mən ölkə mədəniyyətinə
təsir edən hadisələri 3 hissəyə bölmək istərdim. ADR dövrü,
Azərbaycanın SSRİ tərkibində olduğu dövr, bir də müstəqil
Azərbaycan Respublikası dövrü. Azərbaycan SSRİ-nin tərkibində
olduğu dövrdə tamam başqa bir nəsil yetişdi, oxumaq-yazmaq
səviyyəsi yüksəldi, amma cəmiyyət daha çox Moskvanın məsləhət
gördüyü istiqamətdə yetişdi. Uşaqlar SSRİ istehsalı cizgi filmləri
ilə böyüdü, Moskvanın icazə verdiyi mövzularda çəkilmiş filmləri
izlədilər və oxuduqları ədəbiyyat müəyyən çərçivədə idi.
Müstəqillik dövrümüzdə isə Qərb cizgi filmlərinə, filmlərinə,
ədəbiyyatına, musiqisinə çıxış yarandı, sovet dövründə yetişən
nəsillə müasir Azərbaycandakı gənclər arasında müəyyən bir fərq
hiss edilməyə başladı. Məsələn, orta və yaşlı nəslin sevdiyi muğama
qarşı açıq etiraz edən, rok musiqisini sevən və təbliğ edən bir
təbəqə yetişdi. Ancaq onu da qeyd edim ki, müstəqil Azərbaycanın
təhsil sisteminin ciddi problemləri öz fəsadlarını da göstərib.
Belə ki, bədii ədəbiyyata marağı yox səviyyəsində, kitab oxumayan,
musiqi zövqü korlanmış, bayağı musiqilər dinləyən, izlədikləri
filmlər Braziliya və Türkiyə sevgi serialları olan böyük bir kütlə
formalaşıb.
Cengiz Özbək: - Türkiyənin son 100 illik tarixi
həm ictimai, həm də siyasi baxımdan xaosla doludur. Lakin bu siyasi
hadisələrin mədəniyyətə və ədəbiyyata nə dərəcədə təsir göstərməsi
mübahisəli mövzudur. Əlbəttə ki, istər şeirdə, istərsə də romanda
ağrılı dövrlər öz əksini tapıb. Lakin Tolstoyun "Hərb və sülh"ü
kimi böyük bir əsər ərsəyə gətirilməyib. Amma yaxın tarixə öz
damğasını vuran hərbi münaqişələr və təzyiq dövrləri bir çox
sənətkarın sürgündə yaşamasına səbəb oldu. Bununla bərabər,
sözügedən hadisələrin ədəbiyyata təsiri inkaredilməzdir. İki nümunə
ilə izah etmək lazım gəlsə, Qərbdə ən çox tanınan şairimiz Nazim
Hikmətin təkpartiyalı sistemdən və sonradan gələn Menderes
rejimindən başı çox bəla çəkdi. Bu təsirləri onun bir çox şeirində
duya bilərik. Nobelli yeganə türk yazıçı Orxan Pamuk "Cövdət bəy və
oğulları" romanı daxil olmaqla, bir çox əsərində cümhuriyyət
dövrünün sıxıntılarını ortaya qoyub.
– Ölkənizin mədəniyyətini necə təqdim edərdiniz? Dünya
xalqları sizin ölkənizi hansı xüsusiyyətlərinə görə
tanıyır?
Cek Cons: - Mən ölkəmin mədəniyyətinin
inanılmaz müxtəlifliklərindən danışardım. Filmlərdən başlamaq
istəyirəm. Film möhtəşəm, dinamik bir sözdür, ələlxüsus, söhbət
müstəqil filmmeykerlərdən söhbət gedirsə. Adicə bir filmi
izləyərkən biz burada dünyagörüşlərinin və müxtəlifliyin, həyat
tərzlərinin şahidi oluruq. Məhz filmlər mənim mədəniyyətim haqda
izləyicilərinə çox şey söyləyə bilər. Pis ya da yaxşı, insanlar
mənim mədəniyyətimlə Hollivud vasitəsilə tanış olub. Bəlkə də,
həmişə Hollivudun yaxşı tərəflərini görməyiblər, amma yenə də.
Yəqin ki, çox adam Stiven Siqal və Ues Andersonu tanıyar. Mən,
həmçinin, televiziyanı da bura əlavə etməliyəm. Və sonda, biz nə
ilə məşhuruq? Bu baxır sualı hansı ərazidən verirlər. Sual Orta
Şərqdən verilirsə, orada bizi siyasətimizlə tanıyırlar. Avropadan
verilirsə, daha çox mədəniyyətimizlə. Sualı Mərkəzi Amerikadan
verirlərsə, cavab bir az mürəkkəbdir.
Bəxtiyar Hacıyev: - Doğrusu, bu günə qədər
səyahət etdiyim 50-dən çox ölkədə qarşılaşdığım sıravi
vətəndaşların çoxu nəinki ölkə mədəniyyətimizin, hətta ölkəmizin
özü barədə də məlumatsızdırlar. Haradasa Azərbaycan haqqında az da
olsa, məlumatlı insan görəndə sevinirəm. Son illər Azərbaycan
dövləti muğamımızı, milli musiqimizı Azərbaycan caz musiqiçiləri
ilə təbliğ etməyə çalışır. Mən ABŞ-da təhsil alanda Alim Qasımov
qızı Fərqanə Qasımovayla ABŞ-da "İpək Yolu" layihəsi çərçivəsində
konsert vermişdilər. Konsert zamanı onlar "Leyli və Məcnun"dan
hissələr ifa edir, arxadakı monitorda isə misraların tərcüməsi
yazılırdı. Konsert bitdikdən sonra Boston kimi ən nüfuzlu
universitetlərin yerləşdiyi şəhərin auditoriyası dəfələrlə ayağa
qalxaraq ifaçıları ayaqda alqışladılar. O zaman düşündüm ki, bəzən
bizim üçün adiləşmiş bəzi şeylər başqa xalqlar üçün böyük maraq
doğura bilər və ölkəmizi işğal problemi, yaxud zəif göstərəcək
digər məqamlarla təmsil etməkdənsə, məhz belə mədəni təbliğatla
tanıtmaq daha doğru olar.
Cengiz Özbək: - Türk mədəniyyəti dünyada dini
xüsusiyyətləri və Osmanlı "bakround"u ilə tanınır. Turistik və
tarixi yerləri ilə yanaşı, xüsusilə cənub sahillərindəki tətil
bölgələri ilə məşhurdur. Dünyanın ən böyük şəhərlərindən biri olan
İstanbul Avropa və Asiya qitələri arasında həm coğrafi, həm də
mədəni bir körpü rolunu oynaması ilə xarakterizə olunur. Türk
mətbəxi də "Türkiyə" deyəndə ağıla gələn ilk ünsürlərdən biridir.
Bu cəhətdən lokum, qəhvə, son zamanlar isə kabab məşhurdur.
– Sizin gənclər öz tarixi keçmişinə və mədəniyyətinə
necə münasibət bəsləyir? Ümumiyyətlə, tolerantlıq gənclərin
həyatında necə rol oynayır?
Cek Cons: - Təəssüf ki, bu suala tam dəqiqliyi
ilə cavab verə bilməyəcəyəm. Çünki mən 14 ildir ki, ABŞ-da
yaşamıram. Yəqin ki, bir nəsil müşahidəmdən kənarda qalıb. Buna
baxmayaraq, mən kənardan internet vasitəsilə ölkə gəncləri haqda
müəyyən təsəvvürə malikəm. Tolerantlıq ölkə gəncliyimizin həyatında
böyük rol oynayır. Hətta deyərdim ki, onun bu rolu günbəgün
artmaqdadır. Statistika göstərir ki, "minillik nəslin" ən
rəngarəng, fərqli və tolerant nəsli hazırkı nəsildir. Amma
müşahidələrə əsasən deyə bilərik ki, tolerantlıq internetdə
"komment" bölməsinə şamil olunmur. Onlayn fəaliyyətin anatomiyasına
uyğun olaraq insanlar şərh yazarkən öz neqativ duyğularını və sərt
reaksiyalarını daha asanlıqla büruzə verə bilirlər. Çox qəribə
dixotomiyadır. Deməli, gənclər real həyatda daha tolerant olsalar
da, internet üzərindən onlayn fəaliyyətləri zamanı o qədər də
tolerant olmaya bilirlər.
Bəxtiyar Hacıyev: Əgər söhbət ümumi
tolerantlıqdan gedirsə, düşünürəm ki, 10-15 il əvvəlki gəncliklə
müqayisədə, indiki gənclərimiz bir çox sahədə, dini, milli, yaxud
digər məsələlərdə daha tolerantdırlar. Yalnız çox kiçik bir qrup
insanı müşahidə etmək olar ki, onlar azadlığın öz tarixi keçmişinə
və mədəni dəyərlərinə müxalifliklə əldə ediləcəyini düşünürlər.
Onlar elə düşünürlər ki, məsələn, azad, müasir olduğunu göstərmək
üçün mütləq muğamı pisləməli, rok dinləyicisi olduğunu
vurğulamalısan. Halbuki bunları bir arada da etmək olar və əhvaldan
asılı olaraq muğam dinləyə, başqa bir zaman isə mühitə və əhvala
uyğun olaraq rok dinləyə bilərsən. Əsas odur ki, bayaq qeyd etdiyim
kimi, insanların təhsil səviyyəsinin aşağı düşməsinin fəsadı kimi
insanlar oxumaqdan, dinləməkdən, izləməkdən, öyrənməkdən uzaq
düşməsinlər, zövqləri bayağılaşmasın və fərqli seçimlərə hörmətlə
yanaşmağı öyrənsinlər.
Cengiz Özbək: - Bütün dünyada olduğu kimi
Türkiyədə də gənclər qloballaşmağa və texnologiyanın inkişafı ilə
birlikdə öz mədəniyyətindən uzaqlaşmağa başlayıb. Gənclər arasında
keçmişinə sahib çıxmaq arzusu azalıb. Bir çox gənc Osmanlı
mədəniyyətini inkar edir. Təəssüf ki, türk gənci tolerant deyil.
Səbirsizdir. Təbii ki, yaşlı nəslin də gənclərə qarşı tolerant
olmadığını qeyd etmək lazımdır. Məncə, bu antitolerantlıq gənclərin
yaradıcı fəaliyyətini məhdudlaşdırır.