Qabaqcadan deyim ki, yazıda
ona vermək istədiyim şərti adla razılaşmadı. Məlum məsələdir ki,
ona bu yazıya görə söz gəlməsini istəmirəm. Həm də yaşı çoxdur. Bu
gün sabah 80-ni arxada qoyacaq.
- Yox, - dedi. Bu adla doğulmuşam, yaşadığım, keçdiyim yol bu
adla olub, bu günümü də ömrümdən, taleyimdən silə bilmərəm ki. Adım
qoy olduğu kimi qalsın.
Həyat hekayətinin bir parçasını bizimlə bölüşən bu adam qocaman
pedaqoqdur. Cəlilabad rayonunun Cəfərli kəndində doğulub, yaşa
dolub. İxtisasca ədəbiyyat müəllimi olan Böyükxan Nağıyev uzun
müddət məktəb direktoru işləyib. Hazırda isə ömrünün dustaq
həyatını yaşayır. 6 saylı CÇM-in sakinidir. Artıq 3 il olar ki,
arzuları da baxışları kimi dəmir torlu hasarı o tərəfə adlaya
bilmir. Qəfəsdədir. Vurnuxur. Bu da bir taledir... "İnsan taleyi"
layihəmizin budəfəki qonağı ilə müəssisənin görüş yerində həmsöhbət
oldum.
Görüşümüz aprel ayının əvvəlində baş tutdu. Cəza müəssisəsində
nələrin necə baş verməsi haqda başqa bir yazıda ətraflı bəhs
edəcəyim üçün qısaca onu demək yerinə düşər ki, görüş otağına
çatana qədər bir nəfərə 30 manat pul çıxdı. Onu da deyim ki,
Böyükxan müəllimin görüşünə gedən biz iki nəfər idik. Bir dustağın
yanına 4-5 adamın gəldiyini nəzərə alsaq...
Müəllim giriş qapısına yaxın olan bir stulda oturmuşdu. Narahat
halda içəri girən adamların düz gözünün içinə baxırdı. "Görəsən
görüş alan kimdir?" sualı narahat baxışlardan aydın oxunurdu.
Narkotik satışı
- ədəbiyyat müəllimi, direktor...
Yaxınlaşıb ərklə salam verdim: - Necəsən?..
Hündürboy olması elə
oturuşundan bilinir. Ayağa durub, əl uzatdı. Oturmaq üçün yer
göstərib, yaxşı olduğunu dedi. İçimdən bu fikri keçirdim:
"Ay ağsaqqal, axı necə yaxşı
ola bilərsən, bu yaşda, burada, özü də o maddə ilə?"
Bir azdan şair Aqşin Yenisey də gələcək. O, sonuncu
"filtrizasiya" otağındadır. İlk olaraq mən girmişdim. Qısaca onu
dedim ki, sənin də pulunu verdim. Doğrusu, xərclərin hamısını o özü
çəkmişdi. Axı məni də görüşə təkid edib o aparmışdı:
- Sənin təcrübən var, kişi mənimlə görüş istəyib, hekayələri
var, kitab dərc etdirmək istəyir, - demişdi.
Çay sifariş veririk. Böyükxan müəllimin əlyazmalarına nəzər
salıram. Və onunla həbsi haqda söhbət etmək istədiyimi bildirirəm.
Razılaşır.
- Artıq 3 ilə yaxındır ki, həbs olunmusunuz. Nə
fikirləşirsiniz?
- Çox şey. Burda hər şey və hər kəs haqda fikirləşməyə vaxt
var.
- Müəllim işləmisiniz.
- Hə, ədəbiyyat müəllimiyəm. Məktəb direktoru idim.
- Gələcək nəslin təlim-tərbiyəsində, onların vətənə,
ailəyə, insanlığa layiq böyüməsində tövsiyələriniz
olub.
Böyükxan müəllimin səsi batıq gəlir. Çox uzaqlardan eşidilir elə
bil. Həm də üzündəki günahkar ifadənin inikası var bu səsdə:
- Bəli, olub. Bilirəm nə deyəcəksən.
- Hər halda, hər şey haqda fikirləşəndə onu da
fikirləşdiniz ki, gərək bu yaşda bu əməllə cinayətə cəlb
edilməyəydiniz.
- Çox ağır mövzudur. Elə bütün yaşlarda yaxşı hal deyil. Özümü
çox pis hiss edirəm.
- Necə oldu? Axı siz kifayət qədər nüfuz sahibi
olmusunuz. Direktor işləmisiniz, dolanışığınız yaxşı olub. Narkotik
satışına baş qoşdunuz.
- Bu, çox uzun söhbətdir.
- Eybi yox, vaxtımız var...
- Düzdür, məni narkotik maddələrin satışına görə tutublar, amma
bu, heç də elə deyildi.
- Demək, narkotik olmayıb.
- Yox, olub, özü də külli miqdarda. Amma... yaxşısı budur,
başdan danışım.
Onun zibilinə düşdüm
Xeyli fikrə getdi, uzaqlara boylandı sanki. Elə bil, baxışları
onu ardınca cəza evindən götürüb, əlindən tutub 3 il qabağa,
Cəlilabadın Cəfərli kəndinə apardı. Çay içdi. Mövzuya girməzdən
öncə səhhətindən şikayət etdi. 12 il həbs cəzası almasını,
apelyasiya şikayətinə görə cəzanın 3 ilinin azalması, prokurorun
protest verməsini, işin Ali Məhkəmədə olmasını dilə gətirdi və
siqaret yandırdı:
- İranla sərhədlər açılanda çox sevindik. O tərəfdə qohumlarımız
vardı. Sovetlər dönəmində də məktublaşardıq. Müstəqillik əldə
olunduqdan sonra görüşmək imkanı da yarandı. Getdik, tapdıq,
bir-birimizə sarıldıq. Onlar da gəldi-getdi. Qohumlardan Nurəddin
adlı birisi vardı. Müğənni idi. Tez-tez bu taya keçirdi, toylarda
oxuyurdu. Bizdə qalardı. Mən onun zibilinə düşdüm.
Susdu. Əvvəlcə mənə, sonra Aqşin tərəfə döndü, sonra yenə də
fikrə getdi. Sanki ürəyində götür-qoy edirdi.
Bir çanta tiryək, 6000 dollar, "armudu
stəkan"
- Nurəddin nə etdi ki?
- Bir dəfə səhərə yaxın Nurəddindən mənə zəng gəldi. Dedi ki,
sərhədi keçmişdim, gördüm tutacaqlar, qayıtdım geri. Sənədlərim düz
deyilmiş. Qaçaq gəlibmiş. Dedi ki, bəs, filan yerə bir bağlama
qoymuşam onu götür apar evə. Gəlib götürəcəklər. Dediyi yerə xəlvət
getdim. Gördüm bir məktəbli çantasıdır. Ağır idi. Fikirləşdim ki,
yəqin mənə bal gətirib, axı həmişə oradan bal götürərdim. Açıb
baxanda isə gördüm ki, 5 ədəd qalın kağıza bükülüb kip bağlanmış
kərpic halında bir şeydir. Bu vaxta qədər görmədiyim bir şey idi.
Nə isə gətirib qoydum evə. Zəng edib nə olduğunu soruşdum. Dedi ki,
tiryəkdir. Gizlə. Gəlib aparacaqlar.
- Bəs ona demədiniz ki, gəlin malınıza yiyə durun? Axı
cinayətə şəriklik edirdiniz.
- Dedim, nə olsun, gələ bilmirdi. Ona bu taya keçməyə qadağa
qoyulmuşdu. Təxminən 6 ay saxladım. Günlərin birində zəng vurub
dedi ki, bəs, Zaqataladan Saşa adlı bir nəfər gəlib əmanəti
aparacaq. Səhəri mənə zəng gəldi. Zaqataladan gəldiyini dedi.
"Armudu stəkan"da görüşdüm. (Cəlilabadın girəcəyində çayxanadır. -
F.B.) Gördüm ki, qarabəniz bir adamdır. Belə Saşa olmaz. Ona dedim
ki, Saşa haradadır. Dedi ki, işi çox idi, məni göndərdi. Nə isə bir
az söhbət etdikdən sonra qərara aldım ki, bağlamanı ona verəm.
Çayxanada gözləməsini xahiş edib, kəndə qayıtdım, götürüb geri
gəldim. Mənə dedi ki, bir taksi tutaq məni Zaqatalaya aparsın, ya
da özün apar, yol xərci kimi 6000 dollar verəcəyini də əlavə etdi.
Yaxşı pul idi, həm də başqasına etibar etmədim. Yola düşdük.
Zaqatalada gözləməyimi istədi, Saşa ilə görüşüb gələcəkdi. Nə isə,
bir azdan qayıtdı, 1500 dollar verdi, Saşa isə yox idi. Mənə dedi
ki, o səninlə görüşmək istəyir. Bir-iki saat gözləməli olacaqsan.
Razılaşmadım, qayıtdım geriyə. Bir müddət sonra televiziyada gördüm
ki, həmin adam həbs olunub. Narkotik maddəni məndən aldığını
söylədi. Dedi ki, Şəkidə tanış olmuşuq. Guya mən ora noxud
aparmışam və bu zaman təklif etmişəm
- Niyə Şəki?
- Sonradan bildim ki, sərhəd pozucusu kimi əlavə maddənin
salınmasını istəmirmiş. Səhəri günü sahə müvəkkili gəlib məni polis
bölməsinə apardı. Getdim. Soruşdular ki, belə şey olub, dedim, hə,
düz deyir. Amma Şəkidə yox, burada görüşmüşük. Sonra hadisəni
olduğu kimi danışdım.
- Bəs Nurəddin necə oldu?
- Nurəddin İrandadır. Onun haqda da danışdım. Amma inanmadılar.
Qabaqcadan əlbir olmusunuz, - dedilər.
Bilmirəm axırım necə olacaq
- Deyəsən nəyi isə düz demirsiniz axı. Anlaqlı şəkildə
necə və niyə bu boyda bir cinayətin altına girdiniz? Görünür,
marağınız olub.
- Yox, mən qohumluq, dostluq itirən adam deyiləm.
- Heç olmasa, Nurəddinə demişdinizmi ki, mən məktəb
direktoruyam, ahıl adamam, məni bu işə qatma.
- Demişdim. Ona çox dedim ki, gəl, zibilinə sahib çıx, amma nə
etmək olar. O, and aman etdi ki, gəlib götürəcəklər, pulu ilə də
işin olmasın, özləri çatdıracaqlar.
- Bəs Saşa necə oldu?
- Saşa MTN-ə işləyirmiş. Malı Zaqatalaya aparan kimi xəbər edib.
Onlar məni ləngidib həbs etmək istəyiblər. Amma mən duyuq düşüb,
qayıtdım. İstəmirdim məni görsünlər.
- Kifayət qədər hörmət sahibi olan bir adamın, sizin bu
məsələdə adınızın hallanması və həbsiniz sizcə tanıyanlar
tərəfindən necə xatırlanacaq, fikirləşdinizmi?
- Mən bilmirəm, kim nə fikirləşir. Amma aydındır ki, nə deyə
bilərlər. Əsas odur ki, bu, məni çox narahat edir. 70-dən çox yaşım
var, 12 il də həbs cəzası. Stenokordiya və başqa xəstəliklərim var.
Bilmirəm axırım necə olacaq, bu cəza müddətini çəkməyə gücüm
çatacaqmı?..
- Demək peşmansınız.
- Əlbəttə.
- Daha çox nədən və kimdən ötrü
darıxırsınız?
- Mənim yaşım çoxdur. Darıxsam da, tələssəm də günlər sürətini
artırmaz. Hələ çox illər burada olacağam. Uşaqlarım təhsillidir,
yerbəyer olunublar. İşləri var. Tez-tez gəlirlər, görürəm. Amma
doğurdan da darıxıram.
İlahi, gözlərin kədəri bu qədər dəqiq oxuna bilməzdi. Ahıl bir
adamın bəbəklərindən sanki ovuc-ovuc kədər yağır hər yerə. Hündür
boyuna, yaşına baxmayaraq, şax qamətinə rəğmən, bu gözlər nə qədər
aciz və sahibini ələ verənmiş.
- Atam qoz ağacı əkmişdi həyətimizdə. Mən onların yerini
dəyişdim. Yaxşı inkişaf edən, bar verən ağaclar idi. Kölgəsində
oturardım həmişə. Bax o ağaclar yuxuma girir, darıxıram o ağaclar,
o ağacların kölgəsi üçün...