Təəssüf ki, mətbuatda onun haqda məlumat çox azdır. Bu
qədər böyük istedadına – bənzərsiz səsinə rəğmən, Vidadi Bərdəli
axtarış sistemlərində təkcə ölüm xəbəri ilə yadda
qalıb.
Amma yalnız axtarış sistemlərində. Nisbətən orta nəsil yaxşı
xatırlayır: o vaxt Vidadi Bərdəlinin oxuduğu toylarda alqış
səsindən oturmaq olmurdu. Toyxananın hər künc-bucağından bir baş
boylanırdı içəri. Hətta çağırılmamış qonaqlar, yaxından-uzaqdan
xəbər tutanlar da Vidadi Bərdəlinin səsini eşitmək üçün o məclisə
gəlirdilər...
Vidadi Bərdəli 9 iyul 1959-cu ildə Bərdədə anadan olub. Hələ
gənclik vaxtlarından müxtəlif toy məclislərinə, el şənliklərinə
dəvət olunan müğənninin ifası sonradan paytaxta da səs salır...
Sənətçinin dostu Manaf Ağayevin onun haqda xatirələrini
Axar.az-la bölüşür:
"Vidadi Bərdəli ilə bağlı o qədər xatirələrim var ki! Dəfələrlə
bir yerdə məclislərdə olmuşuq. Gənc vaxtlarımızda o, "Qarabağlılar"
restoranında solist idi. Mən ona qulaq asmışam, ondan sənət
görmüşəm. Vidadinin sənətinin əvəzi yoxdur. Bundan sonra da oxuyan
çox olacaq, amma o səsdən, o diapazondan bir də olmayacaq. Onun
səsi, həqiqətən də, bənzərsiz idi. Bu səs ona vergi kimi
verilmişdi. Vidadi insan kimi də çox yaxşı, sakit, mehriban adam
idi. Ən əsası, gözəl dost idi. Heç vaxt kiməsə paxıllıq
eləməzdi.
Vidadi Bərdəlinin sənəti haqda çox danışmaq olar. Hətta türk
musiqisinin imperatoru İbrahim Tatlısəs də onun səsini eşidəndə
belə bir söz demişdi: "Azərbaycanda çox müğənni var, amma Vidadi
Bərdəli başqa bir dəryadır, aləmdir". Bunu bizə kasetdə
göstərmişdi. Həmin video ailəsindədir.
Deyib-gülən adam idi. Son zamanlar sanki öləcəyini bilirdi – çox
maraqlı idi ki, tez-tez ölümdən danışırdı. Onun həyatında pis nə
var idisə, hamısı öz səhvlərinin nəticəsidir. Səhlənkar idi, efirə
meylli deyildi, fonoqram oxumazdı heç vaxt, oxuya da bilmirdi.
Onunku təbiilik idi, həmişə canlı oxuyurdu. Ona görə də efirdən
kənar olurdu".
Vidadi Bərdəli sənətinin davamçısı, müğənni Tuncay
Bərdəli də sənətkarın həyat və yaradıcılığı ilə bağlı
təəssüratlarını Axar.az-la bölüşüb. O, Vidadi Bərdəlinin həm
müğənni, həm də insan kimi əvəzsiz biri olduğunu
deyir:
"Təəssüf ki, əmim Vidadi Bərdəli bu gün aramızda deyil. Onun
yoxluğu bizim üçün böyük itkidir. Əmim çox gözəl insan idi.
Əliaçıq, kövrək, ehtiyacı olana əl tutan...
Şəxsiyyət və sənətkar kimi də əvəzolunmaz biri idi. Biz əmimlə bir
çox el şənliyində olmuşuq. O, puldan çox dostluğa, qardaşlığa,
insanlığa dəyər verirdi. Bir müğənni kimi isə səsinin bənzəri
olmayıb".
Sənətkarın erkən yaşda dünyasını dəyişməsi hər kəs üçün
gözlənilməz oldu. Bəziləri onun həddindən artıq spirtli içki
içdiyinə görə belə tez vəfat etdiyini desə də, ailəsi bu iddiaları
qəbul etmir:
"Vidadi Bərdəlini heç bir səbəb məhvə sürükləməyib. İndiki
zamanda el şənliklərində yeyib-içməyən sənətkar çətin tapılar.
Süfrə açdırmağı, yeyib-içməyi sevən adam idi. Onun ölümünün içki
ilə heç bir əlaqəsi olmayıb. Heç kim bir ömür sağ qalacağından
sığortalanmayıb. Bu da onun alın yazısı idi. Sadəcə, əmim hər şeyi
ürəyinə salan, özünə dərd edən, kövrək bir insan olub. Ətrafında
onu əsəbiləşdirən adamlar var idi. Hansı ki, həmin adamlar əmimin
ölümündən sonra onu "içki düşkünü" adlandırdılar. Əslində isə
həqiqət belə deyildi... Ümumiyyətlə, ölən adamın arxasınca
danışmazlar, xüsusilə, o, böyük sənətkardırsa".
Bu cür səsinə rəğmən niyə kifayət qədər tanınmadığını
soruşuruq, Tuncay bəy etiraz edir:
"Vidadi Bərdəli bu gün bəzi dəridən-qabıqdan çıxan müğənnilərdən
daha məşhurdur. Allah ona elə bir səs vermişdi ki, onun reklama
ehtiyacı yox idi. İstedadı sayəsində ölkədə kifayət qədər
tanınırdı. Atamla bir yerdə Moskva, Sankt-Peterburq, Vladivostok,
Kazan, Minsk, Türkiyə, İran və başqa yerlərdə yaşayan
azərbaycanlıların toy məclislərinə, el şənliklərinə dəvət olunurdu.
Onu hər yerdə sevirdilər. Lakin istedadını gözü götürməyənlər də
var idi. Onun sağlığında ayağının altını qazanlar da olub. Amma
Vidadi Bərdəli düşmənçilik etməyi sevməzdi. O, bütün müğənnilərlə,
sənətçilərlə xoş münasibətdə olub, hörmət saxlayıb. Ümumiyyətlə,
heç kimlə dava etməzdi, mübahisələrə baş qoşmazdı.
Amma əmimin yaxşı dostları da var ki, hər dəfə "Sənsizəm"
mahnısını mənim ifamda eşidəndə onu yada salırlar. Mən onun
sənətini davam etdirdiyimə görə böyük fəxarət hissi keçirirəm".
Manaf Ağayevin danışdığı məsələni Tuncay bəy də təsdiq
edir:
"Bir çox sənətkar əmimin sənətini qiymətləndirib. Böyük türk
müğənnisi İbrahim Tatlısəs də əmim haqda yüksək fikirlər
səsləndirmişdi. Demişdi ki, mən belə bir səs eşitməmişəm: "Qardaş,
bu necə səsdir?! Mən sənə "Azərbaycan musiqisinin imperatoru"
deyərdim".
Tuncay bəy deyir ki, zaman keçdikcə onun unudulmaz olduğuna bir
daha əmin olur. Çünki bu gün də əksər məclislərdə Vidadi Bərdəli
xatırlanır, onun möhtəşəm ifasından danışılır.
Ömrü boyu səsi ilə insanları məclislərə çağıran müğənni sonuncu
dəfə səssizliyi ilə onları öz yasına dəvət etdi. "İmperator"u belə
özünə heyran qoyan Vidadi Bərdəli sənətinin təzə-təzə ekranlarda
parladığı bir vaxtda – 2012-ci ilin 30 noyabrında 53 yaşında
beyninə qan sızması nəticəsində vəfat etdi.
Mərhum sənətkarın toy məclislərindən birindən hazırlanan ifasını
təqdim edirik.