Yuxarı

"Aclıq, səfalət, silahsızlıq vardı..."

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Aclıq, səfalət, silahsızlıq vardı..."

"Cəhbə xətti" layihəsinin bugünkü qonağı Firəngiz Səttarovadır. Firəngiz xanım 1953-cü ildə Bakıda anadan olub. O, orta təhsilini bitirdikdən sonra Azərbaycan Texniki Universitetinə daxil olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında işləyən F.Səttarova ailəlidir, 3 övladı var, Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Aclıq, səfalət, silahsızlıq vardı...

Həmin vaxtlar televiziyada çalışırdım. Şuşa, Laçının işğalı, Xocalı soyqırımı baş verdikdən sonra Qarabağa getməyə qərar verdim. Mənim tibb təhsilim vardı, tibb inistutunda işləmişdim. Özümə güvənirdim və düşünürdüm ki, ön cəbhədə köməyim dəyə bilər.

Müdafiə Nazirliyinə getdim. 3 günlük təlimdən sonra bizi Qubadlı rayonundakı Səfiyanlar, Qız qəbri, Fəracanlar istiqamətinə yolladılar. Qərargahımız Qubadlının mərkəzində yerləşirdi. Əsgərləri oradan döyüşə göndərirdilər. Amma döyüş zonalarında tibb bacıları, həkimlər yox idi. Sonradan səyyar hospitallar quruldu...

Bir dəfə mənə döyüş zonasından iki yaralı gətirmək tapşırığı verildi. Tapşırığı uğurla yerinə yetirdim. Yaralılar hospitala gətirildi, təcili əməliyyat olundu. Bu hadisədən sonra mənə "həkim" deyirdilər. Vəziyyət o vaxt çox çətin idi, aclıq, səfalət, silahsızlıq vardı. Laçının kəndlərində camaat sahədə tərəvəzini, bağında məhsulunu qoyub getmişdi. Biz də onlardan istifadə edirdik. Bizdə əksəriyyəti laçınlı uşaqlar idi. Ona görə də ərazini yaxşı bilirdilər.

"Ayağımı tapın, bəlkə tikdilər..."

Döyüşçü kimi fəaliyyət göstərdiyimdən bir müddət sonra kəşfiyyat taboruna keçdim. Bir dəfə səngərə snaryad atdılar. 4 əskərimiz parça-parça oldu. Məni qoymadılar onların tikələrin yığam. Kişilər özləri onları bir yerə topladı...

Dəfələrlə gözümün qabağında əsgərlərimizi vurublar. Kiminin qolu, kiminin də ayağı qopurdu. Qışqırırdılar ki, ayağımı tapın, bəlkə tikdilər... Çox vaxt mən əsgərlərin yanında olduğum üçün qışqırmağa utanırdılar. Əksəriyyətinin 18 yaşı vardı. Bəziləri mənə "ana" deyirdi.

"Ermənistan hakimiyyəti ailəmi girov götürüb"

Döyüşlərin birində bizimkilər iki erməni əsiri gətirdi. Erməninin biri yekəpər idi, dörd nəfər güclə saxlayırdı. O biri erməni isə özünü lotu kimi aparırdı. Təbii ki, necə lazımdırsa, sındırdılar onu. Mən bir gün əsəbiləşib cumdum onun üstünə. Dedim ki, əclaf, qışqırma. Sənə kim deyib ki, get döyüş? Dedi, ailəmi Ermənistan hakimiyyəti girov götürüb, məni bura zorla göndəriblər...

***

Qızımın ad günü idi. Qanım qaralmışdı. Əsgərlər duyuq düşdü. Laçının çöllərindən gözəl çiçəklər dərib gətirmişdilər. Stolun üstünə qəşəng meyvələr qoydular. Ömrümdə içki içməmişəm. Amma əskərlər, zabitlər yeyib içdilər. Heç vaxt unutmaram...

Güllə budumdan girib dizimdən çıxmışdı...

Bir dəfə həyat yoldaşım Xanlarla helikopterdə uçurduq. Ermənilər bizi vurdu. Alnımdan yaralanmışdım. Elə bildim, kor olmuşam. Bu dəhşətli hiss idi... Əllərimlə siləndə başa düşdüm ki, gözlərimi sürətlə axan qan tutubmuş. Bir də ayağımdan ağır yaralanmışdım. Güllə budumdan girib dizimdən çıxmışdı. Bütün bunlara baxmayaraq, yoldaşım bizi oradan qaçırmadı. İstiqaməti dəyişib erməni texnikasını vurdu, sonra bizi hospitala gətirdi. Zəhərli güllə ilə vurulduğum üçün bir ay hospitalda yatmalı oldum.

"Xanları vurdular..."

1993-cü il idi. Bütün pilotların xanımları toplaşıb məclis təşkil etməyə qərar verdik. Axşama qədər gözləsəm də, Xanlar gəlib çıxmadı. Həmin gün onlara Qarabağa uçmaq əmri verilmişdi.

Gecə keçirdi. Birdən qapı döyüldü. Xanların köməkçi pilotu idi. Həyəcanlı şəkildə içəri daxil olaraq "Xanları vurdular..." - dedi.

Əslində Xanlar yox, helikopter vurulmuşdu. Sadəcə, pilot o qədər həyəcanlı idi ki, sözləri qarışdırmışdı. Həmin dəqiqələrdə keçirdiyim hissi heç bir sözlə izah edə bilmərəm. Həyat yoldaşım içəri girəndə onun yaşadığına inanmırdım.

Heydər Əliyev dedi ki...

Ulu öndər Heydər Əliyevlə görüşüm yadıma düşür. Bir dəfə H.Əliyev bizimlə görüşə gəlmişdi. Mən öz kitabımı ona vermək istəyirdim. Elə oldu ki, H.Əliyev özü mənə yaxınlaşdı. Salamlaşdıqdan sonra kitabımı ona verdim. Söhbət əsnasında həyat yoldaşımla birgə döyüşdüyümü nəzərinə çatdırdım. H.Əliyev çox təəccübləndi. Həyat yoldaşımı çağırdı, xeyli söhbət etdik. O bizə dedi: "Mən fəxr edirəm ki, millətimizin sizin kimi pilotları var".

Heydər Əliyevə dedim ki, cənab prezident, mən sizi çox istəyirəm. Dedi, məni çox istədiyin üçün yoldaşın qısqanmır? Dedim, yox, cənab prezident. Biz ikimiz də sizi çox sevirik. Gülərək, "zarafat edirəm qızım, sən mənim balamsan" - dedi.

Atəşkəs imzalandıqdan sonra tərxis olundum. Hazırda prezident təqaüdü alıram. Həyat yoldaşımın təqdimatı hazırlanmışdı. Amma Milli Qəhrəman adı vermədilər...

Tarix
2015.12.07 / 09:09
Müəllif
Nihad Cəbrayıl
Digər xəbərlər

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla