"Cəbhə xətti" layihəsinin bugünkü qonağı İbrahimov Kamil
Məhi oğludur. O, 1966-cı ildə Tərtər rayonunda anadan olub. Burada
boya-başa çatıb. 1984-1986-cı illərdə Sovet ordusunda həqiqi hərbi
xidmətdə olub. Ailəlidir, 3 övladı var. Birinci Qarabağ
müharibəsinin iştirakçısıdır.
Müsahibəyə başlamazdan əvvəl Kamil bəy çox küskün görünür,
danışmaq istəmirdi. Sonradan razılaşdı. Onun nə qədər zəhmətkeş,
vətəni üçün olduğu kimi ailəsi üçün də fədakar biri olduğunun
şahidi olduq. Niyə bu qədər ümidsiz, küskün olduğunu öyrənməyə
çalışdıq.
Müharibə dəhşətli şeydir...
- Kamil bəy, savaş yolunuz necə başladı? Döyüşsəniz də,
müharibədən heç nə danışmaq istəmirsiniz, səbəb nədir?
- Əvvəla, Axar.az-a minnətdarlıq edirəm ki, bizim kimi
unudulanlarla müsahibələr edib, problemlərimizlə maraqlanırsınız!
Ona görə danışmaq istəmirəm ki, vətənimi qarşılıqsız qoruduğum
halda, mənə veteran adı vermirlər ki, pensiya alıb balalarımı
yaşadım. Ailəmlə birlikdə Yasamal rayonu ərazisində kirayə
yaşayıram, aldığım maaş ancaq kirayə puluna çatır. Ailəm yarıac,
yarıtox yaşayır. Buyurun, bu da müraciətimlə bağlı sənədlər
(sənədlərini təqdim edir. - N.C.).
Bəs mənim üzüm necə gülsün, döyüş haqqında nə danışım?
Mühafizəçi işləyirəm, 230 manat maaş alıram. Bu da mənim evimin
kirayə puluna çatır ancaq.
- Kamil bəy, bizə döyüş xatirələrinizi danışmağınızı
istəyirik, yersiz çıxmırsa...
- Sovet ordusunda xidmət edib vətənə qayıtdım, müxtəlif yerlərdə
mühafizəçi işləyirdim. Vəziyyət pisləşəndə könüllü olaraq müxtəlif
yerlərdə xidmət etdim. Sonra isə 1992-ci ildə Daxili İşlər
Nazirliyinə müraciət edərək, döyüşmək istədiyimi bildirdim. Məni
Ağdərə rayonuna yolladılar, orada döyüşməyə başladım. Müharibə
dəhşətli şeydir, bunu ancaq orada olanlar bilər. Mənim üçün ağırdır
o günlərdən danışmaq. Sizə tək deyə biləcəyim odur ki, getdiyim
gündən qan, parçalanmış meyitlər, gördüm. Dəfələrlə hücum
əməliyyatlarımız uğurlu oldu, ancaq arxadan dəstək gəlmədiyi üçün
qanla aldığımız kəndlər ermənilər tərəfindən geri alındı.
Gənclik inkişaf edəcək
- Hansı bölgələrdə döyüşmüsünüz?
- Drambom, Sərsəng, Paprəvənd və başqa cəbhəboyu istiqamətlərdə
döyüşmüşəm.
- Kamil bəy, Azərbaycan gəncliyindən
razısınız?
- Xeyr, gəncliyimiz milli ruhda böyümür, onlarla razılaşa
bilmirəm, ancaq bizim gəncliyimiz inkişaf edəcək.
- Döyüşlərə getməzdən əvvəl də belə bədbin
idiniz?
- Heç kəs anadan bədbin doğulmur, nə baş verirsə, yaşadığın
həyata görə formalaşır. Bu qədər faciəni, müharibəni görmüş biri bu
gün halalca veteranlığını ala bilmirsə, daha nə deyim?! Mənim
rayondan bura köçməyimin səbəbi bax budur.
Qarabağ qazisi ilə belə davranılırsa, bəs mənim necə üzüm
gülsün, döyüş haqqında nə danışım? Hazırda mühafizəçi işləyirəm,
230 manat maaş alıram. Bu da mənim ancaq evimin kirayə puluna
çatır. Hər kəsdən, hər yerdən uzaqlaşdım.
Döyüşə gedəndə mənfəətsiz getmişdik
- Müharibə başlasa, yenə gedərdinizmi?
- Əlbəttə! Allaha şükür, bu gün ölkəmizin güclü ordusu, silahı
var. Ali Baş Komandan əmr versin, gedib İrəvanı da alaq.
- Aidiyyəti qurumlara hansı sözünüzü çatdırmaq
istəyirsiniz?
- Burdan aidiyyəti qurumlara səslənirəm: mənə kömək edin,
veteranlıq statusu ala bilim. Ev, maşın, bir qara qəpik belə
almıram. Axı biz döyüşə gedəndə mənfəətsiz getmişdik, axı biz bu
vətənə sevərək xidmət etmişdik. Bizim sonumuz belə olmalı idi?
Mənim prezidentimizə sevgim, hörmətim sonsuzdur! İnanıram ki, onun
bizim haqqımızda məlumatı yoxdur, əgər olsaydı, çoxdan bizi bu
vəziyyətdən çıxarardı.