"Cəbhə xətti" layihəsinin
bugünkü qonağı Mustafayev Mehman Ömər oğludur. O, 1961-ci ildə
Ağdaş rayonunda anadan olub. Burada boya-başa çatıb, 1978-ci ildə
orta təhsilini bitirdikdən sonra Bakı şəhərində Texniki Peşə
Məktəbinə daxil olub. Oranı da başa vuraraq Sovet ordusunda həqiqi
hərbi xidmət etmək üçün Əfqanıstana yollanıb. Birinci Qarabağ
müharibəsi əlilidir, ailəlidir, üç övladı var.
Qaradağlıda böyük qırğın oldu
- Əvvəla, bu xeyir işlə məşğul olduğunuz üçün sizə təşəkkürümü
bildirirəm. Axar.az və rəhbərliyi bizləri həmişə diqqətdə saxlayır.
Mən bütün sağlamlığımı Əfqanıstan müharibəsində qoymuşam. Oradan
qayıtdıqdan sonra bədənimdə yaranan xəstəliklərlə bağlı
xəstəxanalarda yatmışam. Bu vəziyyətdə olmağıma baxmayaraq,
nəhayət, 1986-cı ildə Əfqanıstan müharibəsi veteranı biletimi
aldım. Sonra İnşaat İnstitutuna daxil oldum. Səhərlər 2 nömrəli
tikmə kombinatında işləyib, gecələr oxuyurdum. Nəhayət, 1988-ci
ildə azadlıq hərəkatına qoşuldum. Meydan dağılana qədər orada
oldum. Mitinqlər bitdikdən sonra Müdafiə komitəsi yaradıldı.
Əfqanıstanda döyüşənləri Qarabağa göndərirdilər ki, gedin baxın,
orada postlarımız necə qurulub, döyüş hazırlıqları necə gedir. Biz
təcrübəli kadr sayılırdıq. Mən Xocavənd rayonuna getmişdim. Elə
kəndlər var idi ki, bizə dedilər, oralara getməyin. Amma biz ən
sonuncu kənd olan Qaradağlıya getdik. Bunu çox adam bilmir, amma
Xocalıdan əvvəl bu kənddə faciə olub. Kənd camaatının hamısını
qırıblar.
Ermənilər bizə konyak yollayırdılar
Gecəni Xocavənd rayonunda keçirdik. Düşünün, rayonun yarısı
ermənilər, yarısı bizimkilərdir. Yol ortadan keçir, hər iki tərəf
bir-birindən qorunmaq üçün post qurub. Gecə saat 11-də onlar bizə
konyak, biz onlara yemək yollayırdıq. Qəribə bir vəziyyət idi, iki
düşmən bir-birinə nə isə verir. Ən əsası odur ki, bizim millətdən
olan kolxoz sədri vardı, hər iki tərəfin adamları ondan
qorxurdular. Əcaib bir adam idi.
Biz öz imkanlarımızla xəritələr çəkdik. Orada təcrübəsizlikdən
bir istiqamətdə postlar qurulmuşdu, guya düşmən ancaq bu
istiqamətdən gələ bilər. Biz onlar ləğv edib, normal vəziyyət
yaratdıq. 3 günlük işimizi bitirib döndük. Mənim yanımda OMON-çu
Məhəmməd, Sahib var idi, bir də Milli Qəhrəman Aytəkin Məmmədov.
Biz böyük çətinliklə də olsa, Bakıya qayıtdıq.
1990-cı ildə bizə dedilər ki, həmin ərazidə beşmərtəbəli bina
tikilir. Ora getməlisiniz, mən də həmin vaxt Cəbhənin üzvü idim.
Bir Cəbhəçi nə etməliydisə, mən də onu etdim. Oraya getdim. Sonra
yollar bağlandı, biz orada qaldıq. Bir müddət keçəndən sonra Şuşaya
getdik. Komandirimiz Tofiq Oğuz idi. Getdiyim gün təcrübəli, köhnə
döyüşçü olduğum üçün məni qərargah rəisi təyin etdi. Şuşa alınan
günə qədər orada vuruşmuşam.
Xocalıya kömək edə bilmədik
Ən dəhşətlisi o idi ki, Xocalı alındı, biz ora kömək edə
bilmədik. Xocalı faciəsindən sonra Ağdama gəldik, burada
gördüklərim ağır idi. Əsirlərin dəyişdirilməsi prosesi dəhşətli
idi. Ayda 3-4 dəfə erməni tərəfə gedib qayıdırdım. Məxfi
məlumatları bizimkilərə çatdırmalı idim. Ona görə də bütün yüksək
təbəqələrdə hörmətim var. Bir dəfə Bakıya zəng edib dedim ki,
burada vəziyyət ağırdır, Xocalıdan olanları Bakıdakı pansionata
gətirib yerləşdirim. Sağ olsun rəhbərlik, səhəri gün bizə avtobus
təşkil etdi, 107 ailə gətirdim Bakıya. Orada elə uşaq var idi ki,
qulağını güllə aparmışdı, atasının qucağında olanda atasını
vurmuşdular, qadınlar var idi, eh, daha onu deməyim!!! Ölüləri
Ağdamda dəfn edərkən 3 yaşlı bir uşaq dirildi, bax bu, möcüzə idi.
Həmin uşaq elə indi də həyatdadır, yaşayır. Qadınlarımız alt
paltarları ilə çıxıb qaçmışdılar, onları gətirəndə Kürdəmirdə 2000
manat maaşımı verib paltar aldım. Halal xoşları olsun.
Aşot bizimkilərə yaxşı davranmışdı
Bilirsiniz, mən iki dəhşətli müharibə görmüşəm. Məncə, əsirlərlə
xoş rəftar olunmalıdır. Əsil hərbçi müharibə qaydalarına uyğun
davranmalıdır. Onlar tərəfdən Aşot adlı hərbçi bizimkilərə pis
davranmayıb, bunu gələn əsirlər deyirdi. Deməli, əsil hərbçi imiş
bu Aşot. Bizi vuran erməni deyildi, ruslar idi: 366-cı polk. Bizim
igidlər olub e, bizi hər tərəfdən vururdular döyüşlər gedirdi.
Yaxınlığımıza mərmi düşdü, savadlı, amma sısqa bir əsgərimiz vardı,
onun ayağının arxasını qəlpə kəsdi. İnan, döyüş bitənəcən o, imkan
vermədi ki, biz onun yarasını sarıyaq, dedi, əsgərlər bilməsin
yaralanmağımı, yoxsa qorxuya, təşvişə düşəcəklər. Döyüş dayandı,
biz onun yarasın sarıdıq. Ancaq çox qan itirmişdi.
Müdafiə Nazirliyi deyir ki...
Mən Əfqanıstanda yarıcan olmuşdum. Ancaq fərari kimi qaçan
əsgərləri və özü ilə apardığı silahları yığıb rəhmətlik Milli
Qəhrəman Allahverdi Bağırova təhvil verirdim. Allahverdi bəy
rəhmətə gedən gün tərxis olunmuşam. Əfqanıstan döyüşçüsü kimi
hökumətdən 35 manat pensiya alıram. Qarabağ döyüşçüsü kimi nəinki
pul, hətta döyüşdüyümə dair vəsiqəmi də ala bilmirəm. Məhkəmələrdə
udsam da, Müdafiə Nazirliyi deyir, sizin döyüşdüyünüzə dair
sənədlər arxivdə yoxdur, halbuki mən bunu dəfələrlə sübut etmişəm.
Qısası, deyirlər ki, könüllülər döyüşçü sayılmır. Məhkəmədə Müdafiə
Nazirliyindən gələn iki zabit mənə qışqırdıqlarına görə hakim
onlara 4 saatlıq həbs, ikinci dəfə isə pul cəzası kəsmişdi. Mənim
haqlı olduğumu deyirdi, ancaq sonuncu məhkəmədə atam rəhmətə
getdiyi üçün iştirak edə bilmədim və məhkəməni uduzdum. Ömrümdə ilk
dəfə belə ədalətli hakim görmüşdüm. Bu özü böyük bir şey idi. İndi
tikintidə işləyirəm, işçilərim köhnə döyüşçülərimdir. Mənə ən çox
dəstək verən adam Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbovdur.
"Fəryad" filmində səhvlər var
Qarabağ haqda gözəl filmlər çəkmək olar. Amma məsələn, bu
"Fəryad" filmində səhvlər var. Filmdə bir epizod var, adam 20 bidon
benzini verib gedir, erməni əsirinə bir təpik vurub qayıdır! Belə
şeyə ola bilməz axı! Müharibədə bir litr benzin tapa bilmirdik ki,
tanka töküb erməninin üstünə gedək. Necə oldu ki, bu 20 bidon
benzin verdi, kiməsə bir təpik ilişdirdi? Heç olmasa, belə şeylər
çəkəndə özlərini gülməli vəziyyətə salmasınlar. Axı bu
qəhrəmanlıqdır! Çəkilən yeganə yaxşı film "Ağ atlı oğlan"
filmidir.